STEAM təhsil
proqramı: yeni dövrün
çağırışlarına hazırlıq
2024-2025-ci tədris ilində STEAM Azərbaycan layihəsi
398 məktəbi, 252 min 711 şagirdi əhatə edib. STEAM təhsili
alan şagirdlərin 47 faizi qız, 53-ü isə
oğlandır. Bundan başqa, 21 STEAM mərkəzi, bir STEAM
İnnovasiya mərkəzi fəaliyyət göstərir. Gələn
ilə qədər ölkə üzrə bütün məktəbli
qızların STEAM layihəsinə cəlb olunması əsas
hədəflərdəndir.
"STEAM Azərbaycan" layihəsinin rəhbəri
İqrar Nəzərov deyir ki, hazırda "STEAM Azərbaycan"
layihəsi 250 min şagirdi əhatə edir. Bu ildən
artıq layihəyə 4-9-cu sinif şagirdləri cəlb
edilir. Hazırda ölkədə 21 STEAM Mərkəzi fəaliyyət
göstərir. İşğaldan azad olunmuş ərazilərdə
iki mərkəz yaradılıb artıq.
STEAM təhsili tənqidi düşüncə,
yaradıcılıq və əməkdaşlıq kimi
bacarıqları inkişaf etdirməklə şagirdləri
XXI əsrin çağırışlarına hazırlamaq məqsədi
daşıyır. O, bir çox real dünya
çağırışları və innovasiyaların fənlərarası
yanaşma tələb etdiyi reallığını əks
etdirərək dünyanın daha vahid və bir-biri ilə əlaqəli
dərkini təşviq edir. STEAM təhsil proqramı
şagirdlərin biliklərini praktiki şəkildə tətbiq
edə biləcəkləri layihə əsaslı öyrənmə
təcrübələrini ortaya qoyur. Bu yanaşma şagirdləri
öyrənməyə cəlb etməyə və öyrənmənin
onların həyatlarına, eləcə də gələcək
karyeralarına daha uyğun olmasına köməklik göstərir.
STEAM təhsil proqramının məqsədi təhsilalanlarda
XXI əsr bacarıqlarını formalaşdırmaq və
inkişaf etdirməklə real həyat problemlərinin həllinə
nail olmaqdır. Bir parçası olduğumuz rəqəmsal əsrin
tələblərinə uyğunlaşa bilmək
üçün XXI əsr bacarıqlarını özündə
formalaşdırmış mütəxəssislərə
ehtiyac duyulur. İstənilən ölkə inkişaf etmək,
öz regionunda liderlik edə bilmək üçün məhz
vətəndaşlarının XXI əsr
bacarıqlarının inkişaf etdirilməsinə önəm
verir. Bu baxımdan inkişaf etmiş ölkələr təhsil
sistemlərində STEAM, proqramlaşdırma, robotiks və sair
kimi innovativ istiqamətlərə üstünlük verməkdədirlər.
STEAM metodikası təhsilalanlara bilikləri nəzəri
olaraq deyil, məhz tətbiqi xüsusiyyətlərini
aşkarlayaraq çatdırmağı hədəfləyir.
Bu zaman şagirdlər riyaziyyat və təbiət fənlərində
araşdıraraq və tədqiq edərək mənimsədikləri
müxtəlif məlumatları gündəlik həyatlarında
qarşılarına çıxan müxtəlif problemlərə,
müxtəlif layihələrdə tətbiq etməklə
öz yaradıcılıqlarını, komanda şəklində
işləmək bacarıqlarını, məntiqi təfəkkürlərini,
problem həlletmə bacarıqlarını inkişaf etdirirlər.
Eyni zamanda öyrəndikləri məlumatları tətbiq
etdikləri üçün daha yaxşı mənimsəyir,
məlumat daha uzun müddət onların yaddaşında
qalır. Seçilən problem və icra olunan layihələrin
real həyatla əlaqəliliyinə, həmçinin
şagirdyönümlü olmasına xüsusi diqqət edilir.
Azərbaycan Respublikası Təhsil İnstitutunun
(ARTİ) Metodik Dəstək və Peşəkar
İnkişaf Mərkəzinin Əlaqələndirmə
şöbəsinin əməkdaşı Səbinə Balayeva
deyir ki, yaşadığımız əsrdə nəyisə
bilməyin artıq üstünlük yaratmadığı məlumdur.
Davamlı və sürətli dəyişikliklərin baş
verdiyi bu əsrdə üstünlük yaradacaq amillərin nəzəri
biliklərdən çox, bacarıqlar olduğu artıq bir
sıra beynəlxalq qurumlar tərəfindən də təsdiqlənir.
Bütün bunları nəzərə alaraq, şagirdlərin
bacarıqlarını, xüsusilə "XXI əsr bacarıqları"
adlandırılan bacarıqlarını inkişaf etdirir və
onları gələcək rəqabətə
hazırlayırıq: "Dünya İqtisadi Forumu tərəfindən
bu bacarıqlar 3 kateqoriyada təsvir edilib: Təməl savadlar
- şagirdlərin əsas bacarıqlarını gündəlik
fəaliyyətlərində necə tətbiq edəcəklərini
əks etdirir. Bu bacarıqlar şagirdlərdə baza rolunu
oynayaraq daha təkmil, əhəmiyyətli kompetensiya və
şəxsi keyfiyyətləri formalaşdırmağa imkan
verir. Bu bacarıqlara təkcə oxumaq və hesablama aparmaq
yox, elmi savadlılıq, İKT savadlılığı,
maliyyə savadlılığı, mədəniyyət və
vətəndaşlıqla bağlı savadlılıq
daxildir. Ənənəvi təhsil əsasən bu
bacarıqların əldə edilməsinə fokuslanır,
lakin hal-hazırda bu bacarıqlar XXI əsr
bacarıqlarını inkişaf etdirmək üçün
baza hesab edilir. Kompetensiyalar - şagirdlərin
qarşılaşdıqları mürəkkəb çətinliklərə
necə yanaşacağını açıqlayır. Məsələn,
tənqidi düşünmə, qarşılaşılan
problemləri həll etmək üçün vəziyyəti,
ideyaları və məlumatları aydınlaşdırma, təhliletmə
və qiymətləndirmə bacarığıdır. Şəxsi
keyfiyyətlər - şagirdlərin dəyişən
mühitə necə yanaşdıqlarını ifadə edir.
Sürətlə dəyişən bazar şəraitində əzmkarlıq,
uyğunlaşma kimi şəxsi keyfiyyətlər, maneələr
qarşısında çeviklik və müvəffəqiyyəti
təmin edir".
Onun sözlərinə görə, tənqidi
düşüncə, problem həlli və analitik
bacarıqlar - STEAM dərsləri adətən praktik layihələr
və real dünya problemlərinin həlli fəaliyyətlərini
əhatə edir. Bu, şagirdləri tənqidi
düşünməyə, məlumatları təhlil etməyə
və mürəkkəb problemlərin effektiv həlli
yollarını inkişaf etdirməyə təşviq edir.
STEAM dərsləri çox vaxt tənqidi düşüncə
və analitik bacarıqlar tələb edən praktiki, layihəəsaslı
öyrənməni əhatə edir. Yaradıcılıq və
innovasiya - İncəsənətin STEAM-ə daxil edilməsi
yaradıcılıq və innovasiyaya təkan verir. Şagirdlər
"dar çərçivə" xaricində
düşünməyə, müxtəlif perspektivləri
araşdırmağa və problemlərə yaradıcı həll
yolları tapmağa təşviq edilir. Bu, sürətlə dəyişən
dünyada çox vacib olan innovativ təfəkkürün
inkişafına kömək edir. Bir çox STEAM layihələri
ümumi məqsədlərə nail olmaq üçün
müxtəlif komandaların əməkdaşlıq etdiyi real
dünya problemlərini, əməkdaşlıq
bacarıqlarını inkişaf etdirərək effektiv
ünsiyyət qurmağı, fikirləri bölüşməyi
və birlikdə işləməyi öyrənir. Robotun layihələndirilməsi
və proqramlaşdırılmasını əhatə edən
qrup layihələri - hər komanda üzvü əməkdaşlıq
və komanda işini təşviq edən proqramçı,
mühəndis və ya layihə meneceri kimi xüsusi bir rol
alır: "STEAM dərsləri texnologiya və elmi irəliləyişlərin
etik təsirlərinə toxunur. Bu, sosial məsuliyyət
hissini, elmi və texnoloji inkişaflarla bağlı etik
mülahizələrin dərk edilməsini təşviq edir.
Gen mühəndisliyi və ya süni intellekt kimi elmi nailiyyətlərin
sosial təsirləri və nəticələrinin müzakirəsi
şagirdlərin etik mülahizələri araşdıran
debatlar və ya layihələrdə iştirak etməsi buna
misal ola bilər. Bir çox STEAM layihələri şagirdləri
işlərinin daha geniş təsirini nəzərə
almağa təşviq edən qlobal perspektivə malikdir. Bu,
qlobal şüurun və bir-biri ilə əlaqəli problemlərin
anlaşılmasına kömək edir. Bir çox müasir
çağırışlar qlobal xarakter daşıyır.
STEAM təhsili qarşılıqlı əlaqəyə
vurğu edərək şagirdləri qlobal perspektivləri və
həll yollarını nəzərdən keçirməyə
təşviq edir. Bu da XXI əsrdə fərdləri qlobal vətəndaş
olmağa hazırlamaq üçün vacibdir. Fərqli region
və ya ölkələrdən olan şagirdlərlə ortaq
bir layihədə əməkdaşlıq etmək, şagirdləri
müxtəlif perspektivlərlə tanış etmək və
qlobal düşüncə tərzini inkişaf etdirmək buna
misal göstərilə bilər. STEAM təhsili öyrənmə
sevgisini və öyrənmənin davamlı, ömürboyu
davam edən bir proses olduğunu başa düşməyi təşviq
edir. Şagirdlər həyatları boyunca yeni informasiya və
texnologiyalara uyğunlaşmaq üçün lazımi
bacarıq və düşüncə tərzini inkişaf
etdirirlər".
Səbinə Balayevanın söylədiyinə görə,
fənlərarası öyrənmə və problemlərin həlli
- STEAM təhsili mahiyyət etibarilə fənlərarası əlaqəni
qurmaq, təfəkkürün inkişafi və problemlərin
həllini təşviq edir. Bu yanaşma şagirdləri real
dünya problemlərini həll etmək üçün
müxtəlif sahələrdən biliklərdən istifadə
etməyə təşviq edir, mürəkkəb məsələlərin
vahid anlayışını gücləndirir. Məsələn,
günəş enerjisi ilə işləyən suvenir və
ya stolüstü lampaların, heykəllərin
hazırlanması, küçə işıqlandırma
sistemləri və yol hərəkəti nişanlarının
layihələndirilməsi, qurulması, problemin həllinə fənlərarası
yanaşmanın təşviq edilməsi buna misal ola bilər:
"Real dünya tətbiqləri və real həyata
adaptasiyanın vacib olduğu STEAM təhsili bilik və
bacarıqların sürətlə yenilənən
hazırkı dünyada tətbiqinin vacibliyini
vurğulayır. Şagirdlər gələcək karyeralarında
qarşılaşa biləcəkləri çətinlikləri
əks etdirən praktik layihələrlə məşğul
olurlar və bu, öyrənmə təcrübəsini daha mənalı
və praktik edir".
O qeyd edib ki, STEAM təhsili şagirdləri
imkanları müəyyən etməyə, risk götürməyə
və innovativ düşünməyə həvəsləndirərək
sahibkarlıq təfəkkürünü inkişaf etdirir. Bu
bacarıqlar təkcə sahibkarlıqla maraqlananlar
üçün deyil, həm də müxtəlif peşə
fəaliyyətlərində uğur qazanmaq üçün dəyərlidir.
"STEAM dərslərinin ənənəvi tədris
metodlarından necə kənara
çıxdığını nümayiş etdirir və
şagirdləri müasir dünyada uğur üçün
vacib olan XXI əsrin müxtəlif bacarıqlarını
inkişaf etdirərək tədris prosesində fəal
iştiraka təşviq edir. Beləliklə, STEAM dərsləri
müxtəlif fənləri birləşdirən və XXI əsrdə
uğur üçün vacib olan bacarıqların
inkişafına təkan verən təhsilə vahid yanaşma
təmin edir. STEAM təhsilinin praktiki, fənlərarası
xarakteri şagirdləri müasir dünyanın
çağırışları və imkanları ilə
üzləşməyə hazırlayır".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 1 mart(№39).- S.18.