Vətənin qəhrəman oğlu
Cəlilabad rayonu, Əsədli kəndində
boya-başa çatan Mahir Bəxtiyar oğlu Paşayev
İkinci Qarabağ müharibəsində Vətən, torpaq
uğrunda şəhidlik zirvəsinə ucalaraq milyonların
ürəyində özünə
əbədi məkan qurub. Fəqət, Mahir həm də 30 il
düşmən tapdağında qalan cənnət məkan
Qarabağımızın mərd xilaskar ərənləri
kimi tarixin yaddaşında silinməz
iz qoyub. Elə bütün bunlara görə onun
yaşadığı 23 illik ömür yolu doğma Azərbaycanına,
millətinə başdan-başa ilahi bir sevgidir. Mahir torpaq, Vətən
yolunda ölməklə bizim üçün ən müqəddəs
bir varlığa dönərək əlçatmaz göylərə
ucaldı.
O, kənd məktəbini bitirəndə birinci
amalı Vətən torpağını qorumaq və
mübarizliklə düşmənə qalib gəlib
Qarabağı azad etmək olub. 2015-ci ildən Azərbaycan
Silahlı Qüvvələrinin sıralarında xidmət
edib. Müqəddəs əsgəri borcunu şərəflə
yerinə yetirib, vətənpərvər oğul olaraq əsgərlər
arasında sayılıb tanınıb. İştirak etdiyi təlimlərdə
də bütün sınaqlardan uğur qazanıb. Qəlbində
erməni quldurlardan intiqam, qisas almaq alovu get-gedə güclənən
Mahir hərbi sirlərə mükəmməl yiyələnib.
Və ən əsası cəbhə xəttində
yağı düşmənlə qarşı-qarşı
dayanmış igid əsgər hər an Vətən
torpaqların azadlığı naminə döyüşə
atılmağa məqam gözləyib. 2016-cı ilin Aprel
döyüşlərində Mahir Paşayev birincilər
sırasında silaha sarılıb düşmənə
qarşı ölüm-dirim mübarizəsinə girib. Mahir
Paşayev Vətən müharibəsində əsl qəhrəmanlıq
salnaməsi yazıb, 2020-ci il sentyabrın 27-də Azərbaycan
Silahlı Qüvvələri tərəfindən Ermənistan
işğalı altında olan ərazilərin azad edilməsi
və Azərbaycanın ərazi bütövlüyünün
bərpa olunması üçün başlanan Vətən
müharibəsi zamanı Füzulinin, Hadrut qəsəbəsinin
və Xocavəndin azadlığı uğrunda gedən
döyüşlərdə savaşıb. Mahir Paşayev
oktyabrın 9-da Xocavənd döyüşləri zamanı
şəhid olub.
Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi uğrunda
döyüş əməliyyatlarına qatılan və hərbi
hissə qarşısında qoyulmuş
tapşırıqların icrası zamanı vəzifə
borcunu şərəflə yerinə yetirdiyinə görə
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları
ilə ölümündən sonra "Vətən
uğrunda", "İgidliyə görə", "Cəbrayılın
azad olunmasına görə", "Kəlbəcərin azad
olunmasına görə", "Xocavəndin azad
olunmasına görə", "Qubadlının azad
olunmasına görə" medalları ilə təltif
edilib.
ZƏFƏR ORUCOĞLU
525-ci qəzet .- 2025.- 4 mart(№40).- S.14.