Yaxın, uzaq, doğma məzarlar
Azərbaycanın ictimai fikir tarixində, milli məfkurənin
formalaşmasında, maarifçilik, xeyriyyəçilik hərəkatının
genişlənməsində, yeni tipli məktəblərin,
teatrın yaranmasında "Əkinçi" qəzeti ilə
milli mətbuatımızın əsasını qoyan Həsən
bəy Zərdabinin (Həsən bəy Səlim bəy
oğlu Məlikov - 28 iyun 1837, Zərdab - 28 noyabr 1907, Bakı)
misilsiz xidmətləri var. XIX əsrin sonlarından
üzü bu yana Azərbaycan ədəbiyyatı, mətbuatı,
mədəniyyəti tarixində demək olar ki, elə söz
sahibi tapmaq çətindir ki, Həsən bəyin millətin
tərəqqisi yolundakı fədakar və bənzərsiz əməyini
yüksək dəyərləndirməsin. Bu barədə
düşünəndə isə ağlıma ilk gələn
Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni, mətbuat
və istiqlal uğrunda mücadilə tarixində parlaq iz qoymuş
yazıçı-publisist, naşir, redaktor, tərcüməçi,
dövlət xadimi, diplomat Ceyhun Hacıbəylinin H.Zərdabinin
ünvanına söylədiyi "Azərbaycan mədəniyyətinin
pioneri" ifadəsidir. Amma millətə ömrünü fəda
edən bu pionerin taleyi şərəfli olduğu qədər
də, kədərli olub...
Sağlığındakı çətinliklər,
sıxıntılar bir yana, H.Zərdabi dünyasını dəyişəndən
sonra da onun nə cismi, nə də ruhu rahatlıq tapıb.
1907-ci ilin noyabrın 28-də vəfat edən Həsən bəy
böyük izdihamın müşayiəti ilə, gurultulu və
təntənəli çıxışlardan sonra Bayılda -
Bibiheybət məscidinin həyətində dəfn olunur.
1937-ci il represiyyasının soyuq küləkləri yerin
altındakı millət fədailərini də sınağa
çəkir: H.Zərdabinin də dəfn olunduğu məzarlıq
yol çəkmək bəhanəsi ilə bir gecənin
içərisində dağıdılır, viran qoyulur. Mərhumun
sahibsiz sümükləri, deyilənlərə görə,
gecə ilə qəbirdən çıxarılır və
naməlum istiqamətə aparılır.
Unudulmaz müəllimimz Abbas Zamanovun səyi sayəsində
Həsən bəyin sümükləri Yasamal qəbiristanlığından
- həyat yoldaşı Hənifə xanımın məzarına
bitişik yerdə basdırılmış yeşikdən
tapılır və Fəxri xiyabanda dəfn edilir... Amma məsələ
burasındadır ki, mən Yasamal qəbiristanlığında
uzun müddət axtarış apardıqdan sonra Hənifə
xanımın məzarına rast gəlmədim. Yalnız Həsən
bəy Zərdabinin qızı Qərib Sultanın
baxımsız qəbri ilə rastlaşdım...
Bir haşiyə. Bu yaxınlarda bir mühacir ədibin
- İsmayıl Saryalın əsərlərinin izi ilə AMEA
tərəfindən Ankaraya ezam olunmuşdum. İ.Saryalın
Azərbaycan sevdalı nəvəsi Nilgün xanım Saryalla görüşdüm,
müəyyən sənədləri, o cümlədən
İsmayıl Saryalın "Bakı rüzgarı"
memuarının makina yazısının surətini əldə
etdim. Yeri gəlmişkən qeyd edim ki, həmin əsərin
Ankarada (Poyraz ofset, Ankara, 1997,
294 s.) və Bakıda ("Xan" nəşriyyatı,
Bakı, 2017, 384 səh.) nəşr edilməsinə baxmayaraq,
memuarın makina yazısını əsas götürməklə
müvafiq qaydada elmi nəşrinin hazırlanmasını və
AMEA-nın "Azərbaycan mühacirət ədəbiyyatı
kitabxanası" seriyasından çapı məqsədəuyğun
olardı.
Onu da vurğulamağı lazım bilirəm ki, Azərbaycan
Respulikası Milli Arxiv İdarəsinin rəisi, professor
Əsgər Rəsulov Salman Mümtaz adına Dövlət
Ədəbiyyat və İncəsənət Arxivində
"İsmayıl Saryal fondu" yaratmaq istəyimizi məmnuniyyətlə
qəbul etdi və inanıram ki, yaxın vaxtlarda, arzulayanlar
belə bir fondla tanış ola biləcəklər.
Qayıdıram mətləbə. Ankaraya səfərim
zamanı İsmayıl Saryalın
və onun oğlu T.C. Orta Doğu Texniki Universitetinin təməlini
qoyanlardan biri professor Nuri Saryalın Karşıyaka məzarlığındakı
qəbirlərini Türkiyənin tanınmış ədəbiyyatşünaslarından
doktor Şakir Dicləxanla birlikdə ziyarət etdik.
Ucu-bucağı görünməyən məzarlığı
gəzərkən bizi müşayiət edən qəbiristanlıq
işçisi "Buralarda bir neçə qafqasyalı məzarı
da var" - dedi və bizi həmin istiqamətə apardı.
Orada... Həsən bəy Zərdabinin oğlu, Cümhuriyyət
tələbələrindən olmuş mühəndis, memar,
publisist Saffet Zərdabinin, onun həyat yoldaşı Nəfisə
Məlik Zərdabinin dağılmaqda olan qəbirləri ilə
rastlaşdıq...
Fəxri xiyabanda uyuyan, tez-tez məzarının üzərinə
təzə-tər gül-çiçək dəstələri
düzülən, dərin ehtiramla xatırlanan Həsən bəy
Zərdabinin övladlarının qəbirlərinin
abadlaşdırılması da o dahi şəxsiyyətin
ruhunu şad edərdi.
27.02.2025.
Abid TAHİRLİ
525-ci qəzet .- 2025.- 1 mart(№39).- S.15.