Azərbaycan-Afrika əlaqələrinin
əhəmiyyəti
Afrika ölkələri ilə münasibətlər
xarici siyasətimizdə əsas prioritetlərdən birini
müəyyən edir
Son illər Azərbaycanla Afrika ölkələri
arasındakı münasibətlərdə yeni bir dinamika
özünü göstərir. Bir sıra Afrika liderləri Azərbaycanda
səfərdə olur, əməkdaşlıq imkanları qiymətləndirilir,
ikitərəfli sazişlər imzalanır. Ümumiyyətlə,
Azərbaycan beynəlxalq aləmin bir parçası olaraq
bütün dünya dövlətləri ilə ikitərəfli
və çoxtərəfli münasibətlərdə
maraqlıdır. Bu mənada Afrika qitəsi də istisna deyil.
Hələ sovet dövründə Azərbaycanla Afrika
ölkələri arasında çox yaxşı münasibətlər
olub, bir sıra qitə dövlətlərində yüksək
vəzifə tutmuş şəxslər vaxtilə məhz
Bakıda təhsil alıblar. Azərbaycan müstəqillik əldə
etdikdən sonra Afrika ölkələri ilə diplomatik
münasibətlər qurmağa başlayıb. 2019-cu ildə
Qoşulmama Hərəkatının sədri olandan sonra Afrika
ölkələri ilə Azərbaycanın münasibətləri
daha dinamik xarakter alıb.
Azərbaycan həm də Afrika ölkələrinə
humanitar dəstək göstərir, bir sıra vacib və ən
çox ehtiyac duyulan layihələr həyata keçirir.
Afrikaya humanitar yardım göstərilməsində dövlətimiz
ilk 20 ölkə arasında yer alır. Azərbaycan
Respublikasının Beynəlxalq İnkişafa Yardım
Agentliyi (AİDA) vasitəsilə artıq neçə ildir
ki, müxtəlif Afrika ölkələrində tibbi və
texniki yardım layihələri həyata keçirilməkdədir.
Bu fəaliyyətə, həmçinin Heydər Əliyev
Fondu mühüm töhfə verir.
Yada salaq ki, pandemiya dövründə Azərbaycan 80-dən
çox ölkəyə kömək göstərib,
onların əksəriyyəti məhz Afrika dövlətləri
idi.
Bakı, eyni zamanda, Fransanın hələ də davam
etdirdiyi neokolonial siyasətinə qarşı
çıxır, bu siyasətdən əziyyət çəkən
keçmiş müstəmləkə ölkələrinin, o
cümlədən Afrikada yerləşən Niger, Mali,
Burkina-Faso, Seneqal və s. kimi ölkələrin öz
hüquqları və suverenlikləri uğrunda, həmçinin
fransız imperialist hökmranlığından xilas olmaq
üçün apardıqları mübarizəyə dəstək
verir. Ölkəmizin təşəbbüsü ilə
keçirilən çoxsaylı beynəlxalq konfrans və
forumlara Afrikanın keçmiş müstəmləkə
ölkələrinin nümayəndələri də
qatılaraq Fransanın neokolonial siyasətini ifşa edir, buna
kəskin etirazlarını bildirirlər.
Xatırladaq ki, ötən il aprelin 4-5-də Konqo
Respublikasının Prezidenti Deni Sassu-Nqesso, bu il fevralın
11-14-də Somali Prezidenti Hasan Şeyx Mahmud Azərbaycana rəsmi
səfərləri zamanı həmin ölkələrlə
qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi
niyyəti ifadə olunub, müxtəlif sahələrdə əməkdaşlığa
dair sənədlər imzalanıb.
Hazırda Azərbaycanla Afrika qitəsi ölkələri
arasında iqtisadiyyat, neft-qaz, mədənçilik, müdafiə
sənayesi, minatəmizləmə, təhsil sahələrində,
eləcə də humanitar yardımların həyata
keçirilməsi və "ASAN xidmət" modelinin Afrika
ölkələrində tətbiqi istiqamətlərində əməkdaşlığın
inkişaf etdirilməsi üçün böyük potensial
mövcuddur. Azərbaycanın qitədə ən geniş
iqtisadi əlaqələrə malik olduğu ölkələr
Tunis, Cənubi Afrika Respublikası, Misir, Mərakeş, Liviya və
Keniyadır. Son vaxtlar Konqo ilə enerji sahəsində əməkdaşlıq
üçün addımlar atılıb. Belə ki, SOCAR ilə
Konqo Milli Neft Şirkəti arasında "Congolaise de
Raffinage" neft emalı zavodunun təkmilləşdirilməsi
və genişləndirilməsinə dair sənəd
imzalanıb.
Azərbaycan Afrika ölkələrinə hərbi təyinatlı
məhsulların ixracında da maraqlıdır. Somali
Prezidentinin ölkəmizə səfəri zamanı müdafiə
və müdafiə sənayesi sahələrində əməkdaşlıq
haqqında sənəd imzalanıb.
Bir neçə gün əvvəl isə
Qvineya-Bisaunun Prezidenti Umaro Moktar Sissoko Embalo Azərbaycanda səfərdə
oldu.
Prezident İlham Əliyev görüş zamanı
bunu tarixi səfər adlandırıb: "Bu, bizim sıx
qardaşlıq münasibətlərimizin aydın təzahürüdür
və onu göstərir ki, biz qardaş və dost kimi birgə
işləyirik və bunu davam etdirəcəyik".
Dövlət başçısı bildirib ki, beynəlxalq
təsisatlarda iki ölkə bir-birini hər zaman dəstəkləyir,
bunu belə də davam etdirəcəyik.
Prezident Umaru Sisoku Embalo isə deyib ki, Azərbaycanla əlaqələri
yeniləmək üçün burdadır: "Qvineya-Bisau və
Azərbaycan iki dost ölkədir, bizim amallarımız
ümumidir. Bir sıra vacib məsələlər üzrə
əminlik var. BMT və İƏT çərçivəsində
əməkdaşlıq edirik. Biz də, siz də həmin iki
təşkilatın üzvüyük.
Təkbətək görüşdə biz beynəlxalq
münasibətlərə aid çox məsələləri
müzakirə etdik və bir-birimizi dəstəkləməklə
bağlı razılığa gəldik.
Düşünürəm ki, bu, daha vacibdir. Birgə işləmək
üçün hədəfləri müəyyən edə
bilərik. Əl-ələ verib ölkələrimizi daha
yaxın etmək üçün işləyə bilərik".
Onu da qeyd edək ki, Azərbaycan ilə Qvineya-Bisau
arasında əlaqələr əsasən BMT, İƏT və
Qoşulmama Hərəkatı çərçivəsində
davam etdirilir. İƏT çərçivəsində Azərbaycanla
bağlı qəbul edilən qətnamələrə
Qvineya-Bisau dəstək göstərib. Azərbaycan koronavirus
pandemiyası ilə qlobal mübarizə çərçivəsində
Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə
Qvineya-Bisauya 2020-ci ildə 100 min ABŞ dolları həcmində
yardım göstərib.
Afrika qitəsi ilə əməkdaşlığın
əhəmiyyətinə toxunan Milli Məclisin deputatı Hikmət
Babaoğlu "525"ə bildirib ki, hazırda Afrika ölkələri
ilə münasibətlər Azərbaycanın xarici siyasətinin
əsas prioritetlərindən birini müəyyən edir.
Çünki indiki tarixi mərhələdə bütün
dünyanın diqqəti Afrikaya yönəlib. Afrika qitəsi
coğrafi tale etibarilə yeni bir mərhələyə qədəm
qoyub.
Deputat vurğulayıb ki, uzun əsrlər boyu
Afrikanı müstəmləkə altında saxlayan bir
sıra ölkələr geri çəkilmək məcburiyyətində
qalıb, xüsusən Qərbi və Orta Afrika ölkələrində
mühüm, tarixi hesab edilə biləcək hadisələr
baş verir: "Əsas etibarilə Orta Afrikadan Fransa kimi
imperalist ölkələr geri çəkilməklə və
yeni reallıqda yeni xarici siyasət imkanları
üçün perspektivlər açıb. Ona görə də
biz bilirik ki, Afrika ölkələri həm təbii sərvətlər
baxımından zəngindirlər, həm də
dünyanın inkişaf etməkdə olan mühüm
coğrafiyası kimi investisiya tələb edən ərazilərdir.
Başqa sözlə, Afrika həm də təbii ehtiyatlar
coğrafiyasıdır. Bu mənada mən
düşünürəm ki, son dövrlərdə iki Afrika
ölkəsi prezidentlərinin Azərbaycana səfər etməsi
mühüm əhəmiyyət daşıyır. Azərbaycan
Prezidenti ilə Qvineya-Bisau Prezidentinin görüşməsi,
Afrika ölkəsi rəhbərinin Azərbaycana səfəri
məhz bu kontekstdə qiymətləndirilməlidir. Bu, eyni
zamanda Azərbaycanın yeni statusda dünyaya yenidən
açılması hadisəsidir.
Biz bilirik ki, uzun illər Azərbaycanın xarici siyasətinin
əsas priotiteti yalnız və yalnız bir istiqamətə -
ərazi bütövlüyümüzün bərpa
olunması istiqamətinə yönəlmişdir. Xarici siyasət
enerjimizin az qala hamısı buna xərclənirdi. İndi isə
vəziyyət tamamilə dəyişib və
düşünürəm ki, bu, həm də Azərbaycanın
yaratdığı yeni reallıqlarla bağlıdır.
Dolayısı ilə bu, Azərbaycanın dünyaya yenidən
açılması, böyüməsi deməkdir. Yəni
xarici siyasətimiz bu gün Sakit Okean adalarından tutmuş,
Afrika ölkələrinə qədər genişlənibsə,
bu, Azərbaycanın diplomatiyası tarixində yeni bir mərhələdir".
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
(BMTM) eksperti Mətin Məmmədli "525"ə deyib ki,
Azərbaycan çoxvektorlu xarici siyasət həyata
keçirir: "Ölkəmiz adətən çoxvektorlu
xarici siyasətində dünyanın güc mərkəzləri
ilə münasibətlərə böyük əhəmiyyət
verib. Amma son zamanlar Azərbaycanın xarici siyasətində
yeni istiqamətlər açılıb və burada fəallıq
özünü göstərir. Düşünürəm ki,
yeni istiqamətlərdən biri də Afrika ölkələri
ilə münasibətlərdir".
Afrika ölkələri ilə münasibətlərin
inkişafını vacib edən məqamlara toxunan ekspert ilk
növbədə münasibətlərin həm siyasi, həm
iqtisadi tərəflərinə diqqət çəkib:
"Siyasi baxımdan qeyd etmək istəyirəm ki, Azərbaycan
harada yerləşməsindən asılı olmayaraq
bütün dünya dövlətləri ilə münasibətlər
qurmağın, əlaqələri inkişaf etdirməyin tərəfdarıdır
və ölkəmiz olduqca fəal bir diplomatiya, xarici siyasət
həyata keçirir. Afrika ölkələri ilə
münasibətlərə həm də bu kontekstdən
yanaşırıq. Məlum olduğu kimi, Afrika ölkələrinin
əksəriyyəti həm də Qoşulmama Hərəkatında
təmsil olunurlar. Azərbaycan son illər Qoşulmama Hərəkatının
işinə mühüm töhfələr verib. Ölkəmiz
bu quruma çox uğurla sədrlik edib. Azərbaycan
Qoşulmama Hərəkatı çərçivəsində
üzv dövlətlərlə münasibətlərindən
hesab edirəm ki, həm siyasi olaraq özü, həm də bu
qurumda təmsil olunan ölkələr faydalanıblar".
M.Məmmədli xatırladıb ki, İkinci
Qarabağ müharibəsi dövründə və ondan sonra
da Qoşulmama Hərəkatına daxil olan bir sıra ölkələr
Azərbaycanı beynəlxalq müstəvidə dövlətimiz
üçün vacib olan məsələlərdə
müdafiə ediblər: "Həmçinin Afrika ölkələri
ilə münasibətlərin digər vacib siyasi tərəflərindən
biri də ondan ibarətdir ki, Azərbaycan dünyada müstəmləkəçiliyə
qarşı mübarizə aparan dövlətlərdən
biridir, xüsusilə əsrlər boyu istismar edilən bir
çox fundamental hüquqlardan - siyasi, iqtisadi, mədəni
hüquqlardan məhrum edilən xalqların yanında
olduğumuzu daim nümayiş etdiririk. Bu işdə də
bilirsiniz ki, Azərbaycanın xarici siyasəti, diplomatiyası
xeyli fəaldır və həmçinin biz məhz Afrika
ölkələri ilə münasibətlərdə də bu
məsələyə xüsusi diqqət yetiririk. Yəni
Afrika ölkələrinin müstəqilliyinin qorunması,
möhkəmlənməsi, onların müstəmləkə,
istismar obyekti olmaması üçün Azərbaycan da öz
töhfəsini verməyə çalışır. Bu işdə
onları müdafiə edir, bütün bunlarla bərabər
təbii ki, Azərbaycanla Afrika ölkələri arasında
münasibətlərin həm də iqtisadi tərəfləri
var. Buna misal olaraq qeyd etmək istəyirəm ki, hər iki tərəf
- həm Azərbaycan, həm də Afrika ölkələrinin
iqtisadi münasibətləri inkişaf etdirmək
üçün ciddi potensialı var".
Əlavə edib ki, son zamanlar bir sıra Afrika ölkələri
liderləri, o cümlədən Somali, Qvineya-Bisau prezidentləri
Azərbaycanda səfərdə olublar: "Bu səfərlər
zamanı əldə olunan razılaşmalara baxsaq görərik
ki, bir çox vacib sahələr üzrə əməkdaşlıq
müqavilələri, sazişlər imzalanıb. Kənd təsərrufatı,
mədənçilik, təhsil, müdafiə və s. qeyd etmək
olar. Düşünürəm ki, elə bu istiqamətlər
üzrə də biz əlaqələrimizi inkişaf etdirəcəyik
və bu münasibətlərdən hər iki tərəf, həm
Azərbaycan həm də Afrika ölkələri
qarşılıqlı fayda götürə bilərlər".
Pərvanə SULTANOVA
525-ci qəzet .- 2025.- 1 mart(№39).- S.5.