Şəfa və vəfa
adamı
HƏKİM-DÖYÜŞÇÜ AYAZ
MUSAYEVİN HƏYAT HEKAYƏSİ
Ürəyin döyüntüsü onun səssiz fəryadıdır.
Bəzən həyəcanla atır, bəzən yorğun
dayanır, bəzən də qəfil susur. Amma elə insanlar
var ki, onların əlləri qəlbləri susmağa qoymur.
Onlar döyüş meydanında da, cərrah masasında da həyatla
ölüm arasında vuruşurlar. Ayaz Musayev kimi. O, həm
qılıncın, həm də şəfanın
adamıdır.
Tarixin səhifələrinə qanla yazılan
Qarabağ savaşlarında elə insanlarımız var ki,
onların həyatı yalnız bir döyüşlə, bir
missiya ilə məhdudlaşmır. Onlar ömrünü iki fərqli
cəbhədə - həm döyüş meydanında, həm
də insan həyatını xilas edən ağ xalatlı
mübarizələrdə keçirirlər. Bu yazıda həm
əsgər, həm də həkim olan vətənpərvər
bir insan haqqında danışacağam. O, Birinci Qarabağ
müharibəsində döyüş meydanına əlində
silah atılmışdı, İkinci Qarabağ müharibəsində
isə həkim kimi insanları ölümdən qurtardı.
Səhər şəfəqləri bir körpənin
ilk nəfəsini işıqlandıranda hələ heç
kim bilməzdi ki, o nəfəs illər sonra yüzlərlə
ürəyə toxunacaq, onlara şəfa verəcək. O,
dünyaya bir kəndin sakitliyində göz açmış,
uşaqlığını torpaq qoxusunun içində
keçirmişdi. Amma tale onu yalnız bir kəndin yox,
bütün bir xalqın qəlbinə yazacaqdı...
Azərbaycanın Qarabağ bölgəsində,
Ağdərə rayonunun Manikli kəndində 1975-ci il may
ayının 1-də dünyaya göz açan Ayaz Musayev hələ
tələbə ikən müharibə meydanına
atıldı.
1975-ci ilin may ayı... Qarabağın bir kəndində
bir oğlan dünyaya gəlir - adını Ayaz qoyurlar.
Uşaqlığı Qarabağın saf sularında, dağ
havasında keçdi, yeniyetməliyi isə od-alov içində.
1991-ci ildə orta məktəbi bitirəndə artıq vətən
atəş içində idi. O, həkim olmağa qərar
verdi. Azərbaycan Tibb Universitetinə daxil oldu, amma müharibə
ocağında həkim kürsüsündə oturmaq çətindir.
Tələbə ikən könüllü olaraq cəbhəyə
yollandı. Əslində, o vaxt tibbi xidmət göstərmək
üçün getmişdi, amma həyatın sərt qanunu
var - döyüş meydanında hər kəs əsgərdir!
O da silaha sarıldı. Dörd dəfə yaralandı, amma
geri çəkilmədi. Sonuncu yarası ağır oldu,
hospitalın ağ divarları arasında aylarla qaldı. Amma o
divarlar da onu həkim olmaq arzusundan döndərə bilmədi.
Bir il akademik məzuniyyət götürdü, sağaldı
və yenidən universitetə qayıtdı. 1997-ci ildə
artıq Tibb Universitetini bitirmişdi.
Döyüş meydanında ürəyi dayananları
xilas edə bilməmişdi, amma indi bir həkim olaraq əlləri
daha güclü idi. İnternaturanı Kardiologiya
İnstitutunda keçdi, sonra həyat yolunu Göygöldən
Ağcabədiyə apardı. Artıq kardioloq idi. Bir vaxtlar qəlbində
döyüş yarası almış bir insan indi yüzlərlə
qəlbi müalicə edirdi.
O, yalnız həkim kimi deyil, ehtiyatda olan zabit kimi də
fəaliyyətini davam etdirdi. 2006-2008-ci illərdə hərbi
xidmətə çağırıldı, yenə də vətənin
keşiyində dayandı. 2016-cı ildə Aprel
döyüşlərində könüllü iştirak etdi.
Tərtər hospitalında yaralıların nəfəsiylə
nəfəs aldı, onların ağrısını öz qəlbində
hiss etdi. Amma tale ona hələ bir imtahan da
hazırlamışdı.
2020-ci ilin sentyabr ayı... Yenə səfərbərlik,
yenə savaş, yenə Vətən
çağırışı! Ayaz Musayev yenə həkim
xalatını çıxarıb, hərbi geyimini geyindi. Bu dəfə
döyüş meydanına həkim kimi yollandı. Füzuli,
Cəbrayıl, Hadrut və Şuşa... Vətənin hər
qarışı uğrunda savaşan əsgərlərlə
birgə o da var idi. Onun əlləri yüzlərlə
yaralını həyata qaytarırdı.
91 gün - bu 91 günün hər anı həyatda
qalmaq üçün mübarizə idi. Yaralıları
döyüş meydanından çıxarmaq, onların
qanaxmasını dayandırmaq, bəzən bir ürəyə
son dəfə toxunmaq... Döyüşçü olan bir
insan üçün bəlkə də, ən ağır an
bu idi - dostunun gözlərinə baxıb, heç nə edə
bilməmək. Amma o, bacardığını etdi. O günlərdə
Ayaz Musayev təkcə həkim yox, həm də bir əsgər
idi - silahsız, amma daha güclü!
Müharibə bitdi. Ayaz Musayev yenidən Ağcabədiyə
qayıtdı, yenidən öz vəzifəsinin başına
keçdi. İndi o, "KARDİO MED" klinikasının rəhbəridir,
amma onun həkimliyi yalnız müalicə ilə bitmir. Şəhid
ailələri və qazilər üçün həmin
klinikanın qapıları həmişə
açıqdır. O, şəfa və vəfa
adamıdır.
Hər döyüşçünün bir borcu var -
döyüş meydanında qalib gəlmək. Hər həkimin
bir borcu var - insan həyatını xilas etmək.
Ayaz Musayev bu iki borcu bir ömür boyu çiyinlərində
daşıdı. O, təkcə ürəkləri müalicə
etmədi, həm də insanlara yaşamaq eşqini qaytardı.
Əsl həkim yalnız xəstəni sağaltmır, həm
də insana ruh, ümid verir. Və bu ümid bir millətin qəlbinin
döyüntüsünə çevrilir.
Bu gün Ayaz Musayev təkcə bir kardioloq deyil, həm
də vətən uğrunda canını sipər etmiş,
yüzlərlə insanın həyatını xilas etmiş qəhrəmandır.
O, həkimdir, döyüşçüdür, vətənpərvərdir
- ürəklərin keşiyində dayanan bir igiddir.
Aynurə İNCİ
525-ci qəzet .- 2025.- 4 mart(№40).- S.14.