Arzulamaq vərdişi
Esse
Həmişə elə bilmişəm ki, ümidlərimiz
arzularımızı yaradıb. Yanılmışam. Əvvəlcə
arzulayırıq. Sonra ümid edirik. Arzu ümiddən, hisslər
sezgilərdən daha irrosionaldır. İnsan şüuru belə
işləyir. Sonra dua edirik. Sonra ya xoşbəxt oluruq, ya da bəxbəxt.
Soyuqqanlı insanlara buna görə həsəd
aparmışam. Onlar şüursuzluğun və
rasionallığın təntənəsinə qapılıb
bu iki hissi sonacan yaşaya bilmirlər. Arzulamağın fəlsəfəsi
haqqında araşdıranda məşhur şotland filosof Devid
Humun məşhur bir cümləsinə rast gəldim:
"İnsan ağlı arzularının əsarətindədir..."
Doğrudanmı belədir? D.Hum qürur və təvazökarlıq,
arzu və istək, xoşbəxtlik və bədbəxtlik, kədər
və qorxu məfhumlarını təsvir etmək
üçün "ehtiras" sözünü texniki termin
kimi istifadə edir. Ümumiyyətlə,
düşünür ki, bütün duyğu, hiss və istəklərimizin
təməlində ehtiras dayanır. Onun fikrincə,
ehtiraslarımız rasional düşüncədən fərqli
kateqoriyadadır. Amma həmin hisslərin özlüyündə
nə rasional, nə də irrasional olduğunu
düşünür. Saf qürur, xoşbəxtlik və ya
başqa bir duyğu selinə qapılmaq heç vaxt məntiqsiz
ola bilməz: duyğular təcrübələrimizə
uyğun gələn reaksiyalardır. Ehtiraslar və
ağıl da bir-birinə zidd deyil, birlikdə işləyir.
Və ağlın yeganə işi bizə ən güclü
ehtiraslarımız üzərində iqtidar qurmağa kömək
etməkdir.
Huma görə, bizim hərəkətlərimizdə
ağıl həmişə mühüm rol oynayır.
Ərzaq almaq üçün bazara girdiyiniz zaman ağıl
sizə hansı istiqamətə getməyinizi və nə
üçün özünüzlə pul
aparmağınızı və bir çox başqa şeyləri
söyləyir. Lakin Hum belə düşünmür ki, tək
ağıl bizi hərəkətə gətirir. "Bizi orada
gəzməyə sövq edən bir ehtiras olmasaydı,
heç vaxt bazara getməyəcəyimizi" iddia edir Hum. Təkcə
bu səbəb bizi ərzaq mağazasında yemək
üçün bir şey almağa vadar edə bilməz - ac
qalmaq istəməmək və ya nahara dəvət edərək
kimisə heyran etmək kimi bir ehtirasa (yaxud arzuya)
ehtiyacınız var. Həmişə arzu və içimizdə
bitməyən ehtiras şövqü üstünlük təşkil
edir və nə ediriksə yalnız ibtidai
duyğularımıza xidmət etməklə kifayətlənir.
"Ağıl... ehtiraslarımızın quludur" - deyir
Hum.
Bəzən biz hər hansı bir istəyimizin
üstündən xətt çəkirik. İmtina edirik bəzi
şeylərdən. Hərdən olur, əlimiz-ayağımız
soyuyur bir işdən. Belə olan halda ağılın, məntiqin
arzu və digər həssas duyğulardan əvvələ
keçdiyini düşünməməliyik. Humun
yuxarıdakı məşhur ifadəsini yadınıza
salın. Deməli, indi də istəməmək ehtirası
ağlımızdan daha tez davranıb bizimlə oyun
oynayır. Ağlımız saniyələr ərzində yeni
hisslərimizə yol çəkməklə məşğul
olur. Bir sözlə, insan beyni duyğuların arxasınca Məcnun
kimi gəzir.
Buna görə Hum ağıl və ehtirasın
bir-birinə zidd olduğunu düşünmür.
Ehtiraslarınız nə etdiyinizi müəyyənləşdirir
və siz bu məqsədlərə çatmaq üçün
intellektinizdən istifadə edirsiniz. Ən güclü
ehtiraslarınızı ən yaxşı şəkildə
necə təmin edəcəyinizi anlamaq üçün
ağlınız sizə bələdçi olur.
Huma görə, ehtiraslar nə rasional, nə də
irrasional olmadığı üçün, hərəkətləri
irrasional edə bilən yeganə şey batil inanclardır. Məsələn,
uça biləcəyinə dair yanlış inancın varsa,
paraşütsüz təyyarədən tullanmaq
ağılsızlıqdır. Ancaq uçmaq ehtirasını
doyurmaq üçün təyyarədən paraşütlə
tullanmaq ağılsızlıq olmaz.
Həqiqətən də, Humun yəqinincə, nə
qədər qəribə görünsə də, hər
hansı bir hərəkət bütün digərlərini
üstələyən ehtirasla idarə olunursa, biz heç
vaxt bu hərəkəti irrasional adlandıra bilmərik. O hətta
deyir ki, "barmağımın sağ qalmasındansa,
bütün dünyanın məhv olmasını üstün
tutmaq ağılsızlıq deyil". Lakin tamamilə yad
birinin həyatını bir az da yaxşılaşdırmaq
üçün öz həyatınızın tamamilə məhv
olmasına icazə vermək də ağılsızlıq
sayılmaz. Verdiyimiz bu misalların heç biri irrasional ola
bilməz, çünki nə ehtiraslar, nə də ehtiraslara əsaslanan
hərəkətlər, yalançı inanclarla birləşməyincə
və ya üst-üstə düşmədikcə irrasional
deyildir. Əgər barmağınıza zərər verməmək
istəyiniz güclüdürsə və dünyanın məhv
olmasının qarşısını almaq istəyiniz zəifdirsə,
barmağınıza zərər verməkdənsə,
dünyanın məhv olmasına icazə vermək məntiqlidir!
Humdan fərqli olaraq, bəzi filosoflar
düşünürlər ki, bəzən yalnız
ağıl bizə nə edəcəyimizi söyləyə
bilər. Məsələn, hər hansı bir insanın
özünə zərər verməsi və ya
başqalarına zərər verməsi heç bir səhv etmədiyi
müddətcə ağılsızlıq ola bilər.
Huma görə, ən güclü ehtiraslarınız
buna mane olsaydı, özünüzə və ya başqa bir
insana zərər vermək mütləq məntiqsiz olardı.
Çünki əgər insan nə özünü, nə də
başqalarını düşünmürsə, bu insan nə
özünə, nə də başqalarına zərər verəcəyi
bir vəziyyətdə məntiqsiz hərəkət etməz.
Müasir fəaliyyət nəzəriyyələri
Humun nəzəriyyəsindən qat-qat mürəkkəbdir.
Humdan sonra filosoflar onun arqumentinin qaldırdığı iki əsas
sual arasında fərq qoydular, hər ikisi bu gün də
müzakirə olunur. Məntiq yoxsa ağıl? İnsan rasional
varlıqdır, yoxsa irrasional?
Bunlar arzulamağın fəlsəfi məsələləridir...
Qayıdaq sıravi kəslərin həyatında yol
nişanlarına çevrilmiş, qırmızı işarələrlə,
böyük hərflərlə yazılmış arzulara.
Dünya dəyişdikcə həmin arzuları da əlimizdən
almağa başladı. Müasir fəlsəfənin və
sosiologiyanın ən böyük problemlərindən biri olan
depressiya, yorğunluq, fərdiyyətçilik insana xəyal
qurdurmur, arzu tutdurmur, ümid etdirmir, dua üçün əllərini
açdırmır. Ovuc qədər ekranlara həbs
edilmiş sosial həyatımızda sabah üçün nə
istəyəcəyimizi biz yox, başqaları və trendlər
müəyyən edir. Beləcə, arzulamaq vərdişimiz,
ehtirasımız da itib gedir. Yeni dünyanın insanı
ibtidai duyğularını rəqəmsallaşdırmaqla məşğul
ikən, aliliyə doğru yol almır, sürətlə ondan
uzaqlaşır.
Rəvan
525-ci qəzet .- 2025.- 4 mart(№40).- S.13.