Səməd Vurğunun nəticəsi
Vurğun Vəkilov:
"Böyüdükcə ulu babamın böyük
şair olduğunu öyrəndim"
Xeyli vaxtdır sizlərin görüşünə gəldiyimiz
müsahibələr əksər oxucular tərəfindən
maraqla qarşılanır və gözlənilir də. Bunu
daimi oxucuların fikirlərindən bilirəm. Oxucular mədəniyyət,
incəsənət xadimlərilə görüşməyə
daha həvəslidirlər. Hətta kimlərlə
görüşmək istədiklərini də bildirirlər.
Təbii ki, oxucu fikri, rəyi, istəyi bir mətbu orqanı
üçün çox əhəmiyyətlidir. Öz
növbəmizdə bizə vaxt ayıran oxuculardan
qarşılığı da heç zaman əsirgəmirik. Təsadüfi
deyil ki, bu gün yenə də oxucu istəyi ilə mədəniyyət
sahəsinə üz tutduq.
Hegel deyir ki, mədəniyyət insanın
yaratdığı ikinci təbiətdir. Əslində təbiətə
bənzərliyin özü bir millətin, bir xalqın ruh
halının incəliyidir. Mədəniyyət insanla birlikdə
yaranıb, onunla birlikdə tarixi formasiyalardan keçib,
müxtəlif dövrlərin daş yaddaşına
çevrilib və bəşəriyyətlə birlikdə
addım-addım yol gəlib. Və hansı yoldan keçməyinə
baxmayaraq, özündən sonra qalan izləri, yaddaş
nümunələrini muzeylərdə qorumağı
bacarıb. Çünki muzey yaddaşın əbədi və
dəyişməz ünvanıdır.
Bu dəfə, əziz oxucu, gəl səninlə
birlikdə bir Mənzil-Muzeyinə səyahət edək. Artıq tarixin nəfəs
aldığı bu evlərdə çoxdandır ki, insanlar
yaşamır. Mənzil-Muzeylər böyük şəxsiyyətlərin
ruhunun hələ də dolaşdığı
ünvanlardır. O otaqlarda zamanında yazılan şeirlər,
çəkilən rəsmlər, səslənən notlar sərgilənən
hansısa bir əşyanın arxasından boylanır. Hər
küncü, hər əşyası ilə zamana meydan oxuyan
bu evlər bizi tarixlə, yaddaşla və insan talelərilə
baş-başa buraxır.
Bu günümüzün ünvanı Azərbaycanın
ilk Xalq şairi Səməd Vurğunun Mənzil-Muzeyidir.
Müsahibimiz isə böyük şairin nəticəsi, beynəlxalq
musabiqələr laureatı, pianoçu, Prezident
mükafatçısı, Səməd Vurğunun Mənzil-Muzeyinin
direktoru Vurğun Vəkilovdur.
- "Sirrini verməyir sirdaşa dünya"...
Günümüzün reallığında görürük
ki, dünyanın çox sirlərindən bixəbər olsaq
da, həyat davam edir...
- Təkcə dünyada deyil, hər bir sahədə
çətinliklər olsa da, dediyiniz kimi həyat davam edir və
biz də öz yolumuzla, tutduğumuz çığırla
yürüməyi bacarmalayıq. Tanrı bu dünyanı
qurandan sonra insanı xəlq edib, canlı-cansızdan fərqli
ona şüur, zəka verib ki, dünyanı idarə etsin.
Daha deməyib ki, inkişaf etdikcə, dünyanı
dağıtmağa qalxsın. Dünyada bu gün baş verənlərə
bəşəriyyət hansı gözlə baxır, bilmirəm.
Onu bilirəm ki, "bir yandan boşalıb, bir yandan dolan
dünya"nı od-alovdan qorumaq lazımdır.
- Vurğun Vəkilovu öz dilindən daha yaxından
tanıyaq...
- Bakıda, kifayət qədər tanınan Vəkilovlar
ailəsində doğulmuşam. Kiçik yaşlarımdan
musiqiyə olan həvəs və maraq məni Bülbül
adına Orta İxtisas Məktəbinin fortepiano sinfinə gətirib.
Beşinci sinifdə oxuyarkən müsabiqə və
festivallarda qazandığım uğurlara görə ölkə
başçısının sərəncamı ilə
adım Azərbaycanın gənc istedadlarının
"Qızıl kitab"ına yazılıb və prezident təqaüdçüsü
olmuşam. Bu uğurlarımda ixtisas məktəbindəki
müəllimim Elmira Mustafayevaya borcluyam. Daha sonra Bakı Musiqi
Akademiyasının prorektoru Oqtay Abasquliyevin bir il tələbəsi
oldum, lakin tale elə gətirdi ki, mən təhsilimi Paris Ali
Musiqi Məktəbində davam etdirdim, oranı bitirib Vətənə
qayıtdım. Həm ifaçılıq sənətimlə
məşğulam, həm də muzey fəaliyyətilə.
- Daşıdığınız adın məsuliyyəti yəqin ki, ağır olar...
- Təbii ki, ağırdır. Bu sualla tez-tez rastlaşıram
və Vaqif Səmədoğlunun təbirincə cavab verirəm:
"Səməd Vurğunun adını ucalda bilməsəm də,
heç zaman aşağı enməyə qoymaram".
Kiçik yaşlarımdan kimin adını
daşıdığımı dönə-dönə
eşitdiyimdən, bu, mənim beynimə həkk olunub və
onu dərk edəndən sonra Vaqif Səmədoğlunun bu
devizi ilə yaşayıram və ümid edirəm ki, belə
də davam edəcək.
- Kökdən gələn poeziya mühitinə rəğmən,
seçiminiz musiqi oldu...
- Sualda poeziya mühitini vurğuladınız, mən
bir haşiyə çıxım burda. Səməd Vurğun
özü fortepianoda, tarda, skripkada, sazda ifa etməyi
bacarıb. Peşəkarcasına olub-olmadığını
bilmirəm, lakin sərbəst şəkildə bu dörd
musiqi alətində ifa edə bilib. Musiqiyə marağı,
sevgisi vardı ki, övladlarının hər
üçünün musiqi təhsili var. Böyük oğlu
Yusifi skripka, nənəm Aybənizi fortepiano, Vaqifi əvvəl
violonçel sinfinə qoyub, lakin sonralar aləti
daşımağın çətin olduğunu görüb
onu da fortepianoya keçirib. Vaqif Səmədoğlu xeyli
müddət klassik pianoçu kimi musiqi sahəsində oldu.
Haradasa 16-17 yaşlarında o filarmoniyada Niyazi ilə
Raxmaninovun Birinci konsertini ifa edib və ona verilən gül dəstələrini
artıq yataqda olan atasına gətirib. Bundan təsirlənən
Yusif Səmədoğlu "Güllər" adlı
kiçik əsərini qardaşı Vaqifə ithaf edib. Sonra
o klassikadan caza keçdi. Həm özü gözəl
çaz ifa edirdi, həm də dövlət televiziyasında
veriliş aparırdı.
Sonrakı yolunu ədəbiyyata bağladı və sevilən,
görkəmli xalq şairlərimizdən biri oldu. Yəni Səməd
Vurğunun özü ilə bərabər ailəsində də
musiqi əhəmiyyətli yer tutub.
- Deməli, siz ailənin musiqi xəttini davam
etmisiniz...
- İlk olaraq onu deməliyəm ki, mən musiqi sahəsində
nəyə nail olmuşamsa, bu, yalnız anamın zəhmətidir.
Mənə söylənilənlərdən bilirəm ki,
üç-dörd yaşlarında televiziyada eşitdiyim
hansısa bir musiqini evdə pianoya yaxınlaşıb barmaqlarımın
ucuna qalxaraq nələrsə çalmağa həvəsli
olmuşam. Anam bunu hiss edəndən sonra çox sevinib və
məni həvəsimə doğru yönəldib. Zamanında
anam Aygün xanımın musiqi təhsili yarımçıq
qalıb. Musiqi məktəbinin yeddinci sinfində oxuyanda nənəm
Aybəniz xanım onu məktəbdən gətirən zaman
yolu keçərkən anamı maşın vurub, uzun müddət
xəstəxanada yatıb və sonda həkim deyib ki, onun
pianoda ifa etməyi artıq mümkün deyil. Bu, anamın
içində yarımçıq bir istək olaraq qalıb və
o natamam arzularını məndə tamamlayıb. İnanmıram
ki, onun qədər övladının təhsili
üçün can yandıran kimsə var.
- Yəni özünüzdən daha çox Aygün
xanım sizə qarşı tələbkar olub...
- Əslində mən bir uşağın özünə
qarşı ciddi tələbkarlığını normal hesab
etmirəm. Çünki hər bir uşaq gəzmək, əylənmək,
oynamaq istəyir. Bu, onun haqqıdır və normalda bunları
istəməlidir. Mən də onlardan biri olmuşam. Doqquzuncu
sinfə qədər məndən tələb ediblər.
Xüsusilə anam, dərslərimə gedib müəllimin hər
bir sözünü yazırdı sonra pianonun arxasında əyləşib
vərəqi mənə verərdi ki, müəllimənin
dediklərinə düzgün əməl edim, deyilənlər
yaddaşıma həkk olunsun. Sizcə, bunu hər ana edərmi?
Ona görə hər zaman deyirəm ki, uğurlarıma,
nailiyyətlərimə görə Aygün xanıma borcluyam.
Bilirsiniz ki, anamın adı babasının "Aygün"
poemasından götürülüb və məhz bu poema
şairin əlində tutduğu son kitab olub.
- Səməd Vurğunla ilk
tanışlığınız...
- Mənə elə gəlir ki, evimizdə gördüyüm
ilk portret. Təbii ki, uşaq marağı ilə kimin şəkli
olduğunu soruşmuşam və mənə də
anlayacağım qədər məlumat veriblər.
Böyüdükcə mənim ulu babamın böyük
şair olduğunu öyrəndim, hamı kimi ilk olaraq onun
"Azərbaycan" şeirini əzbərlədim və
anamla nənəmin söhbətlərindən kimin
adını daşıdığımı bildim. Bilirsiniz,
belə bir evdə böyüməyin özü elə hər
şey deməkdir. Zamanla onun müdrikliyini, dahiliyini hiss edirsən.
Hərçənd ki, nənəm Aybəniz xanım dahi
sözünü yaxın buraxmırdı. Bilmirəm hansı
səbəbdənsə o, "Azərbaycanın böyük
şairi" ifadəsinin işlənməsini xüsusi
vurğulayardı. Şəxsən mən ona bir dahi kimi
baxıram. Səməd Vurğunun istənilən şeirinin
bir bəndini oxuyanda misraların melodikliyi,
axıcılığı, yaddaşda rahat
qalıcılığı oxucunun gözü önündə
obrazlar yaratmağı bacarır. Gərək nə qədər
mükəmməl istedada sahib olasan ki, yazdığın
şeirdə fikrini, hisslərini istənilən təbəqənin
oxucusuna çatdıra biləsən. Və mənim nəzərimdə
bu, dahilikdir. Mənim də bu dahi insanla
tanışlığımın ən uğurlu
qaynağı anam və nənəm Aybəniz xanım olub.
- Bildiyim qədər Xavər xanımı da
görmüsünüz...
- Bəli, görmüşəm, o,
dünyasını dəyişəndə səkkiz
yaşım vardı. Uşaq yaddaşımda xatirələrdən
ötəri kadrlar qalıb. Ən çox onu bilirsiniz necə
xatırlayıram? Artıq o, xeyli yaşlı idi və Xavər
xanımın kresloya bənzər sadə bir oturacağı
vardı, həmişə orada oturardı və əli ilə
elə hey saçlarını sığallayardı. Bu mənzərəni
tez-tez xatırlayıram. Məni çox sevirdi, xeyli şəkillərimiz
də var Xavər nənə ilə. Sizə bir məlumatı
da verim. Bu muzeydə mənim təqdimatım da olub. Deməli, tədbirlərinin birində Aybəniz
xanım körpə Vurğunu əllərində yuxarı
qaldıraraq iştirakçılara təqdim edib. İlk
sırada da Mirvarid Dilbazi oturubmuş və mənə xeyir-dua
veriblər. Bu gün belə dəyərli insanlara
ehtiyacımız böyükdür.
- Amma özünüzün əlinizə qələm
almaq kimi bir istəyiniz olmayıb...
- İstəyim olub və buna cəhd də etmişəm.
Təqribən dörd, ya beşinci sinifdə öz aləmimdə
guya bir-iki şeir yazdım. Biri yeni ilə aid idi, çox
primitiv cümlələrlə başlayırdı. Təsəvvür
edin, mən özlüyümdə şeir zənn etdiklərimi
kimə oxusam yaxşıdır? Səməd Vurğunun
qızı Aybəniz xanıma. Məni dinləyəndən
sonra belə dedi: "Bala, sən poeziyada axsayırsan, sən
get elə fortepianonu çal". O zaman bu söz mənə
çox təsir etmişdi. Onun dediyi kimi öz fortepianomun
arxasınca da getdim. Amma çox nadir hallarda olsa da, arada
cızma-qara edirəm.
- Söhbətin əvvəlində dediniz ki, tale elə
gətirdi ki, Paris Ali Musiqi Məktəbini bitirdim...
- İxtisas məktəbinin beşinci sinfindən
Bakı Musiqi Akademiyasının prorektoru Oqtay Abasquliyevdən
fərdi dərslər almağa başladım. Sonra Musiqi
Akademiyasına daxil oldum, Oqtay müəllimin sinfinə. Oqtay
müəllimin bir xasiyyəti vardı, məni heç zaman
müsabiqələrə yönləndirmirdi. Özüm həmişə
ona deyirdim ki, gəlin hansısa müsabiqəyə
hazırlaşaq. Çünki elə bir zamandı ki,
pianoçular özlərini yalnız ya müsabiqədə
göstərə bilər, ya da hansısa agentliklərə
gedib prodüserlərə böyük vəsait ödəməlisən
ki, səni təbliğ edərək irəli çəksinlər.
Oqtay müəllim də deyərdi ki, get sosial şəbəkələrdən
tap və hansı müsabiqəyə istəyirsən get.
Günlərin birində özü məni yanına
çağıraraq Fransanın Annemas şəhərində
keçirilən müsabiqəyə yolladı. Müsabiqəyə
getməyimə beş gün qalmış Oqtay müəllim
dünyasını dəyişdi. Xəbəri məşqimizin
sonuncu günü aldım. Böyük sarsıntı
keçirsəm də, müsabiqədən qalmadım, laureat
adını qazandım. Bundan savayı, mənə Paris Ali
Musiqi Məktəbində bir il ödənişsiz təhsil
almaq hüququ verildi. Oqtay müəllim yolumu açdı və
məni tərk etdi. Müəllimlərim Elmira
Mustafayevanın, Oqtay Abasquliyevin üzərimdə
böyük əməkləri var. Mənə verilən bu
imkandan təbii ki, istifadə etdim və yollandım Parisə.
Burada həyatım tamamilə dəyişdi.
- Yəni...
- Yəni Azərbaycanda nəyəsə nail
olmuşdumsa, müəyyən bir auditoriya məni
tanıyıb konsertlərimə gəlirdisə, elə zənn
edirdim ki, işimin peşəkarıyam. Orada isə anladım
ki, əslində ifaçılığım yox kimidir. Mən
həmişə ailədə də, Vaqif Səmədoğlundan
da eşidirdim, deyirdilər ki, əsl pianoçu olmaq istəyirsənsə,
təhsilini Moskva Konservatoriyasında al. Etiraf etmək lazımdır
ki, zamanında Moskva Konservatoriyası ən öndə idi.
Lakin məktəb illərinin sonuna yaxın
görünürdü ki, həmin konservatoriyanın nüfuzu
xeyli aşağıdır və hamı üzünü
Avropaya çevirmişdi, xüsusilə də Almaniyaya. Mən
də o zaman seçim qarşısında
qalmışdım. Mənim üçün belə fürsət
düşəndə orada xəbər tutdum ki, bizim azərbaycanlı Rəna
Şereşevskaya (Mustafabəyli) Paris Ali Musiqi Məktəbində
dərs deyir. Mən ora yollanan ərəfədə
pianoçular arasında nömrə bir sayılan
Çaykovski adına müsabiqə başlanmışdı.
Həmin müsabiqədə fransalı pianoçu Lyuka Debarq
adlı favorit ifaçı
vardı, dördüncü yeri tutsa da, bütün zal ona
valeh olmuşdu. Onun müəllimi bizim azərbaycanlımız
Rəna xanım idi. Bütün beynəlxalq müsabiqələrdə
Rəna xanımın tələbələri iştirak edir və
laureat adını qazanır. Məhz onun tələbəsi
olmaq həm qürurlu idi, həm də şərəfli.
Çətinliklər olsa da, təhsilimi uğurla başa
vurdum və döndüm Vətənə.
- Bizə çox isti münasibət olmayan bir ölkədə
Azərbaycan musiqisini tanıtmaq asan deyil...
- Təbii ki, buna çalışırdım, lakin
bir tələbə olaraq böyük salonlarda konsert vermək
kimi imkanım olmayıb. Bununla belə, fürsət
düşəndə bəstəkarlarımızın əsərlərini
siyahıya daxil edərək ifa etmişəm. Etiraf etmək
lazımdır ki, fransızlar dinlədiyini bəyənirdi,
çünki bizim musiqidə onlara xas olmayan melizmlər
(melodiyanın ayrı-ayrı səsləri ətrafında gəzişmə),
dönüşlər, modulyasiyalar eşitdiyi
üçün bu detallar onlara maraqlı gəlirdi.
- Yəqin ona görə deyirlər ki, musiqinin dili
yoxdur...
- Suala Bethovenin cavabını verəcəyəm:
musiqi Allahın dilidir.
- Maraqlı cavab oldu, amma ötən həftə
filarmoniyada keçirilən konsertinizdə Şopeni
seçdiniz...
- Düzü, seçim mənim deyildi, bu, təşkilatçıların
təklifi idi. Şopenin yaradıcılığına
münasibətim yaxşıdır, lakin onun əsərlərindən
ibarət konsert planımda yox idi. Lakin belə bir təklif gəldiyi
üçün konsert reallaşdı. Əslində mən
müxtəlif bəstəkarların əsərlərindən
ibarət ifalar səslənən konserti daha çox
xoşlayıram. Əslində bu da pis ideya deyildi, amma
tamaşaçının münasibəti də əhəmiyyət
kəsb edir. Konsertə səkkiz gün qalmış artıq
bütün biletlər satılmışdı, bu da o demək
idi ki, auditoriya Şopeni duyub hiss edənlərdən ibarət
olacaq və düşündüyüm kimi də oldu.
- Yaradıcılığınızda Azərbaycan bəstəkarlarından
xüsusi yeri olanlar yəqin ki var...
- Üzeyir bəy, Qara Qarayev, Fikrət Əmirov -
bunlar ilahi üçlükdür. Onlardan savayı, Xəyyam
Mirzəzadəni, Aqşin Əlizadəni həvəslə
dinləyirəm.
- Bu gün sizin bir muzey fəaliyyətiniz də
var. Qeyd etdiyiniz kimi
ixtisasınız olmasa da, bu işi artıq sevirsiniz. Muzeydən
danışaq...
- Muzey nədir deyə, bir sual ətrafında heç
zaman düşünməmişəm. Düşünürəm
ki, muzey keçmişlə gələcəyi birləşdirən
məkandır. Öz muzeyimizdən danışacağam. Səməd
Vurğunun Mənzil-Muzeyinin üç otağı
memorialdır, yəni şairin vaxtında necə idisə, elə
də qorunub saxlanılır. Muzeyə gələnlərin əksəriyyəti
gənclərdir, bu da sevindirici haldır. Etiraf edirəm ki, gənclərin bu qədər muzeylərə
həvəsli olduğunu, maraq göstərdiyini
düşünmürdüm.
Muzeylər günündə açıq qapı elan
olunur. Lakin ictimaiyyətdə əksəriyyəti bilmir ki,
bizim muzey pulsuzdur. Hənin gün muzeyə gənclərin
böyük axını olur və onları müşahidə
edəndə hiss etmişəm ki, muzeydən çıxanda
belə, keçmişin ab-havasından ayrıla bilmirlər.
Ona görə də muzey iki zaman arasında körpü adlandırmaq olar. Bu
fikrim sırf Mənzil-Muzeylərinə aiddir.
- Divarları arxasında böyüdüyünüz
bu məkana indi rəhbərlik etmək gərək ki, çətin
olmasın...
- Deyərdim ki, yarıbayarıdır. Bir yandan çətindir,
digər tərəfdən doğma. Əgər
doğmalıq bir tərəfdən sənə kömək
edirsə, inzibati vəzifə yükün olanda artıq digər
keyfiyyətləri özündə daşımalısan. Ona
görə ki, artıq burada stabillik, nizam-intizam, işin mahiyyəti,
keçirilən tədbirin mənası olmalıdır.
Düzü, gəldi-gedər tədbir keçirməyin tərəfdarı
deyiləm. Buna görə mənə irad da tuta bilərlər,
lakin mənə görə keçirilən tədbirin mahiyyəti,
məna yükü daha vacibdir. İllərdir ki, tədbirə
gələnlər eyni insanlardır, çıxış edənlər
də çox olmur. Lakin mən daha çox gənc və
böyüməkdə olan yeni nəsil üçün
imkanlar yaratmağa çalışıram. Burada tamaşalar
keçirilir, balacalar çıxışlar edir, yəni
onlara yol açmaq vacibdir.
- Muzeyə rəhbərlik bir növ ailə estafeti
kimi sizə çatıb. Elə sahələr var ki, orada ənənələri
qorumaq mütləqdir...
- Bu muzey, onun otaqları o qədər dəyişilməz
qalıb ki, kimlər gəlib getsə də, bu divarların
yaddaşında belə, hər şey hopub. Nəyisə dəyişmək
lazım gələndə, çox çalışırıq
ki, bu, minimal dərəcədə olsun. Bizim muzey həmişə
qonaqlı-qaralı olub, çox isti görüşlər, tədbirlər
keçirilib burada. Muzeyin ziyarətçiləri səmimi
insanlar olub, tədbirlər musiqisiz keçməyib.
Bünövrə necə qoyulubsa, o cürə də fəaliyyətimiz
davam edir. Muzey olmazdan əvvəl də bu evə kimlər gəlib-gedib
bunun özü bir tarixdir. Əslində Səməd Vurğun
ömrünün son iki ilini bu evdə yaşayıb,
çünki xəstə olduğu dönəmlər olub
artıq. 1956-cı ilin mart ayında onun 50 illik yubileyi
keçiriləndə özü həmin tədbirdə iştirak
edə bilməyib. Teatrda keçirilən təntənəli
yubileyi iş otağındakı radio vasitəsilə dinləyib
və tədbir iştirakçılarına bu məşhur
misraları göndərib: "Gözüm
gözünüzdən uzaq olsa da, Könüldən
könülə yollar görünür". Tədbirdən
sonra şairə yaxın olan sənət adamları, söz
ustadları onun ziyarətinə gəliblər. Yəni Səməd
Vurğunun sağlığında bu evin daimi qonaqları olan
ziyalıların ardıcılları ondan sonrakı dövrdə
də, bu gün də muzeyin tədbirlərində həvəslə
iştirak edir.
- Min Qazaxda köhlən ata... Yəqin ki, yolunuz oralara
da düşür...
- Təəssüf ki, tez-tez gedə bilmirəm, lakin
ildə bir-iki dəfə yolumu oralardan salmağa
çalışıram. Qazaxda muzeyin filialı - poeziya evi də
var, zamanında açılışını Ulu öndər
edib. Orada da tədbirlər keçirilir, kiçik məktəblilər
belə, Səməd Vurğunla fəxr edir. Çox cazibədar
bir yerdir Qazax, gəzməklə doymaq olmur.
- Eşitdiyiniz xatirələrdən Səməd
Vurğunun özünüz üçün
yaratdığınız obrazı...
- Çox yaxşı sual olduğu qədər də,
düşündürücüdür... Müdrik, nurlu,
işinin peşəkarı, təmkin və səbirli, yeri gələndə
çılğın. Bu bənzətmələri uzatmaq da
olar, lakin sualı verdiyiniz anda onun obrazını belə
gördüm.
- Söhbət əsnasında bir neçə dəfə
Vaqif Səmədoğlunun adını çəkdiniz. Musiqi
sahəsində sizə bir məsləhəti, tövsiyəsi...
- Ondan eşitdiyim bir söz olmuşdu. Demişdi ki,
çalış leqato çal. Leqato musiqidə bir termindir, səslərin
hiss olunmadan birindən o birinə mümkün qədər
axıcı keçməsidir. Kiçik yaşlarımda
düşünürdüm ki, bu normaldır da, hamı belə
çalır. Lakin böyüdükcə anladım ki, onun bu
sözündə çox dərin detallar var hansı ki,
çoxları onu çala bilmir. Təəssüf ki, Niyazi
ilə eyni səhnəni paylaşan bir pianoçudan başqa
məsləhətlər ala bilmədim.
- Sizinlə görüşümüz Ordu
gününə təsadüf edir. Bu ordu 44 günə tarixə
misilsiz bir imza ata bildi, amma biz müharibəni yaşadıq...
- Başqa yol yox idi. Sualı verdiniz, gözümün
önündən müxtəlif kadrlar keçdi. Əlimizdən
alınanları biz geri qaytardıq, bunun isə adı ədalətdir.
- Qarşıdan mətbuatımızın 150 illiyi
yaxınlaşır. Birdən gileyli olarsınız bizlərdən...
- Jurnalistlərlə olan ünsiyətimdən,
münasibətimdən gileyli deyiləm. Yalnız sosial şəbəkələrdəki
xəbərlərin, yazıların
başlıqlarının mövzu ilə əlaqəli
olmadığını görəndə, bilmirsən
sözünü kimə deyəsən. Mətbuatımızda
ziyalı qələm sahibləri az deyil. Daha da çox
olması istəyilə hamınıza uğurlar arzu edirəm.
SÖZARDI: Səməd Vurğun deyib ki, biz gəldi-gedərik,
sən yaşa, dünya. Nə yazıq ki, insan əli
dünyanı yaşamağa qoymur. Əzəldən tamaşa
yaranan dünya bir yandan boşalıb, bir yandan dolsa da, qoy elə
sirrini sirdaşa verməsin. Ən yaxşısı elə
budur.
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2025.- 26 iyun(¹110).-S.12-13.