Elçin Muxtarov:
"Vətən mənim üçün coğrafi məsələ
yox, mənəvi anlayışdır"
Kanadanın Toronto şəhərində yaşayan
rejissor Elçin Muxtarov vətəndən uzaqda hər zaman
doğma Azərbaycanın milli-mədəni dəyərlərini
yaşatmağa və təbliğ etməyə
çalışan həmyerlimizdir. "ELTV
Production"ın rəhbəri, Kanadanın Omni
Televiziyasında Azərbaycan dilində yayımlanan "ELTV
presents" proqramının yaradıcısı olan
Elçin Muxtarovu mənə azərbaycanlı alim, Əməkdar
elm xadimi Məsud Əfəndiyev tanıtdı. Hörmətli
alimimizin Torontoda Azərbaycan evini ziyarət edərkən
tanış olduğu və "Azərbaycan üçün
sözün əsl mənasında canı yanan bir
yoldaş" deyə tanıtdığı Elçin bəyi
daha yaxından tanımaq üçün
günümüzün bizə sunduğu imkanlardan - sosial
şəbəkələrdən istifadə edərək
uzağı yaxın etdik və çox maraqlı müsahibəyə
nail olduq. Söhbətimiz də elə Elçin bəyin
rejissorluğa, televiziyaya olan marağından başladı:
"Mən Cəbrayılda anadan olmuşam, orta məktəbi
də orada bitirmişəm. 6-7-ci sinifdə oxuyanda artıq
foto ilə məşğul olmağa
başlamışdım. Valideynlərim riyaziyyat müəllimi
olsalar da, atam foto ilə maraqlanırdı, özünün
fotoaparatı vardı. Elə özü məni öyrətdi
və mən də başladım o yaşlardan şəkillər
çəkib çıxarmağa. Həyətdə, evdə,
məktəbdə fərqli-fərqli şəkillər
çəkirdim. 8-ci sinifdə oxuyanda kinooperator olmaq həvəsinə
düşmüşdüm. Hətta evdəkilərdən mənə
kamera almaqlarını xahiş edirdim. Düzdür, o zamanlar
kamera çox baha idi, ala bilmədilər. Sonra riyaziyyat təmayüllü
sinfi medalla bitirdim və Memarlıq və İnşaat
Universitetinə qəbul oldum. Universiteti bitirdikdən bir
müddət sonra bir şirkətdə işə düzəlmişdim.
Həmin şirkətdə videokamera var idi və rəhbərlikdən
xahiş etdim ki, ondan istifadə etməyə mənə icazə
versinlər. İcazə verdilər və mən
videokameranı işlətməyin qaydasını öyrənib
yenə də başladım həyətdə, evdə,
kiçik məclislərdə çəkilişlər etməyə.
Televiziyaya marağım böyük idi və özümdən
asılı olmadan, çəkilişlərimin
formatını da televiziya formatında edirdim. Bunun nəticəsində
"Bravo studio" adlı bir prodakşın məni işə
dəvət etdi. Orada öncə operator, sonra video montajor və
rejissor kimi çalışdım. 2000-ci illərin əvvəllərində
bizim studiya artıq professional işlərlə məşğul
idi. Şirkətlər üçün reklam çarxları
hazırlayırdıq, konsert, klip çəkilişləri
ilə məşğul olurduq. Sonra verilişlər də
hazırlamağa başladıq. İlk verilişimiz 2007-ci ildə
"Space" televiziyasında yayımlanan "Dubl-bom"
verilişi oldu. Mən həmin verilişin rejissoru və
videomontajçısı idim. Sonra "Davam, ya tamam"
verilişini də çəkdik. Eləcə də dövlət
tədbirlərinin də rejissoru olmuşam. 2015-ci ilə qədər
bu sahələrdə çalışdım və həmin
il Kanadaya köçdüm".
E.Muxtarov Kanada kimi Azərbaycandan çox uzaq, fərqli
bir ölkəyə üz tutmağının, əslində,
keçmişdən şüuraltında bu ölkəyə
qarşı formalaşmış uşaqlıq
marağından qaynaqlandığını deyir:
"Öz həyatım haqqında mühüm qərarlar
verməzdən öncə çox
düşünüb-daşınan, hər şeyi
götür-qoy edən adamam. Məncə, həmin dövrdə,
yəni qlobal dəyişiklik öncəsi
"götür-qoy" prosesində insanın
şüuraltı informasiyaları aktivləşir. Bu o
informasiyalardır ki, uşaqlığımızdan
başlamış yaranır və özümüzdən də
xəbərsiz alt şüurumuzda özünə yer edir. Mən
orta məktəbdə oxuyarkən Kanada ilə bağlı məlumat
ala biləcəyim sosial şəbəkələr, internet yox
idi. Kanadaya deyəndə mənim yadıma ancaq həmin
ölkənin hokkey komandası düşürdü. O
dövrdə hokkey oyununa qəribə bir simpatiyam vardı və
həmin komandaya azarkeşlik edirdim. Komandanın
formasındakı ağcaqayın yarpağını
çinar yarpağına oxşadırdım və həmişə
çinar yarpağı qırıb köynəklərimin
üstünə yapışdırırdım. Sən demə,
bu, şüuraltımda yerləşib, amma heç zaman
Kanadada yaşamaq haqda düşünməmişdim.
2013-2014-cü illərdə bir müddət xaricdə
yaşamaq fikrinə düşdüm və Avropa, Amerika ilə
maraqlanmağa başladım. Ən əsası da öz sahəmlə
maraqlanırdım ki, bu sahədə orada çalışa
bilərəmmi, biliklərim imkan verərmi. Köhnə
iş yoldaşlarımdan biri Amerikada, digəri isə Kanadada
yaşayırdı. Onlarla əlaqə saxlayıb müzakirələr
edirdim. Tam məlumatlar aldıqdan sonra qərara gəldim ki,
Kanadaya gedim. 2015-ci ilin yay aylarında Kanadaya gəldim".
Lakin nə qədər uzaqda olmasına baxmayaraq,
müsahibimin Azərbaycanla, öz kökləri ilə
bağları heç zaman qopmayıb, bəlkə də tam əksinə,
daha da güclənib. Hansı məsafə Vətən
sevgisinə mane ola bilər ki?!
"Azərbaycanla bağlarımı heç vaxt
itirməmişəm, çünki mənim üçün
vətən həm də həyatın özüdür.
Ən əsası, dilimizi, adət-ənənələrimizi
və mədəniyyətimizi qorumağa
çalışıram. Azərbaycan musiqisini dinləyirəm,
evdə Azərbaycan yeməkləri hazırlanır, Azərbaycan
restoranlarına gedirəm, həmçinin yerli Azərbaycan
icması ilə əlaqələrimiz var. Azərbaycanla əlaqələrim
həmişə var. Onlayn olaraq Azərbaycan xəbərlərini
izləyir, Vətəni hər zaman özümə daha
yaxın hiss edirəm. Bu hiss xüsusilə xaricdə
yaşayarkən özünü daha çox büruzə
verir".
Təbii ki, uğur birdən-birə qazanılmır.
Özü də yad məmləkətdə, bilmədiyin
mühitdə. Elçin bəyin də çətinlikləri,
üzləşdiyi problemlər az olmayıb:
"Yeni ölkəyə gələndə dil və mədəniyyət
fərqləri insana çox mane olur. Buna görə adaptasiya
müəyyən müddət alır. Ailəndən uzaq
qalmaq, tək olmaq, iş tapa bilməmək və sair kimi məsələlər
insana psixoloji təsir edir. Bütün bunları nəzərə
almışdım, müəyyən qədər hazır
idim. Amma yenə də həmin çətinlikləri
yaşadım. Rusdilli saytlarda öz işimlə bağlı
elanlar verdim, azərbaycanlılarla tanış olmağa
başladım, kontaktlarımı artırdım. Burada
yayımlanan, İsrailin "Doqquzuncu kanal"ında operator və
videomontajçı kimi işləməyə başladım.
Bir müddət sonra oradakı rəhbərliyə müraciət
etdim ki, Azərbaycan dilində bir proqram üçün mənə
15 dəqiqəlik efir vaxtı verərsinizmi? Mənə dedilər
ki, burada icazə verilməz, amma "Omni" televiziyası
Kanadada yaşayan etnik qruplara efir vaxtı verir. Demək olar ki,
bir ilə yaxın oranın rəhbərliyi ilə
yazışmalarımız oldu və nəhayət, icazə
ala bildim. Bunun üçün "Canadian Radio-television and
Telecommunications Commission" (CRTC) adlı dövlət
orqanından yayım lisenziyası da aldım. Beləcə, həftədə
3 dəfə yayımlanan "ELTV Presents" verilişi ilə
2019-cu ilin sentyabrından efirə çıxdım və bu
günə kimi davam edirik. Proqramın əsas məramı Azərbaycan
icmasının Kanadada fəaliyyətinin
işıqlandırılması, elm, təhsil, mədəniyyət,
incəsənət və biznes sahələrində
çalışan həmvətənlərimizin icma
arasında tanıdılması, Azərbaycan mədəniyyətinin
və mətbəxinin təbliği, mahnı, rəqs və
digər diaspor təşkilatları haqqında məlumatların
televiziya proqramı vasitəsi ilə yayımlanmasıdır.
Əvvəlcə "ELTV" prodakşın kimi
fiziki şəxs olaraq qeydiyyatdan keçdim. 2021-ci ildə
hüquqi şəxs kimi qeydiyyatdan keçdim və "ELTV
Media Qrup" formalaşdı. Çətinliklər daha
çox verilişin hazırlanmasında ortaya
çıxdı. Təbii ki, verilişə icazənin
alınması prosesində müəyyən bürokratik əngəllər
çıxırdı qabağımıza, amma
hamısını yoluna qoya bildim. Verilişin
hazırlanmasında isə bir komanda yığmaq lazım idi.
Onlar da bu sahədən xəbərdar şəxslər
olmalı idi ki, o da burada yoxdur. Üstünlüklərdən
biri o idi ki, həm operator, həm montaj, həm rejissor, həm
də musiqidən anlayışımın olması müəyyən
müddət hər işi özümün görməyimə
kömək oldu. Zamanla isə komandanı
formalaşdırdıq. Ona görə də hazırda
veriliş yüksək səviyyədə hazırlanaraq
yayımlanır.
Proqram ilk yayımlanan zamanlarda öncə öz ətrafımdan
reaksiyalar aldım, insanlar bunun ola biləcəyinə
inanmırdılar, təəccüblə
qarşılayırdılar. Sonralar isə Azərbaycan
icmasının nümayəndələri çox sevinclə
qarşıladılar, mənə zəng edib təbriklərini
çatdırırdılar. Çünki bu, təkcə
televiziyada getmirdi, həm də sosial şəbəkələrdə
fraqmentlər yayımlayırdım. Televiziya formatında
yayımlanan verilişlərin bir üstünlüyü də
ondadır ki, cəmiyyət tərəfindən daha ciddi qəbul
olunur.
Haqqında danışdığımız
verilişdən başqa, bizim həm də kommersiya tərəfimiz
də var ki, Kanada bazarında fəaliyyət göstəririk.
Bura reklam çarxlarının, sənədli filmlərin,
hansısa şirkətlər haqqında promo-videoların
hazırlanması, bütün növ çəkilişlər
daxildir. Son illərdə video sahəsində süni intellektin
tətbiqi böyük bir inqilaba səbəb olmuşdu. Bu
gün süni intellekt bu sahənin hər bir qoluna sirayət
edir və biz bununla da ayaqlaşmalıyıq. Komandamız bu
işlə də məşğul olur, yeniliklərlə
tanış olub tətbiq etməyə çalışırıq.
Çünki süni intellekt həm də bir baxımdan
işləri asanlaşdırır, video keyfiyyətin yüksəldilməsinə
kömək edir. Həmçinin,
hazırladığımız, ya da hazırlamaq istədiyimiz
videoların, layihələrin hansı auditoriyaya
çatdırılmasını analiz edir və səni istiqamətləndirir".
Həmsöhbətimiz bütün bu fəaliyyətlərdən
başqa Azərbaycan tarixinin, həqiqətlərinin
ingilisdilli auditoriyaya çatdırılması
üçün də bir sıra mühüm işlər həyata
keçirir. Onlardan biri də Azərbaycan tarixinə dair
hazırladıqları sənədli filmlərdir. Özü
deyir ki, bu filmlər Azərbaycanı tanımayan, onun
haqqında heç bir məlumatı olmayan xarici vətəndaşlar
tərəfindən də böyük maraqla
qarşılanır: "Vətən mənim
üçün coğrafi məsələ yox, mənəvi
anlayışdır, çox fərqli, yüksək bir
hissdir. Harada yaşamağımızdan asılı olmayaraq,
biz azərbaycanlıyıq, Azərbaycanı layiqincə təbliğ
və təmsil etməliyik. Bunun mənada medianın rolu
böyükdür və hazırda bizim də əlimizdə o
imkanlar var. Bu, 2021-ci ildə başlanan "Azərbaycanın
tarixi" adlı bir layihə idi. Bu layihə Kanadada fəaliyyət
göstərən "Vətən" Azərbaycan İncəsənət
və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin
Həsənova tərəfindən təklif olundu. Layihənin
əsas hədəfi ingilisdilli auditoriya idi. Azərbaycanın
tarixini əks etdirən qısa filmlər hazırlanmalı
idi. Filmlər Azıx mağarasının tarixindən, eləcə
də Azərbaycanda var olmuş qədim dövlətlərdən
üzü bəri tariximizin mühüm dövrlərini
mövzu alır. Onlar arasında Qarabağ hadisələrinə
aid "Xocalı", "Dəmir yumruq" və Milli Qəhrəmanımız
Albert Aqarunova, Şuşanın tarixinə həsr olunmuş
filmlər var.
2023-cü ilin aprel ayında Toronto şəhərində
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi
ilə Azərbaycan evi açıldı. O zamandan etibarən
orada çoxlu tədbirlər keçirilir. Azərbaycan evinin
media işini isə "ELTV Production" həyata
keçirir. Orada müxtəlif kliplər hazırlanıb,
musiqi nömrələri çəkilib. Eyni zamanda Azərbaycan
evinin "Həftə sonu məktəbi" var ki orada rəsm,
musiqi, rəqs, teatr, dram, şahmat, Azərbaycan dili dərsləri
keçirilir. Həmçinin, Azərbaycan üçün əlamətdar
günlərə aid tədbirlər keçirilir ki,
studiyamız həmin tədbirləri
işıqlandırır, reportajlar hazırlayır. Həmin
Azərbaycan evinin direktoru da Lalin Həsənovadır.
Azərbaycanın mühüm tarixi hadisələrinin,
dövlət əhəmiyyətli günlərin demək olar
hamısına aid filmlərimiz var və həmin günlərə
aid tədbirlər keçirəndə biz o filmləri də
təqdim edirik ki, oraya gələn ingilisdilli
qonaqlarımız, parlamentin deputatları, siyasətçilər,
digər xalqların nümayəndələri məlumatlansın.
Filmlərin müəlliflik hüququ bizdə olsa da,
dünyanın istənilən ölkəsindəki diaspor təşkilatlarımız
istənilən filmdən istifadə edə bilər.
Çünki sırf tarixi faktlara əsaslanmış yüksək
səviyyəli filmlərdir. Gələcəkdə də bu
cür filmlərin çəkilişlərini davam etdirəcəyik.
Qarşımızda duran layihələrdən biri də Qərbi
Azərbaycanla bağlıdır ki, bu haqda da film çəkəcəyik".
Qərbi Azərbaycan demişkən, Kanada dünyada
erməni lobbisinin ən güclü olduğu ölkələrdən
biridir. Əlbəttə, E.Muxtarov və onun komandasının
vətənpərvər üzvləri də Azərbaycan mədəniyyətini,
tarixini tanıtmaq uğrunda gördükləri bu işlərdə
erməni müdaxiləsi ilə
qarşılaşmamış deyillər. Bəs bu müdaxilələr
nələrdir, onlar bunların öhdəsindən necə gəlirlər?
Ən əsası isə 2020-ci ildə baş verən və
Azərbaycanımızın böyük zəfəri ilə
nəticələnən 44 günlük Vətən
müharibəsində haqq səsimizin eşidilməsində,
həqiqətlərimizin dünyaya
çatdırılmasında xaricdə yaşayan
soydaşlarımız da çox fəal iştirak etdilər.
Onların ön sırasında gələnlərdəndir
Elçin bəy. Bu dövr də maraqlıdır, müharibə
zamanında hansı çətinliklərlə
rastlaşdılar, ermənilərlə toqquşmalar
yaşandımı? Bütün bunlar haqqında da ətraflı,
özü də böyük qürurla danışdı
müsahibim: "Təbii ki, burada ermənilər çoxdur,
saysız-hesabsız kilsələri, məktəbləri var.
Çox uzun zamandır burada yaşadıqlarından
yaxşı təşkilatlanıblar. Kanada hökumətinin
Azərbaycanla soyuqluğunda çox böyük rolları
var. Biz də çalışırıq ki, öz işlərimizlə
onlara qarşı həm müqavimət göstərək, həm
də öz məqsədlərimizi həyata keçirək.
44 günlük Vətən müharibəsindən
danışmazdan öncə şəhidlərimizə Allahdan
rəhmət, qazilərimizə cansağlığı arzu
edirəm. Cənab Prezidentimizə isə minnətdaram ki,
qürurumuzu bərpa etdi, adımızı ucaltdı. Xaricdə
bu qələbə daha da qürurverici bir haldır. İndi
biz hər yerdə qürurla "Mən azərbaycanlıyam"
deyirik. Mən və ailəm də Cəbrayıldan məcburi
köçkün kimi gəlmişik. Bütün bu qanlar,
acılar mənim gözümün qabağında baş
verib. Ailəmdə, sinif yoldaşlarım arasında şəhid
olanlarımız var. Allah hamısına rəhmət eləsin!
Yadınızdadırsa, 2020-ci ilin iyulunda baş verən
Tovuz hadisələrindən sonra ermənilərin xaricdə
bizə qarşı təxribatları artmağa
başladı. Azərbaycan icmasının da ilk böyük
nümayişi məhz həmin dönəmdə
keçirildi. Üç mindən çox azərbaycanlı
yürüş keçirdik, "Erməni işğalına
son!" deyib səsimizi qaldırdıq. Bütün bu proseslərin
hamısını öz kameramla lentə aldım və həmin
materiallardan sonralar çox geniş şəkildə istifadə
etdik. Ermənilərin təxribatları ara vermirdi. 44
günlük Vətən müharibəsi dövründə
azərbaycanlılardan ibarət "Qaynar xətt" adlı
votsap qrupu yaratmışdıq və demişdik, erməni təxribatı
ilə üzləşən hər kəs dərhal o qrupda
yerini, adını qeyd etsin ki, yaxında olanlar oraya getsinlər.
Belə bir hadisə baş verdi. Bir gün evdə idim və
gördüm votsapdan bir təxribat xəbəri
paylaşdılar, yer isə mənim Torontoda evimə 5-6 dəqiqəlik
məsafədə idi. Tez durub hadisə yerinə getdim. Deməli,
iki nəfər azərbaycanlı öz maşınlarında
Azərbaycan musiqisi səsləndirdiklərinə görə
ermənilər yaxınlaşıblar və insident yaranıb.
Orada ermənilər qaz tapançasından atəş
açıb soydaşlarımızdan birini
yaralamışdılar. Polislər də orada idilər. Deməli,
15-20 dəqiqənin içərisində 150-dən çox
azərbaycanlı yığıldı oraya. Hətta polislər
də heyrətləndilər ki, siz hardan xəbər tutub gəldiz,
bu qədər millət haradan yığıldı bura. Yəni
həmin dövrdə çox yüksək səviyyəli bir
təşkilatlanma var idi, hamı bir-birindən xəbərdar
idi. Eləcə də gözümüz, qulağımız
Azərbaycanda idi, torpaqlarımızın günbəgün
azad olunması bizdə ruh yüksəkliyi
yaratmışdı. Ən böyük mitinqimiz isə 17
oktyabrda keçirildi. Beş minə yaxın azərbaycanlı
iştirak edirdi. O qədər kütləvi hal aldı ki,
artıq Kanadanın məşhur xəbər
televiziyalarında da işıqlandırıldı. Orada mənim
çəkdiyim kadrlardan da istifadə olunurdu. Hamımız Azərbaycanın
haqq səsini çatdırmağa
çalışırdıq və buna nail də olduq. Hətta
Xarici İşlər Nazirliyində görüşlər
keçirildi, müsahibələr alındı, televiziyada
Hikmət Hacıyevin azərbaycanlılara təxribatdan uzaq
durmaları ilə bağlı
çağırışı yayımlandı. Bu icma bir
yumruq kimi birləşdi və müharibə dövründə
uzaqda olmağımıza baxmayaraq, xalqımızla birlikdə
idik, bütün proseslərin iştirakçısı olduq.
Bununla da qürur duyuruq".
Söhbətimizin sonunda planlarından danışan
E.Muxtarov dedi ki, Qarabağla, xüsusən, doğulub,
boya-başa çatdığı Cəbrayılla
bağlı da sənədli film çəkmək fikri var. Hətta
bu istiqamətdə müəyyən addımlar da
atılıb: "Bir ildən çoxdur ki, beynimdə bu layihəni
planlaşdırıram. 2024-cü ilin sentyabr-oktyabr
aylarında Azərbaycana gəldim, Qarabağda oldum.
Doğulduğum, boya-başa çatdığım Cəbrayıl
haqqında ingilisdilli auditoriya üçün sənədli
film çəkmək fikrim var. Bu film işğaldan əvvəl,
işğal və işğaldan sonrakı dövrləri əhatə
edəcək. Ssenari demək olar ki, hazırdır. Bu filmdən
gözləntilərim böyükdür. Təşkilati və
maliyyə məsələləri həllini taparsa, nəzərdə
tutmuşam ki, bu ilin yayında filmin çəkilişlərinə
başlayım.
Eyni zamanda birbaşa Qarabağla bağlı olmasa da,
ümumən bu mövzularda bir qısametrajlı bədii film
çəkmək planımız var. Onun Azərbaycanda çəkilməsi
nəzərdə tutulub".
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 4 mart(№40).- S.12;13.