107 yaşlı Azərbaycan Ordusu

REGİONAL TƏHLÜKƏSİZLİYİN TƏMƏL SÜTUNU

 

 

Bu gün regionda aparıcı mövqeyə sahib olan, dünya reytinqində öncül yerdə qərar tutan, ən güclü ordular sırasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür. Ordumuz bu illər ərzində formalaşaraq, inkişaf edib və 2020-ci il Vətən müharibəsində, 2023-cü il bir günlük antiterror tədbirlərindəki şanlı zəfəri ilə möhtəşəm tarix yazıb. Bundan əvvəl isə cəmi 4 gün davam edən Aprel döyüşlərində Azərbaycan Ordusu öz gücünü, peşəkarlığını bütün dünyaya nümayiş etdirdi.

Ordumuzun keçdiyi döyüş yolunun zirvəsində sözsüz ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Qarabağ zəfəri dayanır. Buna görə də artıq 26 İyun – Silahlı Qüvvələr Günü daha fərqli ab-havada, daha böyük qürur hissi ilə  keçirilir.

Bu gün 107 yaşını qeyd etdiyimiz ordumuz şərəfli bir yol qət edib. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradılıb, həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olunub. Görkəmli hərbi xadimlər - Xosrov bəy Sultanov, Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski milli ordumuzun formalaşmasında və döyüş qabiliyyətinin yüksəldilməsində əvəzsiz xidmətlər göstərdilər.

Yeni yaranmış Milli Ordumuz ilk uğura sentyabrın 15-də imza ataraq Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edib. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi, hərbçilərimizin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələndi, bir çoxları isə repressiyaya məruz qaldı.

Müstəqillik illərində Azərbaycan Ordusunun formalaşdırılması, nizami ordu quruculuğu Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Ordusu 1994-cü ilin yanvarında bir sıra uğurlu hərbi əməliyyatlar keçirərək Füzuli rayonunun 20 kəndini, Horadiz qəsəbəsini və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini işğaldan azad etdi. Prezident Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü elan olundu.

Respublikamızda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, ordumuzun ən müasir silah və texnika ilə təchizatı istiqamətində təxirəsalınmaz təbirlər görüldü. Azərbaycan Silahlı Qüvvələri ildən-ilə güclənərək regionun ən qüdrətli ordusuna çevrildi.

Azərbaycan Ordusu öz gücünü 2016-cı ilin Aprel döyüşlərində bir daha göstərdi. Uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsi azad edildi. Azərbaycan Ordusu daha bir uğurunu 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazandı. Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi və dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycanın nəzarətinə keçdi.

Silahlı Qüvvələrimizin 100 illik yubileyi münasibətilə 2018-ci il iyunun 26-da Bakının Azadlıq meydanında möhtəşəm hərbi parad keçirildi. Paradı qəbul edən Prezident, Ali Baş Komandan İlham Əliyev qəti əminliklə bildirdi ki, torpaqlarımız nəyin bahasına olursa-olsun azad olunacaq. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ilə işğala son qoyuldu.

Rəşadətli ordumuz 44 gündə daim irəli gedərək, düşmənə sarsıdıcı zərbələr vuraraq 5 şəhəri, 4 qəsəbəni və 300-dək kəndi işğaldan azad etdi. Azərbaycan Ordusunun döyüş əməliyyatları, xüsusən unikal Hadrut, Şuşa əməliyyatı bu gün dünyanın qabaqcıl hərbi məktəblərində öyrənilir.

Azərbaycanın Qarabağda əldə etdiyi qələbə tam qələbə idi. İkinci Dünya müharibəsindən sonra baş vermiş müharibələrdə demək olar ki heç kim tərəfdən tam qələbə əldə edilməyib.

Prezident İlham Əliyev 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda çıxışı zamanı deyib: “Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmayıb. Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərib”.

Azərbaycan Silahlı Qüvvələri təkcə öz gücü, peşəkarlığı, qarşısına qoyulan istənilən vəzifəni yüksək səviyyədə icra etmək bacarığı ilə fərqlənmir. Ordumuz həm də hərbi əməliyyatları beynəlxalq humanitar hüquqlara uyğun aparması, mülki obyektləri və mülki şəxsləri nişan almaması ilə bir nümunə oldu. Zərgər dəqiqliyi ilə aparılmış bir günlük antiterror əməliyyatında bir nəfər mülki şəxsin belə zərər görməməsi üçün zəruri addımlar atdı. Ermənilərdən fərqli ordumuz heç vaxt hərbi cinayətə əl atmayıb, müharibəni ləyaqətlə aparıb, bununla da dünya üçün nümunə yaradıb.

Təəssüflər olsun ki, beynəlxalq münasibətlərdə son illərdə gedən proseslər beynəlxalq təşkilatların və hüququn ümumiyyətlə işləməməsini, beynəlxalq münasibətlərə yenidən cəngəllik qaydalarının qayıdışını göstərir. Bu qaydalar hər bir ölkəyə öz təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri gücləndirməsini, ən əsası isə müasir, güclü orduya malik olmasını zəruri edir. Bu baxımdan Azərbaycanın qarşısında duran bu mühüm vəzifə uğurla həll edilib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü iqtisadi potensiala, güclü orduya, təhlükəsizliyin və sabitliyin, milli həmrəyliyin təmin olunduğu, öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkə kimi beynəlxalq münasibətlər sistemində layiqli yerini tutub. Azərbaycan Ordusu birmənalı olaraq regional təhlükəsizliyin təməl sütunlarından biridir.

Bu gün dövlətimiz hərbi qulluqçularının sosial-məişət problemlərinin həlli, həyat şəraitlərinin yüksəldilməsi istiqamətində də ardıcıl işləri davam etdirir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı “525”ə deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) cəmi 23 ay fəaliyyət göstərsə də, bu qısa müddət ərzində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində ciddi işlər görə bildi. 1918-ci il 26 iyun tarixində AXC hökumətinin qərarına əsasən ölkədə ilk nizami hərbi hissənin - Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində ilk önəmli addım atılmış oldu.

AXC süqut etdikdən sonra 50 ilə yaxın müddət ərzində ölkədə ordu quruculuğu prosesi dayandı. Yalnız Ümummilli lider Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra hərbi sahədə dirçəlmə başladı. Ulu öndərin rəhbərliyi ilə Azərbaycanın qəhrəman sərkərdəsi Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradıldı. Bu məktəbin fəaliyyətə başlaması ölkədə hərbi kadrların hazırlanması prosesini başlatdı, gənclər arasında hərb sahəsinə maraq daha da gücləndi, Azərbaycanda peşəkar zabitlərin hazırlanmasına imkan verdi.

Deputat söyləyib ki, Ulu öndər müstəqil Azərbaycan Respublikasında hakimiyyətə gəldikdən sonra ölkədə ordu quruculuğu sürətli və davamlı olaraq inkişaf etməyə başladı, milli ordunun formalaşması prosesi daha da sürətləndi, hərbi təhsil sisteminin inkişafı məqsədilə 1990-cı ildə Hərbi Akademiya yaradıldı: “Müstəqillik illərində ordu quruculuğunun davamlı inkişaf etməsinin əsas səbəblərindən biri də Ümummilli liderin siyasəti nəticəsində Azərbaycanın NATO ilə sıx əməkdaşlıq etməsi idi. Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, “Planlaşdırma və analiz prosesi” proqramına, “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na və digər beynəlxalq layihələrə qoşulmasını buna misal göstərmək olar.

Heydər Əliyevdən sonra onun layiqli davamçısı cənab Prezident İlham Əliyev hakimiyyətə gələrək Ulu öndərin siyasətini uğurla davam etdirdi. Onun rəhbərliyi ilə müdafiə sənayesi inkişaf etdirildi, bu sahənin təkmilləşməsi üçün daha çox büdcə ayrıldı, Silahlı Qüvvələrimizin maddi-texniki təchizatı yaxşılaşdırıldı, hərbi qulluqçuların sosial təminatı diqqətdə saxlanıldı, xaricdən çoxsaylı hərbi texnikalar, avadanlıqlar, pilotsuz uçuş aparatları alındı, yerli hərbi zavodlar inkişaf etməyə başladı.

Yeni Komando Qüvvələrinin yaradılması daim Prezident İlham Əliyevin diqqətindədir. Cari ilin 23 iyun tarixində Prezident İlham Əliyev, Silahlı Qüvvələrin Ali Baş Komandanı Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Komando Qüvvələrinin yaradılması ordunun döyüş qabiliyyətinin artırılması üçün önəmli amillərdən biridir. Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti - bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı İkinci Qarabağ müharibəsindən sonra dəfələrlə artırılıb.

Görülən bütün bu işlərin sonundakı hədəf Azərbaycan Silahlı Qüvvələrinin müasirləşməsi, hərbi texnikalarımızın müasir standartlara cavab verə bilməsi idi. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində biz bu hədəflərə nail olduq. İnkişaf etmiş ordumuzun gücü, Ali Baş Komandanın uğurlu siyasəti və Azərbaycan xalqının birliyi ilə 44 günlük Vətən müharibəsində Zəfər qazandıq”.

C.Məmmədov əlavə edib ki, müasir Azərbaycan ordu quruculuğunun bütün sahələrində inkişaf edib. Hava hücumundan müdafiə qüvvələrinə görə Azərbaycan regionda aparıcı ölkələrdən biridir: “İkinci Qarabağ müharibəsində qazanılan qələbədən sonra artıq Azərbaycan Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradılıb, yeni hərbi texnika və avadanlıqların alınması üçün xarici dövlətlərlə əməkdaşlıqlar edilib, Türkiyə ilə eyni standartlarda hərbi təhsilin tətbiq edilməsi üçün Milli Müdafiə Universiteti yaradılıb.

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününün təsis edilməsi də birbaşa Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi elan edildi və hər il bu əlamətdar tarix dövlət bayramı kimi qeyd olunur”.

 

Pərvanə

525-ci qəzet .- 2025.- 26 iyun(¹110).-S.6.