"Kütləni cəlb etmək
üçün onların dolaşdığı yollarla getməliyik"
ƏSA TEATRININ RƏHBƏRİ NİHAD QULAMZADƏ: "Vaxtilə
"belə teatr olmaz" deyənlər indi bizimlə işləmək
istəyirlər"
Müsahibimiz teatr və kino rejissoru, prodüser,
ssenarist, İnklüziv ƏSA Teatrının təsisçisi
və rəhbəri Nihad Qulamzadədir. O, Akademik Dram
Teatrında nümayiş olunan "Müharibə" və
"Sənsiz", ƏSA Teatrında nümayiş olunan
"Hamlet", "Çıxış yoxdur",
"Qonşu", "Xəsisin andı" və
"Adamlar və siçanlar" kimi tamaşaların
quruluşçu rejissorudur.
Nihad Qulamzadə ilə söhbəti oxuculara təqdim
edirik.
- 18 yaşında teatr yaratmaq qərarına gələn
Nihad Qulamzadə başqalarında özünə
qarşı inamı necə yaratdı?
- Sözün açığı, həmin dövrlərdə
yaşımı elan etməyi sevmirdim. Çünki 18
yaşında kiminsə teatr yaratmağı normal
düşüncədə olan insanlara absurd
görünürdü. İndi dönüb geriyə boylananda
mənə də qəribə gəlir ki, o enerji mənə
necə gəlmişdi, o gücü haradan
tapmışdım, başqalarından əlavə,
özümdə o inamı necə yaratmışdım. Bunlar
hamısı, düşünürəm ki, yavaş-yavaş,
mərhələli şəkildə oldu. Bu ideyanı ilk dəfə
qardaşımla bölüşdüm. O mənə etiraz etsəydi,
desəydi ki, gəl gedək başqa işin qulpundan
yapışaq, yəqin həvəsdən düşərdim.
Həm də bunu ilahi məqam kimi dəyərləndirirəm.
Bu prosesdə mənfi heç bir hadisə baş vermədi.
Truppaya ilk yığdığımız şəxslər
belə mənə demədilər ki, məni özünə
inandır. Hər kəsdə bir enerji, bir inam var idi və bu
enerji də ƏSA Teatrının yaranmasına gətirib
çıxardı.
- ƏSA Teatrının rejissoru olmaq digər
hansısa teatrın rejissoru olmaqdan fərqlidirmi?
- Yox, fərqli deyil. Rejissor mühitdən asılı
olmayaraq öz işini icra etməlidir. Truppa, səhnə,
iş atmosferi fərqli ola bilər, amma fərqli deyil. Məni
heç nə fərqləndirmir. ƏSA Teatrında necəyəmsə,
Akademik Dram Teatrında da elə olmuşam.
- Artıq gələn il teatrın 10 illiyidir. Bu illər
ərzində teatr nələr qazandı, nələr itirdi?
- Açığı, teatr yarananda insanlarda, daha
çox isə teatr aləmində belə bir fikir var idi ki, ən
çox altı-yeddi ay fəaliyyət göstərəcəyik,
sonra sönüb gedəcəyik. Çünki həmin
vaxtlarda özəl teatrlar yaranırdı, hər hansı bir
tamaşa nümayiş olunurdu, daha sonra həmin teatrdan səs
çıxmırdı. Amma 10 il artıq onu göstərir
ki, ƏSA Teatrı öz sözünü deməyi
bacardı. 10 il ərzində dövlət teatrları ilə
rəqabətə girəcək səviyyəyə gəlib
çıxmışıq. İşlərimiz göz
qabağındadır. 25 fevralda "Hamlet" tamaşı
nümayiş olundu və həmin tamaşaya bütün
biletlər satılmışdı. Həmin tamaşa bu
gün oynanılır, səhər 50-60 nəfər adam
yazır, tamaşanın yenidən nümayişini istəyir.
Artıq tamaşaçılar teatrımıza gəlirlər,
tamaşalarımıza maraq var. "Adamlar və
siçanlar" tamaşasının xüsusi kütləsi
var. İlk növbədə, biz tələbat
formalaşdıra bildik. Bu gün ƏSA Teatrına tələbat
var. Yekun olaraq deyə bilərəm ki, bu teatr daim fəaliyyətdə
olacaq. Teatr ilk yaranandan o qədər çox problemlə
qarşılaşmışıq ki. Təhlükəli, həyəcanlı
məqamlar yaşamışıq, teatr səfil günlər
görüb, amma buna baxmayaraq, çətinliklərdən
üzüağ çıxmışıq. Burada artıq elə
bir qüvvə formalaşıb ki, o qüvvə həmişə
var olacaq. Sadəcə bircə istəyimiz var, bu da artıq
bir müddət sonra tələbə çevriləcək
- dövlət statusu məsələsi.
Çünki kifayət qədər heyət var və həmin
aktyorların da kifayət qədər təcrübəsi var.
Artıq onlar üçün də nələrsə
olunmalıdır.
- "Əngəlsiz, Sərhədsiz, Azad"
teatrın qarşısında təəssüf ki, bir əngəl
var. 10 ilə yaxındır fəaliyyət göstərməyinizə
baxmayaraq, daimi məkanınız, teatr binanız yoxdur.
- Bu, təəssüf ki, çox qəliz məsələdir.
Uzun müddət ofisdə fəaliyyət göstərmişik,
illərlə icarə pulu ödəmişik və həqiqətən
yüz min manatdan çox icarə pulu ödəmişik.
Şəxsən mənim evim yoxdur, ipotekada yaşayıram.
Ofislərə verdiyim pulu şəxsi həyatımda istifadə
etsəydim, ən azı evim olardı. Amma təbii ki,
peşman deyiləm, çünki o əziyyətləri
çəkməsəydik, bu yerlərə gəlib
çıxmazdıq. Hazırda bina məsələsinə
real yanaşmıram. Çünki otuz ildən çox fəaliyyətdə
olan "Yuğ" teatrının binası yoxdur. Həll
oluna bilsəydi, elə birinci həmin teatrın bina məsələsi
həll olunardı. Amma təəssüf edirəm ki, dayanmadan
proyektlər, layihələr baş tutur, restoranlar
açılır. Baxırsan ki, boş məkanlar var. Məsələn,
Qış parkının yanındakı köhnə hospital
tamamilə boşdur, orda bəlkə də, altı teatr fəaliyyət
göstərə bilər. Amma təəssüf ki, bu məsələyə
diqqət göstərilmir.
- ƏSA Teatrı tənqidlərə necə
müqavimət göstərir?
- Düşünürəm ki, bu məsələdə
teatrın heyəti dözümlüdür. Çünki
teatr yarananda böyük səs-küyə səbəb oldu və
həmin səs-küyün yetmiş faizi tənqid idi. Vaxtilə
"belə teatr olmaz" deyənlər indi bizimlə işləmək
istəyirlər. Mən də tənqidə
dözümlüyəm. Düşünürəm ki, bu da
ƏSA Teatrına gələn tənqidlərdən
qaynaqlanır. Yaxın dostlarımdan olan teatrşünas Emin
Əliyev "Hamlet" tamaşası xaric, bircə dəfə
də olsun heç bir tamaşamı ürək dolusu tərifləməyib.
Amma mən onunla hələ də dostam və tənqidini səmimi
qəbul edirəm. Tərifləsə, daha maraqsız olar.
Teatrı da, tamaşaları da çox tənqid edənlər
olub. 2021-ci ildə bütün dövlət və özəl
teatrların iştirakı ilə keçirilən festivalda
ƏSA Teatrı birinci yerə çıxdı.
Qısası, tənqidlərə reaksiyamız belədir
(Gülür).
- Maraqlıdır ki, pandemiya dövründə digər
teatrlardan fərqli olaraq, ƏSA Teatrı fəaliyyət
göstərirdi. Sizi buna təhrik edən nə oldu?
- Yəqin ki, romantika və teatra olan sevgi. O dövrdə
dövlət teatrlarını tənqid edirdim ki, sizin resursunuz
daha çoxdur və teatrın aktivliyi üçün daha
çox fəaliyyət göstərə bilərsiniz. Mən
ümumiyyətlə, analitik məsələləri sevirəm.
Düşünürəm ki, yaradıcı insanın
marketinq tərəfi də olmalıdır. Pandemiya vaxtı
bilirdim ki, pandemiyadan sonra teatrlarda tamaşaçı kütləsi
daha da çoxalacaq. Çünki insanlar məcburi
asosiallaşdıqca daha çox kütlənin içində
olmağa maraq göstərirdilər. Bu gün təkcə
teatra yox, konsertlərə də kifayət qədər
axın var. Pandemiyadan əvvəl başı səs-küy
götürməyən, heç yerə getməyən
insanlar belə karantindən sonra sosiallaşmağa, kütlə
olan yerlərə getməyə başladılar. Buna görə
də, məcbur idik ki, pandemiya dövründə mübarizə
aparaq. Artıq normal həyata qayıdanda ƏSA Teatrı
yatıb qalmamışdı, aktiv idi və tez adaptasiya oldu.
- Bir çoxlarının fikrincə, bu gün teatra
maraq azdır. Bəs siz bu barədə nə
düşünürsünüz? Ümumiyyətlə,
tamaşaçını teatra cəlb etmək
üçün nə edirsiniz?
- Orta əsrlərdən başlayaraq heç bir
dövrdə teatrda böyük kütlə olmayıb. Teatr sənətə
çevrildikcə onun tamaşaçı kütləsi də
yığcamlaşıb. Düşünürəm ki,
beş il əvvəl teatra maraq çox az idi. Çünki
teatrlar tamaşaçı ilə kommunikasiya qurmağı
bacarmırdı. Dövrlə ayaqlaşa bilmirdilər. Hələ
indi-indi teatrların sosial şəbəkə hesabları var,
kommunikasiya qurmağa çalışırlar. Bunun sayəsində
bir axın yaranır. TikToku çoxumuz pisləyirik, amma teatra
ayaq açanların çoxusu elə orada olan tamaşa səhnələrini
izləyib bura gəlirlər. Artıq demək olar ki,
başımızı qaldırıb şəhərdə
olan elanlara baxmırıq, əhəmiyyət belə vermirik.
Hamı telefondadır, bütün bizneslər sosial şəbəkədədir.
Sədərəkdə tikinti məhsulu satan bir şəxs
var. Elə möhtəşəm videolar çəkir. Təsəvvür
edin, əlinə əlcək geyinir, əlcəyi
yandırır və deyir əlimyandıda məhsul
satıram. Beləcə, həmin şəxsin videosuna bir
milyon baxış gəlir. Təbii ki, demirəm, teatrda TikTok
videoları çəkək. Amma kütləni cəlb eləmək
üçün onların dolaşdığı yollarla getməliyik.
ƏSA Teatrı da yarandığı vaxtdan dövrlə
ayaqlaşmağa çalışır, bir sıra yeniliklər
edib. Bunu teatr sahəsində olan şəxslər də etiraf
ediblər. Düşünürəm ki, ƏSA Teatrı
dövlət teatrlarına da müəyyən qədər
istiqamət verib.
- Son zamanlarda teatr və kino sahəsində
yaşlı nəsillə gənc nəsil arasında fikir
ayrılıqları, mübahisələr yaranır. Siz belə
hallarda necə davranırsınız?
- İndiyə qədər mənim fəaliyyətimdə
elə bir problem olmayıb, çünki mən aktyorları
yaşına görə fərqləndirmirəm. Mənim
üçün aktyor aktyordur. Ola bilər ki, rejissor kimi
intellektual, təcrübəsi çox olan aktyordan tövsiyə
alım, hər hansı fikir mübadiləsi olsun. Amma
heç kim mənim işimə müdaxilə edə bilməz.
Elədirsə, get, elə özün qur da tamaşanı.
Rejissor şəraiti qurmaq üçün, diktə etmək
üçün var. Tamaşada aktyor fikri demirik, rejissor fikri,
aktyor ifası deyirik. İmkan verin, rejissor fikrini
çatdıra bilsin.
- ƏSA Teatrı kimlər üçün əsa
rolunu oynadı?
- Vallah, elə mənim üçün də bu teatr əsa
rolunu oynayıb. Teatrın təxminən otuz nəfərlik
heyəti olsa da, üç yüzdən çox insan buradan gəlib
keçib. Tramplin kimi istifadə edənlər də olub, bu
teatrdan sonra öz yeni fəaliyyət sahəsində daha da
möhkəmlənənlər olub. ƏSA Teatrı deyəndə
mən özümü nəzərdə tutmuram, ƏSA - bir
qüvvədir, enerjidir, biz onun ətrafına
toplaşmışıq. Sadəcə o işığı
birinci mən görmüşəm, hamını da o
işığın ətrafına toplamışam. Bu
işıq çoxlarının həyatında mayak rolunu
oynayıb.
Ləman İLKİN
525-ci qəzet .- 2025.- 1 mart(№39).- S.14.