Dünyanın yeddi möcüzəsindən
biri: Efes
Hekayə
İnsanlar möcüzənin anidən baş verdiyinə
inanır. Bəzən səbrlə, bəzən də səksəkə
içində, amma daha çox ümidlə oturub onun yolunu
gözləyirlər. Ömrü yetənlər də olur,
görmədən köçüb gedənlər də.
Əksər insanlar elə bilirlər ki, möcüzə
parlaq, işıqlı, yumşaq, toxunanda onu yenidən
doğulmuş kimi hiss etdirən, bütün həyatını
dəyişəcək bir gücdür. Amma heç vaxt təbiətin,
okeanın, yerin altının-üstünün, hətta
yaradılışın möcüzə olduğu
ağıla gəlmir. Mənə elə gəlir ki,
möcüzə arzulanan, gözlənən deyil, yaradılan
hissdir, bəlkə də duyğudur. Ona görə də,
oturub ayağa gəlməyini gözləməyin yox,
qalxıb hüzuruna getməyin önəmli olduğuna
inanıram. Yaxınlarda dünyanın yeddi möcüzəsindən
biri sayılan, Türkiyədə və Avropada əhəmiyyətli
ticarət mərkəzi olduğu qədər
günümüzdə də, həm qədim mədəniyyətlərin,
həm keçmiş çağların bütün
xüsusiyyətlərini öyrənməyimiz və
anlamağımız baxımından xüsusi yerə sahib
olan Efes antik şəhərinə getdim. Sözün həqiqi
mənasında möcüzədir. Təkcə Ege tərəflərdə
deyil, dünyanın gəzməli və görməli yerlərinin
ilk sıralarındadır. Yüzillərdir müqəddəs
torpaq, ziyarət mərkəzi kimi tanınır. Bu haqda ötən
sayımızda, "Məryəm Ana evi" adlı yazıda
ətraflı yazmışdıq. İndi isə sırada
milyonlarla tarixsevərin dünyanın o başından gəlib
ziyarət etdiyi dünyanın ən məşhur qədim
şəhərlərindən biridir. Tarixçi Heredot Efes
üçün "Yer üzündə gördüyüm ən
gözəl göy üzü və iqlim buradadır"
sözü əbəs yerə deməyib. Abidə 5 iyun 2015-ci
ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil
edilib.
Gerçəkləşən kəhanət
Afina kralı Kadrosun cəsur oğlu Androklos Egenin
qarşı sahillərini kəşf etmək istəyir.
Əvvəlcə bu fikri Apollon tapınağının kahinləri
ilə bölüşür. Kahinlər ona balıqların və
donuzların olduğu yerdə şəhər
quracağını deyirlər. Androklos və
yanındakılar bilicilərin sözlərinin təsiri
altında Egenin mavi ilə göy rəng arasında dəyişən
sularına doğru yelkən açırlar. İzmirin
c?nubundakı Kaystros, yəni indiki Menderes çayının
d?nizl? birl?şdiyi yerə gəlirlər. Sahilə
çıxıb ocaq qalayır, tutduqları balıqları
bişirirlər. Bu vaxt kolların arxasından çıxan
çöl donuzları balıqları qapıb
qaçırlar. Ətrafdakılar çaşıb
qalırlar, çünki başlarına gələn bu hadisə
kəhanətin işarəsi sayılırdı. Həmin vaxt
ərazidə şəhər qurmağa qərar verirlər. Kənd
təsərrüfatının, əkin-biçin
üçün əlverişli torpaqların, şərqə
açılan böyük ticarət qapısı Kral Yolunun
başlanğıcı olur. Ancaq şəhərin tarixi
Miladdan əvvəl 6000-ci illərə qədər uzanır.
Bu faktı son illərdə Arvalya və Çuxuriçi
kurqanlarında tapılan arxeoloji qalıqlar isbat edir. Hətta
Ayasuluq təpəsində aparılan qazıntı işləri
burada Erkən tunc dövründən insanların
yaşayış yeri olduğunu göstərir. Bu da qədim
Efes şəhərinin Aysuluk təpəsində olduğunu,
Anadolu xalqlar köçü və Hetitlər tərəfindən
yurda çevrildiyinin isbatıdır. Bundan əlavə, Hetit
yazılarında Apasas olaraq bəhs edilən şəhərin
Efes olduğu təxmin edilir. Antik yazarlar Strabon, Pavsani, Heredot,
efesli şair Kallinos kimi antik qaynaqlar Efesin Amazonlar tərəfindən
qurulduğuna və yerli xalqın kariyalılar və leleqlərdən
ibarət olduğundan bəhs edirlər.
Xronologiya və dəyişiklik
Şəhər miladdan əvvəl II əsrdə
romalıların müstəmləkəsi olur və Efes
sürətlə inkişaf edərək ən parlaq dönəmini
yaşamağa başlayır. Hətta o dönəm şəhər
əhalisinin sayı 250 minə çatır. Lakin IV əsrdə
limanın torpaqla dolması nəticəsində Efesdə ticarət
geriləyir. İmperator Hadrian limanı dəfələrlə
təmizlədir. Ancaq şimaldan gələn Marnas
Çayı və Kiçik Menderes çayının
alluviallarla dolmağının qarşısını ala
bilmirlər. Nəticədə Efes dənizdən
uzaqlaşır. VII əsrdə ərəblər əraziyə
hücum çəkir. Bizans dönəmində təkrar yer dəyişdirən
və ilk dəfə qurulduğu Səlcuqdakı Aysuluq təpəsinə
gələn Efes, 1304-cü ildə Səlcuqlar tərəfindən
ələ keçirilir, 1426-cı ildə isə Osmanlı
torpaqlarının tərkibinə qatılır. 1914-cü ildə
Ayasuluq adı Səlcuq ilə dəyişdirilir. 1957-ci ildə
isə İzmirin rayonu olur. Bütün bu faktlar şəhərin
tarix boyu xeyli yer dəyişikliyinə məruz qalması nəticəsində
qalıqlarının 8 kilometrlik geniş əraziyə
yayılmağına gətirib çıxarır.
Artemis tapınağı
Gələk dünyanın yeddi möcüzəsindən
biri olan Artemis tapınağına. Qədim dünyanın mərmərdən
inşa edilən ilk tapınağıdır. Təməlləri
miladdan əvvəl VII əsrə gedib çıxır.
Tanriça Artemisə ithafən Lidya kralı Kroesus tərəfindən
inşa edilən bu abidə, yunan memar Kersipron tərəfindən
dizayn edilir və dönəmin ən böyük heykəltaraşları
- Fidias, Poliklet, Kresilas, Phradmon tərəfindən inşa
edilir, ətrafı bürünc heykəllərlə bəzədilir.
Tapınaq həm bazar yeri, həm də dini müəssisə
olaraq istifadə edilib. Artemis tapınağı e.ə.
356-cı ildə adını ölümsüzləşdirmək
istəyən Herostrat adlı bir yunan tərəfindən
dağıdılır. Həmin gecə Böyük İskəndər
dünyaya gəlir. İllər sonra Anadolunu fəth etdikdə
Artemis tapınağını görür, efeslilərə
yenidən düzəldilməyini təklif edir, fəqət rədd
cavabı alır. Tapınaqda bu gün sadəcə bir
neçə mərmər blok qalıb. 1863-cü ildə
Britaniya Muzeyinin arxeoloqu Con Turtul tərəfindən
qazıntı başladılır və 1869-cu ildə 6 metr dərinlikdə
Artemis tapınağının təməlləri ortaya
çıxarılır.
Selsus kitabxanası
Efesin önəmli parçalarından biri Selsus
kitabxanasıdır. Roma dönəmi
memarlığının ən gözəl örnəklərindən
olan bu abidə həm kitabxana, həm məzar abidə xüsusiyyətini
daşıyırdı. Kitabxana e.ə. 35-ci ildə Asya konsulu
Julias Aqulia tərəfindən inşa edilib. Roma
memarlığının xüsusiyyətlərini
daşıyan abidənin ön fasadı dönəmin ən
gözəl örnəklərindən hesab edilir. Abidənin
girişindəki sütunlar arasında sıralanmış 4
qadın heykəli Selsusun 4 ünsürünü
vurğulayır. Sofiya müdriklik, Arete xəyalların
gücü, Enoia zəka, Episteme bilgi. Bu gün bu heykəllərin
orijinalları Viyana Muzeyində sərgilənir. Çünki
1896-cı ildə dönəmin sultanı II Abdulhamid tərəfindən
imperator Franz Jozefə hədiyyə edilib. Dəhşətli
faktdır, ancaq təəssüf ki, həqiqətdir. Belə
məqamda bir sual ağıla gəlir; heç ölkənin
tarixindən hədiyyə olar?
Selsus kitabxanasında 1970-ci ildə bərpa işləri
başlayır. Səkkiz il sonra kitabxananın
çökmüş divarları ayağa
qaldırılır. Qeyd edim ki, bura İnkəndəriyə və
Bergamadan sonra dönəmin ən böyük
üçüncü kitabxanası sayılırdı.
İçərisində 14 mindən çox kitab varmış.
Adrian tapınağı
Adrian tapınağı İmperator Adrianın
adına inşa edilib. Domisian tapınağı isə şəhərdəki
ən böyük abidələrdən biridir. İmperator
Domisianın adını əbədiləşdirmək
üçün ərsəyə gətirilib.
Günümüzdə sadəcə təməlləri
gün üzünə çıxarılıb. İmperatorun
heykəlinin isə sadəcə başı və bir qolu
tapılıb. Şəhərin ən maraqlı abidələrindən
digəri isə Serapis tapınağıdır. Selsus
kitabxanasının arxasında yerləşir. Xrsitianlıq
dönəmində kilsəyə çevrilən tapınaq
Misir memarlıq üslubunda inşa edilib. Məryəm kilsəsi
isə 431-ci ildə Məryəm ana adına inşa edilən
ilk kilsədir. Xristianlıqdakı ilk "Yeddi kilsə"
arasındadır.
Kürətlər küçəsi
Dövlət aqorası ilə Selsus kitabxanası
arasındakı yol Kürətlər küçəsidir.
Şəhərin idarə edilməsində əhəmiyyətli
rol oynayan və hər il dəyişən altı üzvə
sahib olan Kürətlər birliyinin keçdiyi yol olduğu
üçün bu adı almışdı. Küçənin
iki tərəfində mövcud olan sütunların gerisində
dükanlar və önündə Efes şəhərinin məşhur
insanlarına aid heykəllər mövcuddur. Şəhərin
ən böyük kanalizasiya sistemi mərmərlə
döşənmiş bu küçənin altındadır.
Hətta insanların ayağının sürüşməməsi
üçün mərmər üzərində
açdıqları dəliklər insanı heyrətləndirir.
Maqnezia qapısı
Efes antik şəhərin iki giriş qapısı
var. Bunlardan biri şəhərin ətrafındakı qala
divarlarının şərq qapısı olan Məryəm
Ana yolu üstündəki Maqnezia qapısıdır. Şərq
Gimnaziyası, Panayır dağı ətəyindəki
Maqnezia qapısının yanındadır. Yeri gəlmişkən,
Gimnaziya Roma dönəminin ilk məktəbidir.
Yamac evləri
Terraslarin üstündə inşa edilən çox mərtəbəli
evlər var. Burada şəhərin zəngin insanları
yaşayırmış. Peristil adlanan sütunlu evlər ən
yaxşılarından hesab edilir. Divarları mərmərdə,
fresklərlə örtülü, tavanı mozaiklərlə bəzəklidir.
Heyrətləndirən digər fakt isə bu evlərin istilik
sistemlərinin və hər birinə aid hamamlarının
olmağıdır.
Şəhərin ən gözəl yerlərindən
biri Böyük teatrdır. Mərmər küçənin
qurtaracağında 24 min nəfərlik antik dünyanın ən
böyük açıq hava teatrıdır. Xüsusi işləməli
və üç qatlı olan səhnə binası tamamilə
dağılıb. Bura amfiteatrla
qarışdırılmasın. Çünki xüsusiyyətləri
tamamilə başqadır.
Hamam və ümumi tualet
Romalıların ən əhəmiyyətli yerlərindən
biri tualetlər idi. Burada sıra ilə düzülən
tualetlərdə oturaraq uzun söhbətlər edirmişlər.
Ortasında hovuzu olan bu tualetlər şəhər sakinlərinin
sosiallaşdığı yer sayılırdı. Soyuq,
ilıq, isti su sistemləri mövcud idi. Təsəvvür
edirsiniz, bu gün biz kafe və restoranlarda necə
sosiallaşırdıqsa, onlar da tualetdə oturub elə
sosiallaşırmışlar.
Ayasuluq təpəsi
Xüsusilə Ayasuluq təpəsində və
Çuxurişi kurqanında aparılan qazıntı işlərində
neolit dönəminə yaşayış olduğu ortaya
çıxan Efesin, yenə eyni qazıntılar zamanı Tunc
dövründə qurulduğu məlum olur. Bundan əlavə,
Hetit dönəmində qərbi Anadoluda imperatorluğa bağlı
Arzava-Mira Krallıqlarının paytaxtı olan Apasasın da
Ayasuluq təpəsində olduğu aşkarlanıb. Helenistik
və Roma dönəmlərində Efesdə inkişaf edən
şəhərin Bizans dönəmində yenidən Ayasuluq təpəsinə
gəldiyi, 1330-cu ildə türklər tərəfindən
alındığı və Aydınoğulları bəyliyinin
paytaxtı elan edildiyi bilinməkdədir.
İoannın məzarı
Bizans İmperatoru I Yustinian tərəfindən
inşa edilən və o dönəmin ən böyük abidələrindən
olan 6 qübbəli bazilikanın mərkəzi qismində,
altda İsanın ən sevdiyi həvarisi İoannın məzarının
olduğu iddia edilir. Ancaq buna dair hələ ki hər hansı
bir tapıntıya rast gəlinməyib. Xristianlar
üçün olduqca əhəmiyyətli qəbul edilən
bu kilsə Ayasuluq qalasında yerləşir, şimalında xəzinə
binası və vəftiz yeri mövcuddr.
Yeddi yatmışlar
Bizans dönəmində məzar kilsəsinə
çevrilən bu yer Roma imperatorlarından Desi zamanında
bütpərəstlərin zülmündən qaçan yeddi
xrsitian gəncin Panayır dağı ətəklərinə
sığındıqları rəvayət edilən mağara
olduğu deyilir. Deyilənə görə, Desi gənclərin
sığındığı mağaranı tapır və
ölsünlər deyə qapısını daşla
bağladır. Möcüzə əsasında gənclər
300 illik yuxuya dalırlar. Hətta bəlli bir müddətdən
sonra mağaranın üstündə kilsə inşa edilir.
Kilsə 1927-28-ci illərdə aparılan qazıntı
zamanı ortaya çıxarılır və bunların e.ə.
56-cı ilə aid məzarların olduğu aşkarlanır.
Yeddi yatmışlara ithaf edilən yazılar həm məzarlarda,
həm də kilsə divarlarında mövcuddur.
İngilislərin növbəti oğurluğu
Efes antik şəhəri, Türkiyədəki ən
qədim qazıntıların aparıldığı yerlərdən
biridir. Şəhərdəki ilk qazıntı işləri
yuxarıda da qeyd etdiyim kimi, Con Turtul tərəfindən
1863-64-cü illərdə Artemis tapınağını
gün üzünə çıxartmaq üçün
başlayır. Qazıntılara on il fasilə verilir,
1904-1905-ci illər Davud
Hoqartın başçılığı ilə
yekunlaşır. Ancaq Osman Hamdi Bəy tərəfindən əsərlərin
qorunmağı üçün 1884-cü ildə "Əsər-i
Antika" qanunu çıxarılana qədər əsərlər
oğurlanaraq İngiltərəyə aparılır. Həmin
tarixdən sonra tapılan əsərlər Türkiyədə
qalır. Bu tapıntılar günümüzdə Efes
Arxeoloji Muzeyində sərgilənməkdədir.
Səksən faizi hələ də torpağın
altında qalan bu qədim şəhəri ildə orta hesabla
1.5 milyon turist ziyarət edir. Bu rəqəm Romanın məşhur
Kolezyum Arenasının demək olar ki, yarısı qədərdir.
Ölmədən əvvəl görüləcək yerlərdən
biridir. "Yolu düşən getsin" demirəm, yolunuzu
mütləq buradan salın. Möcüzəni gözləmək
lazım deyil, bəzən hüzuruna getmək lazımdır.
Türkan TURAN
525-ci qəzet .- 2025.- 1 mart(№39).- S.19;21.