Böyük Qayıdış:
uğurla həyata keçirilən nəhəng layihələr
"Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı"na əsasən,
Cəbrayıl şəhərinə növbəti
köç prosesi gerçəkləşdi. 42 ailə
olmaqla, 205 nəfər sözügedən şəhərə
köçürüldü. Köçürülən ailələrin
Cəbrayıl şəhərində Prezidentin göstərişi
əsasında yenidən tikilən binalarda məskunlaşması
üçün bütün şərait yaradılıb.
Qeyd edək ki, Böyük Qayıdışın əsas
komponentlərindən olan dayanıqlı məskunlaşmanın
təmin edilməsi çərçivəsində
işğaldan azad olunmuş ərazilərə geri
qayıtmış keçmiş məcburi
köçkünlər, dövlət və özəl
sektorlarda işləyənlər, həmçinin təhsilalanlar
da daxil olmaqla, həmin ərazilərdə hazırda 40 minə
yaxın insan yaşayır və fəaliyyət göstərir.
Millət vəkili Azər Badamov deyir ki,
işğaldan azad edilən ərazilərə Böyük
Qayıdışa dair I Dövlət Proqramında
2022-2026-cı illərdə görüləcək işlərin
miqyası müəyyənləşib və 2026-cı ilin
sonuna qədər 140 min keçmiş məcburi köçkünün
öz doğma yurdlarına qaytarılması nəzərdə
tutulub. Torpaqlarımızı işğaldan azad etdiyimiz son
bir neçə ildə bu ərazilərin yenidən
qurulması və bərpası ilə bağlı
böyük layihələr icra olunur. 180 min hektardan çox ərazilər
minalardan təmizlənib, iki Beynəlxalq Hava Limanı istifadəyə
verilib, üçüncü hava limanının tikintisi
sürətlə davam etdirilməkdədir. Avtomobil və dəmir
yolları şəbəkəsinin yenidən qurulması
prosesi sürətlə davam etdirilməkdədir. Böyük
Qayıdışa dair I Dövlət Proqramına əsasən
2024-cü ilin sonuna qədər işğaldan azad olunmuş ərazilərdə
yaşayış məntəqələri bərpa edilərək,
yenidən qurularaq 10 mindən çox keçmiş məcburi
köçkün öz doğma yurdlarına
qaytarılıb.
2026-cı ilin sonuna qədər Şərqi Zəngəzur
və Qarabağ iqtisadi rayonlarında 100-dən çox
yaşayış məntəqəsinin yenidən qurulması
və bərpası başa çatacaqdır: "Təbii
ki, keçmiş məcburi köçkünlərin
qayıtdığı hər bir yaşayış məntəqəsi
hər bir infrastrukturla təmin edilir və 30 il əziyyətli
köçkün həyatı yaşamış insanların
firavan həyatlarına davam etdirilməsinə şərait
yaradılır. Keçmiş məcburi köçkünlərin
öz doğma yurdlarında işlə təmin olunması və
məşğulluq mövzularının həll olunması da
qarşıda dayanan məsələlərdəndir. Bu
baxımdan Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda
"Araz Vadisi İqtisadi Zonası", Zəngilanda "Dost
Aqropark" və s. müəsissələrin fəaliyyətə
başlaması həm məşğulluq məsələlərin
həll olunmasına, həm də işğaldan azad
olunmuş ərazilərin iqtisadi potensialının ölkə
iqtisadiyyatına reinteqrasiya olunmasına yol açır. Bu
gün işğaldan azad olunmuş ərazilər sanki bir
tikinti meydançasına çevrilib. Başa çatan hər
bir infrstruktur və digər layihələr ermənilərin
30 ildə viran qoyub darmadağın etdiyi ərazilərin cənnətə
çevrilməsinə yol açır. Məsələn, Cənubi
Qafqazın Xirosiması adlandırılan Ağdam şəhəri
xarabalıqlar üzərində yenidən qurulur. Prezidentin
tapşırığı ilə Ağdamda 100 minlik müasir
yeni bir şəhər salınır. Dövlət
başçımızın Ağdama səfəri çərçivəsində
açılışı edilmiş, təməllərini
qoyulan və tikintisi davam etdirlən layihələr müasir
bir Ağdam şəhərinin meydana gəlməsinin göstəricisidir.
O cümlədən Xocalının Ballıca kəndi sakinlərinin
öz doğma yurdlarına qayıdışın sevincini
yaşamaları və dövlət
başçımızın onlarla səmimi
görüşü hər bir azərbaycanlıya qürur
yaşadır. Bütün bu işləri dövlətimizin
öz gücü ilə icra olunması Prezident İlham
Əliyevin apardığı uğurlu və uzaqgörən
siyasətin göstəricisidir".
Millət vəkili Aydın Mirzəzadənin sözlərinə
görə, dövlətimiz hər zaman
torpaqlarımızı işğaldan azad edəcəyini və
həmin ərazilərdə həyatın
qayıdacağını birmənalı şəkildə
elan edirdi: "Hələ çox illər əvvəl
torpaqlarımız işğalda olanda Böyük
Qayıdış planı hazırlanmışdır. Harada nə
kimi işlərin görüləcəyi, insanların ata
ocağına qayıtması üçün konkret planlar
qurulmuşdur. Düzdür, torpaqlar işğaldan azad edildikdən
sonra işğalın nəticələrinin gözlədiyimizdən
qat-qat ağır olduğunu gördük. Bütün
yaşayış fondu dağıdılmış, təbiətə
zərər vurulmuşdu. Torpaqlarımız
minalanmışdı. Lakin buna baxmayaraq, qısa zamanda
çox böyük qlobal işlər görüldü.
Torpaqlarımız minalardan təmizləndi. Hər şey bərpa
edilməyə başladı, 700 kilometrdən çox yollar
çəkildi. 70 kilometrə qədər tunel qazılır.
Nəinki sadəcə bərpa, ağıllı kənd və
şəhər prinsipi ilə müasir yaşayış
komplekslərinin salınması, təhsil, səhiyyənin
yüksək səviyyədə qurulması üçün
böyük işlər görüldü. Bunun nəticəsidir
ki, 10-dan çox yaşayış məntəqəsində
xüsusilə də Şuşada və Xocalıda
yaşayış təmin edildi. İnsanların mənzillə
yanaşı, eyni zamanda işlə təminatı da çox
ciddi sürətdə diqqətdə saxlandı. Mənzillər
insanlara dövlət hesabına pulsuz verildi. Onların təhlükəsizliyi
qorunur və öz torpaqlarına
bağlılığının real həyatda təsdiqlənməsi
üçün böyük işlər görüldü.
Bütün bu məsələlər cənab Prezidentin diqqətindədir.
Onun tez-tez işğaldan azad olunan ərazilərimizə səfər
etməsi bunun parlaq göstəricisidir. Bu günlərdə
Prezidentin Ağdam şəhərində görülən
işlərlə tanışlığı göstərdi
ki, çox böyük layihə həyata keçirilir. Elə
bu il təkcə Ağdam şəhərinə 10 min insan
qayıdacaq. Gələn il isə 20 min insanın
qayıdacağı gözlənilir. Perspektivdə isə
Ağdam gələcəkdə əhali sayına görə
ölkənin dördüncü şəhərinə
çevriləcək və 100 mindən çox insan orada
yaşayacaq. Bütün bunlar Azərbaycan dövlətinin
imkanları hesabına həyata keçirilir".
Millət vəkili Nigar Məmmədova bildirir ki,
işğaldan azad edilən ərazilərə böyük
qayıdış Azərbaycanın 2030-cu ilədək 5 Milli
Prioritetindən biri kimi müəyyən olunub. Otuz ilə
yaxın işğal altında qalan Qarabağ və Şərqi
Zəngəzur bu gün özünün yeni inkişaf
dövrünü yaşayır. İşğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış
üzrə I Dövlət Proqramı uğurla icra olunur. Bir
neçə gün əvvəl Prezident İlham Əliyevin
Ağdam, Əsgəran, Xankəndi və Xocalıya səfəri
zamanı gördüyümüz mənzərə bunu bir daha
təsdiqlədi. Prezident İlham Əliyev bu ərazilərdə
yeni infrastruktur layihələrinin təməlini qoydu. Eyni
zamanda, dövlətimizin başçısı Xocalıda
Ballıca kəndində sakinlərlə
görüşdü və bir daha bəyan etdi ki, "Vətən
həsrəti ilə yaşamış insanlar
üçün ən yaxşı şəraiti yaratmaq
dövlətimizin borcudur". Prezidentin yerli əhali ilə səmimi
görüşü, sakinlərin qonağı olması
xüsusi əhvali-ruhiyyə yaratmaqla yanaşı, həm də
keçmiş məcburi köçkünlərə mənəvi
dəstəkdir.
Millət vəkili qeyd edib ki, bütün
keçmiş məcburi köçkün
soydaşlarımız işğalın, müharibənin
ağır nəticələrindən əziyyət çəkib.
Amma dəhşətli soyqırımına məruz qalan
Xocalı sakinlərinin əziyyətini dövlətimizin
başçısı xüsusi vurğulayaraq dedi:
"Bütün azad edilmiş ərazilərimiz kimi,
Xocalını azad etmək də hər zaman gündəlikdə
duran məsələ olub". 2023-cü il antiterror tədbirlərindən
sonra azad olunan Xocalıda bu gün sürətli bərpa-quruculuq
işləri aparılır. İşğaldan sonra artıq bərpa
olunan 10-cu yaşayış məntəqəsi kimi Ballıca
kəndinə də yeni həyat qayıdıb. Burada 460
keçmiş köçkün yerləşib, 137 ev bərpa
edilib və əlavə təqribən 60-a yaxın ev də bərpa
olunacaq: "Keçmiş məcburi köçkünlərin
doğma torpaqlarına qayıtması, orada layiqli şəkildə
yaşamaları üçün dövlətimiz tərəfindən
genişmiqyaslı tədbirlər görülür. Dövlətimizin
başçısının da bəyan etdiyi kimi, təqribən
2-3 ildən sonra əsas infrastruktur layihələri başa
çatacaq və ondan sonra yaşayış fondunun
yaranmasına istiqamətləndiriləcək məbləğ
daha böyük olacaq. Hazırda Qarabağda və Şərqi
Zəngəzurda ümumilikdə 40 minə yaxın insan
yaşayır və fəaliyyət göstərir. 2025-ci ilin
sonuna qədər daha 20-yə yaxın yaşayış məntəqəsinə
keçmiş məcburi köçkünlər qayıdacaq,
beləliklə 30-a yaxın yaşayış məntəqəsində
keçmiş köçkünlər məskunlaşacaq".
N.Məmmədova vurğulayıb ki, irimiqyaslı
infrastruktur layihələri azad olunan əraziləri regionun ən
inkişaf etmiş bölgəsinə çevirməkdədir.
Azad olunan ərazilərə qayıdan insanların məşğulluğunun
təmin edilməsi də əsas prioritetlərdən biridir.
Yaşayış kompleksləri ilə yanaşı, istifadəyə
verilən və yeni inşa olunan sosial obyektlər həm də
yeni iş yerləridir. Təsadüfi deyil ki, Prezident İlham
Əliyev Xankəndiyə səfəri zamanı burada fəaliyyət
göstərən və mütləq əksəriyyəti
qadınlardan ibarət olmaqla 200-dən çox
işçinin çalışdığı tikiş
fabriki ilə tanış oldu. Yeri gəlmişkən, Xankəndidə,
eyni zamanda, mütəmadi olaraq peşə
hazırlığı kursları da təşkil edilir.
Kursları uğurla başa vuran şəxslər isə
fabrikdə işlə təmin olunur. Ümumilikdə isə
burada 800 iş yerinin yaradılması nəzərdə
tutulur: "Bir sözlə, burada həyata keçirilən
bütün tədbirlər öz doğma yurduna qayıdan
soydaşlarımızın layiqli həyat şəraitini təmin
etməkdədir. Uğurla həyata keçirilən
Böyük Qayıdış strategiyası yeni infrastrukturun
yaradılması ilə yanaşı, işğaldan azad
olunmuş əraziləri ümumən regionun yeni inkişaf
modelinə çevirməkdən ibarətdir. İllər boyu
vətən həsrəti ilə yaşayan
soydaşlarımızın, onların övladlarının
öz doğma yurduna dönməsi, burada həyata davam etməsi,
qurub-yaratması əvəzedilməz hissdir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 4 mart(№40).- S.15.