Qələmsiz
yazılanlar
status-esselər
Prezident İlham Əliyevin yerli televiziya kanallarına
müsahibəsi əhatəliliyi, qaldırdığı məsələlərin
miqyasının genişliyi, məzmun zənginliyi və digər
üstün cəhətləri baxımından son dərəcə
uğurludur. Dövlətimizin başçısının
toxunduğu hər mövzu, ümumən, verdiyi bütün
cavablar dərin araşdırmalar, təhlillər mənbəyidir.
Əminəm ki, bu müsahibə artıq müxtəlif
dövlətlərin siyasi dairələrində diqqətlə
incələnir və öyrənilir.
Ayrıca onu da deyim ki, Prezidentin yeni dünya
nizamından tutmuş, yaxın və uzaq ölkələrlə,
beynəlxalq qurumlarla bağlı söylədiyi fikirlər
qarşımızda müdrik və qüdrətli siyasi liderin
obrazını bir daha, bütün aydınlığı ilə
canlandırır.
Azərbaycanın belə bir liderinin olması isə
xalqımız üçün sonsuz qürur, iftixar mənbəyidir.
Belə sanballı müsahibəyə görə
dövlətimizin başçısına dərin təşəkkürümü
bildirir, müsahibəni götürən televiziya əməkdaşlarını
dolğun və aktual suallara görə təbrik edirəm.
lll
Həyatın mənası yaşamaqdırsa, bu
sürətli temp onun qənimidir, yaşamağa və
yaşamaqdan zövq almağa, düşünməyə və
xəyallara dalmağa imkan vermir.
lll
Minnətdarlıq duyğusu, vəfa, etibar nəcib
hisslərdir. Daxili zənginliyin göstəricisidir. İnsana
hörmət gətirir.
lll
Xəyallar reallıqları sarsıda bilməz.
lll
İl əslində ilk iş günündən
başlayır.
lll
Mətbuatın mahiyyəti dəyişib.
lll
İndi etibarlı mənbə tapmaq çətindir.
lll
Hər işə qulp qoymaqdan asan nə var ki?
lll
Azadlıq başqasına maneə olmamaqdır.
lll
Elmi izah gecikəndə, yaxud heç olmayanda şayiələrə,
xurafat və cəhalətə meydan açılır
lll
Məncə, şairin sözünü eşidin;
dünyayla barışın.
lll
Şit mədhiyyələr.
lll
Elə bil ABŞ qəsdən Ermənistanı və
Trampı odun ağzına atır. Bu strateji müttəfiqlik
müqaviləsinin fəsadları necə olacaq, Rusiya,
İran, Türkiyə hansı reaksiyanı verəcək?
Görünür, daha bir regionda qarşıdurma yaranması
"Yeni Dünya Nizamı"nı cızanların planlarına
daxildir.
Tanrı Azərbaycanımızı qorusun!
lll
Feysbuk profili də qulluq tələb edir.
lll
İnternet çox əcaib insanlara axmaq fikirlərini
ictimailəşdirmək imkanı verib.
lll
Sakit oturan heç kimin yadına düşməz.
lll
Sadə adamlar nə deyir? Onları eşitmək
lazımdır.
lll
Xərifləyən qocanın sərsəm
sayıqlamaları...
lll
Jurnalistika və media heç bir halda cəmiyyətdə
gərginliyin yaranmasına və artmasına, ayrı-ayrı fərdlər
arasında münaqişələrin alovlanmasına xidmət
etməməli, tam qərəzsiz davranmalı, fəaliyyəti
ilə qərəzli olduğuna dair azacıq şübhələrin
belə olmasına yol verməməlidir. Əksinə, problemli
situasiyaların aradan qaldırılması naminə
çalışmalı, bir sözlə, mütərəqqi
missiya yerinə yetirməlidir.
lll
Ciddi media qurumu İP xətrinə hər
sayıqlamanı yaymağı özünə rəva bilməməlidir.
lll
Hamı hər şeyi bilir, əslində heç kim
heç nə bilmir.
lll
Sözün nə qədər çəkisi azalsa da,
yenə üstünlüyünü saxlayır.
lll
Metereoloqlar küləyin səngiyəcəyi vaxtı
bu dəfə də dəqiq dedilər.
Meteoroloqlara inanmaq lazımdır.
lll
Sağlam düşüncənin qalib gələcəyinə
ümid bütün dövrlərdə bəşəriyyətin
dəyişməz arzusu olub.
lll
Xalq yazıçısı Elmira Axundova 20 yanvar
günlərində fədakarlıq göstərən
jurnalistlərimizi xatırlayır:
"...Stresli vəziyyətlərin yaranma ehtimalı
baxımından jurnalistlər taksi sürücüsü,
yanğınsöndürən, hərbçi və digər
bu kimi riskli peşələri qabaqlayaraq,
şaxtaçılar və polis əməkdaşlarından
sonra ikinci yerdədirlər. Mən hələ xüsusən
"qaynar nöqtələr"dəki media işçilərinin
birbaşa təhlükə altında olmasından
danışmıram. "Sərhədsiz reportyorlar" beynəlxalq
təşkilatı ölən və itkin düşən həmkarları
haqqında məlumat toplayır və dərc edir. İllik matəm
siyahısında onlarla deyil, yüzlərlə ad var".
lll
"Dolu" romanında Dünyanın ən varlı
şəhəri kimi Ağdamın bədii obrazını
yaradan Aqil Abbas son hekayələrində bu obrazın
tamamlanmasına yönələn xırda detalların təsvirini
verir. Bu dəfə "Bazar, Ağdam bazarı" hekayəsində
o məşhur məkandan danışır. Aqil Abbasın
yazıçı kimi bir üstünlüyü də
orasındadır ki, az qala otuz il ərzində düşmən
əlində viran qoyulmuş, daşı-daş üstündə
qalmayan doğma məkanları xatırlayarkən ah-vay eləmir,
hüznə qapılmır, bu məkanlardan canlı orqanizm
kimi söhbət açır. Hekayəni oxuduqca o məşhur
bazar təsəvvüründə uzun illər var olduğu
kimi yerli-yerində, bütöv, tam bir məkan kimi
canlanır, insanları sappasağ, dipdiri gözlərin
önündən gəlib keçir. Və qətiyyən məyus
olmursan - keçmişi xəfif təbəssümlə
xatırlayır, yenidən qurulan Dünyanın ən varlı
şəhərinin sabahına nikbinliklə, böyük
ümidlərlə baxırsan.
lll
Sıxlıq olmayanda metro ən yaxşı nəqliyyatdır.
lll
Xəyal etməyə də güc lazımdır.
lll
Ölkəmiz üçün böyük faciəyə
səbəb olan məlum təyyarə qəzası baş
verdiyi günlərdə Xalq yazıçısı Anar və
"Azərbaycan" jurnalının baş redaktoru
İntiqam Qasımzadə 65 il əvvəlki bir hadisəni - mərhum
Xalq yazıçısı Yusif Səmədoğlunun sərnişini
olduğu təyyarənin səmada qəza təhlükəsi
ilə qarşılaşdığını və təyyarənin
komandirinin peşəkarlığı sayəsində sərnişinlərin
yaranmış ekstremal vəziyyətdən sağ-salamat xilas
olduğunu yada saldılar. Hətta Anar müəllim komandirin
adını da xatırladı: Əli Novruzov. Və onun
Sosialist Əməyi Qəhrəmanı adına layiq
görüldüyünü də bildirdi.
Hadisəni eşidəndə bununla bağlı bir
jurnalist araşdırımasına ehtiyac olduğunu
düşündüm. O vaxt bu istəyimi gənc jurnalist,
istedadlı yazıçı Nadir Yalçına demişdim.
Üstündən bir müddət keçdiyindən,
düzü, fikirləşirdim ki, Nadir bu söhbətimizi
artıq unudub. İndi "Kulis"də onun "97 nəfəri
xilas edən pilot" yazısını görmək mənim
üçün sürpriz oldu. Nadirin bu sanballı
araşdırmasından xeyli təsirləndim. Yazıya
görə Nadirə çox sağ ol deyir, aviasiya tariximizdəki
bu hadisə ilə bağlı belə yaxşı material
hazırladığına görə onu təbrik edirəm.
lll
Əlim nübar etdi bir ovuc qarla.
lll
Tramp bütün siyasi təhlilçıləri
nokauta salıb, silkələyib, həm də hədsiz-hüdudsuz
təxəyyül və fantaziyalara münbit şərait
yaradıb. İndi kim ağlına nə gəlir deyə, necə
gəldi təhlil edə, nə cür istəsə, proqnoz verə
bilər.
lll
Ən yaxşısı elə "Ulduz"a
baxmaqdır.
lll
Qarlı havada, Sumqayıt İdrak liseyində Beynəlxalq
Ana dili günü tədbirində.
lll
Dənizaşırı ərazilərdən gələn
media nümayəndələri qonağımız oldu.
lll
Bayaqdan bir neçə saytın feysbuk səhifələri
musavat.com-a istinadən keçmiş Baş nazir Artur Rəsizadənin
müsahibəsindən hissələr paylaşır.
Maraqlı müsahibə idi deyə müəllifinin kimliyini
bilmək istədim. Gözümə dəymədi. Nəhayət,
müsahibəni musavat.com-da görəndə müəllifin
kimliyini öyrəndim. İstedadlı həmkarımız
Elşad Paşasoyu bu maraqlı müsahibəyə görə
təbrik etdim. Amma müsahibəni paylaşan həmkarlarımızın
yerinə məyus oldum. Müəlliflik hüququ, istinad mədəniyyəti
vacib şərtdir, kübarlıq göstəricisidir. Bu nəcib
prinsipə əməl etmək adama hörmət
qazandırır. Kübarlığımızı və həmkarımızın
əməyinə hörmət hissimizi itirməyək.
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini
525-ci qəzet .- 2025.- 1 mart(№39).- S.9.