İƏT-dən Qərbi
azərbaycanlıların qayıdış hüququna dəstək
Məlum olduğu kimi, bu günlərdə
İstanbulda keçirilən İslam Əməkdaşlıq
Təşkilatının (İƏT) Xarici İşlər
Nazirləri Şurasının 51-ci sessiyasında bir sıra əhəmiyyətli
qərarlar və qətnamələr qəbul olunub. Onların
arasında Qərbi Azərbaycan İcması ilə
bağlı qətnamə də var ki, bu, qeyd edilən
mövzu üzrə qəbul edilmiş ilk sənəddir.
Ümumiyyətlə, yekunda Azərbaycanın təşəbbüsü
ilə irəli sürülmüş 5 qətnamə dəstəklənib.
İƏT çərçivəsində ilk dəfə
olaraq qəbul olunan "Hazırkı Ermənistan ərazilərindən
zorla və sistematik şəkildə didərgin
salınmış azərbaycanlıların qayıdış
hüququ" adlı qətnamədə təşkilata
üzv ölkələrin Qərbi Azərbaycan
İcmasının öz yurdlarına ləyaqətli
qayıdış hüququna dəstəyi ifadə olunur, habelə
Ermənistan tərəfindən sözügedən
İcmanın hüquqlarının inkar olunması
qınanılır. Bu qətnamə ilə yanaşı,
"İstanbul Bəyannaməsi"ndə Azərbaycan ilə
Ermənistan arasında normallaşma prosesində əldə
olunan irəliləyişlər alqışlanır, Ermənistan
tərəfinə sülh müqaviləsinin
imzalanmasının qarşısında duran siyasi və
hüquqi məsələlərin aradan qaldırılması
ilə bağlı çağırış edilir. Bəyannamə,
həmçinin Ermənistanın təcavüzü nəticəsində
öz yurdlarından didərgin düşən məcburi
köçkünlərin ləyaqətli geri
qayıdışını təmin etmək istiqamətində
Azərbaycanın yenidənqurma və minatəmizləmə səylərinə
dəstəyi ifadə edir. Sənəddə, indiki Ermənistan
ərazilərindən zorla qovulmuş azərbaycanlıların
geri qayıdış hüququnun mövcudluğu təsdiqlənir
və Ermənistan tərəfinin Qərbi Azərbaycan
İcması ilə dialoqu rədd etməsi
qınanılır.
"1992-ci il Xocalı qətliamı qurbanları ilə
həmrəylik" adlı qətnamədə isə Ermənistan
Respublikası silahlı qüvvələri tərəfindən
1992-ci ilin fevralında Azərbaycan Respublikasının
Xocalı şəhərində, habelə Azərbaycanın əvvəllər
işğal olunmuş digər ərazilərində törədilən
müharibə cinayətləri, insanlıq əleyhinə və
soyqırımı cinayətləri bir daha qətiyyətlə
pislənir, üzv dövlətlər törədilmiş
cinayətlərin tanınması üçün lazımi səylər
göstərməyə çağırılır.
"Ermənistan Respublikasının Azərbaycan
Respublikasına qarşı təcavüzünün nəticələrinin
aradan qaldırılması" adlı qətnamədə Ermənistanın
Azərbaycana qarşı nəticələrinin hələ də
davam etdiyi təcavüzü bir daha qətiyyətlə pislənir,
Azərbaycanın postmünaqişə dövründə
işğaldan azad olunmuş ərazilərində
apardığı bərpa və yenidənqurma fəaliyyətinə
dəstək ifadə olunur.
Bu gün Azərbaycan üçün əsas məsələlərdən
biri də azad edilmiş ərazilərin minalardan təmizlənməsidir.
44 günlük müharibədən sonra 400-ə yaxın vətəndaşımız
mina partlamasının qurbanı olub. İƏT-in "Azərbaycan
Respublikasına iqtisadi dəstək" adlı qətnaməsində
üzv dövlətlər, İslam maliyyə institutları
ölkəmizin yenidənqurma, habelə minatəmizləmə
fəaliyyətinə dəstək göstərməyə
çağırılır.
Daha bir qətnamə isə "Ermənistan
Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü
nəticəsində Azərbaycan Respublikasının ərazilərində
İslam dininə aid tarixi və mədəni abidələrin
və izlərin dağıdılması və təhqir
olunması" adlanır ki, burada keçmiş işğal
dövründə Ermənistan tərəfindən Azərbaycan
ərazilərində İslam mədəni irs nümunələrinə
qarşı törədilən vandalizm aktları qətiyyətlə
pislənir və Ermənistanın bu cinayətlərinə
görə Azərbaycanın irəli sürdüyü
reparasiya tələbi dəstəklənir.
Göründüyü kimi, bu qətnamələrin
hamısı Azərbaycan üçün mühüm əhəmiyyət
daşıyır. Qeyd edək
ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi
ilə keçən toplantının əsas mövzusu "Dəyişən
Dünyada İslam Əməkdaşlıq Təşkilatı"
olub. Bu mövzu ətrafında aparılan müzakirələrdə
İƏT-ə üzv 57 ölkə ilə yanaşı, təşkilata
bağlı qurumlar, müşahidəçi ölkələr
və digər beynəlxalq təşkilatlardan təxminən
1000-ə yaxın nümayəndə iştirak edib.
Ümumiyyətlə, İƏT yarandığı
vaxtdan daim İslam dünyasını narahat edən problemləri
diqqətdə saxlayaraq, onları müzakirəyə
çıxarır və müvafiq sənədlər qəbul
edir.
1969-cu ilin 25 sentyabr tarixində Rabat şəhərində
(Mərakeş Krallığı) müsəlman ölkələrinin
dövlət və hökumət
başçılarının konfransında qəbul
edilmiş qərara əsasən İslam Konfransı Təşkilatı
(İKT) yaradılıb. Həmin sammit zamanı qəbul
edilmiş bəyanat görüşdə iştirak edən
dövlətlər arasında iqtisadiyyat, elm, mədəniyyət
və digər sahələrdə əməkdaşlıq və
qarşılıqlı yardım üzrə məşvərətlərin
keçirilməsi, öz aralarında yaranacaq problemlərin
BMT-nin məqsəd və prinsipləri əsasında həll
edilməsi barəsində öhdəlikləri əks etdirir.
Bu tarixi hadisədən altı ay sonra, 1970-ci ilin mart ayında
Səudiyyə Ərəbistanı Krallığının
Ciddə şəhərində keçirilmiş İKT Xarici
İşlər Nazirlərinin I konfransında İƏT
Baş Katibliyi təsis edilib. 2011-ci ildə Qazaxıstanın
paytaxtı Astana şəhərində keçirilmiş
İKT Xarici İşlər Nazirləri Surasının 38-ci
sessiyası zamanı İslam Konfransı Təşkilatının
adı İslam Əməkdaşlıq Təşkilatı
adı ilə əvəz olunub. Hazırda 57 dövlət
İƏT-ə üzvdür. Bəzi dövlətlər,
müsəlman icmaları, habelə bir sıra beynəlxalq və
regional təşkilat İƏT yanında müşahidəçi
statusa malikdir. İƏT 1975-ci ildən etibarən BMT
yanında müşahidəçi statusa malikdir. 2013-cü ilin iyun ayından etibarən
İƏT-in Avropa İttifaqı yanında daimi müşahidəçi
missiyası fəaliyyətə başlayıb.
Azərbaycanın xarici siyasətində İƏT-lə
münasibətlərinin inkişafı prioritet istiqamətlərdəndir.
Öz müstəqilliyini bərpa etdikdən sonra
keçmiş sovet respublikalarından ilk olaraq Azərbaycan
İƏT-ə üzv olmaq barədə müraciət edib və
1991-ci ilin dekabrın 8-də İƏT-in Dakarda
keçirilmiş dövlət və hökumət
başçılarının 5-ci konfransında təşkilata
tamhüquqlu üzv qəbul olunub. Bu, həmin dövrdə erməni
təcavüzünə məruz qalmış ölkəmizin
öz haqq səsini dünyaya çatdırması və
İslam dövlətləri tərəfindən dəstəklənməsi
üçün mühüm bir tribuna idi. İƏT 90-cı
illərdən başlayaraq işğalla bağlı bir
sıra qətnamələr qəbul edib. Onların arasında
1996-cı ildəki "Ermənistan Respublikasının Azərbaycan
Respublikasına qarşı təcavüzü haqqında"
başlıqlı qətnamə Azərbaycanın haqlı
mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında
önəmli rol oynadı.
2013-cü ilin fevral ayında İƏT-in Qahirə
şəhərində keçirilmiş Zirvə
toplantısında qəbul edilmiş yekun kommünikedə Ermənistanın
Azərbaycana qarşı təcavüzü ilə
bağlı yekdil və birmənalı mövqeyi əks
olunur, eyni zamanda, Xocalı qətliamı soyqırım
aktı və insanlığa qarşı törədilmiş
cinayət kimi tanınıb.
İƏT sonrakı mərhələdə də Ermənistanın
təcavüzünü, xüsusilə Azərbaycana
hücumlarını, Tovuz təxribatını, İkinci
Qarabağ müharibəsində cəbhədən uzaq olan
regionların hədəf almasını kəskin pisləyib,
ölkəmizin haqq işinə dəstək verib. Bu gün də
Qərbi azərbaycanlıların qayıdış
hüququnu tanımaqla ölkəmizin haqlı mövqeyinə
dəstəyini növbəti dəfə ifadə edib.
İƏT-in İstanbul Bəyannaməsi və Azərbaycanın
irəli sürdüyü qətnamələrin qəbulu Bakının
yaratdığı yeni reallıqların dəstəklənməsi,
ölkəmizin növbəti diplomatik uğurudur. Qərbi Azərbaycanla
bağlı məsələ və bu istiqamətdə
aparılan iş beynəlxalq hüquqa, ədalətə əsaslanır.
Hər kəsin öz doğma yurdunda yaşamaq hüququ var.
Beynəlxalq hüquqda da, insan haqları konvensiyalarında da
bu hüquq tanınır.
Amma Qərbi azərbaycanlıların
qayıdış hüququnu tanımaq istəməyən rəsmi
İrəvan İƏT-in sənədlərindən narahat
qalıb və yenə də təhrifə əl atıb. Ermənistan
Xarici İşlər Nazirliyi Qərbi azərbaycanlıların
Ermənistandan guya könüllü köçdüklərini,
onlar tərəfindən kompensasiya ödəndiyini və bu
ölkədəki Azərbaycan mədəni irsinin
qorunduğunu iddia edən yalanlarla dolu bəyanat yayıb.
Azərbaycan XİN-in cavabında isə
vurğulanıb ki, İƏT-in qəbul etdiyi qətnamələr,
o cümlədən "indiki Ermənistan ərazisindən
zorla və sistemli şəkildə qovulmuş azərbaycanlıların
geri qayıtmaq hüququ" adlı qətnamə tarixi
faktları əks etdirir və beynəlxalq hüquq və ədalət
prinsiplərinə əsaslanır. Ermənistanın
iddialarının əksinə olaraq, azərbaycanlıların
indiki Ermənistandan sistemli şəkildə qovulması
könüllü deyil, zorakılıq, hədə-qorxu və
insan hüquqlarının kobud şəkildə pozulması
ilə yadda qalıb. İƏT-in azərbaycanlıların
geri qayıtmaq hüququnu dəstəkləməsi Ermənistanın
əsassız şəkildə təqdim etdiyi "ərazi
iddiası" deyil, ədalətə və onların
fundamental hüquqlarının bərpasına
çağırışdır.
XİN bəyan edib ki, 700 mindən artıq azərbaycanlını
köçkün vəziyyətinə salmış və
2023-cü ildə Azərbaycanın suverenliyinin bərpası
ilə yekunlaşmış ərazilərimizin Ermənistan tərəfindən
təxminən 30 il davam edən qanunsuz işğalı
kontekstini nəzərə alaraq, Ermənistanın 2023-cü
il antiterror tədbirlərinə dair iddiası da eyni dərəcədə
əsassızdır.
Qərbi Azərbaycan İcması da bəyanat yayaraq,
azərbaycanlıların Ermənistandan bu ölkənin
hakimiyyət orqanlarının birbaşa iştirakı ilə,
zor tətbiq etməklə
çıxarıldığını açıqlayıb.
Qeyd olunub ki, Ermənistanın keçmiş prezidenti Levon
Ter-Petrosyanın azərbaycanlıların Ermənistandan
qovulmasını "tarixi uğur" kimi təqdim etməsi,
sözügedən faciənin Ermənistanın dövlət
siyasəti olduğunu göstərir: "Qayıdış
hüququndan imtina müqabilində "kompensasiya" ödənilməsi
barədə iddiaya gəlincə, qeyd edək ki, ilk dəfə
Ermənistanın Baş naziri səviyyəsində 2023-cü
ilin avqust ayında irəli sürülmüş bu yalanla
bağlı Ermənistan tərəfi hələ də bir
sübut ortaya qoymayıb. Ermənistan ərazisindəki
müsəlman irsinə gəlincə, bu ölkə ərazisində
dövlət qeydiyyatına alınmış 269 məsciddən
268-i və 700-ə yaxın məzarlıq yer üzündən
silinib. Ermənistan hökumətinin yalana söykənərək
qayıdış hüququmuzu inkar etməsi, dialoqdan
yayınması bu ölkənin sülh və
barışıq niyyətində olmadığını
göstərir".
Beləliklə, gedişat göstərir ki, İrəvan
faktların təhrifi, Qərbi
azərbaycanlıların qayıdış hüququnun
inkarı ilə heç nə əldə edə bilməyəcək.
Vaxtilə işğal etdiyi ərazilərimizlə
bağlı da eyni ritorika ilə danışır, eyni
yalanları uydururdular. Bakı bu məsələni beynəlxalq
müstəviyə çıxarıb, faktlarla öz
mövqeyini əsaslandırır və artıq İƏT
kimi nüfuzlu bir təşkilatın qətnaməsi
mövcuddur.
Pərvanə
525-ci qəzet .- 2025.- 26 iyun(№110).-S.7.