RUHLARLA OTURUB-DURMUŞ RUH ADAMI
Yerə-yurda şöhrəti insanlar gətirir. Amma hər
ölkənin, şəhərin, kəndin də insana verdiyi nələrsə
var. Həm də bu “nələrsə”lər geyim-kecim kimi
rahatca dəyişilən cild olmur - sənin
varlığına nüfuz edir, səni başqa yerin
adamlarından seçdirir.
Bunun üzdə olan, danışıqda, çöhrədə,
hansısa vərdişlərdə görünən, duyulan tərəfləri
də olar, daha dərində gizlənən, daim səninlə
gəzən, məhz bu cür olmağının zəmininə,
cövhərinə çevrilən əlamətləri də.
İndi sualların qəlizi budur ki, həmin keyfiyyəti lap
başlanğıcda o yerlər adamlara verib, ya ocürlük
insanlardan məskənlərə keçib?
Hamımız azərbaycanlıyıq. Amma doğma
qardaş ola-ola Gəncə Təbrizə, Şamaxı
Marağaya, Şəki Salmasa, Qazax Qəzvinə, Bərdə
Ərdəbilə bənzəmədiyi kimi, bakılı ilə
makulu da, naxçıvanlı ilə miyanalı da, urmiyalı
ilə lənkəranlı da, qubalı ilə mərəndli
də, göyçaylıyla sərablı da seçilir. Lap
otaylı culfalıyla buyanlı culfalı, oüzlü
astaralıyla bu tərəfli astaralı arasında xeyli təfavüt
var. Hər torpaq bir meyvəsiylə, bir çiçəyiylə,
bir bəhəriylə, suyunun, havasının hansısa özəlliyi
ilə fərqləndiyi kimi, hər yerin yetirdiyi adamlarda
başqa-başqa olur. Yəni ki, tam ayrı təhər olmur,
lakin hər halda kiçik vətəninin, ata-baba yurdunun onun
varlığında izi çox cəhətləriylə
qalır. Bir şəhərimiz çalıb-oxuyanı ilə
məşhurdur, bir şəhərimiz yazıb-yaradanı ilə,
biri igidləriylə ad çıxarıb, bir ayrısı
mollaları ilə.
Hər şəhərimizin tarix qoynunda öz yolu,
öz taleyi.
Azərbaycanın qədim şəhərləri
arasından Xoy da boylanır.
Orta əsrlərin məşhur
coğrafiyaşünası, tarixçisi, ədibi Yaqut Həməvi
“Mucəməl-buldan” - şəhərlər haqqındakı
məlumatları topladığı kitabında Xoydan da
söz açır, bu şəhərin meyvələri və
camaatının geyindiyi özünəməxsus libaslarla məşhur
olduğunu söyləyir. Belə olmağına belədir, fəqət
Xoy şəhərini seçdirərək onu digər şəhərlər
arasında daha ucalara qaldıran bağ-bağatından,
dadlı meyvələrindən, əlvan geyimlərindən
daha artıq və daha əvvəl məşhur şəxsiyyətləri
olub. Onların bəzilərini bugünün insanları
tanıyır, bəzilərinin təkcə adını
eşidiblər, hansılarındansa indikilərin heç
yerli-dibli xəbərləri yoxdur. Amma borcdur ki, o şəxsiyyətlərimizin
hər birini gərəyincə tanıyaq. Yalnız ona görə
yox ki, onlar azərbaycanlımızdırlar, bəziləri lap
həmkəndlimiz, həmşəhərlimizdirlər, daha
mühüm olan budur ki, onlar varlıqları ilə də,
yaratdıqlarıyla da irsimiz, kökümüz, əslimizdirlər.
Həm də onların bir qismi yalnız bizimki də deyillər,
onların dalğası sərhədlərimizdən uzaqlara
yayılıb, onlar yalnız bizə yox, bəşəriyyətə
töhfələr veriblər və əbədi
iftixarımızdırlar. O nurluları biz daha yaxşı
tanıdıqca, buna da şahid olacağıq ki, Azərbaycan ən
əski zamanlardan bəri, təxminən son min ildən
artıq bir zaman içərisində Yaxın-Orta Şərqdə
inkişafa nə qədər güclü təsir göstərib,
parlaq övladlarıyla daim öndə gedib.
Əbu Miyad ət-Təbib Xoylu, Məhəmməd ibn
Müslim Xoylu - bunlar ikisi də həmin o şərəfli, bərəkətli
Xoy torpağından çıxmış, o
çağın böyük alimləri idilər. Sadəcə
təzkirələrdə, tarixi qaynaqlarda keçən
adlarına, əsərlərinin sərlövhələrinə
bələdik. Əsərləri isə ortadadır. O əsərləri
qaldırmaq, vərəqləmək, bugünün
insanlarına çatdırmaq lazımdır. Çünki zəmanəsində
onlar çox böyük alimlər kimi şöhrətlənmişdilər.
O alimlərin şöhrətini qaldırmaqla biz həm də
Xoyun bir elm mərkəzi kimi zəmanəsindəki uca boyunu
göstərmiş olacağıq. Xoy qalxdıqca Azərbaycan
qalxacaq. Yaxud həmin torpaqdan çıxaraq Yusif Xoyludan daha
sonra şöhrətlənmiş başqa bir alim və
şair - Hüsaməddin Xoylu. Zülfiqar Şirvani
“Divan”ında Hüsaməddin Xoyluya ayrıca bir qəsidə
həsr eləyir. Digər bir qəsidəsində isə onu
“Feyləsuf-e dəryadel” adlandırır - dəniz təbiətli,
dəniz ürəkli, dərya genişlikli düşünər.
Hüsaməddin Xoylu da özündən əvvəlki
digər məşhur xoylular kimi, həm alim idi, həm də
şair. Onun alimliyi ilə şairliyinin birləşdiyi son dərəcə
qiymətli bir əsər də zəmanəmizə gəlib
çatıb. Bu, farsca-türkcə yazılmış ikidilli
bir lüğətdir. Farsca bir sözü verir, onun türkcə
mənasını verir. Türkcə bir sözü verir, onun
farsca açımını yazır. Hamısı da şeirlə.
Şeirlə məqsədli yazmışdı. Belə
etmişdi ki, onun yazdıqları düşüncələrə,
yaddaşlara tez hopsun. Mənbələrə doğru
inadlı axtarışlara çıxsaq, X-XV əsrlər
arası Xoy torpağında yetişmiş və o
çağda elm aləmində, ədəbiyyat sahəsində,
sənətdə məşhurlaşmış belə
qüdrətli xoylulara rast gələrik. Odur ki, Xoy şəhərinin
də, Orta çağ Azərbaycanının da elmi-ədəbi
mənzərəsini daha mükəmməl göstərəcək
belə axtarışlar, belə şəxsiyyətlərin
üzə çıxarılması, bugünə gətirilməsi,
sabaha ötürülməsi vacibdən-vacibdir.
XII əsrdə yaşamış, əslində məşhur
olmalı bir unudulmuş xoylumuza da bu gün bütün Azərbaycanda
uzaqbaşı beş-altı mütəxəssis bələddir,
gedib Xoyda soruşasan, heç onlar da bilməyəcək. Belə
adlarsa gərək dərsliklərimizə, tarix
kitablarımıza düşə, xalqımızın
yaddaşına həkk oluna. Hər millət öz
babalarını tanıdıqca qüvvətli olur.
XII yüzildə yaşamış Əbu Yaqub Yusif ibn
Məhəmməd ibn Tahir Xoylu adlı misilsiz bir şairimiz və
alimimiz olub.
Yusif Xoylu elmlə çağlayan belə bir
mühitin içərisindən çıxmışdı.
Ancaq mənbələrin yazmasınca, o, bir müddət sonra
Xoydan ayrılır, Xorasana doğru səfərə
çıxır və başlayır Tus şəhərində
yaşamağa. Belə məlum olur ki, onun həyatının
böyük hissəsi elə Tus şəhərində
keçir və orada da başa çatır. Ola bilsin ki,
ata-baba şəhərinə yenə qayıdacaqmış.
Ancaq Yusif Xoylunun həyatdan getməsi onun öz iradəsi ilə
baş vermir, bir müharibənin nəticəsində həlak
olur.
Yaqut əl-Həməvi “Mucəm əl-buldan”da Yusif
Xoylunun həyatdan faciəli gedişinin təfərrüatlarını
çatdırır. Hekayət edir ki, Yusif Xoylu 549-cu ildə ərəb
döyüşündə həlak oldu. Hicri tarixinin 549-cu
ilini miladi tarixə çevirəndə 1154-cü il edir. Yaqut
Həməvinin yazdığı kimi, ərəb
döyüşündə həlak olmuşdu, yaxud ora, Tus
şəhərinə oğuzların etdiyi həmlələr
əsnasında həyatını itirmişdi, bunu tarix dəqiqləşdirmir.
Hər halda o çaxnaşmalar əsnasında təsadüfən
həyatını itirmişdi. Yusif Xoylu cavan bir insandı, hələ
qırxını yenicə keçmişdi, heç əllisinə
çatmamışdı. Biliklə, həvəslə,
güclə dolu idi. Hələ sıra-sıra əsərlər
yaza bilərdi. Heyiflər ki, qəfil bir ölüm onu həyatdan
aparır. Ancaq yazmağa macal tapdıqları ölümdən
güclü çıxır. Bu əsərlər bu gün də
yaşayır və gələcək içərisində də
Yusif Xoylunu diri saxlayacaq.
O əsr mənəvi var-dövlətimizin gəlhagəlli
çağıdır. Gəncədə Nizamimiz, Məhsətimiz,
Əbu Bəkr Xosrov əl-Ustadımız, ətrafında isə
bu gün adı bəlli olan onlarca və unudulmuş yüzlərlə
şairimiz, alimimiz qələm çalır. Şamaxıda həmin
yüzildəcə Xaqanimiz, Fələkimiz, Qiyasəddinimiz,
İzzədinimiz meydandadır. Yalnız bu əsr içərisindəki
qüdrətli qələm sahiblərini götürsək,
neçə xalqın bütöv ədəbiyyat tarixini
dolduracaq qədər bir zənginliklə
qarşılaşarıq.
Azərbaycan mədəniyyətinin “qızıl əsri”,
məmləkətimizin bütün Yaxın-Orta Şərqə,
oçağkı mədəni dünyaya zövq diktə
etdiyi əyyamlardır. O zamanlardır ki, Azərbaycan
üslubu, Azərbaycan düşüncə tərzi, Azərbaycan
ədəbi ifadə səliqəsi bir ülgü olaraq izlənilir.
Bu elə qaçılmaz təsirdir ki, həmin dövrdə
yazıb-yaratmışların o əfsundan kənarda qala bilməsi
sadəcə ağlasığan deyil. Onların
hamısını tanımalıyıq ki, mənzərənin
bütövünü də görə bilək.
VII əsrdən - ərəb istilaları
başlayandan sonra İslamiyyət asta-asta Yaxın-Orta Şərqin
ən müxtəlif ölkələrinə, o cümlədən,
Azərbaycana gəlib çatır. Yeni dinin,təzədüşüncə
və baxış tərzinin gəlişi ilə çox
şeylər dəyişir.
Bəzən indinin hündürlüyündən və
bugünkü ağılla, çağdaş millitəəssübkeşlik
hissləriylə o çağlara nəzər salaraq belə qənaətlərə
gələnlər də tapılır ki, səkkiz əsr
öncəki şairlərimiz, alimlərimiz düz hərəkət
etməyiblər, bu xalqın əsl övladı
sayılmaqçün gərək dilimizdə yazaydılar,
qınayırlar niyə ərəbcə-farsca yaradıblar.
Əvvələn, o böyüklərimizin farsca, ərəbcə
doğurduqları da milli irsimizin ayrılmaz
parçasıdır.
VIII-IX əsrlərdən etibarən asta-asta müsəlman
coğrafiyası mədəniyyəti çiçəklənməyə
başlayır. Lap çoxdan elmdə yetərincə dəqiq
olmayan “müsəlman mədəniyyəti”, “müsəlman
intibahı” ifadələri özünə yer edib. Lakin həminintəhasız
ərazidəki mədəniyyəti yaradan ərəblər,
gənc İslam dini deyil, ən əvvəl türklər idi
və ortaq mədəniyyətin şəkillənməsində
Sasanilər dövrü ədəbi-mədəni tərəqqisinin
nailiyyətlərindən də bəhrələnmələr
olmuşdu. Odur ki, ümumiləşdirici ad olaraq bu mədəniyyərti
dini mənsubiyyətlə deyil, dinin yayıldığı əraziylə
- “müsəlman coğrafiyası” deyərək nişan vermək
daha doğrudur.
Əski mədəniyyətdən, əski ədəbiyyatdan,
əski elmdən yaşamalılar götürülərək,
onun üzərində artıq nəhəng bir
coğrafiyanı birləşdirən ortaq mədəniyyət,
ortaq elm, ortaq ədəbiyyat yaradılmağa
başlanmışdı. Və bu da oçağın kürəsəlləşməsi
əlaməti idi ki, ərəbcə elm, farsca ədəbiyyat
dili olaraq əngin məkanı birləşdirirdi. Bu
coğrafiyada VIII-XII əsrlərdə ərəbcə
yazıb-yaratmış alimlərin əksəriyyəti, X-XV
yüzillərdəki farsdilli ədəbiyyatın ən
öndə gedən simaları türklər olmuşdular. Bu,
müxtəlif xalqların başqa bir dil qılafında, əslində
ortaqlaşmış, beynəlmiləlləşmişiki dildə
yaratdığı müştərək mədəniyyət,
ortaq irs idi.
Və Yusif ibn Tahir Xoylu da o böyük mədəniyyətin
təmsilçilərindən, ərəbdilli elm və ədəbiyyatınməşhurları
cərgəsinə ucalmağı bacarmış qələm
və zəka sahiblərindən idi.
Təəssüflər ki, Yusif ibn Tahir Xoylunun bizə
nə dəqiq ölüm, nə də dəqiq doğum tarixi
bəllidir. Amma yaratdığı ən məşhur əsərin
təvəllüd tarixi ilinə, hətta ayına qədər
dəqiqliklə məlumdur. Hicri tarixlə 541-ci ildə məhərrəm
ayında, miladi tarixlə 1146-cı il iyun-iyul aylarında həmin
əsəri tamamlayıb.
O əsər məşhur ərəb şairi
Əbül-Əla Məərinin “Divan”ına
yazılmış şərhdir. Bu əsərində Yusif ibn
Tahir Xoylu eyni anda həm alim, həm şair kimi ucalır.
Və Tahir Xoylunun, ümumiyyətlə, elə bu
biçimli ölməzlərin çox vaxt özlərinin
doğum-ölüm tarixlərinin deyil, əsərlərinin dəqiq
doğuluş tarixinin bəlli olması da son dərəcə
rəmzidir: Yusif Xoylununözünü də, yaxın-uzaq
bütün qohum-əqrəbasını da fanilik yelləri
sovurub gedib. Ancaq qələmindən çıxmış,
ürəyindən, düşüncələrindən
doğmuş əsəri bu gün də diridir və həmin
kitab hər dəfə vərəqlənincə, elə
dünənki kimi, bu gün də böyük alim və
şair Yusif Xoyluyla qohumluğunu ortaya qoyur.
Yaxşı ki, bu nadir soydaşımız haqda bilgilər
ala bilməkçün az da olsa üz tutulası qaynaqlar var.
Onlardan biri Yaqut Həməvinin “Mucəm əl-buldan”,digəri
Əbu Səid Məhəmməd əs-Səmaninin “Kitab əl-ənsab”
əsəridir.
Əbu Səid Məhəmməd əs-Səmani
şairimizlə yalnız çağdaş deyil, həm də
yaxın dost imiş. Yusif Xoylu ilə çox məhrəm
dost, sirdaş münasibətlərdə olduğunu əs-Səmani
özü yazır, Xoyludan söz açarkən onu “dostum”
deyə təqdim edir.
Ancaq onların arasındakı uzunmüddətli
mehriban ünsiyyətlərin tarixdə qalan başqa bir
sübutu da var.
Və həmin dəlili də yenə Yaqut Həməvi
gətirir: “Mucəm əl-buldan” əsərində Yusif
Xoylunun Səmaniyə həsr etdiyi bir şeiri verir. O
şeirin səmimi misralarından bu dostluğun dərin, həm
də uzun bir tarixi olduğu sezilməkdədir.
Yusif Xoylunun “Şərh ət-tənvir”i elə
yazıldığı XII əsrdəcə məşhurlaşdı,
bu şöhrətin üstünə sonrakı əsrlərdə
şöhrətlər gəlməkdə davam etdi.
Sərlövhəsi “Şərh ət-tənvir”, bəzən
də elə sadəcə “Tənvir” yazılan bu əsər
zəmanənin bir çox alimləri və ədiblərinin
ayrılmadığımasaüstü kitablarından birinə
çevrilmişdi. Səbəbsiz də deyildi. Bu kitabı
yazana, Məərri misralarına şərhlər verənə
qədər Yusif Xoylu çoxlu elm sahələrinə yiyələnmişdi.
Bunu da yenə təsəvvürlə deyil, “Şərh ət-tənvir”dəki
sübutedici cizgilərəəsasən təsdiqləmək
olur. Oxuduqca müəllifin çoxşaxəli biliklərə
sahibliyi, müxtəlif elmlərə vaqifliyi duyulur. Ancaq təsəvvürlə,
məntiqlə gəlinən qənaətlər bir yana, Yusif
Xoylu bunu özü də xəbər verir. Müqəddimədəki
söyləyişlərindən belə məlum olur ki, bu əsəri
yazarkən Yusif Xoylu hələ cavanmış. Çünki
hələayrı-ayrı elm sahələrini öyrənməkdə
davam etdiyini bildirir. Bəs onun bildiyi və öyrənilişini
davam etdirdiyi elmlər hansılardı? “Şərh ət-tənvir”də
Yusif Xoylunun ədəbiyyat, dilçilik, əruz, bəlağət
elmlərindəki səriştələri üst qatdadır.
Ancaq o, psixologiya, fiqh (müsəlman hüququ),həndəsə,
nücum - astronomiyasahəsində də dərin biliklərə
malikmiş.
Yusif Xoylunun məhz Əbu-l-Əla Məərrini
seçməsi, onun qəsidələrinə şərh
yazmağı qət etməsi səbəbsiz deyildi. Buna müəllifi
sövq edən bir para ciddi əsaslarvardı. Birincisi,
Əbu-l-Əla Məərri ərəb dünyasının və
ərəbdilli şeirin o çağlardakı ən məşhur
yaradıcılarından idi.
973-1058-ci illər arası yaşamış
Əbu-l-Əla Məərri Xətib Təbrizinin müəllimi
olmuşdu.
Xətibi Təbrizdən Şama piyada aparan da elə
Əbu-l-Əla Məərri ilə görüş arzusu
olmuşdu.
Günlərin birində Xətibin əlinə Əbu
Mənsur Məhəmməd Əzhərinin çoxcildli “Təhzib
fil-luğə” (“Dildə düzəliş”) əsəri keçmişdi.
Oxumuşdu, ancaq orada anlamadığı, yaxud sonacan dərk
etmədiyi bir çox söz və ifadələrlə
qarşılaşmışdı. Təbrizdəki başbilənlərdən
soruşmuşdusa da, onu qane edəcək cavablar ala bilməmişdi.
Soraq-soraq öyrənmişdi ki, bu sualların
cavablarını bilən ən böyük alim və
şairMəərrə şəhərində yaşayır.
Beləcə,Xətib həmin kitbları da heybəsinə
yığaraq payi-piyada yola çıxmış,
Əbu-l-Əla iləgörüşə tələsmişdi.
Xətib Təbrizi gedib Əbu-l-Əla Məərrini
tapmışdı, bir neçə il onun yanında qalaraq
şəyirdlik etmişdi, usanmadan, gecə-gündüz
mütaliəyə qurşanmışdı,get-gedə kamilləşərəkŞərqin
ən ötülməz zəka yiyələrindən biri mərtəbəsinə
qalxmışdı.
Ərəb şeirinin əbədi ulduzları
sırasında ən ucalarda məqam tutan Əbu-l-Əla Məərri
80 il hüdudunda ömür yaşayıb və tale ona tarixin
elə bir parçasını nəsib etmişdi ki, bu 80 illik
dövr başdan-sonacan çalxantılarla dolu oldu. Siyasi həyatın
kəskin enib-qalxan həyəcanlı hadisələri ilə
müşayiət edildi.
Əbu-l-Əla Məərrinin ömür payına X əsrin
son onilləri, XI yüzilin birinci yarısı
düşmüşdü. Məərrə bir balaca şəhərin
adıdır ki, Suriyadakı yüzlərlə kənddən,
şəhərdən biri idi. Əbu-l-Əlanın yaşca
kiçik müasiri Nasir Xosrov məşhur səyahətnaməsində
yazır ki, Məərrətən-nüma şəhərinə
gəldim. Şəhər daş divarla əhatələnmişdi.
Şəhərin giriş darvazasının yanında bir
daş lövhə üzərində ərəb əlifbasında
olmayan mətn gördüm. Təqribən on dirsək
hündürlüyündə olan bu daş lövhənin
üstündə bir dua yazılmışdı. Yerli əhalidə
belə bir inam vardı ki, bu daşın üstündə
yazılmış dua əqrəblərin şəhərə
daraşmasının qarşısını alır.
Həmin dövrün və sonrakı əsrlərin
salnaməçiləri qədim şəhərin
yaşıllıq içərisində olduğunu yazır,
zeytun, püstə və digər meyvə ağaclarının
olduğundan bəhs edirlər. Belə bir kiçik, amma tarixcə
qədim, həm də səfalı şəhərdə
doğulmuş Əbu-l-Əla Məərrinin atası da, əmisi
də şeirlər yazırmış. Əbu-l-Əlanın
mənsub olduğu Bənu-Süleyman qəbiləsi dədə-babadan
oxumuşları çox olan nəsil sayılırdı.
979-cu ildə Əbu Məhəmməd Abdulla ibn
Süleymanın ailəsində doğulan uşağa Əhməd
adı qoydular. Ərəblərdə adət idi. Dünyaya gələn
oğlan uşağı böyüyüb haçansa ata
olacaq deyə bəri başdan oğlunun adını da
atanın adının yanına qoşurdular. Yəni Əhməd
adı verilmiş bu uşaq İbn Süleyman
(Süleymanın oğlu) olmaqla yanaşı, həm də elə
başlanğıcdan Əlanın atası, yəni
Əbu-l-Əla idi. Zaman keçəcək, gerçək
adı - Əhməd də, atasının adı Süleyman
da kənarda qalacaq. O, Əbu-l-Əla Məərri kimi
şöhrətlənəcək, yəni ortada oğlunun
adı və bir də nisbəsi, doğulduğu şəhərin
adı qalacaq. Dörd yaşı olanda bu uşağın
başına müsibət gəlir. O, çiçək xəstəliyinə
mübtəla olur, gözünün birini tamam itirir, o biri ilə
də yalnız işıqla qaranlığı seçəcək
qədər görürmüş. Bəzi qaynaqlar isə
yazır ki, dünya işığına həsrət
qalıbmış, tamam görmürmüş. Onun atası
da, əmisi də, hətta babası da qazı olmuşdular.
Uşaqlığından gözləri kor olmasaydı, yəqin,
Əhməd də böyüyüb elə dədə-babası
kimi qazı olacaqdı. Ancaq dünya işığına həsrət
qalması onu bütünlüklə sözə bağlayır.
Əbu-l-Əla hələ kiçikkən görmək
qabiliyyətini itirdiyindən yazıb-oxumamışdı.
Ancaq sadəcə dinləməklə möhkəm hafizəsi
sayəsində yüzlərlə qiymətli kitabı əvvəldən-sonacan
əzbərləmişdi. Möcüzəli yaddaşı və
aşıb-daşan istedadı bahasına
yaratdıqlarının hamısını da söyləmişdi,
başqaları yazıya köçürmüşdülər.
Bu da dünyanın bir ayrı sehridir ki,
başqalarının köməyi olmadan nəinki oxuyub-yazmaq,
heç kitabı əlinə götürə bilmək
imkanı olmayan bir insan həmişə əldən-ələ
gəzəcək kitablar yarada bildi. Onun doğurduğu kitablar
ikinci minildir yaşayır və belə görünür ki,
hələ çox yüzillər boyu da əldən-ələ
gəzməkdə davam edəcək. O, elə kitablar
yaratdı ki, həmin kitabları sadə insanların da sonacan
dərk edərək ləzzətlə oxuya bilməsi
üçün əlavə olaraq cild-cild yeni kitablar da
yarandı. O kitablardan birini də qələmə alan Azərbaycan
alimi və şairi Əbu Yaqub Yusif ibn Məhəmməd ibn
Əl-Xuvəyyi oldu - bizim Yusif Xoylu.
İbn Sina haqqındakı xalq rəvayətlərindən
biri nəql edir ki, uşaqlıq vaxtlarında onun dilndən
düşməyən söz “niyə?” imiş.
Mütəfəkkir Cavid də “Şübhədir əhl-i
hikmətin babası” deyəndə orta çağ
düşüncə adamlarının daim axtarışda
olmasını, şübhələr və bir-birini əvəzləyən
suallar cəngəlliyindən adlayaraq kamilliyə
çatmağa can atmasınınəzərdə tutmuşdu.
Bu xüsusiyyət elə Xətibdə də vardı
ki, fövqəladə ola bildi. Yazırdı ki, bir gün
Əbu-l-Əlaməndən nəyə
inandığımı soruşdu. Mən də cavab verdim ki,
hər şeyə şübhə ilə yanaşıram. Məərri
qayıtdı ki, elə mən də beləyəm.
Xətib Təbrizi qısa bir zamanda Yaxın-Orta Şərqin
elm aləmində məşhur şərhlərin müəllifi
kimi tanınmışdı. Mətnşünaslığımızın,
şərhşünaslığımızın dünənindən
bəhs edərkən gərək həmişə əvvəlinci
sırada Xətib Təbrizinin adı istifadə edilə.Həmin
dövrdə şərh yazmaq ayrıca bir elm sahəsi kimi
cilalanmışdı və şərhyazma elminə yaxın
durmaq hər oğulun işi deyildi. Əbu-l-Əla Məərri
kimi müəlliflərə şərhlər yaza bilmək
üçün onların bildiyini bilmək lazım idi, ən
azı onlara yaxınlaşacaq səviyyədə biliyə
malik olmaq gərəkdi.
Xətib Təbrizinin ayrı-ayrı dilçilik əsərlərinə
və şeir nümunələrinə yazdığı
şərhlər onun məhz belə cilovsuz biliklər səviyyəsinə
qalxmış olmasını hər kəsə anlatdı.
Yusif Xoylu da həmin yolu tutub gedən adam idi və əl-Mütənəbbinin
“Siqt əz-zənd” divanını əsas
götürmüşdü. “Siqt əz-zənd” “çaxmaq
daşından saçan ilk qığılcımlar” deməkdir.
Yusif Xoylunun bu əsərin şərhinə həsr etdiyi
risalənin adı olan “Tənvir” sözünün mənasısa
nurdan gəlir, anlamı işıqlandırma, nurlandırma,
aydınlaşdırma deməkdir. Yəni mahiyyətcə
şərh, əlbəttə ki, aydınlaşdırma səciyyəsi
daşıyan bir əsərdir. Ancaq Yusif Xoylu elə mükəmməl
bir əsər ortaya qoyub ki, bunu sadəcə şərh
adlandırmaq düzgün olmazdı. Bu, şərhdən daha
artıq məhz nurlandırandır,
işıqlandırandır, ayrı-ayrı fikirləri
olduğundan da daha parlaq bir şəkildə oxucusuna çatdırandır.
Burada yeri var ki, Əbu-l-Əla Məərri
haqqında bir balaca da olsa haşiyə çıxaq.
Çünki bu insanı da tanımağımız çox
vacibdir. Əbu-l-Əla Məərri öz zamanındaXII əsrdən
etibarən Yaxın-Orta Şərqin hər yerində məşhur
idi. Ancaq onun daha çox məşhur olduğu, daha çox
sevildiyi və əsərlərinə daha çox şərhlər
yazıldığı iki nöqtə olub. Bir Azərbaycan,
bir də Əndəlüs.
Ustadına ilk şərh yazanlardan biri Xətib olub və
mövcud şərhlər arasında onunku ən
sanballılardandır.
Məərri şeirlərinin şərhçiliyini
ilkin başlayan elə o özü olmuşdu. Şair gələcək
oxucusunun işini asanlaşdırmaqdan ötrü
ayrı-ayrı qəsidələrinin, mənzumələrindəki
müəyyən misraların, bir para təlmihlərin, ifadələrin,
kəlmələrin izahını vermişdi. Çox
keçmir, o misralara və beytlərə Xətib Təbrizi də
qayıdır, daha müfəssəl şərhlər
yazır. Vaxtsa gedişində idi.Artıq Əbu-l-Əla Məərri
də həyatdan köçüb, Xətib Təbrizinin də
ömür möhləti başa çatıb.Ancaq
Əbu-l-Əla Məərri qoşquları yenə əllərdədir,
yenə həvəslə oxunur və yeni şərhlərə
ehtiyac duyulur. İndi növbəti zamanın ədəbiyyatşünasları
o şeirləri təzə gözləoxuyur, öz şərhlərini
qələmə alırlar. Köhnə Əbu-l-Əla Məərri
şeirlərini təhlil tərəzisinə
çıxaranlar sırasına Yusif Xoylu da qoşulur. Xətib
Təbrizi şərhlərinin Əbu-l-Əla Məərrinin
özünün özünə yazdığı şərhlərlə
müqayisəsini aparanlar təsdiq edirdilər ki, bunlar daha dəqiq,
daha cəlbedicidir. Xətib Təbrizi belə bir səviyyənin
yiyəsi idi. İndi Yusif Xoylunun cəsarətinə və
özünəinamına baxın ki, Əbu-l-Əla Məərrinin
özünün və Xətib Təbrizinin hamılıqla
çox yüksək qiymətləndirilən şərhlərindən
sonra bu işə yenidən girişir və müvəffəq
də olur.
Xətib Təbrizinin də, Yusif Xoylunun da, digər
ünlü müəlliflərin də Əbu-l-Əla Məərriyə
şərhlər yazmağa can atması bica deyildi.
Çünki Əbu-l-Əla Məərri nə qədər
məşhur, onun ədəbi nüfuzu nə qədər
yüksək olsa da, zəmanəsində birmənalı
qarşılanmayan insan idi - kimsə onun baxışlarında
zındıqlıq əlaməti tapır, kimsə o
böyük istedada paxıllıq edir, kimsə heç
xüsusi qərəz bəsləmədən, sadəcə
onun yazdıqlarını düzgün qavramır,
yanlış bucaqdan baxaraq dərk edirdi.
Və bunlar da istər-istəməz onu istəməyənlərin,
rəqiblərinin, bədxahlarınınsayını
artırırdı.
1252-ci ildə, artıq Əbu-l-Əla Məərri əyyamlarından
təxminən iki əsr keçirkən Suriyada İbn əl-Adim
adlı müəllif dəyərli bir kitab bağlayır.
Əsərin ilk baxışdanca elə adıanladırdı
ki, bu kitab həmin dövrlərdə yazılan risalələrin
heç birinə bənzəmir. Bu, bir müdafiə əsəri
idi. İbn əl-Adim özünə mənəvi müəllim
hesab etdiyi Əbu-l-Əla Məərrini ən müxtəlif
həmlələrdən qoruyurdu - həm Əbu-l-Əla Məərrinin
sağlığında ona qarşı törədilmiş
haqsızlıqları təhlil edir, bu hücumların ədalətsizliyini
sübuta yetirirdi, həm də şairin vəfatından sonra
davam edən həmlələrdən söz açır, onun
xatirəsini də bitməyən insafsız sancmalardan
qoruyurdu.
İbn əl-Adimin əsəri “Həqiqi və tərəfsiz
mülahizələr, yaxud Əbu-l-Əla Məərrini
haqsız ittihamlardan qorumaq”adlanırdı və məqsədi,
yazısının tərzi ilə yalnız o dövr
üçün deyil, sonrakı çox zamanlardan ötrü
də nəciblik örnəyi sayılası bu kitab zəmanənin
ənənəvi mövzulu risalələri cərgəsində
sərlövhəsindən tutmuş son səhifələrinədək
büsbütün yeni, bənzərsiz, həm də gözlənilməz
idi. Bu, ilk və tək əsərdir ki, müəllif mərd-mərdanə
köksünü qabağa verərək bir klassiki ləyaqətlə
müdafiə edirdi və irəlicədən də bilirdi ki,
Əbu-l-Əla Məərri ölüb gedibsə də,
düşmənləri, istəməyənləri yenə az
deyil və yazdıqlarına görə ona qarşı
qalxanlar da az olmayacaq. Ancaq tarix qarşısında dərin məsuliyyət
duyğusu bu təmiz vicdanlı insanı susmağa, bu
kitabı yazmağa səfərbər etmişdi və indi onun
etibarsız dünyadan ayrılmasından əsrlər
keçərkənhəm qiymətli əsərinə, həm
vəfasına görə minnətdarlıqla və rəhmətlərlə
anılmaq haqqı daim onunladır.
İbn əl-Adim yazırdı ki, mən
Əbu-l-Əla Məərrinin bütün əsərlərini
əvvəldən-sonacan oxudum. Ərəb elmində və ərəb
poeziyasında elə bir gözəllik yoxdur ki, onun şeirlərində
əks olunmasın.
Dillərdə zərbülməsəl kimi dolaşan
belə bir heyrət və heyranlıq qatışıq deyimidə
İbn əl-Adim yada salırdı:”Ərəb dilində elə
bir söz yoxdur ki, onun mənasını Əbu-l-Əla Məərri
bilməsin”.
Bu ifadə ilk səslənişdən eşidənə
qeyri-adi gələr - necə yəni ərəb dilindəki
bütün sözlərin mənasını bilirdi? Ərəb
ola, şair ola, alim ola, öz dilindəki sözlərin mənalarını
xırdalıqlarına qədər bilməzmi?
Hikmət bundadır ki, Əbu-l-Əla Məərriyə
gəlib çatanadək ərəb dili uzun zənginləşmə
və inkişaf yolu keçmişdi, hansısa kəlmələr
arxaikləşib dünənlərdə qalmışdı,
hansısa sözlər, ibarələrzaman gedişində elə
yeni məna çalarlarıqazanmışdı ki, hərdən
hətta eyni bir sözün əski mənaları ilə təzə
anlamları bir-birindən uzaq, hətta bəzən biri digərinə
əks olurdu. Sözlə zərgərlik etməyi sevən
Əbu-l-Əla Məərri şeirinin bir qabarıq cəhəti
də şeirində kəlmənin məna dərinlərinə
enmək, fikir laylarını yarpaq-yarpaqçevirmək idi.
İbn əl-Adim yazırdı ki, Əbu-l-Əla Məərrinin
şeirlərini oxuyaraq onlardakılətafətdən heyrətə
düşənlər, bunların əlçatmaz bir yüksəklik
olduğunu dərk edənləröz yerində, amma şairə
paxıllıq edənlər, həsəd aparanlar da az deyildi.
Ancaq bu qəbil adamların da iki qismə
ayrıldığını qeyd edərək bir dəstəsinin
həsədini içərisində çəkərək
öz ömrünü qısaltdığnı, digər
zümrəsininsə hərəkətə keçərək
Əbu-l-Əla Məərrinin əleyhinə yüz fitnə-fəsad
törətdiyini bəyan edir.
Əbu-l-Əla Məərri ədəbi
mirasını şərh edən və ondan bəhs edən
şagirdi Xətib Təbrizinin də, pərəstişkarı
İbn əl-Adimin də, vurğunu Yusif Xoylunun da bir məqsədi
onun yazdıqlarını yeni nəsillərə daha aydın
və yaxın etmək idisə, digər, bəlkə də
daha vacib hədəfləri o böyük şairin
özünü də, sözünü də nadanlardan hifz
etmək idi.
Xətib Təbrizidən qalan şərhlər
içərisində ibrətli bir nöqtə var. Əski ərəbcədən
bir kəlməni nümunə gətirir və izahını
verir ki, bu, mal-qaranın, dəvənin, inəyin yelininə
soyuq su vurmaq deməkdir. Dəvənin, inəyin yelininə
soyuq suyu niyə vururdular? Bəzən olurmuş ki,
mal-qaranın yelinində süd yığılaraq qalır və
heyvana əziyyət verməyə başlayırmış.
Soyuq sudəyincə yelin yumşalır, heyvan asudəcə
sağılır, yelində yığılıb qalan nə
qədər süd varsa çıxırmış. Həm
heyvan rahatlanırmış, həm də sahibinin hasil
etdiyisüd bol olurmuş.
Xətib Təbrizinin vaxtilə daxilini açıb
izah ediyi o sözün həmin yozumunu Xətibin özünə
də, ustadı Əbu-l-Əla Məərriyə də, Yusif
Xoyluya da aidetmək olar.Yaşanmış tarix də dolu bir
yelin kimidir. Həmin yelindəki insanlara gərək olan
süd - yaşamalı abidələr, möhtəşəmkitablar,
dəyərini itirməz əsərlər, zaman sovuşduqca
qiyməti artan yazılardır. Tarixin bətnində,
keçmişin yelinində yığılıb qaldıqca
yeni dövrlərin insanlarına çatmalı bu “süd” -
bu sərvətlər tarixi də incidir, o nemətlərdən
məhrum qalan bizləri də umsuq qoyur.
Ona görə də həmin yelinə -tarixin dəfinələrinə
doğru daim can atmaq, onlara “soyuq su vurmaq” (yəni yorulmaz
axtarışlara qatlaşaraq qələm işlətmək)
dünənlərlə aramızda olan məsafələri
qısaldar, bununla da həm tarixin yelini yüngülləşər,
həm biz zənginləşərik.
Əbu-l-Əla Məərrinin “Siqt əz-zənd”
(“Çaxmaq daşının ilk qığılcımları”)
“Divan”ındakı şeirlərə şərh verə-verə
Yusif Xoylu öz fəlsəfəsini,
dünyagörüşünü də ortaya qoymağı
bacardı.
Əbu-l-Əla Məərri guşənişin həyat
keçirən bir insan idi. Çəkilmişdi hücrəsinin
sakitliyinə və doqquz əsr keçəndən sonra da
yaşayacaq insanları həyəcana gətirəcək
şeirlərini yazırdı. Ancaq niyə guşənişin
həyat yaşayırdı Əbu-l-Əla Məərri?
Bu sualın cavabını onun şeirlərinə
şərh yazan Yusif Xoylu tapıb. Əbu-l-Əla Məərrinin
qəsidələrinin içərisində belə bir beytə
rast gəlmişdi:
Çox keçirdim imtahandan insanı bu dünyada,
Tapmadım bir kimsənə dostluq binasın
qurmağa.
Bu sətirlərə yazdığı izahda Yusif Xoylu
vurğulayırdı ki, Əbu-l-Əla Məərrinin tənhalığının
səbəbi məhz budur. İnsanlara içərisinin məhəbbəti,qəlbinin
bütün səmimiyyəti ilə üz tutmuşdu, ancaq
dönüklüklər görmüşdü,
riyakarlıqlarla rastlaşmışdı, qəlbi
sınmışdı, ona görə də olmuşdu guşənişin,
çəkilmişdi inzivaya. Əbu-l-Əla Məərrinin
misralarına, beytlərinə, ayrı-ayrı bütöv
şeirlərinə, qəsidələrinə şərhlər
yaza-yaza Yusif Xoylu həm o şeirlərin mənasını
açırdı, həm dəşeirlərin içərisindəki
Əbu-l-Əla Məərri bioqrafiyasının görünməyən
tərəflərini üzə çıxarırdı. Ancaq
tarixin ayrı adilanə qanunauyğunluğu da var.
Həyat, tale, kəc dövran vadar edər ki,
böyük bir yaradıcı elə Əbu-l-Əla Məərri
kimi bir insan, yaxud Yusif Xoylu kimi bir şəxsiyyət çəkilsin
bir küncə, ayrılsın insanlardan, otursun bir hücrənin
tənhalığında, yazsın, yaratsın. Ancaq tarix
gec-tez hər şeyi yerbəyer edəcək. İlahi Ədalət
qoymur ki, o əsərlər daim o hücrələrin
qaranlıqlarında qalsın.
Əbu-l-Əla Məərriyə yazdığı əsərin
adını “Tənvir” qoymuşdu. “Tənvir”, yəni nurlanan,
işıqlanan. Bu cür insanların yaratdıqlarının
üstündə həmişə nur var, həmişə
işıq var, tarixin nuru, tarixin işığı. Tarixin həmin
işığıdır ki, sanki unudulmuş
soydaşımız və onun yaddan çıxmış əsərini
yazıldığı vaxtdan doqquz əsrə yaxın bir
zaman keçəndən sonra yenidən işıqlandırır,
yenidən nura qərq eləyir və gətirir
bugünümüzə. Çevirir indinin azərbaycanlılarının
çağdaşına.
...Yusif Xoylu ucalara qalxmışdı - ruhlar aləminə.
“İki cür ruh var”deyə təsnifat aparırdı.
İnanırdı ki, o iki növ ruhdan biri xəyali ruh, digəri
əqli ruhdur. Təsdiq edirdi ki, insanlar və heyvanların bəzisi
xəyali ruh vasitəsilə xarici aləmi hiss edir, onun şəkillərini
öz içərisinə köçürür. Yəni
insan bir surəti görəndə, bir hadisə ilə üzləşəndə
xəyali ruh vasitəsilə onu öz yaddaşına həkk
edir, ikinci dəfə həmin surət, həmin hadisə
haqqında sadəcə eşitsə belə, o surət və
hadisə təfəkküründə canlanır. Bu minvalla da
onda həmin surətin və hadisənin yaxşı, yaxud
yaman olduğu qənaəti yaranır. İnsanda xəyali ruh
olduğu üçün belə edir, ancaq pərvanədə
xəyali ruh olmadığından az öncə
yandırıcılığını gördüyü oda
bir az sonra onu ilk dəfə görürmüş kimi yenə
özünü çırpır.
Yusif Xoylu bunu da yazır ki, bir para heyvanlarda - o
sıradan itdə xəyali ruh olduğundan o heyvanlar bir dəfə
yandığı oda ikinci dəfə yanaşmaz.
Fəqət bunlardan əlavə bir də əqli ruh
var. Yusif Xoylu davam edirdi ki, əgər xəyali ruh olmasa,
insanları tanımaq və səsləri təsəvvür
etmək olmaz. Təzə anadan olmuş uşaqda xəyali ruh
olmur. O, bir şeyi gördükdə ona can atır, elə ki
həmin cismi ondan gizlətdin, daha onu istəməyəcəkdir,
çünki yaddan çıxaracaqdır. Lakin uşaq bir az
böyüdükdən sonra onda da xəyali ruh yaranmağa
başlayır.
Həqiqət axtarışlarında olan Yusif Xoylu
yalnız nitqi cisimlərin vəziyyətindən xəbər
verən vasitə hesab edənlərə qarşı
çıxırdı. Məşhur filosof ən-Nəzzama əsaslanaraq
göstərirdi ki, gözlə görünənlər və
sınanmış dəlillər nitqdən daha dəqiqdir. O,
gözlə görmə dedikdə fərdi duyğunu,
sınanmış dəlillər dedikdə isə
insanların uzun müddət boyu təcrübədə
yoxladığı bilikləri nəzərdə tuturdu.
Yusif Xoylunun “Tənvir”dən başqa da xeyli şərhləri
və qiymətli risalələri olmuşdu. Onun ən dəyərli
tədqiqat əsərlərindən biri “Quranın hərəkələrindəki
nöqsanlardan və təhriflərdən təmizlənməsinə
dair risalə” adlanır. Bu əsər və onun şöhrəti
barədə “Mucəm əl-buldan” xəbər verməkdədir.
Yusif Xoylu düşüncəsi və duyğuları
alimliklə şairlik arasında cövlan edən bir
yaradıcı idi. Onun hansısa şeirləri sırf
şair hissiyyatının ifadəsidirsə, hansısa
qoşquları da məhz aralıqda, sərhəddə
dayanandır. Bəzən bu şeirlər onun risalələrinin
mənzum parçaları təəssüratını
oyadır. Bu şeirində də Yusif Xoylu, elmi risalələrindəki
sayaq, ruhlar aləmində var-gəl edir, “ruh” deyilən o
laübalı nəsnə barədə vəznli-qafiyəli
düşüncələrini bölüşür:
Gün gəlir torpaq olur tədricilə cansız bədən,
Ruhsa alidir, onu tay tutma daş-torpağa sən.
Çün vücudun mayəsi torpaq əzəl
gündən bəri
Rəsmidir, bir gün dönər öz əslinə
bir gün gələn.
Ruhsa göylərdən gəlib can verdiyi
üçün insana
Eyləyər pərvaz, ona fanibədən olmaz vətən.
Ömrün, dərrakənin, duyğunun bəlli bir
uca mərhələsinə yetişincə Yusif Xoylu Yerdən
aralanmışdı, sağkən ruhlar aləminə dikəlmişdi.
Ruhlardan yazmış ruh adamı, XII yüzilin ötkün Azərbaycan
mütəfəkkiri və şairi Yusif Xoylunun fani bədəndən
səkkiz əsr öncə qopmuş ölməz ruhu əbədi
qafiləsində olduğu uca ruhların sırasında bitməz
uçuşlarında, ömrünü davam etdirməkdədir.
24 iyun 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.-
26 iyun(¹110).-S.16-17;24