Niyazi Mehdi - uzun, ağır illərin
yolçusu
Niyazi ilə dostluğumuzun düz 57 illik tarixi var. Ona
görə "var" yazıram ki, bu dostluğun bundan sonra
da davam edəcəyinə inanıram. Çünki o, mənim
üçün ölmədi.
"Mənim üçün ölmədi" -
burada gəlişigözəl ifadə deyil. İllər
keçdikcə sənin üçün ölməyən,
dünya ilə vidalaşandan sonra da sənin üçün
yaşayan insanların sayı artır və sən bunun belə
olduğuna hər dəfə əvvəlkilərin
timsalında yenidən inanırsan. Dostların dünyadan
köçməyi ilə sənin ünsiyyətdə
olduğun insanların sayı qətiyyən azalmır.
İlk dəfə Dövlət universitetinin filologiya
fakültəsində ilk dərs zamanı bir sinifdə
görüşmüşdük. Və bu görüş
sonralar Moskvada, İstanbulda, Berlində, Qarabağda... və
başqa yerlərdə davam etdi. Müxtəlif konfranslarda onun
parlaq məruzələri, çıxışları demək
olar ki, hamını valeh edirdi.
O, Rəhman Bədəlovla, Vaqif İbrahimoğlu ilə,
Əli Abbasovla, Toğrul Cuvarlı ilə, Gündüz
Sarıyevlə, Zeynal Məmmədli ilə... daha kimlər,
kimlərlə Azərbaycan mədəniyyətinin, fəlsəfi
fikrinin varlığını qoruyub saxlayanlardan oldu, desəm,
səhv etmərəm.
Mən xatırlayıram...
Hələ Universitetdə dərs otağında gənc
Niyazinin zamanının böyük şairlərinə,
yazıçılarına, müəllimlərinə verdiyi
suallar yaddan çıxarmı?!
Moskvada heç kimə xəbər vermədən xəstəxanada
apendisitdən əməliyyat olunmuşdum. Əməliyyatdan
sonra gözlərimi ilk açdıqda hardansa əməliyyat
barədə xəbər tutub yanıma qaçaraq, təngnəfəs
gəlmiş Niyazinin təlaşlı baxışını
üzümdə hiss etdim - bu, yaddan çıxarmı?!
Berlində anadan olandan bəri üzünü görmədiyi
oğluna qovuşanda üzündəki-gözündəki
sevinc yaddan çıxarmı?!
Övladları ilə fəxr etdiyi, onlar barədə
razılıq və sevinc dolu dedikləri yaddan
çıxarmı?!
Bakıda "YUĞ" teatrındakı Vaqifin balaca
otağında baş verən müzakirələr zamanı
qızğın söhbətlər yaddan
çıxarmı?!
Nəhayət, barəmdə yazdığı və hər
cümləsindən məhəbbət yağan müdrik məqalələri,
kitabı yaddan çıxarmı?! Əsla.
Kafedra həmkarları, tələbələri,
magistrləri, aspirantları bu gün də mənə təşəkkür
edirlər ki, belə bir müdrik alimlə, müəllimlə
onların sıx təmasları qurulub. Bu yaddan
çıxarmı?!
Niyazi bildiyini başqasına verməkdən zövq
alanlardan idi. Niyazi dost sevincinə sevinənlərdən idi.
Niyazi heç zaman bilməyənin başına bilmədiyini
vuran olmadı.
"Heç mən özüm də bunu yaxşı
bilmirəm" - deyə-deyə Azad Mirzəcanzadənin
"deyə bildim?" sehrli sözünü bir qədər
başqa şəkildə davam etdirdi.
Mən cəsarətlə belə deyərdim ki, o,
başdan-ayağa işıqdan ibarət idi. Heç kimə
"pis" deyə bilmirdi. Hətta özü haqda
ağız büzənlərə belə. Çox nadir
hallarda belə də olurdu. Bəzən bu xasiyyətinə
görə onu liberalizmdə, loyallıqda təqsirləndirənlər
də tapılırdı. İnanmıram ki, o, kiminsə təsiri
altına düşüb "pis"ə "pis" deyəydi.
Onda qədim filosofların cəbrə dözümlüyü
vardı. O qədim müdrikləri təkcə xarici
görüntüsü ilə deyil, həm də daxili
kamilliyilə xatırladırdı.
Tələbəlik dövründə, sonralar Moskvada
aspirantlıq dövründə gənclik xülyaları
başımızda dolaşırkən o, bir çox
zarafatlarımızın obyekti olurdu. Heç zaman inciməzdi.
Bəzən bizə qoşulub özü də bu və ya
başqa hərəkətinə gülərdi. Nə bizi
özündən incitdi, nə özü bizdən incidi.
Niyazini qoruya bilmədik. Amma indi o özü də
hansısa yüksəklikdən bizə baxıb deyir: "Mən
sizə nə etmişdim ki, məni bu qədər sevdiniz?!
Buraxın gedim. Yorulmuşam..."
Niyazi budur. Belə də olmaq olarmış. Nə və
nə qədər etdiyinin siqlətini bilməyən, bilmək
istəməyən, uzun, ağır illərin yolçusu.
Gözəl ailə başçısı, vəfalı dost,
müdrik filosof, çılğın və mübariz vətənpərvər.
Heyrətamiz insan!
Mən sənə Əlvida demirəm, Niyazi!
Bundan sonraya davam!!!
Kamal ABDULLA
ADU-nun rektoru, Xalq yazıçısı
525-ci qəzet .- 2025.- 4 mart(№40).- S.9.