Adların alın yazısı və
qonşumuzun dəli olmağı
Ömür
rapsodiyaları
Esse
Nə vaxtsa eşitmişdim ki, adların da taleyi olur.
Ya da eşitmişdim ki, adlar insan taleyinə təsir edir;
onunla bir yaşayır, ömür-gün yoldaşı olur, həyatının
bir parçasına çevrilir. Hansısa günün birində
yoldaşlıq elədiyim hansısa bir taksi
sürücüsü də belə deyirdi. Deyirdi, onun adı
başqa cür olsaydı, indi başqa yerdə olardı.
Başqa vəzifədə, başqa şəhərdə, ya
da hətta başqa ölkədə. Onun adına vəzifə
yaraşmır, pul yaraşmır, kiməsə göstəriş
vermək yaraşmır. Deyirdi, məhz adına görə
hamıyla mehribandır, heç kəsə əmr eləməz,
heç kəsin xətrinə dəyməz. Bilmirəm. Bəlkə
də, yalan deyirdi, amma mən inandım. O vaxt əlimdən
bircə inanmaq gəlirdi. Taleyindən, adından,
adının taleyindən bir xeyli giley-güzar edən qocaman
yol yoldaşım birdən hansısa dəli qonşusundan
danışmağa başladı. Deyir, indiyənə qədər
iki nəfər dəli tanıyıb - ikisi ilə də
qonşu olub, ikisinin də adı Nazim. Ha gözlədim ki,
indicə öz adına şükür edəcək, eləmədi.
Demədi ki, nə yaxşı mənim adım Nazim
olmayıb. Əvvəl kənd Əhmədlidə yaşayıb.
Deyir, dəli qonşusu qəbiristanlıqda
yaşayırdı. Orada gecələyər, orada gəzər,
orada görünərdi elə. O biri dəli Nazim isə
müharibədən sonra elə olubmuş. Doxsanların
müharibəsi. Nazimli-Nazimsiz hamının travması...
Danışıb-danışıb bir xeyli susdu. Daha bir kəlmə
də kəsmədi mənimlə. Eləcə yolumuzu getdik.
Bizim kənddə də Nazim adında bir nəfər
vardı. Kəndin bütün xeyir-şər məclislərində
görə bilərdin onu. Yasın düşər, Nazim
dadına çatar, xeyir işində Nazim bütün gətir-götür
işlərini yola verərdi. Günün birində bizim bu
Nazim də dəli oldu. Başına hava gəldi Nazimin.
Havalandı Nazim. Mən onda uşaq idim, bəlkə də,
Nazim bircə gecənin içində dəli
olmamışdı. Bəlkə, Nazimin başına hava gəlməyi
uzun, lap uzun zaman içrə olmuşdu. Bilmirəm. Amma mən
günün birində Nazimin
çığırtısını eşitdim. Diksindim.
Qorxuya düşdüm. Məktəbə gedəndə məni
görər deyə. Mənə qışqırar deyə.
Anam dedi, Nazimdir. Atam vəziyyəti bir az da açığa
çıxardı: dəli olub. Amma qorxma, uşaqlara dəyməz.
Nazimin heç vaxt heç kəslə işi olmaz.
Nazimin dəli olmağını kənddə hərə
bir cür yozdu; biri dedi, elədiklərinin bədəlidir,
biri dedi, Allah sevdiyi bəndəsini sınağa çəkər.
Amma bunların heç biri Nazimin dəli olması həqiqətini
dəyişmədi. Nazim dönüb olmuşdu dəli Nazim.
Bu ad ona əvvəlki adından daha yaxşı yaraşdı
sanki. Nazim deyəndə ağla min cilddə, min sifətdə
adam gələrdi. Amma dəli Nazim kəndimizdə bircə nəfər
idi - o da bizim qonşumuz.
Nazim dəli olandan sonra onda qəribə bir vərdiş
yaranmışdı. Hər gün qonşuluğundakı ata
evinə gedər, atasını var gücü ilə
çağırar, səsini eşitməsi ilə də
qayıdardı daxmasına. Bu, elə bir vərdişə
çevrilmişdi ki, daha heç kəs Nazimin hər gün
filan saatda gəlib haray-həşirlə atasını
çağırması, onun evdə olduğunu biləndən
sonra eləcə qayıdıb getməsi qəribə gəlmirdi.
Amma iş o yerə çatdı ki, daha Nazim hamını
bezdirdi. Atasını da bezdirdi, qardaşlarını da,
qonşularını da... Nazimə qapı açan olmadı
daha. Nazim qaldı hündür daş hasarın o üzündə,
həyətə boylana-boylana gününü keçirdi. Elə
küçədən harayladı atasını, onun evdə olub-olmamasını
küçədən yoxladı. Atası da pəncərədən
çıxıb evdə olduğunu dedi. Nazim də yenə eləcə
qayıtdı daxmasına.
Günün birində Nazimin atası öldü.
Bütün kənd yığılıb gəldi dəli
Nazimin atasının dəfninə. Bütün kənd
camaatı dəli Nazimə təsəlli oldu, ürək-dirək
verdi. Amma Nazim heç nə olmamış kimi atasını
haraylamağa başladı. Evdə olub-olmamasını
yoxlamaq istədi. Var-gəl elədi, qapını
döydü, pəncərəyə daş atdı, hasarı
yumruqladı, xeyri olmadı. Atasından səs
çıxmadı. Evdə olub-olmadığını
heç cür dəqiqləşdirə bilmədi
atasının. Ta ki kiminsə ağlına Nazimin öz dilində
danışmaq gəldi. Sən demə, Nazimin lüğətində
"öldü" sözü yox imiş. Sən demə,
Nazim "öldü" sözünün mənası
bilmirmiş.
- Atan evdə yoxdur, ay Nazim, - dedi kimsə. Laqeydcəsinə.
Bəlkə, mən yanılıram, canı yanmaq elə bu
cür olur, əsl təsəlli belə olmalıdır, bəlkə?
Amma o cümlə Nazimin qulaqlarından girib gözlərindən
çıxdı, gözləri bərəldi Nazimin. Adama elə
gəlirdi, bu dəqiqə məclisi başına alıb hərəni
bir tərəfə qovacaq Nazim. Elə bilirdin, bu saat qaynar
qazan kimi coşub-daşacaq Nazim, ya da ocaq kimi alışıb
yanacaq. Amma olmadı. Nazim dinməz-söyləməz
çıxıb getdi. Ondan sonra bir də atasıgilə gəlmədi,
onu axtarmadı.
Bir-iki ay bundan öncə eşitdim ki, Nazim
ölüb. Amma mən bu ifadəni nədənsə ayrı
cür, bax belə başa düşdüm: Nazim
atasını axtarmağa gedib.
Nihat Pir
525-ci qəzet .- 2025.- 1 mart(№39).- S.15.