Ədəbiyyatda Ad
olan Adam
...Hər könlün bir laçın vaxtı olur, qəfəs
sanıb uçub getmək istədiyi yerin əslində pərvazlandığı
gerçək yuva olduğunu anlayana qədər... O
qapılar "qırılır", o "qəfəslərdən"
çıxılır, yanılmaq da burdan başlanır -
getdiyin yerlərin məngənəsi var gücü ilə
xirtdəyindən yapışanda... Qanadının
gücünü, ruhunun təpərini itirəndə
tanış misralar yenidən çıxır qarşına
və son dəfə çırpır səni
keçmişin xatirələrdən hörülən
qalın, keçilməz divarlarına... Şeiri ilə bunu
bacaran şairin o məlum həqiqətlərdən bizdən
daha əvvəl və daha əfzəl agah olmasındandır
yəqin... Öz mənəvi-ruhani coğrafiyasında
iddiasız yaşayıb o həqiqəti bizə xatırladan
söz ustalarından biri də unudulmaz şair Ələkbər
Salahzadədir.
Ələkbər Salahzadənin
yaradıcılığı ağrını, sevinci və
sevgini "şeh dolu kirpiklərimizlə"
danışdıran, misraları ruhun keçmişinə
açılan əvəzsiz poeziyadır. O, sözün
sehrini boş iddialardan uzaq, mənanın dərin qatlarında
yaşadan, hər şeirini sanki, içimizdəki
yaraların diliylə yazan şairdir - ilk dəfə oxuyanda
ağrıyırıq, sonra sağalırıq...
Ona ağrıyırsan,
buna yanırsan,
yanıb yanaşırsan, yaralanırsan...
Nəyi dindirirsən,
simə toxunursan - yaralanırsan;
niyə dindirirsən,
kimə toxunursan - yaralanırsan...
Bir kəlmə kəsməmiş - peşman olursan,
pisə pis deməmiş - düşmən olursan,
bomboz qəzəbindən qaralanırsan,
ən azı yüz ağac aralanırsan...
İnsan qəlbinin kövrəkliyini, ən kiçik
toxunuşla belə göynəyən yaralarını,
duyğuların incə titrəyişlərini ifadə edən
bu peşmanlığın səssiz fəryadını ürəyi
ilə dinləyən olsa, "yüz ağaclıq" məsafədən
belə eşidər. Şair həyatın sərtliyi ilə
ruhun zərifliyi arasındakı gərginliyi misralara
çırpılmış ah kimi səsləndirir. Hər
misra ilə adamın içindəki yük daha da
ağırlaşır, amma həm də o tanış kədərin
içində bir az da özünü tapırsan...
İnsanın təkcəliyi, bilərək seçdiyi,
özüylə dolu tənhalığı bütün
bunlardan sonra başlanır:
Hər dəryada ada adam,
hər fəryada tel-tel əsən,
dara düşən dosta-yara
fəda adam.
Bir adamdı, adidən adi adam.
Yan-yörəsində
iydə də çiçəkləyən,
qanqal da bitib qalan
vadi, vadi, vadi adam...
Adi bir insanın qeyri-adi
yalqızlığının, ruhunun dərinlərində
qopan fırtınaların poetik təcəssümü kimi
Ələkbər Salahzadə "möhürü" ilə
fövqəladə metafora yaranır... Ardınca isə
hamımızın zaman-zaman keçmiş aynalarımıza
üz tutduqca özümüzə
tuşladığımız "çilik-çilik xəcillik"
qınaqlarımız könlümüzə rahatlıq vermir:
Ay anam,
ayda-ildə kəndə gedib
o üz tutduğum aynam!
Alın qırışlarıntək
sınıq, çilik-çiliyəm.
Axı nəyə yaradım ki -
özümün də xəciliyəm...
İlk baxışda anaya ünvanlanmış poetik
etiraf kimi görünsə də, bu, adi bir nisgil deyil - burada
ana obrazı həm vətəndir, həm keçmişdir, həm
də insanın özünü tapmaq istədiyi mənəvi
aynanın simvoludur. Şairin "o üz tutduğum aynam"
deyə müraciəti əslində, onun özünüdərk
prosesində anaya baxaraq öz kimliyini sorğulamasıdır -
doğmalığın və zamanın çatlarında əks
olunan kimliyini. Alın qırışları ilə aynanın
çatlarını eyniləşdirmək isə həm
varlığın əzabını, həm də
keçmişlə gələcək arasındakı
görünməz uçurumu vurğulayır. Şair burada təkcə
özünün sınıqlığını deyil, həm
də insanın zaman qarşısında acizliyini, ancaq bununla
belə, ana obrazına yönəlmiş ilahi bir
sığınma ehtiyacını poetik həssaslıqla təqdim
edir.
...Sonra da yaddaşın nəhs bir 13-də,
"doğmadan doğma bir qarının
çarşabından qara qarla" görünən Fevral
peyda olar. "Qıraqda bir qırıq sözə bənd bir
uşaq" isə o gündən sonra böyümək, bu
dairə isə qapanmaq bilməz:
13 ildən çox olar,
13 fevral çiynində
o nənəni aparar,
aparar, aparar,
amma dəfn edə bilməz,
bir il sonra yenə
başqa 13 fevral alar çiyninə...
Yaddaş doğmaları dəfn etmir. Zaman irəliləyir,
tarix unudulur, amma yaddaş ölümlə barışmaq istəmir.
Çünki yaddaş üçün zaman düzxətli
deyil, dövridir, hər xatırladıqca yenidən yaşanan
ağrılı bir xatirədir... Amma biz istədik-istəmədik,
yaddaşımızın xatirə saxlancında - "bir də
gördün yox oldu adam, bir də gördün fotodu..."
Taleyinlə nə qədər cəng-cidala
çıxırsan çıx, illərin məğlub
olmuşluğunu, bu miqyasda "yoxluq"ların, qəlbinin
divarı boyu düzülən o "fotoların"
ağrısını "xirtdəyəcən bu şəhərin
içində" daşımaq olmur ki olmur... Mütləq
"baxdığın"qeyri bir yer olmalıdır ki, qəddini
dikəldib davam etməyə özündə taqət, dizində
təpər tapasan:
Xirtdəyəcən
bu şəhərin içində,
baxıram, kəndə baxıram.
Dağlarına çıxıram:
çiçəkləri gözümdəndi,
çayı yenə dizimdəndi,
başımdan aşır buludu,
kirpiklərim şeh doludu.
Bu şeir Azərbaycan ədəbiyyatında kənd və
şəhər antitezinin işlənməsi baxımından
müəyyən ənənənin davamıdır. O kənd,
təkcə bir coğrafi məkan deyil,
uşaqlığın - "itirilmiş cənnət"in
simvolu ilə səsləşərək qarşımıza
çıxır. Şairin misraları bizə kəndlə
şəhər arasındakı psixoloji və emosional ziddiyyəti
dərin lirizmlə təqdim edir. Şeirdəki ana fikrin mərkəzi
nöqtəsi olan "xirtdəyəcən bu şəhərin
içində" ifadəsi - psixoloji tıxanma, mental blokaj və
mənəvi boğulma hissini ən üst səviyyədə
əks etdirir. "Xirtdəyəcən bu şəhərin
içində" ifadəsi insanın məkan olaraq şəhərdə
yaşamasına baxmayaraq, ruhən "buludu başından
aşan" kəndə bağlı qaldığını
göstərir. Şeirin strukturu və məzmunu oxucunu sanki təbiət
içində ruhani səyahətə aparır. Şair kəndi
yalnız xatırlamır, onun hər detalını ruhunun
xurcununda özüylə daşıyır. "Çayı
yenə dizimdəndi" misrası uşaqlıq xatirələrinin
hələ də onun varlığında
yaşadığını bildirir və növbəti dəfə
"13 fevral" şeirində olduğu kimi, öz içimizdə
də böyüməyən, "bir qıraqda bir
qırıq sözə bənd uşaq"la
qarşılaşırıq."O uşaq" fiziki
baxımdan böyüsə də, daxilən kövrək və
ürkək cəsarətsizliyi ilə onu sıxan, boğan
şəhərin bəzən dar küçələrində,
bəzən qələbəliyində itib-batanda son ümid
yeri yenə "o kənd"dir. "Xirtdəyəcən bu
şəhərin içində" misrası ikiəlli
boğaza yapışmış yadlığı, özgəliyi
simvolizə edir. Şairin ruhu bu şəhərin içində
xirtdəyəcən boğulur, amma gözləri kəndə
açılan o pəncərənin önündən çəkilmir:
- uzaqdan da olsa, həmişə o doğma mənzərəyə
baxır. "O kənd" dağları, çayları,
çiçəkləri - öz doğma hənirtisi ilə
onun ruhunda nəfəs alır:
Xirtdəyəcən
bu şəhərin içində
hərdən o kəndə baxıram,
yenə də gözüm üstədi,
göyləri başım üstədi,
nə olsun gendən baxıram?
Deməsinlər: "kənd, kənd" deyir,
çörəyi dizi üstədi";
xirtdəyəcən
bu şəhərin içindəyəm,
o kənd də gözüm üstədi...
Sonuncu sətirdəki "o kənd də gözüm
üstədi" ifadəsi, o unudulmaz stixiyanın ruhdakı,
ürəkdəki yerini - ən üst məqamda qərar
tutmasını dilimizin xəlqiliyinin ən şəhd-şəkər
çaları ilə anladır. Səmimi, sadə, gündəlik
danışıq dili ilə, ağızdan-ağıza
keçən deyimlərlə kəndlə ruhən
iç-içə olduğunu təsdiqləyir. Amma burada
nostalji sadəcə keçmişə bağlılıq
deyil, həm də psixoloji müdafiə mexanizmidir. Kənd
artıq real bir məkan deyil, qoruyucu mental zona kimi təqdim
olunur. Şəhərin soyuqluğu və yadlığı
insanı keçmişə sığınmağa vadar edir.
Fərdin həqiqi mənliyini əritməyə
çalışan şəhərin fonunda kənd yalnız
keçmişin xatirəsi deyil, həm də şəxsin
ruhi dinclik məkanıdır. Şeirdə ağrılı
dilemma yaranır: Şair kəndə dönə bilmir, lakin
onu unuda da bilmir. Şəhərin içində boğulsa da,
artıq kəndə qayıtmaq da onun üçün bir
seçim deyil. Burada şəhər və kənd yalnız
coğrafi anlayış deyil, həm də insanın daxili vəziyyətinin
simvoludur: Şəhər - sıxıntı, məcburiyyət,
yadlıq, kənd - azadlıq, təbiilik, məsumiyyət
kimi. Məkanlar arasındakı qarşıdurma fonunda
insanın mənəvi kimliyi, yaddaş və məkanın
insan şüurundakı izi tədqiq edilir. Müəllif kənd
və şəhər arasındakı yalnız fiziki məsafəni
yox, həm də estetik və mənəvi fərqi, daha
doğrusu, iki dünyagörüşünün
toqquşmasını göstərir. Vəzninin sərhədlərini
aşan ritmik axıcılıq, sətir uzunluqlarının dəyişməsi
şeirin musiqililiyini artırır və məzmunun emosional
gücünü vurğulayır. Şeirin başlıca
struktur elementlərindən biri kimi "Xirtdəyəcən
bu şəhərin içində" misrasının təkrarlanması
boğulma, sıxılma hissini gücləndirir və eyni
zamanda, kəndə duyulan həsrətin dəyişməzliyini
vurğulayır.
Bu şeir içində kəndi -
uşaqlığın əbədi itirilmiş cənnətini
yaşadan hər kəsin xiffət nəğməsidir, həm
nostalji, həm də mənəvi bağlılığın
poetik manifestidir. "O kənd" bəzən bir neçə
dağ arxasında, bəzən yüzlərlə kilometr
uzaqlıqda yerləşsə də, qəlbimizin içində
bir gün son nəfəsimizi verənədək döyünən
doğma ritm kimidir...
Ələkbər Salahzadə dillər əzbəri
olan bir şeirində yazır ki, "Bir də gördün
adamdı adam, bir də gördün ad oldu"... Amma bir
gün "ad olmaq" da hamıya nəsib olan qismət deyil,
bu, seçilmişlərin aqibətidir. Nənələrimizin
dilində yaddaşın qədimliyindən süzülüb
gələn "a(qi)bətin xeyir" duası vardı.
Ələkbər Salahzadə ədəbiyyatımızda,
yaddaşımızda o dua-sənaların ilkin
qutsallığının işığında
yazdığı həzin, doğma və unudulmaz nəğmələri
ilə Ad olan Adamdır...
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet .- 2025.- 4 mart(№40).- S.11.