Tərcümə problemləri:
sözdən mənaya doğru
Azərbaycan tərcümə məktəbinin
formalaşmasında müstəsna xidmətləri olan ixtisaslaşmış "Xəzər"
tərcümə və mədəniyyət jurnalı Azərbaycan
Dillər Universitetində fəaliyyətini davam etdirəcək.
Bu seçim təsadüfi deyil: dünya təcrübəsinə
isnad etsək, bilməliyik ki, öz çoxşaxəli fəaliyyəti
ilə bir mədəniyyət mikrokosmuna çevrilmiş
müasir dünya universitetləri fundamental və tətbiqi
elm sahələrinin problemlərini ehtiva edən dərgilərlə
yanaşı, ədəbiyyat, incəsənət, tərcümə,
vizual mədəniyyətə aid bir çox elmi, elmi-populyar
jurnallar da nəşr edir və bu praktika getdikcə genişlənməkdədir.
Belə jurnallar bədii yaradıcılıq, ədəbiyyatşünaslıq,
tərcümə nəzəriyyəsinin ən müxtəlif
aspektlərini əhatə edən akademik məqalələr,
araşdırma yazıları, resenziyalar və bədii əsərlərin
çapı üçün platformalar təqdim edir. Bunlardan
"Harvard Review" (Harvard Universiteti), "Poetry"
(Çikaqo Universiteti), "The Translation Studies Journal"
(Uorvik Universiteti), "The Art Journal" (Uels Universiteti),
"Journal of Turkish Arts" (Hacettepe Universiteti) "Literary Georgia" (Tbilisi
Dövlət Universiteti) kimi adlı-sanlı və nüfuzlu nəşrləri
nümunə göstərmək olar. Nəticə etibarilə
bu yolla həm təhsillə təcrübə
arasındakı uyuşmazlıqlar aradan qaldırılır,
həm də institutlaşmanı əngəlləyən, daha
çox epizodik xarakter daşıyan praktikanın dinamik,
davamlı və daha anlamlı təcrübəyə
çevrilməsi problemi biryolluq həllini tapır: bəlli
standartlara cavab verən, təkcə bədii yox, elmi, texniki və
digər tərcümə növlərinin də
inkişafını şərtləndirən tərcümə
fəaliyyətinin həyata keçirilməsi, tərcümə
mətnlərinin dəyərləndirilməsi, tərcüməçilərin
kvalifikasıyasının müəyyənləşməsi,
onların fərqləndirilməsi, tərcümə nəzəriyyəçilərinin
konkret problemlərin müzakirəsinə yönəlik fəaliyyəti,
müxtəlif yanaşmaları təmsil edən usta tərcüməçilər
və onların davamçılarının yetişməsi...
Tərcümə məktəbinin formalaşması
uzun, ağır, mərhələli bir prosesdir.
Azərbaycanda tərcümə bumunun
yaşandığı indiki dövr, bir çox obyektiv və
subyektiv səbəblərdən, kəmiyyətin hələ
ki keyfiyyətə keçmədiyi uzun sürən prosesin
permanent xarakterini üzə çıxarır.
Konkret olaraq, hazırkı mərhələdə,
ölkəmizdə "tərcümə təsərrüfatı"nın
ən ümdə problemi, bəlkə də birincisi, proseslə
bağlı hər hansı refleksiyanın olmamasıdır.
Ölkədə saysız-hesabsız tərcümə ədəbiyyatı nəşr edilir, redaktorlar,
korrektorlar, dizaynerlər, müxtəlif universitetlərdə tərcüməçilik
ixtisası üzrə təhsil alan tələbələr, müəllimlər və s. də
daxil, minlərlə insan bu işə cəlb olunub. Lakin
ara-sıra sosial şəbəkələrdə
gördüyümüz reaksiyaları nəzərə almasaq,
tərcümə mətnləri ilə bağlı mətbuatda
hər hansı təhlil, rəy, dəyərləndirmə
görə bilmirik.
Bununla belə, bu prosesin "məntiqi sonluğu"
və ya "nəticəsi" haqqında mütləq kateqoriyalarda
danışmaq doğru olmazdı. Ən azından ona görə
ki, məsələn, bədii tərcümədə, digər
tərcümə növlərindən fərqli olaraq, mətnin
obyektiv düzgünlüyü anlayışı mövcud
deyil.
Bədii tərcümə bədii
yaradıcılığın özünəməxsus
növüdür və bütün dəyərləndirmələr
bu paradiqmaya əsaslanmalıdır. Lakin bu heç də
yaxşı tərcüməni yararsız tərcümədən
fərqləndirməyin mümkünsüzlüyünü təsbit
etmir. Ən azından ona görə ki, tərcümənin
keyfiyyətinin dəyərləndirilməsi ilə
bağlı kifayət qədər nəzəri yanaşmalar
mövcuddur. Doğrudur, bu mətnlərdə spesifik
professional leksikadan istifadə olunmur, texniki terminlər yoxdur, əvəzində
mətnin özünəxas estetik siqləti, məna
yükü, ümumi ab-havanın, personajların
xarakteristikasının doğru-dürüst
çatdırılması, adekvatlıq və şəffaflıq
prinsiplərinin gözlənilməsi və s. və i.a. kimi mətləblər
var. Bədii tərcümə məhz buna görə ən
mürəkkəb və çətin tərcümə
növü sayılır.
Sirr deyil ki, hansısa formal əlamətlərinə
görə yox, məhz yuxarıda sadaladığımız
keyfiyyətlərinə görə tərcümənin
bütün standartlarına cavab verən tərcümə mətnləri
və ədəbiyyat faktına başqa bir mədəniyyət
kontekstində nəfəs verməyi bacaran insanlarımız
barmaqla sayılacaq qədər azdır. Bu, bütün
xalqlarda belədir, lakin güclü ənənəsi olan bəzi
ölkələrdən fərqli olaraq, biz onlardan orientir kimi
yararlana bilmirik.
Digər vacib məsələlərdən biri də tərcümə
məsələlərinə həsr edilmiş beynəlxalq
forumlar, konfranslar və müxtəlif səviyyəli
toplantılarda müzakirəyə çıxarılan əksər
problemlərdən xəbərsiz olmağımızdır. Təəssüf
ilə qeyd etməliyik ki, belə tədbirlərdə
iştirakımız formal xarakter daşıyır və
çox zaman postsovet məkanında keçirilən bəzi
toplantılara tezis və ya məqalə göndərməklə
kifayətlənirik. Halbuki bu tip beynəlxalq forumlar və
konfranslar tərcümə, linqvistika, texnologiyalar və qlobal
kommunikasiya üzrə ixtisaslaşmış insanlar
üçün vazkeçilməz tədbirlərdir. Bunlardan
Beynəlxalq Tərcüməçilər Assosiasiyasının
konfransı (FIT World Congress), Qloballaşma və Lokalizasiya
Assosiasiyasının konfransı (GALA), Asiya Sakit okean Tərcümə
və Lokalizasiya konfransı (APTLC), Maşın tərcüməsi
üzrə konfrans (MT Summit) kimi tədbirləri ayrıca qeyd
etmək lazım gəlir. Bu tədbirlərdə predmetinə
tərcümənin nəzəriyyəsi, praktikası və
şərhi üzrə ixtisaslaşmış alimlərin
fikir və ideya mübadiləsindən tutmuş, aktual məsələlərin
müzakirəsi, tərcüməçi peşəsinin
inkişafı ilə bağlı etik standartlar, texnologiyalar,
avtomatlaşmış tərcümə və onun müxtəlif
sahələrdə tətbiqi kimi praktik məsələlər
də dartışılır. Belə konfranslar ən müxtəlif
ölkələri təmsil edən peşəkarlarla tərcümə
və lokallaşma sahəsində yeni təmayülləri
müzakirə etməyə, öz təcrübələrini
bölüşməyə, mədəniyyətlər və
dillər arasında əlaqələri möhkəmləndirməyə
imkan verir.
Başqa bir problem ölkəmizdə tərcümə
nəzəriyyəçiləri ilə proses
iştirakçıları arasında, demək olar, heç
bir kommunikasiyanın olmamasıdır. Nəticə etibarilə
tərcüməçi hər yeni işə başlayanda, tərcümə
strategiyasının müəyyənləşməsi
problemini təkbaşına həll etməli olur. Söz yox,
bu, ilk növbədə tərcüməçinin şəxsi
işidir, amma nəzəri baza olmadan doğru qərar vermək
də asan məsələ deyil.
Məsələn, Azərbaycanda sakral və tarixi mətnlərin,
Nizaminin poemaları tipli əsərlərin tərcüməsini
obyektiv olaraq çətinləşdirən məqamlar
haqqında ayrıca danışmaq lazım gəlir. Bunlardan ən
vacibi həmin mətnlərin tərcüməsi zamanı,
başqa ölkələrdən fərqli olaraq, istinad edə,
əldə rəhbər tuta biləcəyin hər hansı
fundamental əsərin olmamasıdır. Ona görə tərcüməçilərin
çoxu, necə deyərlər, əlhavasına hərəkət
etməli olur. Nəticədə çox zaman sabit söz birləşmələrinin,
allyuziyaların, metonimiyaların, idiomatik ifadələrin tərcüməsində
anlaşılmazlıqlar ortaya çıxır, hər kəs
öz bildiyi kimi davranır. Nəzərə almaq
lazımdır ki, bu, problemin yalnız bir tərəfidir...
Daha bir problem "tərcümə tənqidi"nin fəaliyyətsizliyi
şəraitində şablon yanaşmaların, stereotiplərin
meydan sulaması ilə bağlıdır. Məsələn,
Azərbaycan ədəbi mühitində "filan əsər artıq
tərcümə olunub, yenidən tərcümə etməyə
nə ehtiyac var?" kimi bir klişe hakimdir ki, ümumilikdə
mədəniyyətə ziyan vurur. Hər şeydən öncə
bilməliyik ki, min il əvvəlki, ondan da qədim dövrlərə
aid mətnlər bir yana, hətta yaxın keçmişdə
meydana çıxmış əsərlərin yenidən tərcüməsi
də zərurətdən irəli gələn praktikadır.
Bu, bütün dünyada belədir. Zaman keçir, tərcüməçilik
diskursunun ənənəvi çərçivələri
genişlənir, təsəvvürlər və yanaşmalar,
dilin özünün imkanları və intonasiyası belə
dəyişilir. Tərcüməşünaslıq elmi də
yerində saymır və nəticə etibarilə
bütün parametrlər üzrə orijinala daha yaxın tərcümə
mətnləri ilə tanış olmaq imkanları
çoxalır. Təsadüfi deyil ki, ötən əsrin
sonlarından etibarən tərcüməşünaslıqda
"Təkrar tərcümə nəzəriyyəsi" ən
dinamik elmi istiqamətlərdən birini təmsil edir. Bu istiqamətin
əsasını qoyanlardan biri, fransız tərcüməçi,
tarixçi və tərcümə nəzəriyyəçisi
Antuan Bermana görə, ilk tərcümə yalnız
giriş səciyyəlidir, sonrakı təkrar tərcümələr
isə "orijinala doğru hərəkət"dir, yəni birinci
tərcümədə buraxılan, gözdən
qaçırılan mətləblərin mətnə
qaytarılması prosesidir. Dolayısı ilə yalnız təkrar
tərcümələrlə mükəmməl tərcümə
mətni əldə etmək mümkündür.
Tərcüməçilər üçün nə
qədər kədərli də olsa, fakt faktlığında
qalır: tərcümə mətnləri yalnız hansısa
tarixi mərhələdə aktuallıq kəsb edir, yəni
orijinaldan fərqli olaraq, bu mətnlər köhnəlir. Təbii,
elə dahi sənətkarlar var ki, onların tərcüməsi
uzun müddət öz dəyərini itirmir. Bununla belə, təkrar
tərcümələrə hər zaman ehtiyac duyulur.
Bu kiçik yazıda, əlbəttə, tərcümənin
bütün problemlərini sadalamaq fikrində deyilik -
onları sadalamaqla bitən deyil. Sadəcə, bəzi spesifik
problemlərə diqqət çəkməklə demək istəyirik
ki, bu məsələlər öz həllini tapmadan ölkə
daxilində və xaricində mədəni diskussiyalara
qatılmaq, təcrübə mübadiləsi proseslərində
iştirak etmək, ümumiyyətlə, tərcümədə
əhəmiyyətli keyfiyyət dəyişikliyinə nail
olmaq mümkünsüzdür.
"Xəzər" tərcümə və mədəniyyət
jurnalı sözügedən sahədə əsas
ixtisaslaşmış mətbuat orqanı olaraq, bütün
bu məsələlərin həllində öhdəsinə
düşən vəzifəni və öz missiyasını
layiqincə yerinə yetirməyə çalışacaq, digər
ölkələrin anoloji jurnalları kimi ədəbiyyat, incəsənət,
tərcümə, eləcə də mədəniyyətlərarası
kommunikasiya məsələlərini ehtiva edən fəaliyyətə
üstünlük verəcəkdir. Bu, Azərbaycan ədəbiyyatının
xarici ölkələrdə təbliği üçün də
yeni perspektivlər yarada bilər. Bura
qlobal mədəni mübadilə və inteqrasiya
üçün vacib əhəmiyyət kəsb edən tərcümənin
nəzəriyyəsi və praktikası məsələləri
də daxildir.
Jurnalda tərcüməçilər arasında fikir
mübadiləsi aparmaq, sorğular keçirmək, tərcümə
materiallarını müzakirə etmək, forumlar təşkil
etmək, nəzəri materiallar dərc etmək
üçün xüsusi bölmələr yaradılması
nəzərdə tutulur.
Burada tərcümənin tarixi, inkişaf mərhələləri,
perspektivləri, müasir dünyada tərcümə əitafında
aparılan müzakirələr barədə maraqlı
materiallarla tanış olacaq, ölkədə nəşr
olunan tərcümə kitabları haqqında ekspertlərimizin
rəylərini oxuya biləcəksiniz. "Tribuna",
"Şərəf lövhəsi", "Debüt",
"Tərcüməçinin yumor dəftəri", "Tərcümə
muzeyi" kimi rubrikalarımızı maraqlı etməyə
çalışacağıq.
"Xəzər" jurnalı ümumi hədəflərə
çatmaq, mədəni inkişafımıza töhfə
vermək, tərcümə prosesində yeni dinamikaya nail olmaq
naminə bütün maraqlı tərəfləri əməkdaşlıga
dəvət edir.
Etimad BAŞKEÇİD
525-ci qəzet .- 2025.- 1 mart(№39).- S.11.