"Çaşıb pilləkənin
ikisini birdən düşəndə səhərisi
özünü sosial şəbəkələrdə
görürsən"
AZƏRBAYCAN TEATR XADİMLƏRİ İTTİFAQININ
SƏDRİ, XALQ ARTİSTİ HACI İSMAYILOVLA SÖHBƏT
Bu həftə Novruzun ilk çərşənbəsini
qarşıladıq. Özü də qarlı-şaxtalı
bir gündə. Bakı çoxdandır belə kəskin
soyuq hava və qar görməmişdi. Elə bil kiçik
çillə çıxhaçıxda sərt
üzünü göstərib sözünü demək istədi.
Amma məşhur bir mahnıda deyildiyi kimi: "Təbiətin
pis havası yoxdur. Hər havanın öz neməti var". Bəli,
təbiətin hər fəsli özünə xas olanları
göstərməlidir, bizlər də gileylənmək əvəzinə
bunu qəbul etməliyik, işimizə lənglik gətirsə
belə. Bu arada, işi ləngiyənlərdən biri elə
özüm oldum. Növbəti müsahibimizlə
görüşümüz iki dəfə təxirə
düşdü, amma sonunda oxucularla ənənəvi şənbə
görüşünə yetişə bildik.
Şöbə müdirimizin mənə bir tövsiyəsi
var: "Müsahibi yaxşı-yaxşı araşdır ki,
onu tanıyasan və sual yükünü tuta biləsən".
Bu sarıdan sosial şəbəkələr yaxşı ki,
köməyə gəlir. Və bəzən üzdə olan
bir məşhur haqqında elə bir məlumat öyrənirsən
ki, bilmədiyini bilmiş olursan. Elə bugünkü
müsahibimiz kimi...
Onu hamı tanıyır... Bir sənət adamı,
hamı tərəfindən maraqla qarşılanan müxtəlif
obrazların aktyoru, teatr və kino xadimi və bir qurumun rəhbəri
kimi. Elə mən də belə tanıyırdım,
müsahibədən əvvəl bir ortaqlığımızı
bilənə qədər. Öyrəndim ki, hər ikimiz eyni
orta məktəbdə eyni müəllimlərdən dərs
almışıq. Söhbətimizə körpü salan da elə
bu eynilik oldu.
Müsahibimiz Azərbaycan teatr və kino aktyoru,
respublikanın Xalq artisti, Azərbaycan Teatr Xadimləri
İttifaqının sədri Hacı İsmayılovdur.
- Sizinlə eyni məktəbin məzunlarıyıq. Təkcə
adı yetər ki, bununla öyünək - 190 saylı məktəb...
- Əlbəttə, öyünməyə dəyər.
O dövrlərdə məktəblərin sayı indiki qədər
çox deyildi və əsasən də direktorları ilə
tanınırdı. Çünki onlar sözün əsl mənasında
həm müəllim idilər, həm pedaqoq idilər və
çox böyük diqqət göstərirdilər ki,
şagirdlər yüksək təhsil alsın. Həmin o məktəblərin
arasında 190 saylı məktəbin deyərdim ki, çəkisi
çox ağır idi. Səbəbini isə hamı bilirdi,
çünki həmin məktəb daha çox Sona
Tağıyevanın məktəbi adını
qazanmışdı və bu ad özlüyündə
bütün sualların cavabıdır.
- Bununla belə aramızda dəcəllər də
vardı, macəra axtaranlar da...
- Bu da təbiidir. Heç uzağa getməyim, elə
özümü götürüm. Sözə qulaq asan
şagird olmamışam. Kifayət qədər dəcəlliyim
olsa da, orta səviyyədə oxumuşam. Ədəbiyyat,
tarix və idman dərslərini çox sevirdim. Ən sevincli
günlərim bir idman dərsi olanda idi, bir də bizi teatra
aparanda.
- Deməli, teatrı kiçik yaşlarından
sevmisiniz...
- Təkcə sevməmişəm, sənətə
ilk addımlarım da məktəbdən başlayıb.
- Yəqin ki, bir tarixçəsi var...
- Var, dörd, ya beşinci sinifdə oxuyanda görkəmli
kinorejissor Tofiq İsmayılov məktəbdə dərnək
açdı və biz şagirdləri ora dəvət etdi.
Yazıçı Novruz Gəncəlinin "Gənc ustalar"
adlı birpərdəli əsəri vardı. Əsərin
qısa məzmunu da belə idi ki, gənclər tətildə
tikintiyə işləməyə gedir. Aralarında Mahmud
adlı bir tənbəl vardı və həmin rolu da rejissor mənə
vermişdi. Hamı işləyirdi, Mahmud isə bütün
günü uzanaraq ancaq tütək çalardı. Müəllmlər,
şagirdlər hamısı tamaşaya baxmağa gəlmişdi.
Səhnəyə çıxanda onları görüb
özümü itirdim və ilk sözün əvəzinə
sonuncu sözü dedim. Hiss etdim ki, zalda oturanlar da, səhnədəki
uşaqlar da mənə baxır. Bir anlıq duruxdum, lakin sonra
özümü toplayıb qayıtdım
çıxışımın əvvəlinə və
tamaşa davam elədi. Tamaşadan sonra hələ bir
qürurlandım ki, gördünüz, çaşsam da,
özümü itirmədim. İlk addımım belə
başladı.
- Sonra davamı gəldi...
- O zamankı 26-lar adına Mədəniyyət
Sarayında dram dərnəyi vardı, rəhbəri isə
Xalq artisti Lütfi Məmmədbəyov idi. Sonradan bu dərnək
Xalq Teatrına çevrildi. Ümumiyyətlə, sovet
dövründə Xalq Teatrlarının inkişafına diqqət
çox idi. Görkəmli sənətkarların əksəriyyəti
həmin Xalq Teatrlarından çıxıb. Mən də məktəbi
bitirənə qədər həmin teatrda iştirak etdim,
tamaşalarda oynadım. Beləcə, mənim gələcək
həyat yolum müəyyənləşdi. Məktəbi bitirəndən
sonra M.A.Əliyev adına Teatr İnstitutuna sənədlərimi
verdim. Lakin birinci imtahandan kəsildim. İmtahanı da mərhum
rejissor Adil İsgəndərov götürürdü. Onun bir
cəhəti vardı, aktyorun boy-buxununa, aktrisaların xarici
görünüşünə çox diqqət edərdi. Bu
baxımdan onun siyahısına düşmədim. İkinci il
imtahanı görkəmli rejissor Mehdi Məmmədova verdim.
Onda da ritm tutumunda bir şaşqınlıq yaşadım və
yenə də kəsildim.
- Bu gününüzə baxsaq, yaman inadkar olmusunuz...
- Çünki mənim yolumu 9-10 yaşlarımda
Mahmud əlində tütəklə artıq
cızmışdı. Amma o dövrün öz tələbləri
vardı, ali məktəbə təkrar sənəd verərkən
əmək stajı tələb olunurdu. Birinci dəfəki
uğursuzluqdan sonra qardaşım məni Tütün fabrikində
işə düzəltdi. İkinci dəfədən sonra isə
Lütfi Məmmədbəyova müraciət edib vəziyyətimi
başa salıb bildirdim ki, üçüncü cəhdi də
etmək fikrindəyəm, buna görə işləməliyəm.
Soruşdu ki, teatrda işləmək istəyərsən? Təbii
ki, cavabım "işləyərəm" oldu və məni
Gənc Tamaşaçılar Teatrına gətirdi. Teatrın
baş rejissoru Zəfər Nemətovla danışandan sonra mənə
dedi ki, səni işıqçı sexinə qəbul edəcəklər.
Mənim üçün əsas o idi ki, teatrda işləyəcəyəm.
Bu bir ildə teatrın həm texniki işlərinə bələd
oldum, həm də bütün tamaşaları izləmək
imkanı qazandım. İmtahan vaxtı teatrın verdiyi xasiyyətnamə
ilə birlikdə sənədlərimi verdim. İmtahan
komissiyasının sədri Xalq artisti Rza Təhmasib idi.
- Əbəs yerə atalar üçdən deməyib
ki... Arzuladığınız Dram və kino aktyorluğu
fakültəsinə daxil oldunuz...
- Qəbuldan sonra bizim kursu iki yerə böldülər
və mən Məlik Dadaşovun kursuna düşdüm. Bu cəhətdən
özümü şanslı hesab edirəm ki, sənətin
ilk sirlərini, xırdalıqlarını mənə öyrədən
görkəmli sənətkarımız oldu.
Üçüncü kursdan isə bizim kursu teatr rejissoru,
pedaqoq Nəsir Sadıqzadə götürdü, tamaşalar
hazırladı və sona qədər apardı.
- Və əlinizdə aktyor diplomu gəldiniz
Sumqayıt Dövlət Dram Teatrına...
- Yox, hələ gəlmədim. Ona görə ki,
sonuncu kursun fevral ayında bizi göndərdilər İrəvana.
Bu, 1967-ci il idi və orada C.Cabbarlı adına İrəvan
Dövlət Teatrının açılışına
hazırlıq gedirdi. Əslində 20-ci illərdə orada
teatr olub sonra bağlanıb, yenidən açılıb, yəni
"mehriban" qonşularımız imkan verməyib ki, teatr
öz ömrünü yaşasın. Amma son olaraq
C.Cabbarlının adını daşımaqla teatrın fəaliyyəti
bərpa olunub. Teatr dramaturqun "Sevil" tamaşası ilə
öz açılışını etdi və orada Məmmədəli
bəy rolunda çıxış etdim. Burada bir haşiyə
çıxmaq istəyirəm. Teatrın
açılışında mütləq ki bir erməni məqsədi
vardı. Onlar Bakıda erməni teatrının
açılması kimi bir niyyətdə idilər. Baxmayaraq
ki, o zaman Xankəndində erməni teatrı vardı, rahat fəaliyyət
də göstərirdi, daha bir teatrı Bakıda da açmaq
istəyirdilər. Nə yaxşı ki, o zaman bizim başbilənlərimiz
buna imkan verməyib dedilər ki, Xankəndindəki teatr kifayət
edər. Beləcə, yarım il İrəvan teatrında
çalışdım, lakin Bakıya qayıtmalı oldum,
çünki valideynlərim çox yaşlı idilər,
onların yeganə övladı mən idim. Bir il Teatr
İnstitutunda Səhnə danışığı
kafedrasında assistent işlədim və rəhbərlik məni
Moskvaya ikiillik kursa göndərmək istəyəndə, mən
bundan imtina etdim. Həmin ərəfədə Sumqayıt
Teatrı açıldı və mən yalnız aktyor olmaq
istəyirdim. İki il Sumqayıt teatrının səhnəsində
rollarım oldu. Son olaraq 1970-ci ildə Milli Akademik Dram
Teatrına gəldim və bu günə qədər
teatrın səhnəsindəyəm. Keçdiyim keşməkeşli
yolun qısa tarixçəsi bax belədir.
- Dram və kino aktyorluğu sənətinə yiyələnən
Hacı İsmayılovun yaradıcılığında hər
ikisi var. Teatr da, kino da...
- Hər ikisini sevirəm, amma teatr aktyoru kimi fəaliyyətə
başlamışam, çünki istəyim bu idi. Onu da etiraf
edirəm ki, kinoya da çəkilmək həvəsində
olmuşam. Lakin o dövrdə kinostudiyada elə aktyorlar
çəkilirdi ki, özümü onlarla müqayisə belə,
edə bilməzdim və düşünürdüm ki, bu,
baş tutan sevda deyil. Lakin xoş və gözlənilməz
bir hadisə baş verdi. Görkəmli kinorejissor Rasim Ocaqov məni
"Ad günü" filminin foto-sınağına dəvət
etdi. Bu dəvətdən çox sevindim, iştirak etdim və
sınaq uğurlu alındı. Hətta fotolara baxanda
inanmadım ki, bu, mənəm. Səmimi, təbii fotolar
alınmışdı. Ondan sonra çəkiliş
sınaqları başladı və Bədii Şura məni
Mustafa roluna təsdiq etdi. Məni kino aktyoru kimi tapan, kəşf
edən, tamaşaçıya təqdim edən Rasim Ocaqov olub.
Onun beş filmində rol aldım, fəqət "Ad
günü" və "Həm ticarət, həm ziyarət"
filmində Mustafa obrazına görə bir oxşarlıq var.
- Söhbətimizdə bu obraza ayrıca yer
ayırmışam. Ondan başlayaq ki, Mustafa çox
fağırdı...
- Bilmirəm niyə Mustafanı hamı fağır
kimi görür. Mustafa çox saf, vicdanlı insandır. O, qətiyyən
sadəlövh deyil, sadəcə insanlara inanır və bu
inam da sonda xoşagəlməzliyə gətirib
çıxarır. "Ad günü"ndəki Mustafada
büllur saflığı var. Rola o qədər aludə
olmuşdum ki, bir də gördüm film bitib. "Həm ticarət,
həm ziyarət"dəki Mustafa isə tamam başqadır.
Orada ayıq olmaq lazım idi, münasibətlər tamam
başqa idi. Burdakı Mustafanı tamaşaçı əsəbləşən
də görür, məğmun vəziyyətə
düşdüyünü də. Nəyisə tapır, nəyisə
itirir, lakin yeri gələndə öz xasiyyətini göstərir.
Mustafaya fağır deməyək, o, saf, işini sevən,
savadlı bir müəllimdir.
- Artıq tamaşaçının görüb,
tanıyıb, sevdiyi Mustafaya rejissor 18 ildən sonra yenidən
müraciət etdi...
- Rasim Ocaqov həm qəribə, həm də çox
maraqlı insan idi. Torpağa möhkəm
bağlılığı vardı, doğulub
böyüdüyü Şəkini fərqli bir məhəbbətlə
sevirdi. "Ad günü" filmində o, istədiyini öz
camaatına tam şəkildə ötürə bilmədi,
hiss etdi ki, nəsə yarımçıq qalıb. Faktiki
olaraq birinci filmdə Mustafanın xarakteri tam
açılmır. Rejissor anladı ki, Şəkini ürəyincə
tərənnüm edə bilməyib və bunun dolğun davamını
düşünüb. Ona görə də ikinci filmdə
Mustafa daha vətənpərvər, daha mübariz bir
obrazdır və çəkiliş masştabı daha
genişdir. Film həm Şəkidə, həm Bakıda, həm
də İstanbulda çəkilib. Yəni ikinci Mustafaya ehtiyac
var idi.
- Günümüzdə Mustafa kimi müəllimin
prototipini tapmaq o qədər asan olmaz...
- Məncə, tapmaq olar və mütləq ki var.
Əminliklə öz müəllimlərimizi nümunə
göstərə bilərəm. Ədəbiyyat müəllimimiz
vardı Zərbəli Səmədov, tək öz sahəsini əhatə
etməzdi. Mədəniyyətə çox önəm
verirdi, bizi istiqamətləndirirdi. Belə müəllimlər
görmüşük deyə, indikilərlə onların
müqayisəsi bir araya gələ bilməz. Çünki
onlar tək müəllim deyildi, həm də pedaqoq idilər.
İstənilən halda müəllim çox şərəfli
addır.
- Mədəniyyətimizin bu günü...
- Azərbaycan tarixən zəngin mədəniyyət
sahibi olub. Bu zənginlik mədəniyyətimizin bütün
sahələrini əhatə edir. Dünyada iki-üç belə
ölkə ola bilər ki, onlardan birincisi elə Azərbaycandır.
Biz sənətkarlar belə zənginliyin içində
yetişərək, bu gün ona xidmət edirik. Zamanın
bütün mərhələlərində Azərbaycan mədəniyyəti
inkişaf edərək dünyaya səs sala bilib. Bu zənginlik
bizim sərvətimizdir və mədəniyyətimizlə hər
zaman fəxr etmişəm.
- Teatrın pərdəarxası çəkişmələr
kimi bir imici də var...
- Əslində bu çəkişmələr hər
yerdə var, nədənsə teatr daha çox gözə
çarpır. Cəmiyyət müxtəlif xarakterli insanların toplumudur. Bu
toplumun yolları müxtəlif sahələrdə kəsişir.
Hadisəyə hərənin öz baxışı, öz məntiqi
yanaşması, öz münasibəti, öz qavrama səviyyəsi
var. Bütün bunlar bir ortaq məxrəc tapa bilməyəndə,
çevrilib olur çəkişmə. Bilirsiniz, teatrda
bütün dövrlərdə intriqalar olub, sadəcə bu
münasibətlər ictimaiyyətə gedib çatmayıb,
cəmiyyətin onlardan xəbəri belə, olmayıb. Bu
gün informasiya bolluğunda insan nəfəs ala bilmir.
Çaşıb pilləkənin ikisini birdən düşəndə
səhərisi özünü sosial şəbəkələrdə
görürsən. Necə deyərlər, cidanın
çuvalda gizlənmədiyi bir zəmanədəyik və
çəkişmələrin olmamasını daha məqbul
sayıram. Bir də bu çəkişmələrin,
dedi-qoduların olmaması teatrın rəhbərliyindən də asılıdır. İş nə
qədər çox olarsa, pıçhapıça vaxt
qalmaz.
- Teatr və aktyordan danışaq bir az...
- Bu suala konkret cavabım olacaq. Teatr haqqında
çox epitetlər deyilir. Mənim nəzərimdə teatr
insanın yaratdığı bir möcüzədir. Aktyor isə
özgələrinin həyatını öz həyatı
kimi, öz həyatını özgələri kimi yaşayan
yaradıcı insandır.
- Yəni dondan-dona girməyi bacarandır aktyor. Bunun
asan və çətin tərəfləri yəqin ki var...
- Müqayisədə teatrda asandır. Rola uyğun
geyimlə, qrimlə, yapışdırılmış bığ-saqqalla,
səsinin tembrilə tamaşaçını inandıra
bilirsən. Teatrda sən səhnədəsən,
qarşında auditoriya var və bir nöqtəyə
baxırsan. Kinoda isə müxtəlif planlar var, kadrların fərqli
məsafələri var, üz cizgilərinin mimikası var, yəni
kino səmimiliyi və təbiiliyi sevir.
- Ömrünüzün 80 ili arxada qalıb. Geri
boylananda yəqin ki, heyifsilənəcək nəsə
qalıb o illərdə...
- Bir məqam olub. Mənim anabir-ata ayrı ögey
qardaşım vardı. O, ticarət sahəsində işləyirdi
və mənim incəsənətə, teatra olan həvəsimi
görəndə həmişə düşünürdü
ki, bu uşaqdan böyüyəndə kim olacaq və mənə
qarşı münasibəti qeyri-müəyyən idi. Lakin
zamanla teatrda, kinoda uğurlarımı görəndən sonra
mənimlə fəxr etməyə başladı. Bu o dövr
idi ki, artıq Dövlət mükafatı laureatı, Əməkdar
artist idim. 2000-ci ildə Xalq artisti adına layiq görülən
günü o, dünyasını dəyişdi. Dəfn mərasiminə
gələnlər bilmirdilər mənə
başsağlığı versinlər, yoxsa təbrik etsinlər.
Heyifsilənirəm ki, qardaşım nə bunu, nə də
sonrakı uğurlarımı görə bildi.
- Haqqınızda onu da bilirəm ki, içərişəhərlisiniz...
- Düzdür... Gözəl günlərimin xatirələri
qalıb o qala divarlarının arxasında. Doğulub
boya-başa çatdığım üçmərtəbəli
mülkün sahibi Mehralı kişi idi, özü də evlərin
damlarına qırbasanların böyüyü idi. Amma
artıq o mülk yoxdur, indi yerində İtaliya səfirliyi
yerləşir. Arada yolumu oralardan salıram və hər dəfə
də özündə min bir sirr gizlədən divarların
sehrinə düşürəm. Unikal, möcüzə dolu
bir dünya və bir də Bakının əsl
simasıdır İçərişəhər...
SÖZARDI: İstedad Allahın bəndəsinə bəxş
etdiyi bir vergidir ki, hər insana bu nəsib olmur. Amma kökdən,
ailədən gələn sənətin
davamçıları da olur. Sənətkarla pərdəarxası
söhbətimizdə maraq naminə bu sualı verəndə
dedi: "Atam kiçik yaşlarından hər iki valideynini
itirib, XX əsrin əvvəllərində neft bumu zamanında
çox gənc yaşında Dərbənddən Bakıya
işləməyə gəlib və uzun illər Kasparda
çalışıb. Ana tərəfim görkəmli bir nəsildəndir.
Müsavat dövründə Cəlilabadın,
Masallının, Lənkəranın general qubernatoru olmuş
Mircavad bəy Talışxanovun bacısının nəvəsiyəm.
Həmin nəsildən çox ziyalılar çıxsa da, sənət
yolu ilə gedən bir kimsə olmayıb. Yəni heç
kimin nə davamçısıyam, nə də ailədə
davamçım var. Bir tək kiçik nəvəm piano
üzrə musiqi dərsinə gedir və yoluna incəsənətlə
davam edəcəyini də bilmirəm". Sənətkarın
sonuncu kəlməsində təbəssüm
qarışıq bir təəssüf də hiss olundu sanki.
Amma nə bilmək olar, bəlkə də gələcəkdə:
"Bu, Xalq artisti Hacı İsmayılovun nəvəsidir"
deyə təqdim olunan bir incəsənət xadimi yetişir
bu ailədə. Cavabını isə zaman verəcək...
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2025.- 1 mart(№39).- S.12;13.