MƏBƏDƏ
APARAN YOLLAR
Bu, həyatımdakı ən çətin
yazılan, amma həm də ən ləzzətlə yaranan kitab
idi. Azərbaycanın dərslikləri sırasına
qoşulacaq "Əlifba" dərsliyi üzərində
işləyirdim. O vaxtlar mən Bakıdakı Amerika
Universitetində çalışırdım. Bu ingilisdilli,
dünyanın 50-dən çox ölkəsində işini
davam etdirən universitetin nəzdində ingilis, Azərbaycan və
rus bölmələri olan orta məktəb də vardı.
Həmin məktəbin ingilis və rus bölmələrində
mükəmməl dərsliklər vardı, Azərbaycan
bölməsində isə yeni, vaxtın tələbinə
cavab verən dərsliklərə ehtiyac duyulurdu. Bu təhsil mərkəzinin
rəhbərliyinə təklif etdim ki, istedadlı, qabil müəllifləri
toplayım, birincidən onuncuya qədər orta məktəb
üçün müxtəlif fənlər üzrə dərsliklərin
yazılmasına başlayaq. Həmin kitabları əvvəlcə
öz məktəbimizdə tətbiq edərik, bəyənilsə,
sonra elə Bakıdakı Amerika Universitetinin nəzdindəki
kimi bir-birinin ardınca yaranmağa başlayan hansısa
başqa özəl məktəblər də istifadə edər,
lazım bilsə, sonra dövlət də bu kitabları
ümumtəhsil şəbəkəsində dövriyyəyə
daxil edər. Təklifimə münasibət müsbət oldu,
nə istədiyimi əyani olaraq göstərməkdən
ötrü "Əlifba"dan başladım. Ancaq
"Əlifba"dan savayı, daha 3 kitab haqqında da
düşünürdüm ki, birinci sinfin dörd kitabdan ibarət
yeni dərsliklər toplusu yaransın. XX əsr sona
yaxınlaşırdı, 1999-cu il idi, qarşıdan öz
çağırışları ilə yeni əsr və təzə
minillik gəlirdi, bütün istiqamətlərdə o səsə
səs vermək gərək idi. O universitetdə mən Elmi
inkişaf üzrə prorektor və "Azərbaycanşünaslıq"
kafedrasının müdiri idim. İngilisdilli, beynəlxalq və
mərkəzi ofisi də ABŞ-də yerləşən bir
universitetdə respublikada ilk dəfə olaraq belə bir
kafedranı yaratmaq mənim təşəbbüsüm idi.
Eyni zamanda, həmin universitetdə ATAM - Azərbaycanşünaslıq
Tədqiqatları Araşdırma Mərkəzi yaratdıq, hər
ay bir yol toplanan, hər dəfə qoyulmuş mühüm bir
mövzu ətrafında müzakirələr keçirən,
respublikanın seçmə ziyalıları və
Bakıdakı diplomatik korpusun təmsilçilərini məşğələlərinə
cəlb edən "Azərbaycançılıq"
lektoriyası aparmağa başladıq.
Ancaq özü ayrıca bir hekayət olan
qarşıdurma nəticəsində Azərbaycana çox
hazırlıqlı məzunlar bağışlaya biləcək,
təhsil həyatımıza yeni, sağlam nəfəs gətirən
bu dəyərli universitet yalnız ilk diplomlarını verməyə
macal taparaq qapadıldı və təbii ki, ora ilə əlaqədar
bütün işlər də yarımçıq
qırıldı.
Lakin mən başladığım
"Əlifba"nı və ona bağlı daha 3 kitabı yarımçıq
qoya bilməzdim. Düz iki il boyunca mən hər gün 24 saat
onunla idim. Kiməsə şişirtmə kimi gələr ki,
axı 24 saatın hamısını adam işləmir. Sənin
öz qayğıları ilə birgə məişətin də
var, istədin-istəmədin istirahət saatları da olur,
yeyirsən-içirsən, az da olsa, hər halda yatırsan,
gün ərzində hökmən hansısa başqa işləri
də yerinə yetirməlisən. Tamam doğrudur, bunların
hamısı vardı, ancaq elə dediyim kimidir - gecə-gündüz
fasiləsiz olaraq mən yazdığım "Əlifba"
kitabı ilə yaşayırdım. Olurdu ki,
büsbütün başqa, "Əlifba" dərsliyimə
heç aidiyyəti olmayan mətni yazırdım, ancaq qəfildən
məhz "Əlifba" ilə bağlı düzgün həlli
üzərində düşündüyüm sualın
cavabı ağlıma gəlirdi, dərhal əlimdəki
işi lap ən təxirsiz olsa belə yarımçıq
saxlayırdım, fikrimə gələn tapıntını
qeydə alıb sonra əvvəlki yazıya
qayıdırdım; hətta yatanda da
tarşırığını almış beyin işləyirdi,
kağız-qələm daim çarpayımın yanında
idi, çox olurdu ki, gecənin bir aləmində
ayılırdım, yuxum qaçmasın deyə
işığı da yandırmırdım, elə
qaranlıqdaca beynimdən keçənləri kağıza
köçürürdüm, səhər oyananda gecə kələ-kötür
xətlə yazdıqlarımı çətinliklə də
olsa oxuyub səhifə-səhifə yaranan "Əlifba"ya
əlavə edirdim.
Və təcrübənin mənə
anlatdığı bir həqiqət də bu oldu ki, müəyyən
kitablar məhz bu cür, yalnız bütün varlığını
dolduraraq yazıla bilər. Gərək elə sevəsən,
elə bağlanasan ki, yuxunda da onu görəsən.
"Əlifba" dərsliyi yazmağın çətinliyi
nə idi və mənə qədər nəyi heç kim etməmişdi
ki, etdim, o qəlizliklər nələrdən ibarətdir ki,
bir başqasının bundan sonra həmin qəlib üzrə
ayrı bir "Əlifba" yarada bilməsi də
mümkünsüz qədər müşküldür?
"Əlifba" dərsliyi hərflər
sırasını əlifbanın rəsmən təsdiqlənmiş
ardıcıllıq düzümünə görə deyil,
onların sözyaratma sürətinin itiliyini nəzərə
alaraq öyrədir. Yəni "Əlifba" dərsliyində
əlifba sırasında olduğu kimi A-dan sonra B, onun
ardınca C, daha sonra Ç, D yox, A-dan sonra N gəlir ki,
uşaq ANA yazıb-oxuya bilə, ardınca Ə gəlir, ondan
sonra T, daha sonra O, U və digər hərflər ard-arda
düzülür, birincilər nəinki NƏNƏ, ATA, AT, TUT,
OT və digər sözləri həm özləri yaza, həm
kitabdan oxuya bilir, üstəlik hərflər cərgəsinin
belə ardıcıllığı balacalara ilk sadə
cümlələri qurmağa imkan verir.
Həmişə çalışılıb ki, məktəblilərə
əlifbanı tez əzbərlədərək "Ana
dili", ya sonralar adlandırıldığı kimi,
"Oxu" kitabına keçilsin ki, uşaqlar bütün
hərflərin iştirak etdiyi mətnləri üzündən
oxuya bilsinlər. Sabirin "Uşaq və buz"unu, Şaiqin
"Ala-bula boz keçi"sini, ya bu qəbil digər onlarca məşhur
şeiri birincilərə bütün hərfləri
tanımadıqları halda necə oxuda bilərsən?!
Ona görə də XIX yüzilin sonları, XX əsrin
əvvəllərində maarifçi babalarımızın
ixtiyari şəkildə yazdıqları "Əlifba" dərsliklərindən
fərqli olaraq, 1930-cu illərdən etibarən dünyada qəbul
edilmiş "Əlifba"çılıq qaydalarına
uyğunlaşdırılaraq tərtib edilən
"Əlifba"larımıza baxarkən yalnız "Tutu,
at, Tutu, tut", "Ata, ot at" kimi qəlibləşmiş,
kitabdan-kitaba adlayan bəsit mətnləri görəcəksiniz.
Köhnə "Əlifba"lara baxsanız, həm də
yalnız bizimkilərə deyil, başqa xalqların dərsliklərinə
də, başlanğıcda şeirlərə, məqbul məzmunu
olan mətnlərə rast gəlməyəcəksiniz. Elə
onlarda da "At-tut" səviyyəsində. Axı
"Əlifba" yazan müəllif, tutalım ki, gəlib
çatıb sırada səkkizinci olan R hərfinə.
İxtiyarında A, N, Ə, T, O, U, bir də yeni öyrədiləcək
R var. Elə mətn yazılmalıdır ki, içərisində
yalnız bu hərflər olsun, hələ öyrədilməmiş
hərfi, təbii ki, uşaq tanımayacaq. Üstəlik, indi
R hərfi keçildiyinə görə mətn elə
yazılmalıdır ki, burada məhz indi öyrədilən
hərf daha fəal olsun, həm sözün əvvəlində,
həm ortasında, həm axırında, həm də digər
hərflərdən daha tezlikli işlənsin. R-dən sonra L
gələcək, onun ardınca digərləri. Hər hərf
öyrədilərkən eyni məsələ ortaya
çıxacaq. Elə vəziyyətdir ki, uşaq ədəbiyyatımızın
ən gözəl örnəkləri burada kara gəlmir.
Axı o solmaz şeirlərin heç birində hərflərdən
belə məhdudluqla istifadə məcburiyyəti nəzərə
alınmayıb. Gözəldirlər, ancaq hələ
tanımadığı hərflərlə tuş gələn
uşaq o şeirləri üzünə oxuya bilməyəcək.
Həmin şeirləri ya gərək əzbərlədəsən,
uşağın özünün oxumağını istəyirsənsə,
gərək o cür mətnləri əlifba tam öyrədiləndən
sonraya saxlayasan. Beləcə, "Əlifba" müəllifinə
yalnız bəlli 6, 7, 8, 9, 10... hərfin iştirak etdiyi və
hər dəfə də yeni öyrədilən hərfin fəal
olduğu şeirlər, bədii mətnlər
lazımdırsa ya şairlərə, yazıçılara
müraciət edərək bu mürəkkəb sifarişi
verməlidir, ya da oturub özü bu işi görməlidir. Mən
öz "Əlifba" dərsliyimi yazaraq 2001-ci ildə nəşr
etdirənədək Azərbaycan orta məktəblərində
axırıncı 70 ilə yaxın müddətdə bunlar
edilməmişdi. Nə qələm sahiblərinə belə
sifarişləri verməyə cəhd etmişdilər, nə
də özləri yazmışdılar.
"Əlifba" dərsliyinin müstəsnalığı
elə bundadır. Sənə lazım olan və hərf məhdudiyyətli
parçaları şair-yazıçıya sifariş etmək
də olmur. Çünki lap ən güclü şairlərimizə
də üz tutsalar, "Bizə sadalanan on hərfin iştirak
etdiyi, bunların arasında filan hərfin mütləq fəal
olacağı, hökmən filan mövzuda, həm də 6-7
yaşlı uşağın anlayacağı sadə dildə
yazılmış şeir, balaca hekayə lazımdır"
sifarişini necə edəydilər? Təbii ki, ya təbəssümlə,
ya da ən yaxşı halda mədəni tərzdə imtina ilə
qarşılaşacaqdılar. Azsaylı hərflərlə tələb
olunan bədii mətnlərin yazıla bilməsinin əsas
çətinliklərindən biri də budur ki, axı sən
sadəcə sözləri yan-yana düzmürsən. Onlar
bir-biri ilə bağlanmalı, bağlanma üçün sözlərin
hallanma qaydalarına əməl edilməli, bu
yanaşılıq da süni səslənməməli, dilə
və ürəyəyatan olmalıdır. Ona görə də
çarə yalnız "Əlifba" müəlliflərinin
özünə qalırdı. Şeirləri də,
bütün bədii mətnləri də əlifbamızdakı
hərflər öyrədilib qurtarana qədər, hərf
çatışmazlığı məsələsi qüvvədə
olduğu müddətcə özü yazmalı idi. Demək,
"Əlifba" yazan kəsin həm ümdə pedaqoji
prinsiplərdən agahlığı, dərslik siyasətinə
bələdliyi vacibdir, həm uşaq psixologiyasını
yaxşı bilməsi, üstəlik də, hökmən
şairlik, yazıçılıq qabiliyyətinə malikliyi
lazımdır. Bütün bu qabiliyyətlər bir adamda birləşməsə,
yaxşı "Əlifba" ortaya çıxarmaq xam xəyaldır.
Ona görə də bizim indiyədək yazılmış
"Əlifba" dərsliklərimizin istisnasız olaraq
heç biri tələblərə cavab vermir.
Bu tələblər yerinə yetirilmədiyindən
bizdə "Əlifba" dərsinin tədrisində ənənəvi
qüsur nəsil-nəsil ötürülüb, bu gün də
eyni şəkildə, bəlkə XX yüzildəkindən də
daha umulmaz bir şəkildə davam etdirilməkdədir.
Bu isə əsla sıradan olan gedişat deyil!
"Əlifba" kitabı və "Əlifba" tədrisi
ümummilli, ümumdövlət əhəmiyyətli, millət
quruculuğu ilə bilavasitə bağlı elə fövqəladə
mənalı məsələdir ki, burada heç bir məqamı
ikinci dərəcəli, ya nisbətən az əhəmiyyətli
sayaraq böyürə qoymaq olmaz.
Qoyduğun təməlin, hördüyün
divarın, ucaltdığın binanın
davamlılığını istəyirsənsə, onun hər
cəhətdən sağlam və möhkəmliyini gərək
lap başdan düşünəsən, düzdüyün hər
kərpicdə nəzərə alasan. "Əlifba" dərsliyi
isə belə kərpiclərin, belə sütun və
dayaqların ən mötəbərlərindən, sonra əlavə
ediləcək bütün ağırlıqları üzərində
daşımalı olanlarındandır.
Mən özümüzünküləri, eləcə
də şərqli-qərbli olmaqla 30-dək xalqın son iki
yüzildən artıq müddətdə yaratdığı
yüzlərlə "Əlifba"nı topladım,
araşdırdım, öyrəndim və ərz olunan
bütün şərtləri nəzərə alaraq öz
"Əlifba" kitabımı yazdım. O kitab üzərində
işləyərkən hər birinin süjetini,
ideyasını verdiyim rəsmləri çəkməkdən
ötrü başda Elçin Hami Axundov olmaqla iri bir rəssamlar
dəstəsi toplamışdım. Ucal Haqverdiyev, Nüsrət
Hacıyev, Elyar Əlimirzəyev, Gülnarə Xalıqova və
digərləri ilə hər gün, günaşırı
görüşürdük, kitabda gedən şeirlərin tədris
əsnasında daha münasib qavrayışına
yardımçı olmaqdan ötrü onların nəğmələşməsi
qeydinə də qalmışdım. Azərbaycanın
istedadlı bəstəkarlarına müraciət etmişdim və
bu işi 6-7 yaşlı uşaqlar üçün,
sabahımızdan ötrü gördüklərinin
bütün məsuliyyətini düşünərək
onlar şövqlə çalışmışdılar,
bir-birindən eşidimli mahnılar bəstələmişdilər.
Müraciət etdiyim bəstəkarlar Adil Bəbirov, Arif Məlikov,
Vasif Adıgözəlov, Ramiz Mirişli, Oqtay Rəcəbov,
Cavanşir Quliyev, Faiq Sücəddinov, Ruhəngiz Qasımova,
Eldar Mansurov, Vaqif Gərayzadə, Rizvan Sədirxanov və digərləri
idi.
2002-ci il idi, türk dünyasının böyük
şairi və mütəfəkkiri Oljas Süleymenovla bərabər,
hər ikimizin dostu Kəmaləddin Heydərovla
görüşmüşdük. Kəmaləddin müəllim
mənim "Əlifba"mdan elə həvəslə
danışmağa başladı ki, Oljasda maraq yarandı. Ertəsi
gün ikimiz də eyni təyyarədə bir də
görüşəcəkdik. Mən Avropa Şurası
Parlament Assambleyasının Parisdə keçirilən
növbəti komitə iclasına, Oljas isə işlədiyi
UNESCO-ya yola düşəcəkdi. Şair xahiş etdi ki,
sabah hava limanına gələndə "Əlifba"dan bir
nüsxə götürməyi unutmayım.
Adətən bir neçə saat davam edən
uçuşlar vaxtı mən mürgüləyirəm. Təyyarə
qalxandan az sonra yuxulayan, bir də enişə az qalmış
elə xəbərdarlıqsız-filansız oyanıram. Bu dəfə
də elə oldu. Ayılanda Bakı-Paris yolu boyunca 240 səhifəlik
"Əlifba"mı ilk səhifəsindən son səhifəsinədək
diqqətlə oxuyub başa vurmuş Oljas Süleymenovdan,
böyük şairliyindən əlavə, həm də dərin
alim olan bu nadir şəxsiyyətdən eşitdiyim sözlər
məni mütəəssir etdi. "Bu kitabı yazmaq 20 roman
yazmaqdan daha çətindir" dedi və bu sözləri
söyləyən, bu qiyməti verən yaxşı
yazının nə demək olduğunu bəlkə də hər
kəsdən daha gözəl bilən Sərraf idi!
Bütün bunları nə özümü öyməkçün
yazıram, nə də görmüş olduğum işin dəyərini
bir az da qabartmaqçün. Millət üçün
yazılmış hər dərslik özünə görə
bir tarixdir və istəyim sadəcə ondan ibarətdir ki, bu
gerçəklər də bilinsin. Ancaq həmin
"Əlifba" yenicə nəşr ediləndə onu ilk
görüb qiymətləndirən iki böyük şəxsiyyət
də olmuşdu.
2001-ci ildə Azərbaycanda poliqrafiya hələ indiki
yüksək səviyyəsində deyildi. "Əlifba"
isə yüzlərlə rəsmlə bəzənmişdi və
lazım idi ki, rəngli çap da bir-birindən cazibəli həmin
şəkillərə layiq səviyyədə olsun. Ona
görə çapı Ankarada etdik, sonra bütün
tirajı oradan maşınla İstanbula daşıdım ki,
hər gün uçuşları olan, həm də ən
vacibi - daha iri təyyarədə Bakıya gətirim. Elə
Bakıya çatdığım günün gecəsi də
təzədən səfərə çıxdım - Strasburqda
sessiyamız başlanacaqdı. O vaxt AŞPA-dakı nümayəndə
heyətimizin rəhbəri cənab İlham Əliyev idi. Hələ
mətbəə qoxusu getməmiş "Əlifba"dan
özümlə götürmüşdüm, tanış
olması üçün İlham müəllimə də
göstərdim. Çox bəyəndi və
tapşırdı ki, Bakıya qayıdanda nüsxələr
göndərim ki, dövlət başçısına da
çatdırsın. Bir müddət sonra gələcək
Prezidentimiz İlham Əliyev mənə Ulu öndərin
"Əlifba" ilə tanışlıqdan sonrakı təəssüratlarını
çatdıranda riqqətləndim. Dedi ki, Prezidentin hər mətnə
necə diqqətlə baxdığını bilirsən. Bu
kitabı əvvəldən-axıradək diqqətlə
oxuyandan sonra söylədi ki, çox yaxşı kitabdır,
indiyədək beləsi olmayıb".
Unudulmaz Heydər Əliyevin "Əlifba"mla
bağlı bir başqa qiymət verməsi və diqqəti
haqqında isə bir çox dostların iştirak etdiyi məclisdə
üstündən xeyli keçəndən sonra - 2024-cü
ildə o dövrdə təhsil naziri vəzifəsində
çalışmış Misir Mərdanov danışdı:
"Bir gün Heydər Əliyev mənə hökumət
rabitəsi ilə zəng vurdu, soruşdu ki, Rafaelin
"Əlifba" kitabını görmüsənmi? Dedim,
haqqında eşitmişəm, amma hələ oxumamışam.
Qayıtdı ki, mən oxumuşam, çox yaxşı
kitabdır, onu təsdiq etmək lazımdır. Mən də
ləngimədən kitabla tanış oldum, Təhsil
Nazirliyində 2001-ci il sentyabrıın 14-də mütəxəssislərin,
tanınmış ziyalıların iştirakı ilə
geniş müşavirə keçirib bu yeni "Əlifba"nın
müzakirəsini apararaq dərslik kimi təsdiq etdik, nüsxələrdən
respublikanın müxtəlif bölgələrindəki
ayrı-ayrı məktəblərə payladıq və
Bakıdakı 6 saylı məktəbdə Rafaeli kollektivə
və şagirdlərə təqdim etdim, o özü də
kitabını təcrübədə sınaqdan keçirmək
məqsədilə həmin məktəbdə birincilərə
"Əlifba" dərsi deməyə başladı".
Yazıçı Anar 2001-ci il iyunun 28-də həmin
kitab haqqında "Xalq qəzeti"ndə dərc edilmiş
məqaləsində belə yazırdı: "Rafaelin
çoxyönlü və səmərəli
yaradıcılıq fəaliyyətini bir sözlə ifadə
etsək, bu söz "MAARİFÇİ"dir. Həmişə
bəlkə də mübahisəli görünə biləcək
bir fikrin tərəfdarı olmuşam: məncə, bir millətin
xeyri və faydası üçün
MAARİFÇİLİK
MİLLƏTÇİLİKDƏN ÜSTÜNDÜR.
Şübhəsiz, bu fikrin müəyyən şərhə
ehtiyacı var. Millətsevərlik, vətənpərvərlik,
patriotluq anlamında millətçilik, özəlliklə
sayca kiçik millətlərin millətçiliyi, söz yox
ki, vacib və gərəkli bir mövqedir. Bir şərtlə
ki, bu millətçilik "quru-quru qurbanın olum"
prinsipinə, populistcəsinə xal toplamaq cəhdinə,
öz xalqının üstünlüyünü isbat etmək
üçün başqa millətləri alçaltmağa
köklənmiş olmasın. Milli ləyaqət hissi milli
lovğalığa çevrilməsin. Və bu baxımdan
sağlam millətçiliyin ilk təməli, qarşıya
qoyduğu ilk məqsəd məhz MAARİFÇİLİK
olmalıdır. Məncə, maarifçilik - bu
anlayışa milli qüsurların da güzəştsiz tənqidi
və ifşası daxildir - millətə xidmətin ən
vacib və təmənnasız şəklidir. Maarifin də,
biliyin də, elmin də ilk pilləsi savaddır. Savadın
qapısının açarı isə "Əlifba"
kitabıdır.
Rafael Hüseynovun yaratdığı yeni
"Əlifba" kitabı maarifçilik ənənələrimizin
müasir dövrdə davamıdır.
Rafaelin kitabı yaradarkən qarşısına
qoyduğu bir məqsəd də balacaları quru məlumatlarla
yormamaq, bıkdırmamaq, savadı və bilikləri
onların yaşına və psixolojisinə uyğun şəkildə
daha cəlbedici formalarda çatdırmaqdır.
XXI əsrdə xalqımızın taleyini həll edəcək
yeni nəsillərin yetişməsində maarifçiliyin nə
qədər böyük əhəmiyyətə malik
olduğu hamımıza aydındır. Maarifin ilk pilləsi -
savad, savad qapısının açarı isə bu səpkili
kitablardır".
Tanınmış dilçi alim, təhsil mütəxəssisi,
o dövrdə Təhsil Nazirliyində şöbə
müdiri işləyən Əsgər Quliyev isə 2001-ci il
oktyabrın 4-də "Azərbaycan müəllimi" qəzetində
dərc edilmiş "İntellekt əsrinin yeni
"Əlifba"sı" sərlövhəli məqaləsində
düşüncələri belə bölüşür,
kitabı belə qiymətləndirirdi:
"Açığını deyim ki, çoxcəhətli
fəaliyyəti və orijinal araşdırmaları ilə
ölkəmizdə yaxşı tanınan müəllif yeni
"Əlifba" kitabı ilə təkcə mütəxəssisləri
deyil, həm də bir çox ziyalıları, müəllimləri
sanki şok vəziyyətinə salıb, sözün müsbət
mənasında ovsunlayıb.
"Əlifba"nın əsas üstünlüklərindən
biri də ilk dəfə burada inteqrativ təlimin prinsiplərinin
yüksək elmi-metodiki səviyyədə gözlənilməsi
və təcrübi olaraq bu dərslikdə
reallaşdırılması sayılmalıdır.
Rafael Hüseynovun dərsliyində verilən
materialların bolluğu şagirdlərin əqli
inkişafına, milli düşüncəsinin
formalaşmasına, balalarımızda dilimizə, dinimizə,
Vətənimizə məhəbbət hisslərinin
aşılanmasına, övladlarımızın ətraf aləmi,
ilk növbədə Azərbaycanımızı yaxşı
tanımasına yönəldilib.
Rafael Hüseynovun "Əlifba"sı məzmun və
quruluşuna görə Azərbaycan təhsili tarixində
milli elementlər aparıcı olmaqla ümumbəşəri
dəyərlərə hörmət hissləri ilə
yazılmış orijinal dərslikdir. Onun tərtibində
beynəlxalq təcrübədən əsaslı şəkildə
yararlanılıb".
"Əlifba" kitabını oxumağa başlayan
uşaq məktəbə, onunçün yeni olan aləmə
nağıllardan və cizgi filmlərindən ayrılaraq gəlib.
Yəni tamam ayrılmayıb, hələ ki həm də
onlarladır. Ona görə bu dərsliyi hazırlayarkən mən
uşaqlar üçün doğma olan həmin mühiti də
dərsliyə gətirməyi qət etdim. Hər hərf
üçün 6 səhifə nəzərdə tutmuşdum.
İlk 3 səhifə hərfin öyrədilişi, bununla
bağlı bədii mətnlər, altıncı səhifə
balaların dünyagörüşünün genişlənməsinə,
biliklərinin artmasına hesablanmış hissə idi ki, burada
verilən məlumatlar da istənilən halda həmin anda
öyrədilən hərflə bağlanırdı. 4 və
5-ci səhifələr isə daha çox sinifdənxaric oxu
üçün düşünülmüşdü ki,
burada müxtəlif oyunlar, məsələlər, əyləncəli
tapşırıqlar verilirdi. Amma təbii ki, öyrədilən
hərfin fəal olması tələbi bu hissədə də
sonadək qorunurdu. Əsasən bu səhifələrdə məşhur
bədii kinoşəkillərdən, animasiya filmlərindən
və çeşidli nağıllardan uşaqlara yaxşı
tanış olan qəhrəmanlar irəli
çıxırdılar. Bu qəhrəmanları da elə
seçmişdik ki, həm Azərbaycanla, həm Şərqlə,
həm də Qərblə bağlı olsun. Onsuz da
"Əlifba"nın ilk sətrindən son cümləsi və
axırıncı rəsminəcən bizim şüurlara
ötürmək istədiyimiz ilk növbədə milli
duyğuların, vətənsevərliyin tərbiyəsi idi.
Amma biz axı həm də böyük dünyanın,
insanlığın birlikdə yaratdığı ortaq mədəni
sərvətlərin sahibiyik. Qınımıza
qısılıb qalarıqsa, zəif düşərik,
gücümüz azalar. Dərslik başlananda, hələ
heç hərflərə keçməmiş ilk səhifələrdəcə
birinciləri hamısını üzdən
tanıdıqları ədəbi qəhrəmanlarla
görüş gözləyirdi. O qəhrəmanları
seçərkən bu boşluğu bütün
acınacaqlığı ilə hiss etdim ki, bizim bir Cırtdan
istisna olmaqla, sırf uşaq nağıl qəhrəmanımız
yoxdur. Yoxdursa, demək, yaratmaq lazımdır. Ötmüş
yüzillərdə məhz həmin boşluğu duyaraq Yer
Üzünün neçə böyük yazıçısı,
şairi nağılçılıqda qələmini
sınayıb, elə nağıl qəhrəmanları
yaradıblar ki, bu surətlərin haçansa var olmasına,
bu gün də diri olmasına uşaqlar ürəkdən
inanıb, uşaqlar bir yana, böyüklər də
bunları həqiqət kimi qəbul etməyə hazır
olub. Hans Xristian Andersenin Düyməciyi, Şarl Perronun
Qırmızıpapağı, Canni Rodarinin Çippolinosu,
Karlo Kollodininin Pinokkiosu, Aleksey Tolstoyun Buratinosu, Astrid Lindqrenin
Karlsonu çoxdan yalnız öz xalqlarınınkı olmaq
çərçivəsindəm çıxaraq
dünyanınkılaşıblar, elə Azərbaycan
uşaqları da bunları ekranlarda, şəkilli kitablarda o qədər
görüblər ki, hələ məktəbə gəlməmişdən
onlarla dostlaşıblar. Mən onların hamısını və
hərəsini elə onlara aid əsərlərdən bəlli
olan məziyyətləri və keyfiyyətləri ilə və
hərəsini də məxsusi vəzifəylə
"Əlifba"ma gətirdim. Onların yanında dəniz səyyahı,
əslən çinli olmuş Sindibada da, əli sehrli
çıraqlı Ələddinə də, rus
nağıllarındakı Şaxta babaya daimi yoldaş olan Qar
qıza da, öz nağıllarımızdan boylanan
Göyçək Fatmaya, Məlikməmmədə,
Tıq-tıq xanıma da yer verdim. Hazırcavab, məzəli
sözlü bir qəhrəmana da ehtiyacım vardı. Molla Nəsrəddinin
də bir zamanlar uşaq olmasını ağılda tutaraq onu
da Bala Nəsrəddin kimi bu sıraya qoşdum. Sözləri
çəpləşən, biri elə deyəndə biri də
belə deyən qoşa qəhrəmana da ehtiyacım
vardı. Onları da "Bir qalanın sirri" filmindən
götürdüm - Hadı ilə Bıdı. Cırtdan bəlli
idi, ancaq bu surətlər qalereyasında, "Əlifba"
oyunlarında çalışqan, diribaş Cırtdanın tərsi
olan, tənbəl, sözəbaxmaz, pinti, dəcəl bir surətin
də yeri görünürdü. Adını Şişman
qoyaraq Divin oğlunu da bu cərgəyə qoşduq.
İndinin uşaqları texnikaya da, texnologiyalara da çox
maildir. Bəzən yaşlılar heyrətlənirlər ki,
necə olur bapbalaca uşaqlar ilk dəfə gördüklərindəncə
əl telefonlarının dilini elə tez tapırlar ki, böyüklərə
bundan ötrü günlər lazım olur. Yazıçı
Yevgeni Veltistovun fantastik povestlərində həyat verdiyi, sonra
da kinorejissor Konstantin Bronberqin ekrana gətirdiyi Elektronik, ya
bizim ədəbiyyatda 1960-cı illərdə fantast
yazıçı Namiq Abdullayevin yaratdığı Kibersurətləri
təkan nöqtəsi oldu və mən də bunlara mahiyyətcə
uyğun bir surəti "Əlifba"dakı qəhrəmanların
sırasına qatdım - Candəmiri.
"Əlifba"nın ilk səhifəsi bu qəhrəmanları
təqdim edərək dərslərin öyrənilməsində
onlarınşagirdlərə arxa olacağını, kömək
göstərəcəyini vəd edirdi:
Şən "Əlifba" ölkəsinin
O başına bu başından
Otuz iki dayanacaq.
Olsa da bu sınaq çətin,
Tək deyilsən, möhkəm dayan!
Dostlar bələdçin olacaq.
Bunu da düşünmüşdük ki, sonda, birincilərçün
təşkil edilən "Əlifba" bayramında da o qəhrəmanlar
yenə uşaqlarla olsunlar. Bu dəfə artıq uşaqlardan
hansılarısa elə həmin qəhrəmanlarınkına
uyğun kostyumlarda məktəb səhnəsinə
çıxsınlar, hərəsi öz nəğməsini
oxusun. O surətlərin hərəsinin öz mahnısı
vardı. "Əlifba"da musiqililiyə belə çox meyil
etməyimiz səbəbsiz deyildi, bunun da məktəbçiliyimizdə
öz yaşamalı, davam etdirilməli təcrübələri
var.
Məktəbdə musiqinin, nəğmələrin
vacibliyindən vaxtilə Həsən bəy Zərdabi
yazırdı, Abbas Səhhət bəhs edirdi.
Həsən bəy Zərdabi 1906-cı ildə "Həyat"
qəzetində dərc edilmiş "Bizim nəğmələrimiz"
adlı məqaləsində belə yol göstərirdi ki, mən
bundan 7-8 il əvvəl, Bakıda rus-müsəlman məktəbləri
ilbəil açılanda müəllimlərin bir neçəsindən
şeirlər yazıb onları xoş havalar üstündə
oxumağı şagirdlərə öyrətmələrini təvəqqe
etdim. Həsən bəy davam edərək dərdini
açırdı: "Həqiqət, bir az vaxtda müəllimlərdən
bir neçəsi çox pürməna şeirlər
yazıb xoş havalar ilə onları şagirdlərə
oxutmaq öyrətdilər. Sonra bu şagirdlərdən bir dəstə
düzəldib onları teatr çıxaran vaxtlarda oxutduq. Biz
müsəlmanların belə gözlərini
açmağı xoşuna gəlməyən adamların
birisi gedib bu barədə uşqulların (məktəblərin
- R.H.) böyüyü direktora xəbər verdi. O da
şagirdlərə o nəğmələri oxumağı
qadağan etdi. Sonra bu nəğmələri cəm edib Tiflisə
senzora göndərib təvəqqe elədim ki, onları
çap etməyə və oxumağa izin versin. Və belə
izin gələndən sonra onları çap elədib Bakı
məktəblərinin şagirdlərinə və qeyri şəhərlərin
uşqullarına müftə göndərdim ki, oxusunlar").
Mirzə Ələkbər Sabirin oğlu, görkəmli
pedaqoq Məmmədsəlim Tahirli atasının Balaxanı məktəbində
dərs deyərkən dərsliklərdəki boşluqları
doldurmaqçün yazdığı uşaq şeirlərini
asan qavranılsın deyə şagirdlərə müəyyən
havacat üzərində oxuyaraq əzbərlətdiyini söyləyirdi.
Əlbəttə, Sabir təzə melodiyalar qoşan deyildi və
onun yanında bəstəkarı da yox idi ki, dar macalda
lazım olan şeirə musiqi bəstələtdirsin. El təranələrinin,
dillərdə gəzən təsniflərin qulaqlara
tanış olan motivlərini götürürdü, məlum
sözlərini onlardan ayırırdı, öz uşaq
şeirlərini həmin melodiyalar üstündə oxutdururdu.
Rəhmətlik Məmmədsəlim müəllim 1911-ci ildə
anadan olmuşdu, atasının üzünü görməmişdi,
amma bacısının xatirələrindən zehnində
atasının çox dəqiq surəti yaşayırdı.
Söyləyirdi ki, bacısının
danışdıqlarının sayəsində onda elə
atasını şəxsən görüb eşitməsi təsəvvürü
yaranıb. Sabirin vaxtilə məktəblilərə
oxutdurduğu mahnılardan da bir neçəsini bacısı
ona öyrətmişdi. Atasının məktəb şərqilərindən
birini Məmmədsəlim müəllim
"Laçın" havası üstündə oxuyurdu. Ya
"Məktəb, məktəb, nə dilguşasan"
şeirini bir başqa xalq mahnısı üzərində səsləndirirdi.
Bu minvalla "Əlifba"nı musiqiləşdirmək
təcrübəsi, bu üsulla tədrisin keyfiyyətinin
artmasına nail olmaq cəhdləri bütün dünyada
edilir və dünyada artıq dəbləşmiş, bizim
özümüzdə də ənənəsi olan belə bir
təmayüldən söz yox, biz də yan keçə bilməzdik.
"Əlifba" bayramında, bütün qəhrəmanların
qovuşduğu nağıllar şəhərində
onların hamısının birgə oxuyacağı bir nəğmə
də vardı. Bəndlərin sayını da çox
etmişdim ki, birincilərin hərəsinin ayrıca oxuya biləcəyi
öz kupleti olsun:
Bu şəhər bizim şəhər,
Bu şəhər qədim şəhər.
Yaxşıya arxa duran,
Pislərə qənim şəhər.
Hərənin ayrı dili,
Hərənin ayrı eli.
Görüşüb bu şəhərdə
Olmuşuq dost, həmyerli.
Bu şəhər tilsim şəhər,
Açarı "sim-sim" şəhər.
Axtarsa xəritədə
Tapar səni kim, şəhər?
Sehrli boxça şəhər,
Sovqatlı, xonça şəhər.
Nənələr toxuyublar,
Bu şəhər xalça şəhər.
Bu şəhər kitab şəhər,
Arzuya cavab şəhər.
Nadanlara görünməz,
Bu şəhər sərab şəhər.
Bu şəhər söz şəhəri,
Hamının öz şəhəri.
Hər sirrin için görər,
Bu şəhər göz şəhəri.
Dünəndən agah şəhər,
Başlanan sabah şəhər.
Sindibad kimi gəzər,
Bu şəhər səyyah şəhər.
Yolları hamar şəhər,
Əbədi qatar şəhər.
Çox olub sərnişinin,
Bizi də apar, şəhər.
Bulaqtək təmiz şəhər,
Hər kəsə əziz şəhər.
Olardın lal daş-divar,
Qalsaydın bizsiz şəhər.
Bu şəhər qala şəhər,
Qaldıqca qala şəhər.
Hər nağıldan bir az kəs,
Ömrünə cala, şəhər.
Bu şəhər bahar şəhər,
Daim gül açar şəhər.
Dirilik suyu içib
Həmişə yaşar şəhər.
Bu şəhər yaddaş şəhər
İlkin şəhər, baş şəhər.
Hər dildə, hər bir eldə
Nağılla adaş şəhər.
Danışar burda quşlar,
Danışar burda daşlar,
Dil açar burda ot
da,
Gül də söhbətə
başlar.
Bu şəhər raket şəhər,
Al məni, uç get, şəhər.
Bu şəhər məktəb şəhər,
Həyata maket şəhər.
Laylaya batmış şəhər,
Saatı yatmış şəhər
"Biri varmış" deyincə
Bizi oyatmış şəhər.
Dədəmlə yaşıd şəhər,
Nənəmlə yaşıd şəhər.
Babamın babasıyla,
Mənimlə yaşıd şəhər.
Böyükdən böyük şəhər
Kiçikdən kiçik şəhər.
Böyüklə böyük şəhər,
Kiçiklə kiçik şəhər.
Unudulmaz bəstəkarımız və dostumuz Rəşid
Şəfəq uşaqlarçün yazmağı və
uşaqlarla işləməyi çox sevirdi. Səbəbsiz
deyildi ki, Bakıda ilk Uşaq Filarmoniyası yaratmaq da ona nəsib
olmuşdu. "Əlifba"mdakı nəğmələr
qatarı və dərslikdəki nağıl qəhrəmanlarının
hərəsinin öz nəğməsini görüb-eşidəndən
sonra bunların hamısının qovuşuğundan məktəblilərin
iştirakı ilə bir musiqili tamaşa hazırlamağı
düşünürdü. Heyif, qismət olmadı!
Amma məktəblərimiz yerində, nəğmələr
hazır, şagirdlərimiz də həvəsli. Məktəblərimizdən
musiqi sədaları nə qədər çox ucalsa, o əziz
məkanların da, balalarımızın da həm
işığı, həm sevinci, həm ilhamı artar.
Məktəbin və məktəb illərinin öz
ömründə nə qədər əziz, nə qədər
qiymətli olduğunu insan aydınlığı ilə o
çağlardan xeyli aralanandan sonra hiss edir. Həyatı boyu
hər insanın məbədlərdən keçməsi var.
Zaman insana yaşa dolduqca bu dərsi də verir ki, üz
tutduğumuz məbədlərin ən gözəllərindən
biri elə məktəbmiş. Yaxşı kitablar, sanballı
dərsliklər də o məbədə aparan yollar kimidir. Məbədimizin
də, məbədə aparan yollarımızın da
işığı azalmasın!
22 fevral 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 1 mart(№39).- S.16-17.