Toqquşmadan
yaşamaq
Esse
Maşın sürməyi öyrəndiyim ilk günlər
dünən kimi yadımdadır. Necə həyəcanla
sükan arxasında oturmuşdum: əllərim tər
içində, gözüm güzgülərdə,
qulağım yolun səsində... Qarşıdan gələn
maşınlar, yanımdan ötüb keçənlər, qəfil
dönənlər, hətta yolun bir kənarında dayananlar
belə - hamısı mənə potensial təhlükə
kimi görünürdü. Qorxurdum.
Düşünürdüm ki, bu qədər
maşının içində toqquşmadan, kiməsə
toxunmadan necə sürmək olar? Mən haradan getməli
olduğumu, necə getməli olduğumu nədən biləcəyəm?
Bir yolun üstündə bu qədər adam və bu qədər
ehtimal varkən, necə olur ki, bu ehtimallar gerçəyə
çevrilmir?
İlk baxışdan bu sual yalnız avtomobil idarə
etməyə aid görünə bilər. Amma bir az dərindən
düşünəndə fərq etdim ki, bu, əslində həyatın
özünə aid bir sualdır. Biz insanlar səkkiz milyarda
yaxın fərqli yolçuyuq bu dünyanın yol şəbəkəsində.
Kimimiz sürətlə gedərkən kimimiz yavaş irəliləməyi
üstün tuturuq. Kimisi öz istiqamətini əvvəlcədən
müəyyənləşdirir, kimisi yolda ikən qərar
verir haraya yol alacağına. Kimisi qaydalara riayət edir, kimisi
qaydaları saymır, kimisi isə qaydalardan ümumiyyətlə
xəbərsizdir. Bəs necə olur ki, bir-birimizə dəyib
keçmirik? Necə olur ki, toqquşmuruq? Yaxud toqquşmamaq
mümkündürmü?
Maşın sürmək məsuliyyətdir. Sürət,
diqqət, məsafə - bu üçlük səni həm
qoruyur, həm də başqasına zərər verməməyinə
xidmət edir. Həyat da bu baxımdan fərqli deyil. Burada da məsuliyyət
var, ehtiyatlılıq var, məsafə var, bəzən də
yol vermək var. Hansı sükanın arxasında
olmasından asılı olmayaraq, həm maşında, həm
də həyatda hər kəs özünü
düşünərsə, qəzalar qaçınılmaz
olur. Təkəbbür, səbirsizlik, diqqətsizlik həyat
yollarında da insanlarla toqquşmalara səbəb olur, iz buraxır,
dağıdıcı nəticələr doğurur.
Ən maraqlı məqamlardan biri də budur ki,
sükan arxasında olan hər kəs yolun bir hissəsinə
cavabdehdir. Sən təkcə öz maşınını yox,
yanındakı, arxandakı, qarşındakı insanları
da nəzərə almalısan. Eynilə həyatda olduğu
kimi. Sənin bir qərarın, bir söhbətin, bir cümlən
bəzən kiminsə həyatına yön verə bilər.
Bir laqeyd baxış bir insanın gününü zəhərləyə,
bir diqqətli davranış isə onu xilas edə bilər.
Biz bəzən fərqinə varmadan kiminsə
"yoluna çıxırıq". Onun planlarını
pozur, düşüncələrini dağıdır, hətta
həyatına mənasız "maneə" olub onu gedəcəyi
yolda ya ləngidir, ya da ümumiyyətlə, yolundan
döndürürük. Bəzən də bizə elə gəlir
ki, bizə qarşı belə davranılıb. Həmişə
qarşı tərəfi günahlandırmaq asandır. Amma
toqquşmaların çoxu qarşılıqlı
anlaşılmazlıqdan doğur, bunu da etiraf etməliyik. Hər
iki tərəfin ehtiyat etmədiyi, yol vermədiyi, səbr etmədiyi
anda baş verir qəzalar.
Halbuki yolda da, həyatda da bəzən sadəcə
bir neçə saniyə gözləmək kifayətdir. Bir
siqnal vermək, bir addım geridə durmaq, bir gülümsəmək
kifayət edir ki, yol açılsın, maneə aradan
qalxsın. Bəzən də öz yolundan azacıq
yayınmaq, kiməsə şərait yaratmaq lazım gəlir.
Bu, zəiflik deyil. Bu, insanlığın qaydasıdır - həm
yollarda, həm ruhlarda.
Unutmayaq ki, toqquşmamaq üçün yalnız
sükan başında diqqətli olmaq kifayət etmir. Həm də
daxilən ayıq olmalıyıq. Yollar insanın xarici yönə
hərəkətidirsə, həyat onun daxili istiqamətidir.
Kiminsə yoluna hörmətlə yanaşmaq - onun
duyğusuna, inancına, qərarına hörmətlə
yanaşmaqdır. Həyatda da "sağa dönmək istəyənə"
icazə verilməli, "geri gedənə" yol göstərilməlidir.
Bu yazını yazmaqda məqsədim maşın
sürməyin fəlsəfəsinə varmaq deyil, əlbəttə.
Sadəcə demək istəyirəm ki, toqquşmamaq
mümkündür. Bəli, zaman-zaman bir-birimizlə
yollarımız kəsişə bilər, bilərəkdən
və ya bilməyərəkdən bir-birimizə maneə ola
bilərik, bəzən yanlış dönə bilərik, bəzən
sürətimizi artıra və ya azalda bilərik. Amma
ümumi yolumuz varsa, həmin yolda bəzən
yavaşlamalı, bəzən yol verməli, bəzən
dayanmalı və yenidən başlamağı
bacarmalıyıq.
Çünki bu həyatın yollarında hər kəs
öz sükanında olsa da, yollar ortaqdır. Nə qədər
ki, yollar ortaqdır, məsuliyyət də ortaqdır. Bəzən
toqquşmamaq üçün yolumuzdan dönməliyik. Bəzən
də öz yolumuzu yenidən çəkməliyik.
Beləcə, gün gəlir ki, maşın sürməyi
öyrəndiyin kimi, yaşamağı da öyrənirsən.
Qəzaların olmaması, toqquşmaların azalması,
insanların bir-birinə yol verməyi sadəcə qaydalara əməl
etməklə yox, ürəklə yaşayaraq mümkün
olur.
Sükan arxasında öyrəndiklərimi həyat
sükanına tətbiq etməyi bacardığım gündən
bəri daha sakit, daha anlayışlı, daha məsafəli
yaşadığımın fərqinə vardım o günlərdə.
Və düşündüm: nə qədər ki, yollar var,
yaşamağı da öyrənmək gərəkdir.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 26 iyun(№110).-S.11.