Tacgül
Hekayə
Əsərlərini V.Yan təxəllüsü ilə
yazan Ukrayna əsilli rus yazıçısı Vasili
Qriqoryeviç Yançevitskinin (1875-1954) adı Azərbaycan
oxucularına yaxşı tanışdır. Bizim nəslin
uşaqlıq və ilk gənclik illərində onun dilimizə
tərcümə olunub böyük tirajla nəşr
edilmiş biri-birindən oxunaqlı
"Çingiz xan", "Batı", "Sonuncu dənizə
doğru" tarixi romanları əl-əl gəzirdi.
Həyatı da əsərləri qədər
maraqlı və cəlbedici olan V.Yan 1898-ci ildə Peterburq
universitetinin tarix-filologiya fakültəsini başa vurandan sonra
jurnalist kimi işə başlamış, iki il Avropa
Rusiyasını və Malorossiyanı piyada gəzib
dolaşmışdı. 1902-ci ildən Türküstanda
çalışmış, Xivə xanlığında,
Buxara əmirliyində, İranda, Əfqanıstanda olmuş,
rus-yapon müharibəsi zamanı hərbi jurnalist kimi
döyüşən orduda xidmət etmişdi. Aralıq dənizi
hövzəsinə, Yunanıstana, Fələstin və Misirə
uzun müddətli səfərləri, eyni zamanda Peterburq
Teleqraf Agentliyinin müxbiri sifətində bir müddət
İstanbulda yaşayıb-işləməsi
yaradıcılığında Şərq mövzusunun
üstünlük təşkil etməsinə təsirsiz
qalmamışdı. Piyada səyahətlərinin birində
Yasnaya Polyanada Lev Tolstoyu ziyarət etməsi və böyük
yazıçıdan "həyatı öyrənməklə
bağlı" seçdiyi yolun düzgünlüyü
haqqında təqdir sözləri eşitməsi V.Yanı daha
da ruhlandırmışdı.
Yazıçının mövzusu Türküstan həyatından
alınmış maraqlı süjeti və psixoloji siqləti
ilə seçilən bir "Şərq hekayəsini" rus
dilindən tərcümədə
"525-ci qəzet"in oxucularına təqdim edirəm.
Şimali İranda, Xəzərboyu sərhədlərimizin
arxasında kürd kəndləri var. Kürdlər bura
neçə əsr əvvəl nərmənazik farsları cəsur
türkmən atlılarının hücumundan qorumaq
üçün Osmanlı sərhədindən
köçürülüb. Geyim-kecimləri farslardan seçilir, üstəlik
də, tam fərqli dildə danışırlar.
Yarımköçəri həyat keçirirlər.
Sürülərini qabaqlarına qatıb bir neçə
aylığına düzənlikdəki kəndlərdən
dağlara qalxırlar. Orada ərəblərinkinə bənzəyən
qara çadırlar qurub yaşayırlar.
Sürüləri ilə birlikdə tez-tez bizim sərhədi
(keçmiş çar Rusiyası ilə Qacarlar dövləti
arasındakı sərhəd nəzərdə tutulur - V.Q.) də
pozurlar. Qoyunları Kopetdağın zirvəsində, isti yay
günlərində də təzə-tər otların göyərdiyi
çəmənlikdə otlayır. İran dağlarında dəhşətli
fırtına qopduğu, qar hər tərəfdə adam boyu
qalxdığı qış aylarında da bizim düzənliklərə
gəlirlər.
Kürdlərin arasında Xivə Klıc adlı cavan
tanışım vardı. General Skobelevin Göytəpə
yürüşü vaxtı valideynləri xata-bəladan uzaq
olsun deyə onu kiçik uşaq ikən kürd kəndinə
aparıb tanışlarının yanında qoymuşdular.
Göytəpə civarındakı savaşdan sonra bir
müddət dalınca gələn olmamışdı. Balaca
Xivə Klıc da kürd tərbiyəsi görmüş,
kürdcə sərbəst danışmağı öyrənmişdi.
Bir neçə il sonra imkanlı qohumlar gəlib onu təzədən
yanlarına, doğma aula aparmışdılar. Burada Xivə
Klıc artıq əsl türkmən kimi
böyümüşdü.
Vətəninə qayıdandan sonra İrandakı
kürd tanışları arasındakı o ailəni
heç vaxt unutmamışdı. Buradakı
tay-tuşlarını özünə doğma bilir,
bacı-qardaşları sayırdı.
Bir dəfə ikilikdə ova
çıxmışdıq. Soyuq qış gecəsi
ocağın qırağında oturub
qızındığımız vaxt mənə həyat
tarixçəsini danışdı.
- Düşdüyüm ailədə bir qız
vardı. Adı Tacgül idi, - deyə Klıc sözə
başladı. - Məndən bir neçə yaş kiçik
idi. Bacı-qardaş kimi böyüyürdük. Qənirsiz
gözəldi. Anası da özü kimi gözəl bir fars
qadını idi. Basqın vaxtı İrandan əsir kimi gətirmişdilər.
Tacgüllə qayalara dırmaşır, vəhşi
heyvanlara tamaşa edirdik. Təpələrin arxasında gizlənib
çöl donuzlarının necə otladıqlarına
baxırdıq. Onlar vəhşi qabanlardan fərqlənirdi.
Çox hiyləgər, həm də həssas idilər.
Balaları yanlarında olanda qabaqlarına çıxan hər
canlının üstünə atıla bilərdilər. Nizə
kimi dişləri ilə istənilən insanı, yaxud
heyvanı dəlmə-deşik etməyə hazır
dayanırdılar.
Tacgül cəsarətli qız idi. Heç nədən
qorxub-çəkinməzdi. Birlikdə vəhşi keçilər,
ipə-sapa yatmayan ceyranlar təki dağlarda gəzib-dolanırdıq.
Elə onun iri, qara gözləri də ceyranların gözəl
gözlərinə bənzəyirdi.
Sonra məni Axala gətirdilər, öz türkmənlərimin arasında
yaşamağa başladım. Amma Tacgül bir an da olsun,
yadımdan çıxmırdı. Hiss edirdim ki, onu dünyada
hamıdan çox istəyirəm. Kiçik miqdar vərəsəlik
payına sahib olandan sonra süvari kimi türkmən atlı
alayına yazıldım. Axaltəkə
cıdırında dəfələrlə mənzil başına birinci çatan
yaxşı at, qədimdən qalma qılınc, bir də
Tacgül üçün ipək paltar aldım.
Bu arada eşitdim ki, qohumları qızı Sumbur çayının yuxarı
axarında, rus sərhədinə yaxın yerdə
varlı-hallı bir əşirət
başçısına, yaxud kəndxudaya ərə veriblər.
Fikirləşdim ki, ona baş çəkim. Görüm necə
yaşayır, yeni həyatından razıdırmı?
Doğrusu, ərə getdiyini eşidəndə
çox kədərləndim. Çünki özüm ona evlənmək
istəyirdim. Qərara gəldim ki, əgər zorla ərə
veriblərsə, qaçırıb
auluma gətirim. Kürdlər türkmənlərdən
qorxurlar. Heç vaxt Axala girməyə ürək eləməzdilər.
Yayda süvari nəfərlərini bir
aylığına evə buraxanda İrana adladım. Sərhəddən
keçmək üçün heç bir
"kağız" almadım. Dağlardakı bütün
cığırları beş barmağım kimi
tanıyırdım. Sərhəd postları biri-birində uzaq
qurulub. Türkmən qaçaqmalçıları onların
arasından asanlıqla sivişib keçirlər.
Mənzil başına çatanda axşam
düşmüşdü. Kənd dağların
arasındakı dərədə, çayın
qırağında yerləşirdi. Çay elə dərin
deyildi, atla asanlıqla keçmək olurdu. Əlbəttə,
yağış yağanda bu mümkünsüz idi.
Çünki suyun səviyyəsi azı iki-üç metr
yüksəlirdi. Sel yolunda nə varsa hamısını -
kol-kosu, ağacları, mal-qaranı ağzına alıb
aparırdı. Adamlar canlarını qurtarmaq üçün
yuxarı, dağlara qalxırdılar.
Bizim Axalda havalar isti keçirdi. Kürd kəndinə
çatanda, xüsusən də axşam çağı əməlli-başlı
sərinlik hiss elədim.
Kəndxudanın evinə yaxınlaşdım. Hiss
edilirdi ki, burada çox zəngin adam yaşayır.
Dağın yamacında yastı damları biri-birinin
üstündə ucalan xeyli tikili vardı. Gecələr
damlarda ulduzların işığında yatmaq olurdu.
Həyətə girdim. Qabaq ayaqlarını yerə
döyüb astadan kişnəyən atımı dirəyə
bağladım. Tacgül damda göründü. Səsini
eşidən iki kürd xidmətçi yüyürüb gəldi,
atı əlimdən alıb talvarın altına apardılar.
Tacgül böyümüşdü, göy rəngli koftada, dizlərinə çatan
enli göy darbalaqda yaraşıqlı qadın olmuşdu.
Dörd hörüyə ayrılmış saçında,
yaxasından asılan sinəbəndində qızıl,
gümüş sikkələr bir-birinə toxunub cingildəyirdi.
Başında qırmızı şal vardı. Bu da onun
artıq qız uşağı deyil, ərli qadın
olduğunu nişan verirdi.
Tacgül məni ucadan salamladı.
Qardaşının gəlişindən çox xoşhal
olduğunu dedi.
Kəndxudanın üç evi nərdivan pillələri
kimi bir-birinin üstündən dağın yamacına
söykənmişdi. İkinci evin damında ev sahibinin
özü də göründü. Çiyninə qaragül
dərisindən bahalı kürk atmışdı.
Məndən qat-qat zəngin olduğu dərhal gözə
çarpırdı. Mənim vur-tut atım, iti
qılıncım vardı, bir də süvari maaşı
alırdım. Amma o da diqqətimdən yayınmadı ki, kəndxudanın
sifəti tamam çəkilib, gözünün ağı
saralıb, baxışları boz-bulanıqdır. Dərhal
başa düşdüm ki, tiryəkidir, yəni anaşa
çəkir.
Ürəyim oxlanmış quş kimi
ayağımın altına düşdü. "Tacgül bədbəxt
qadındır, heç vaxt oğul-uşaq sahibi olmayacaq"
- deyə düşündüm. Tiryəkilər arvadı ilə
yaxınlıq edə bilmir. Amma əhvalımın
pozulduğunu büruzə verməməyə
çalışdım. Kəndxudanın dayandığı
ikinci evə qalxanda qardaş səmimiyyəti ilə
salamladım.
Xalçada bardaş qurub xidmətçinin gətirdiyi
çayı içdik. Ona Axaldakı vəziyyət haqda
danışdım. Kəndxuda sürülərinin,
ilxılarının sayından, var-dövlətindən
söz açdı.
Süfrəyə plov gətiriləndə Tacgül də
gəldi. Ərinin arxasında dayandı. Amma kəndxuda ona əhəmiyyət
vermədi. Heç oturmağı da təklif etmədi.
Baxdım, yeməyi də bir şey deyildi. Dərhal hiss
olunurdu ki, zəif, halsız adamdır.
Məclisin ortasında yerindən qalxıb heç nə
demədən qonşu otağa keçdi. Açıq
qapıdan lampanı necə yandırdığını,
böyrü üstə uzandığını, qəlyanın
ucuna tiryək sürtüb lampanın istisində necə
qızdırdığını gördüm. Sonra dalbadal bir
neçə dərin qullab vurub tüstünü sinəsinə
çəkdi və az keçməmiş yuxuya getdi.
O yatandan sonra Tacgüllə xeyli söhbət elədik.
Tacgül valideynlərinin onu böyük başlıq
müqabilində ərə verməsindən
danışdı. Kəndxudaya da bu ümidlə vermişdilər
ki, bəlkə tiryəkin daşını atıb adam olar.
Fikirləşmişdilər ki, cavan, gözəl qıza evlənsə,
sağalar, həyatını yenidən başlayar. Amma toydan
yarım il keçsə də, əri ona bir dəfə də
olsun yaxın düşməmişdi...
Tacgülə ürəyim ağrıdı.
"İstəyirsən, bu dəqiqə onun başını
bədənindən ayırım", - dedim.
Qız bir cavab vermədi. Ayağa qalxıb ərinin
olduğu otağa keçdi. Mən də arxasınca getdim.
Kəndxuda gözləri açıq halda
uzanmışdı. Bir əzələsi də tərpənməyən
sifətindən həzzin ən yüksək məqamında
yetişdiyi sezilirdi.
Gözlərimiz bir-birinə sataşdı.
- Niyə bacımla ər-arvad kimi yaşamırsan? -
deyə soruşdum.
- Belə şeylər məni maraqlandırmır...
- Onu istəyirsən?
- İstəyirəm.
- İndən sonra adam kimi yatıb-duracaqsan?
- Bunun mətləbə dəxli yoxdur...
- İndi ki, belədir, onu özümlə Axala
aparıram.
- Aparırsan, apar. Gedin, qoşa qarıyın. Amma mənə
mane olmayın.
Gördüm ki, tiryəkini çəkəndən
sonra dünyanı tamam-kamal
unudub. Həqiqətən də heç nəyin ona dəxli
yoxdur. Bu dəqiqə evini başına uçursam, od vurub
yandırsam da, vecinə
olmayacaq.
Qəməmi çıxardım. Ancaq adamın
tükü də tərpənmədi.
Tacgül əlimdən yapışdı:
- Onunla işin olmasın. Indi cənnətin tam
ortasındadır.
Tacgüllə ən üstdəki evə qalxdıq.
Dama sərilmiş xalçada oturduq. Günəş artıq
dağların arxasında görünməz olmuşdu.
Üfüq qıpqırmızı idi. Elə bil hər tərəfə
qan çilənmişdi. Bacıma onu Axala aparmaq istədiyimi
deyəndə üzündə heç bir sevinc ifadəsi
görməməyim ürəyimi ağrıtdı.
Yuxarı evin damı çox yüksək idi.
Heç kəs bizi görə bilməzdi. Ətrafda yalnız
qayaların şiş ucları gözə dəyirdi.
Onların arasında əyri-üyrü püstə
ağacları bitmişdi.
Tacgülün davranışında nə isə bir
narahatlıq sezdim. Dinib danışmırdı. Bir-iki dəfə
yerindən qalxdı. Deyəsən, aşağı qata enmək
istəyirdi. Arada barmağını dişləyirdi.
Görünür, nə isə bir qəsdi vardı. Di gəl
məndən ya utanır, ya da çəkinirdi.
Vəziyyətini başa düşdüm. Ürəyimə
çökən kədər daha da qatılaşdı. Sakitcə
dizlərimi qucaqlayıb oturmuşdum. Tacgülə
baxırdım.
- Çəkmək istəyirsənsə, çəkə
bilərsən, - dedim. - Amma yanımda çək ki, səni
görə bilim.
Tacgül tez aşağı endi. İki dəqiqə
keçməmiş kiçik lampa, qəlyan və qara qutu ilə
geri qayıtdı. Sonra yaxınlaşıb əlimdən
öpdü:
- Bax, belə otur, tərpənmə. Sənə
baxacam, sənin haqqında fikirləşəcəm. Həmişə
belə eləyirəm. Onda mənə elə gəlir ki, səninlə
o vaxtlar olduğu kimi daşların üstündən
atıla-atıla qaçırıq. Dağın güntutan
yamacında, lalələrin, zanbaqların gül
açdığı yerdə otururuq. Əlimi necə
sığalladığını hiss edirəm. O anlarda elə
sevinirəm ki, heç təsəvvürünə gətirə bilməzsən...
O, ipək yastığı başının
altına qoyub köhnə
xalçanın üstünə uzandı. Balaca əlləri
ilə qəlyanın ucuna tiryək sürtməyə
başladı.
Elə sakitlik idi ki, lampadan qalxan işıq sanki
düz səmaya qədər ucalırdı.
Tacgül tiryəkin tüstüsünü sinəsinə
çəkənə qədər yavaşdan
danışırdı. Sonra gözləri qəribə sevinclə
dolub xeyli böyüdü və qımıldanmadan mənə
baxmağa başladı. Vaxt keçdikcə gözlərindəki
işıq sanki öləziyirdi. Nəhayət
baxışları bir nöqtəyə zillənib hərəkətsiz
qaldı.
Əllərini yana uzatdı. Ona baxmağa xəcalət
çəkirdim.
Sonra arxası üstdə uzandı.
Avazımış sifətində fikirlərin, hisslərin
biri-birini necə əvəz elədiyini duya bilirdim. Bu anlarda
Tacgülə həm yazığım gəlirdi, həm də
ona nifrət edirdim. Hər şeydən də çox daha mənə
baxmadığına, sanki yuxarıda kimi isə
görürmüş təki gözlərini göyə zilləməyinə
əsəbiləşirdim.
Ona yaxınlaşdım. Dizi üstdə
çöküb
ağarmış sifətinə baxdım. Üzündə
o qədər xoşbəxtlik vardı, bu anlarda o qədər
gözəl görünürdü ki, artıq harada olduğumu
unutmuşdum. Kəndxudanın, yaxud nökər-naibdən kimsənin
bura gələcəyindən də qətiyyən qorxmurdum.
Elə həmin dəqiqələrdə də
qonağı olduğum evin şərəfini ləkələdim.
Tacgül yalnız aradan xeyli keçəndən sonra
gözlərini açdı. Amma yenə də hərəkətsiz
uzanmışdı.
Ətrafdan gələn ən xırda hənirtini də necə həssaslıqla dinlədiyini
danışmağa başladı. Dağda, burunları ilə
torpağı eşən qabanların necə
xoruldadıqlarını nağıl etdi. Mənim ürəyimin
necə döyündüyünü eşitdiyini dedi. Nəhayət
ayağa qalxıb açıq üst-başını düzəldəndə
artıq ona sahibləndiyimi, həyatının ilk kişisi
olduğunu başa düşdü.
Yorğun və əzgin görünsə də,
özünə gələndən sonra həyəcanlanmağa
başladı. Bütün bədəni əsirdi. Onu
bacardığım qədər sakitləşdirməyə
çalışırdım.
Deyirdim ki, gecə ilə dağları aşıb
Axala gedərik. Deyirdim ki, orada mənim qanuni arvadım olacaq və
heç kim ona barmağının ucu ilə də toxuna bilməyəcək.
Dərədən böyük, dəyirmi ay qalxanda
artıq qaranlıq tamam düşmüşdü.
Qayaların üzərində sanki nəhəng dağ cininin əllərinə
bənzəyən əcaib kölgələr oynayırdı.
Bu vaxt kəndxuda da gəlib çıxdı. İndi
çox mehriban, gülərüz, söhbətcil idi.
Tacgül də ondan geri qalmırdı. Hər ikisi becid addımlarla yeriyir,
əl-qollarını ölçür, aramsız
danışır, səbəbsiz yerə gülürdülər.
Kəndxuda məni pendirə, badama, şirniyyata qonaq elədi.
Öz iştahası da açılmışdı. Dayanmadan
yeyirdi. Lovğa-lovğa çox böyük adam olmasından,
hamının əmrinə hazır dayanmasından, məsləhəti
ilə oturub-durmasından danışırdı.
- Mən qədim kürd nəslindənəm, -
deyirdi. - Babalarımın hamısı xan olub. Mənə kəndxuda
demək düzgün deyil, gərək Məhəmməd xan
desinlər. Yoxsa hamısının dərsini verərəm.
Onda məni yaxşı tanıyarlar.
Kənxuda qışqıra-qışqıra
yumruğunu qaldırıb Axal tərəfi göstərdi:
- Bütün kürdlərimi yığıb
Axalı yağmalamağa gedəcəyəm! Ən
yaxşı Axaltəkə ilxılarını qovub İrana
keçirəcəyəm. Tehrana aparacağam. Satıb
böyük pul qazanacağam. Ən gözəl atı isə
şaha hədiyyə edəcəyəm. Axı mən
çox hiyləgərəm. Kimə nə verməyi yaxşı bilirəm.
Şaha Məşhəddən həm də qəşəng
bir oğlan uşağı gətirəcəyəm. Şah
belə hədiyyələri qiymətləndirməyi
bacarır. Əvəzində mənə qızıl
qılınc, bahalı kürk ənam edəcək. Vali təyin
eləyəcək. Xivə Klıc, mən də səni alay
başçısı qoyacam. Alay başçısı
olacaqsan, kimi desəm, kötəkləyəcəksən...
Kəndxuda dayanmadan danışırdı.
Özünü döyüş meydanında
görürdü, ordulara sərkərdəlik eləyirdi.
Kiminsə üstünə hücuma keçir, bütöv
mahalları çapıb-talayır, yüzlərlə
adamı əsir alırdı.
Sonra aşağıdakı evə getdi. Damda
Tacgüllə mən qaldım.
Tacgül də şad-xürrəm idi. İlk gənclik
günlərimizdə olduğu kimi, ara vermədən
gülürdü. Gözləri parlaq ulduz kimi yanırdı.
Mənimlə bir yerdə Qaraqum səhrasına
köçüb orada yurd salmaq istəyirdi. Deyirdi ki, qoyun
sürülərinin otladığı, tək
hörgüclü dəvələrin biri-biri ilə oynaşdığı
qumlu düzənlikdə ikilikdə baş-başa verib
yaşayacağıq. Neçə uşağımız
olacaq, necə gözəl xalı-xalçalar toxuyacaq.
Sevincdən özümə yer tapa bilmirdim. Qərara gəldik
ki, gecə hamı yatandan sonra dağları aşıb
qaçaq. Tacgül kişi paltarı geyinməli,
bıçaq və tapança götürməli, ərinin ən
qaçağan atını seçməli idi.
Mənə elə gəlirdi ki, onda əvvəlki
yaşam şövqü baş qaldırıb, əvvəlki
həyat gücü, sağlamlığı qayıdıb.
Aşağı enəndə qulağıma
pıçıldadı:
- Hayıf ki, bir-birimizdən uzaqda bu qədər
gözəl illər itirdik. Niyə
uşaqlığımız belə uzun çəkdi, niyə
sevginin dadını tez anlamadıq?
Onun ardınca mən də enib atıma baş çəkdim.
Heyvan başını aşağı sallamışdı.
Üzgün görkəmi vardı. Görünür, nökərlər
arpasını vaxtında verməmişdilər.
Axurunda heç ot da yox idi. Ot, arpa tapıb qabağına
qoydum. Arada kəndxudanın atlarına da göz gəzdirdim.
Onlar da baxımsız qalmışdı. Əgər alay
başçımız Mergen ağa bu atları görsəydi,
sahibinin kimliyinə baxmazdı, mehtərləri
ayağının altına salardı.
Başımı əllərimin üstünə qoyub
uzun müddət damda salınmış xalçada
uzandım. Parlaq ulduzların sayrışdığı səmanı
seyr etdim. Sakitlik idi. Arada inəklərin, yaxud dəvələrin
boynuna bağlanmış zınqırov cingiltisi bu sükutu
pozurdu. Bəzən dağlarda tənha bir çaqqal kədərli
ahənglə, uzun-uzadı ulayırdı. Kəndə
yaxınlaşmaqdan qorxan digər çaqqallar da onun səsinə
eyni darıxdırıcı və yanıqlı tərzdə
səs verirdilər.
Ay yenə də dağların üzərinə əyilmişdi.
Elə bil öləzimiş, işığı
azalmışdı. Hər tərəfə qaranlıq
çökmüşdü. Artıq Tacgül çoxdan evdə
hamının yatdığını, özünün də
yola hazır olduğunu bildirmək üçün yanıma
gəlməli idi. Narahat oldum, başına nə isə bir
iş gəlməyindən qorxub ehtiyatla aşağı endim.
Hamı daş kimi yatmışdı. Alt mərtəbədən
nökər-naibin xorultusunun səsi gəlirdi. Böyük
otaqdan keçəndə ayağım nəyəsə
ilişdi. Əyilib baxdım. Tacgül idi. Meyit kimi
ortalıqda düşüb qalmışdı. Yerdən
qaldırmaq istədim. Bədəni əlimdə əyilib
sanki iki qatlandı. Huşu başında deyildi.
Kibrit yandırdım. Yanında sönmüş
çıraq, tiryək qabı və qəlyan vardı. Yenə
tiryək çəkib varından yox olmuşdu.
Özünü də, məni də, bir neçə saat əvvəl
can atdığımız təzə həyatı da
yerli-dibli unutmuşdu.
Başqa yerdə belə vəziyyətdə
rastıma çıxsaydı, qılıncımı çəkib
doğrayardım. Amma burada qonaq idim. Bizim auldakı
qadınların da tiryək çəkib saçları
dağınıq, heç nəyi fərq etməyən
küt nəzərlərlə küçələrdə
dolandıqlarını, necə gülüş hədəfinə
çevrildiklərini yadıma salanda qəti qərarımı
verdim.
Nökərlər dərin yuxuya dalsa da, silkələyib
oyatdım, hava qızmamış, gecə sərinində yola
çıxmalı olduğumu, üstəlik də,
gündüz sərhəddə ələ keçə biləcəyimi
dedim.
Tapşırdım ki, Tacgüllə kəndxudaya minnətdarlığımı
çatdırsınlar. Sonra atımı minib təkbaşına
dağlardan aşaraq şimala yollandım. O vaxtdan bəri təkəm
və yəqin ki, ömrümün axırına qədər
də tək qalacağam.
- Sonra heç o kəndə, kəndxudanın evinə
yolun düşmədi? - deyə soruşdum.
- Yaxınlıqda olanda onlara baş çəkirəm,
- Xivə Klıç cavab verdi. - Tacgül gəlişimə
həmişə sevinir. Kəndxuda isə ondan da çox
sevinir.
Tərcümə edən: Vilayət QULİYEV
Vasili YAN
Budapeşt, 30 dekabr 2024-cü il.
525-ci qəzet .- 2025.- 1 mart(¹39).- S.20;21.