Füzulinin 530 illiyinə
həsr olunan ikicildliyin təqdimatı keçirilib
Fevralın 28-də Beynəlxalq Muğam Mərkəzində
dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd
Füzulinin (1494-1556) 530 illik yubileyi münasibətilə
hazırlanan ikicildlik nəşrin təqdimatı keçirilib.
“bp Azərbaycan” şirkətinin dəstəyi və
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tərəfdaşlığı
ilə hazırlanan ikicildliyə “Məhəmməd Füzuli.
Şeirlər, poemalar, pyeslər” və “Məhəmməd
Füzuli. Hekayələr və romanlar” kitabları daxildir.
Təqdimat mərasimində Azərbaycan Respublikası
mədəniyyət nazirinin müavini Fərid Cəfərov,
Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq
yazıçısı Anar, bp-nin Xəzər bölgəsində
xarici əlaqələr və kommunikasiya üzrə
vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış
ediblər. Çıxışlarda dahi şairin Azərbaycan
və türk-müsəlman dünyasında ədəbi
fikrin inkişafına verdiyi töhfələr
danışılıb, nəşrin əhəmiyyəti
yüksək qiymətləndirilib.
Qeyd olunub ki, dövlət-özəl tərəfdaşlığı
ilə ərsəyə gələn nəşrin birinci cildinə
186 şeir, 7 poema, 13 pyes, ikinci cildə isə 13 hekayə və
2 roman daxil edilib. Hər iki kitabda Füzuliyə və onun əsərlərinə
aid 226 rəsm əsəri verilib. Hədiyyəlik nüsxələr
kimi yüksək poliqrafik səviyyədə hazırlanan nəşr
ümumilikdə 1140 səhifədən ibarətdir. Oxucular iki
əsr ərzində Məhəmməd Füzuliyə həsr
edilən bu bədii mətnlər vasitəsilə qüdrətli
söz sənətkarının ədəbi kimliyinə daha
yaxından bələd ola biləcəklər.
Çıxışlardan sonra bədii hissə təqdim
olunub. Fəxrəddin Salim, Mütəllim Dəmirov, Aişən
Mehdiyeva, Elgiz Əliyevin ifasında Füzulinin əsərlərinə
bəstələnən mahnılar ifa edilib. Həmçinin
Əməkdar artist Hüsniyyə Mürvətova, Kamran Yunis,
Hüseynağa Aslanov, Sabirə Abdullayeva, Tural Əhməd və
Yaşar Kamal şairin şeirlərini bədii qiraət ediblər.
Eyni zamanda Məhəmməd Füzulinin poeziya dünyası
ilə bağlı ədəbi-musiqili kompozisiya təqdim
olunub. Füzuli rolunda BMM-in əməkdaşı, bədii
qiraətçi Hüseynağa Aslanov çıxış
edib.
Sonda “Çiçək” uşaq teatrının
hazırladığı “Meyvələrin söhbəti”
tamaşası nümayiş olunub.
Qeyd edək ki, nəşrin layihə rəhbəri “Azərnəşr”in
direktoru vəzifələrini icra edən Xəyal Məmmədov,
tərtibçi və redaktoru Azərbaycan
Yazıçılar Birliyi Gənclər Şurasının sədri
Fərid Hüseyn, bədii tərtibatçısı Əməkdar
incəsənət xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, dizayneri Mətanət
Babayevadır.
525-ci qəzet .- 2025.- 4 mart(¹40).- S.9.