“Şeir xəzinəsi: Füzuli irsi ilə dialoq” yekunlaşıb
Rusiyanın Orenburq vilayətində dahi Azərbaycan
şairi və mütəfəkkiri Məhəmməd
Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Şeir xəzinəsi:
Füzuli irsi ilə dialoq” beynəlxalq qiraət müsabiqəsi
başa çatıb.
AZƏRTAC xəbər verir ki, Yaşar Məsimovun rəhbərliyi
ilə Orenburq Azərbaycanlılarının Regional Milli-Mədəni
Muxtariyyəti (ARMM) tərəfindən təşkil olunan
müsabiqə Rusiya, Azərbaycan, Qazaxıstan və
Hindistandan olan iştirakçıları bir araya gətirib.
Müraciətlərin qəbulu 2024-cü il
oktyabrın 15-də başlayıb və 2025-ci il yanvarın
31-də başa çatıb. Müsabiqədə 7-81 yaş
arası 80 qiraətçi iştirak edib. Müsabiqə
komissiyası təqdim olunan videoçarxları nəzərdən
keçirərək dörd yaş qrupu, həmçinin
“Tamaşaçıların rəğbəti mükafatı”
xüsusi nominasiyası üzrə qalibləri müəyyən
edib.
Orenburqdakı Azərbaycan Mədəniyyət Mərkəzində
qaliblərin təntənəli mükafatlandırma mərasimi
keçirilib. Tədbirdə 1-ci, 2-ci və 3-cü yerlərin
qalibləri, eləcə də “Tamaşaçıların rəğbəti
mükafatı”nın qalibi pul mükafatları və
diplomlarla, qalan iştirakçılar isə sertifikatlarla təltif
olunub.
Orenburq ARMM-nin sədri Yaşar Məsimovun qeyd etdiyi
kimi, “müsabiqə bir daha sübut etdi ki, poeziya sərhəd
tanımır və müxtəlif millətlərdən və
yaşdan olan insanları birləşdirir. Füzuli irsi
insanların qəlbində yaşamaqda və onları
yaratmağa ruhlandırmaqda davam edir”.
Təşkilatçıların sözlərinə
görə, iştirakçıların qiraət nümunələri
200 mindən çox baxış toplayıb. Müsabiqə
müxtəlif mədəniyyətlərin və ölkələrin
nümayəndələrini böyük şairin irsi ilə
dialoqda birləşdirərək geniş ictimai rezonans
doğurub.
525-ci qəzet .- 2025.- 4 mart(¹40).- S.9.