Şəhidlik zirvəsində
Azərbaycanın minlərlə qəhrəman
oğlu kimi, Camal Əliyevi də şəhidlik zirvəsinə
ucaldan Vətən sevgisi oldu. Cəmi 21 yaş
yaşamasına baxmayaraq, gələcək nəsillərə
örnək biri oldu.
Cəlilabad şəhərində anadan olan Camal Mehman oğlu Əliyevi vətənin
düşmən tapdağı altında olması rahat
buraxmırdı. Camal qəlbində doğma torpağa məhəbbət,
yağıya nifrət hissi ilə həqiqi hərbi xidmətə
yola düşəndə böyük inamla dost-tanışına
deyir: "Əsir Qarabağımız yolumuzu gözləyir.
Şuşaya üçrəngli qələbə
bayrağımızı sancıb hamınızın
başını uca edəcəyəm".
Əsgər Camal düşmənlə üzbəüz, ön cəbhədə qulluq edir.
Ana qədər əziz bildiyi doğma Vətəni gözbəbəyi
kimi qoruyur, təlimlər zamanı cəsurluğu,
çevikliyi əsgər yoldaşlarına nümunə
göstərilir. Ədalətli, təmiz ürəkli,
vicdanlı oğul düşmənlərə də öz
gücünü göstərir. Bir də "Tezliklə
düşməni müharibə meydanında məğlub edəcəyik,
qalib adımız bütün dünyaya yayılacaq" -
deyir.
Camal Vətən uğrunda şəhid olmağı
özünə şərəf
bilir, doğma torpağa ürəkdən
bağlanır. Hər dəfə verilən
tapşırıqları yerinə yetirməyə
başlayanda elinin mərd oğlunun yurduna, dövlətinə,
xalqına sevgisi duyğuların ən ülvisi olur, qəlbindəki
düşməndən qisas yanğısı isə birə
beş artır. Vətən, torpaq naminə döyüşmək
könül dünyasında ən müqəddəs
duyğuya çevrilir. Yağı düşmənə qan
uddurmaq üçün hazır durur və vətən
sevgisinə tapınmaqla odun-alovun içinə atılır.
Nəhayət, cənnət-məkan
Qarabağımızı azad etmək, düşməndən
intiqam almaq vaxtı
çatır. Ən böyük arzusu işğal
olunmuş torpaqlardan düşmənləri qovmaq olan Camal
Əliyev birincilər cərgəsində
müharibə meydanına girir. Mərdliklə, rəşadətlə
vuruşur, dəfələrlə ölümün
kandarından geri dönür. Cəbrayılın
və Füzulinin azadlığı uğrunda gedən
döyüşlərdə yağıdan ürəyincə
intiqam ala bilir. Oktyabrın 14-də Füzulidə gedən
döyüşlərdə şəhid olur. Cəlilabad şəhərində
dəfn olunan şəhid Camal Əliyev Azərbaycan Prezidenti
İlham Əliyevin sərəncamları ilə
ölümündən sonra "Vətən uğrunda" və
"Cəbrayılın azad olunmasına görə"
medalları ilə təltif edilir.
Zəfər ORUCOĞLU
525-ci qəzet .- 2025.- 4 mart(№40).- S.14.