"Əqrəb
mövsümü"ndə vəkil qalmaqalı
KİNOŞÜNAS HACI SƏFƏROV: "Düşünürəm
ki, vəkillər kollegiyası belə mövqe ortaya
qoymağa bir az tələsdi"
İctimai Televiziyada (İTV) yayımlanan "Əqrəb
mövsümü" bədii serialının ikinci
mövsümü də birinci kimi böyük maraqla
qarşılandı. Bu dəfə "Əqrəb
mövsümü 2: Dünya bir olsa da" adı ilə
tamaşaçıların görüşünə gələn
serialı bəyənənlər də oldu, tənqid edənlər
də. Rejissor Emil Quliyev digər işlərində olduğu
kimi, bu dəfə də diqqəti öz üzərinə
çəkə bildi. Əvvəlcə "Göndər vəkildən-zaddan
olsun" ifadəsinə qarşı səslənən tənqidlər,
ikinci seriyada vəkil obrazına xitabən deyilən və
qeyri-etik deyim olduğu iddia edilən bir ifadədən sonra
daha da artdı. İş o yerə çatdı ki, Vəkillər
Kollegiyası sözügedən səhnə ilə
bağlı bəyanat yaydı.
Bəyanatda qeyd olunur ki, serialda kobud ifadələrin
işlədilməsi cəmiyyətdə vəkillik peşəsinə,
həmçinin Vəkillər Kollegiyasının nüfuzuna
təsirsiz ötüşməyərək vəkillərimizə
qarşı mənfi fikir formalaşmasına xidmət etmək
gücündədir.
Qarşı tərəfin də bəyənata cavabı
gecikmədi. Serialın ssenaristi və baş rolun
ifaçısı, aktyor Azər Aydəmir öz sosial şəbəkə
hesabında bildirdi ki, yaranan situasiya xoşagəlməzdir:
"İnsan faktoru hər zaman sovet propaqandasının təşviq
etdiyi "Dyadya Styopa" ola bilməz. Əyər-əskiklərimizlə
bir kino adında ayna var. Və o ayna evdəki aynadan fərqlənir.
Bu, sadəcə, bədii aynadır. Kinodur yəni... Hörmətli
vəkillər, sizi sevirik və hüquq sistemimizin ayrılmaz
hissəsi olduğunuzu qəbul edirik. Biz sizin emosional istirahətiniz
üçün çalışırıq. Amma bu emosiyalar
heç bir halda şəxsinizə qarşı yönələ
bilməz. Bu, sadəcə, absurddur".
Mövzu ətrafında bu gün də müzakirələr
gedir. Təkcə vəkillər yox, eləcə də
sıravi tamaşaçılar arasında məlum səhnəni
tənqid edənlər var.
Bu polemikaların gedişatında Azərbaycan
tamaşaçısının söyüşə
qarşı həssaslığını bir daha
görmüş olduq. Bəhsi keçən mövzunun kinomuz
üçün zaman-zaman aktuallaşdığını nəzərə
alaraq, peşəkar mövqeyinə müraciət etdik.
Beləliklə, müsahibimiz kinoşünas Hacı Səfərovdur.
- Sizcə, niyə Azərbaycan
tamaşaçısı filmlərdə səslənən
qeyri-etik ifadələrə həddindən artıq aqressiv
yanaşır?
- Bunun əsas səbəbi sovet dövründən gələn
ənənədir. O dövrdə filmlərə ciddi senzura tətbiq
olunur, dil qaydalarına əməl edilməsinə xüsusi
diqqət yetiririlirdi. Buna görə də sovet dövrü
insanlarının beynində belə bir qəlib
formalaşıb ki, filmlər yüksək incəsənət
nümunələridir və hər birində yalnız ədəbi
dildən istifadə olunmalıdır. Həmin
yanaşmanın nəticələridir ki, indiki dövrdə,
xüsusilə də orta yaşlı insanlar filmdə
söyüş eşitdikləri zaman buna birmənalı
yanaşmırlar. Ancaq gənc nəsil daha çox xarici film və
seriallar izlədiyi üçün məsələyə
normal yanaşır. Hətta bir ara sosial şəbəkələrdə
gənclərin ciddi senzuradan keçən videolarla zarafat
etdiyini görürdük. Fikrimcə, məsələyə
aqressiv yanaşma müəyyən bir yaş
aralığına aid insanlara, yaxud da daha çox sovet filmlərini
sevən gənclərə şamil edilə bilər.
- Bəs bu mərhələni keçməkdə bizi
ləngidən nədir?
- Mən düşünmürəm ki, biz bu mərhələni
keçə bilmirik. Biz hazırda həmin mərhələnin
içərisindəyik və proses gedir. Heç nə birdən-birə
olmur. Sadəcə zaman lazımdır. Sovetlərdən sonra
bizdə çox ciddi məzmun problemi vardı. 2010-cu illərin
ortalarından etibarən Emil Quliyevin çəkdiyi filmlər
insanların xoşuna gəlməyə başladı. Çünki
həmin filmlərdə eşitdiyimiz söhbətlər
gündəlik danışıq dilinə daha yaxın və
realist idi. Bir sözlə, inkişaf üçün zamana
ehtiyac var.
- Bəzən qeyri-etik ifadələrin filmlərdə
istifadəsini müəllifin kütləni
qıcıqlandırmağa hesablanan diqqət çəkmək
cəhdi kimi dəyərləndirirlər. Bu haqda siz nə
düşünürsünüz?
- Mən belə düşünmürəm. Fikrimcə,
müəllif bu yolla özünü ifadə etmək istəyir,
yaxud da obrazının danışıq dilini tapmağa
çalışır. Tutaq ki, onun yaratdığı obraz
küçədə böyüyən bir uşaqdır. Həmin
uşaqdan yüksək savadlı danışıq gözləyə
bilmərik. Filmin yaradıcıları bu situasiyada
düşünürlər ki, sözügedən obrazın
leksikonunda vulqar ifadələrə, söyüşlərə
yer vermək olar. Düzdür, bəzən film və
seriallarda yersiz ifadələr də eşidirik. Ancaq bu da
qıcıqlandırmaq məqsədilə yox, ssenaristin səriştəsizliyi,
rejissorun isə obrazı duya bilməməsindən irəli gəlir.
- Dünya praktikası bu mövzuda nə deyir?
- Artıq dünya kinosunun belə problemi yoxdur.
Çünki bəlli kateqoriyalar var və
tamaşaçı da seçdiyi kateqoriyadan gözləntilərini bilir. Bir insan 18+ filmə baxırsa,
deyə bilməz ki, niyə burada vulqar ifadələrə yer
verilib. Hətta IMDB platformasında valideyn bələdçisi
deyilən bir bölmə var. Valideynlər uşaqları ilə
film izləmək istəyirsə, həmin hissəyə girib,
qeyri-etik ifadə, yaxud açıq səhnələr
haqqında yazılan qeydlərlə tanış ola bilərlər.
Digər tərəfdən isə dünya
praktikasında filmlərin test nümayişləri həyata
keçirilir. Əvvəlcədən sınaq
üçün xüsusi insanlar seçilir və onlar həmin
filmi izləyib öz düşüncələrini
bölüşürlər. Məsələn, ola bilər ki,
obrazın hansısa ifadəsi artıq olar, yaxud da hekayənin
gedişatında müəyyən səhvlər gözə
çarpar. Prodakşınlar həmin şərhlərə
uyğun olaraq, filmlərdə müəyyən dəyişikliklər
edirlər. Beləcə bu kimi problemlər həllini
tapmış olur.
- Hacı bəy, konkret olaraq "Əqrəb
mövsümü 2"dən danışsaq, siz Vəkillər
Kollegiyasının bəyənatı haqqında nə deyə
bilərsiniz?
- Düşünürəm ki, Vəkillər
Kollegiyası belə mövqe ortaya qoymağa bir az tələsdi.
Çünki vəkillər ilk seriyada səslənən
"vəkildən-zaddan" ifadəsini xoş
qarşılamamışdılar. Onlar
düşünürdülər ki, bu, peşələrini
xor görən bir ifadədir. Amma nəzərə almaq
lazımdır ki, istər film, istərsə də serial
reallıq yox, reallığın interpretasiyasıdır.
Hansısa obrazın müstəntiq işləməyi vəkillikdən
üstün hesab etməsi o demək deyil ki, real həyatda da vəkil
işləmək ikinci dərəcəlidir. Bu, sadəcə
obrazın yanaşmasıdır.
Söyüş məsələsinə gəldikdə
isə burada da obrazın dediyi ifadə situasiyadan qaynaqlanır
və onun ideoloji, əxlaqi düşüncəsini ifadə
edir. Çünki məlum ifadəni filmin qəhrəmanı
deyir, bu, müəllifin yozumu deyil. Belə olan halda
tamaşaçı özü qərar verməlidir ki, kim
haqlıdır. Bu da dramatik situasiyanı ortaya
çıxarır və tamaşaçı dilemma
qarşısında qalır.
Bir məqamı da qeyd edim ki, dünya kinosunda nəinki
vəkillərin təhqir olunması, hətta onların
haqsızlığı müdafiə etdiyini göstərən
obrazlar var. Ancaq bu o demək deyil ki, vəkillərin
hamısı bu cür insanlardır. Bu, ümumiləşdirmə
deyil, müstəsna haldır. Düşünürəm ki, vəkillər
də məsələyə bu cür
yanaşmalıdırlar.
- Sizcə, bədii obrazın dilindən səslənən
ifadənin bu qədər müzakirə olunması məntiqlidirmi?
- Əslində, bu məqam müzakirə
mövzüsu ola bilər. Çünki Azərbaycan kinosunun
haqqında danışılmağa, gündəm olmağa
ehtiyacı var. Kinomuza diqqət lazımdır. İnsanlar filmlər,
seriallar haqqında öz fikirlərini bildirməlidir. Burada qəbahət
nəsə yoxdur. Təbii ki, hər kəs azad şəkildə
öz düşüncəsini dilə gətirə bilər,
vəkillər də daxil olmaqla. Kimsə bəyənər,
kimsə bəyənməz, kimsə də boykot edər. Ancaq
buna görə məhkəməyə müraciət etməyi
düzgün hesab etmirəm. Düşünürəm ki, sənət
özü-özlüyündə bir müəllifin
dünyaya baxışının təzahürüdür. Deməli,
müəllif belə görür və bu cür ifadə etmək
ehtiyacı duyur. Biz onu qınaya bilmərik. Mən müəllifin
toxunulmazlığından yanayam. Kino incəsənət əsəridir.
Təbii ki, baxdığımız filmə
tamaşaçı kimi müəyyən mövqeyimiz ola bilər.
Məsələn, filmdə propaqanda görəndə sən
müəllifi tənqid edə bilərsən, ancaq ona deyə
bilməzsən ki, bir də film çəkmə. Bu, artıq
yaradıcı azadlığa müdaxilədir.
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 1 mart(№39).- S.10.