Yaşar Qarayev: toxunulacaq qədər
yaxından
Martın 5-i öz elmi-ədəbi və kulturoloji-fəlsəfi
görüşlərinin dərinlik və genişlik
miqyası ilə fənn sahəsi olaraq ədəbiyyatşünaslığın
çərçivələrini, mədəni-mənəvi məkan
olaraq milli sərhədləri aşıb bütövlükdə
XX əsr ümumtürk humanitar-ictimai
elmi düşüncəsinin zirvə məqamlarından birinə
yüksələn, zaman keçdikcə o zirvədə əbədi
olaraq qərarlaşdığı getdikcə daha çox təsbit
olunan Yaşar Qarayevin növbəti doğum
günüdür. Bu doğum gününü bu gün
xatırlamağın xüsusi əhəmiyyəti Yaşar müəllimin
tələbələrinə, onu sevənlərə, elmi-ədəbi
ictimaiyyətə xatırlatmaqdır ki, düz bir ildən
sonra Yaşar Qarayevin 90 illik
yubileyidir. Hesab edirik ki, bu doxsan illik yubileyin ən yüksək
səviyyədə qeyd edilməsini onun parlaq irsinin, ədəbi-fəlsəfi
elmi düşüncələrinin, etik və estetik
baxışlarının, milli cəmiyyətimizin aktual sosial
problemlərinə həsr olunmuş publisistik
görüşlərinin, Azərbaycan türk dilinin elmi ifadə
imkanlarının hüdudsuzluğunu əks etdirən təkrarolunmaz
və bənzərsiz üslubunun humanitar elmi mühitə,
bütövlükdə milli ictimai şüura
ötürülməsinin fürsətinə çevirə
bilərik. Bu, bütün milli-mənəvi dəyərlərin,
mədəni resursların, sosial münasibətlərin
sürətlə rəqəmsal sosiokulturoloji mühitə
transfer etdiyi və bütün bu proseslərdə milli mədəniyyətin
şok effektlərlə qarşılaşdığı,
çaşqınlıq keçirdiyi, milli elmi
düşüncəmizin bu proseslərə bir sıra hallarda
adekvat reaksiya verə bilmədiyi bir dövrdə bu yubileyə
Yaşar Qarayevdən daha çox bütövlükdə milli
cəmiyyətimizin ehtiyacı vardır. Yaşar Qarayev o alimlərdən
idi ki, onun universal
yaradıcılığı bənzərsiz
şəxsiyyətinin davamı idi. Onunla canlı ünsiyyətdə
olmaq, söhbətlərini dinləmək,
davranışlarını, ətrafdakı hadisələrə,
bütövlükdə varlığa münasibətini sadəcə
müşahidə etmək... əsərlərini oxumaq qədər
dərin, siraətedici təsirə malik idi. Onun özünəməxsus
cazibə sahəsi vardır. O cazibəyə düşüb
də oradan çıxmaq o qədər də asan deyildi. Ona
görə də Ustadın bu doğum günlərində
onunla canlı ünsiyyətin bir neçə yaddaqalan xatirə-fraqmentlərini
oxucularımızla bölüşmək istədik. Hesab
edirik ki, bu xatirələr onu yalnız əsərləri vasitəsilə
tanıyanlar, xüsusən gənclər
üçün"Yaşar Qarayev" obrazının daha
mükəmməl təsəvvür edilməsində əhəmiyyətli
rol oynayar.
Universitetlə Akademiya arasındakı beş metrlik
tale məsafəsi
1994-cü ilin yayı, necə deyərlər, mənimki
gətirmədi. Bakı Dövlət Universitetinin Filologiya
fakültəsinin dördüncü kursunu bitirdiyim həmin
yay bizə klassik ədəbiyyatdan dərs deyən,
tanınmış şərqşünas və ədəbiyyatşünas
alim, professor Əliyar Səfərli gözlənilmədən
İran İslam Respublikasına fövqəladə və səlahiyyətli
səfir təyin edildi. Bu mühüm diplomatik təyinatla mənim
adi tələbə taleyim arasında əlaqə ondan ibarət idi ki, Əliyar müəllim
hələ üçüncü kursda klassik ədəbiyyata
olan xüsusi marağımı, Füzuli ilə bağlı
seminar cavablarımı, ilk tələbə
yazılarımı nəzərə alıb, mənə
Universitetin aspiranturasında yer alacağına, həmin
dövrün məşhur təbirincə desək,məni
"Universitetdə saxlayacağına" söz vermişdi.
Əliyar müəllimin bu gözlənilməz təyinatı
ilə mənim bütün arzularım - rayona qayıtmamaq,
Bakıda qalmaq, məşhur adam olmaq... və nələr, nələr...
bir anın içində sabun köpüyü kimi yox oldu.
1995-ci ilin yayına, sonuncu - beşinci kursa beləcə
ümidsiz gəlib çıxdım. Əliyar müəllim əlçatmaz
uzaqlıqda, mən isə fağır və naəlac bir tələbə...
Təyinatımı Azərbaycan dili və ədəbiyyat
müəllimi olaraq doğulduğum Goranboy rayonuna alıb
Əkrəm Əylislinin "Gilənar çiçəyinə
dediklərim" povestinin qəhrəmanı kimi
uşaqlıq illərinin doğma dostları olan ağaclarla dərdləşmək
üçün rayona getməyə
hazırlaşırdım. Bakı Dövlət Universitetinin
binasının ikinci mərtəbəsində yerləşən
Filologiya fakültəsinin dekanlığından
çıxıb aşağı düşürdüm. Pilləkəndə
tələbə yoldaşım Etibarla rastlaşdım (o vaxt
ağlıma da gəlməzdi ki, bu təsadüfi
qarşılaşma mənim taleyimin dönüş nöqtəsi
imiş). Etibar başqa tələbə
yoldaşlarımızdan, elə mənim özümdən də
xüsusi ünsiyyətcilliyi, diribaşlığı,
gözüaçıqlılığı ilə
seçilirdi. Universitetə birbaşa orta məktəbi
qurtarıb qəbul olan, əsgərlik təcrübəsi
görməyən bizlərdən fərqli olaraq o,
bütün tələbəlik dövründə
"Bakının ayağından girib başından
çıxmışdı". Hal-əhvaldan sonra aspirantura
ilə maraqlandı. Əliyar müəllimin diplomatik təyinatını
ona bir daha xatırlatmalı oldum. Sənədlərimi alıb
rayona getməyə hazırlaşdığımı dedim. O,
bir az dodaqaltı nə isə mızıldanıb dedi:
- Eşitmişəm ki, Akademiyada Ədəbiyyat
İnstitutunun direktoruYaşar Qarayev aspirantura üçün
istedadlı gənclər axtarır. Orda müavin var, Məhərrəm
Qasımlı. Yaşar müəllim
bu işləri ona tapşırıb. Bəlkə bir ora gedək?
Real heç nəyə ümid etməsəm də,
"boğulan saman çöpündən yapışar"
prinsipi ilə razılaşdım. Elə oradanca o vaxtlar
köhnə, sınıq-salxaq dəmir məhəccərlərlə
bir-birindən ayrılan Universitetin həyətindən
Akademiyaya keçdik.
İlk görüş
Məhərrəm müəllim bizi xüsusi
mehribanlıqla qarşıladı. Mənim həmin dövrdə
yad adamlarla ünsiyyətdə (illah da ki, bu, yaşca
böyük xüsusi statuslu şəxslər olsun) əzab səviyyəsində
utancaqlıq komplekslərim vardı. Məhərrəm müəllim
nə soruşdu, mən nə cavab verdim, yadımda deyil. Bir az
söhbətdən sonra, deyəsən, ağlı məndən
bir şey kəsmədi. Ürəyimdə fikirləşdim
ki, özümü təqdim edə bilmədim, deyəsən,
işləri korladım. Dedi ki, Yaşar müəllim, əsas
yazıya fikir verir. Əgər yazın varsa, gətir, baxaq, sonra
bir söz deyərik. Bu cavabı üstüörtülü
"sən buralarlıq deyilsən" kimi qəbul etsəm də,
bəxtimi sınamaq qərarına gəldim.
İkinci kursda oxuyarkən bir məqalə
yazmışdım: "Abbasqulu Ağa Bakıxanov: orta əsrlər
epoxasından yeni dövrə keçid". Məqalə
başdan-başa Yaşar Qarayevin Abbasqulu Ağa Bakıxanovun
maarifçilik konsepsiyasının tənqidi üzərində
qurulmuşdu. Təxminən yanaşma belə idi ki, Yaşar
Qarayevin A.A.Bakıxanovu Avropa və rus mənşəli
maarifçilik hərəkatı kontekstində dəyərləndirməsi kökündən
yanlışdır. Əslində, Bakıxanovun maarifçiliyi
həmin dövrdə bir çox müsəlman ölkələrində
müşahidə olunan "Müsəlman maarifçilik hərəkatı"
adı verilə bilən islami mədəni-mənəvi
dirçəliş kontekstində dəyərləndirilməlidir.
Faktlarım da var idi: A.A.Bakıxanovun Şərq-Qərb mədəniyyətləri
arasında daxili təbəddülatları, əsərlərində
dini tendensiyalar, Məkkə ziyarəti və s. Əslində,
əks konseptual yanaşmanın özünü də elə
Yaşar Qarayevdən götürmüşdüm. Sadəcə
gənclik radikalizmi, özünü təsdiq etmək cəhdi,
bilik nümayiş etdirmək arzusu...
Bu məqalənin əlyazmasını gətirib verdim
Məhərrəm müəllimə. Dedi ki, bir həftə
sonra əlaqə saxlayarsan. Bir həftə sonra Məhərrəm
müəllimin yanına tək gəldim (Etibarı tapa bilmədim.
O, həmin qarışıq dövrdə nə işlə
desən, məşğul idi). Məni görən kimi Məhərrəm
müəllim dedi:
- İgid, hardasan? Yaşar müəllim neçə
gündür səni axtarır.
Məlum oldu ki, Məhərrəm müəllim məqaləni
oxuyub və verib Yaşar müəllimə... Məhərrəm
müəllim Yaşar müəllimin otağına şən
əhval-ruhiyyə ilə daxil oldu:
- Yaşar müəllim, igidin adını eşit,
üzünü görmə, tapıb gətirmişəm.
Beləliklə, sonralar mənim həyat və
yaradıcılıq bioqrafiyamda dərin iz buraxacaq Yaşar
Qarayevlə ilk dəfə canlı olaraq Ədəbiyyat
İnstitutundakı iş otağında ilk
görüşüm belə baş verdi. Tələbəlik
illərində bir neçə kitabını oxuduğum,
zahiri görkəmini mətbuatdakı və kitablardakı
fotolardan gördüyüm Yaşar Qarayevin məndə
yaratdığı ilk təəssürat ondan ibarət oldu
ki, uzun stolun baş ucunda əyləşmiş, o qədər
də ucaboy olmayan bu insan ağ işıq topasına bənzəyir.
Özümü mistik bir auraya düşmüş kimi hiss
edirdim. Bu nə isə ifadəedilməz sirli-sehrli bir təəssürat
idi. Bir az keçəndən sonra anladım ki, bu aura əsasını
Yaşar müəllimin təbəssümlə kədərin
qovuşduğu işıqlı çöhrəsindən
götürür. Mən Yaşar müəllimə həsr
etdiyim məqalələrin birində yazmışdım ki,
Yaşar müəllimi yaxından tanıyanlar təsdiq edər
ki, onun ən sevincli anlarında belə gözlərindən kədər,
ən kədərli anlarında belə dodaqlarından təbəssüm
əskik olmurdu. Müdrik çöhrədə
qoşalaşan bu gülüş və kədər qeyri-adi
bir dünyadan xəbər verirdi. Təbəssümdə
ümumən iş dünyanın məsumluğu, həlimlik,
müdriklikdən doğan sakitlik (peyğəmbər təbəssümü)
əks olunmaqla yanaşı, Zamana və Dünyaya bir istehza da
yaşayırdı. Gözlərdəki kədər isə
"anlamaq həsrəti"nin (Füzuli kədəri) və
"anlamaq dərdi"nin (Mirzə Cəlil dərdi) ifadəsi
idi. Bu təəssüratın əsası məndə həmin
ilk görüşdən yaranmışdı.
Yaşar müəllim bizi dünyada yalnız onun
özü ilə ünsiyyətdə olanların təsəvvür
edə biləcəyi nəzakətlə qarşıladı.
Əyləşdik. Dedi:
- Məqalənizi böyük maraqla oxudum. Elmi
aparaturası mükəmməldir. Məni də
yaxşıca tənqid etmisiniz. Siz bu ilin sentyabrında
hökmən bizim İnstitutun aspiranturasına sənəd
verməlisiniz.
Səsinin ahəngi və ritmi düşdüyüm
auranı bir az da mistik ovqata bürüdü (yəqin ki,
iyirmi iki illik həyatımda mənə ilk dəfə idi ki,
kimsə "siz" deyə müraciət edirdi).
Tale bu qədər gözlənilmədən və bu
səviyyədə sığortalı (həmin dövrdə
Yaşar müəllim cəmiyyətdə kifayət qədər
intellektual, mənəvi, həm də inzibati nüfuza malik
idi) adamın üzünə gülə bilərmiş...
Yaşar müəllim yayda harada olacağımla
maraqlandı. Dedim ki, rayonda olacağam. Bir az da universitet həyatı
ilə bağlı söhbətdən sonra
sağollaşıb ayrıldıq. Qapıdan çıxanda,
arxadan səsləndi:
- Məhərrəm, rayondakı evlərinin telefon
nömrəsini götür. Birdən gedər, əlaqə
saxlamaz.
İmtahan
Avqustun sonları Bakıdan rayondakı evimizə zəng
gəldi. Məhərrəm Qasımlı idi. Dedi:
- Yaşar müəllim Bilgəhdən zəng
vurmuşdu ki, o məni tənqid edən oğlana zəng vur,
sentyabrın əvvəli gəlib sənədlərini
aspiranturaya versin.
Sentyabrın əvvəli gəldim Bakıya, imtahanlar
başladı. O dövr indikindən fərqli olaraq qəbulun
taleyini həll edən əsas imtahan ixtisas fənni idi.
Yadımdadır ki, imtahanda Füzulidən sual
düşmüşdü. Eləmə tənbəllik, orda da
Füzuli ilə bağlı bütün cavabımı imtahan
komissiyasının üzvü kimi mənimlə üzbəüz
oturmuş, mərhum Azadə Rüstəmovanın klassik ədəbiyyat
haqqındakı mülahizələrinin tənqidi üzərində
qurdum. Həmin dövrdə Azadə Rüstəmova istər
intellekti (məşhur Y.Bertelsin yetişdirmələrindən
olmuşdur), istər mənəvi keyfiyyətləri ilə
ziyalılığın, elitarlığın,
kübarlığın simvolu idi. Onun qadın nəcibliyi,
qadın zərifliyi isə bambaşqa bir söhbətin
mövzusu idi.
Komissiya üzvləri cavablarımı yüksək
qiymətləndirdilər. Hətta Teymur Kərimli dedi ki, mən
çox şadam ki, nəhayət ki, Azərbaycan ədəbiyyatşünaslığının
Fuad Köprülüzadəsi gəlib çıxdı. Azadə
xanım isə bütün təriflərdən sonra
axırda o komplimenti də əlavə etdi ki, bu oğlanın
həm də dərin mənalı gözləri var. Hiss
olunurdu ki, Yaşar müəllimin təbəssümlü
çöhrəsində "bəs mən nə
deyirdim?" ədası vardı. Çaşıb
qalmışdım. Fiziki mənada beş il ayaq
döydüyüm Universitetin cəmi beş
addımlığında bu qədər fərqli bir
mühitin olduğuna inanmır, hara
düşdüyümü ayırd edə bilmirdim. Direktoru elə,
direktor müavini belə, şöbə müdirləri də
ki, lap belə... Əvvəl düşündüm ki, bəlkə
bütün bunlar elə peşəkar səviyyəli
ironiyalardır ki, mən ciddiyyətlə səhv salıram.
Sonra dedim, yox, yəqin məndə də nə isə var də...
İmtahanlardan sonra Yaşar müəllim məni qəbul
etdi, dedi ki, əgər etiraz etmirsinizsə, sizin elmi rəhbəriniz
mən olardım. Təbii ki, məmnuniyyətlə
razılaşdım. Sonralar
bildim ki, həmin illərdə Yaşar müəllimin
elmi rəhbərliyi üçün nə qədər
xahiş-minnətlər, nə qədər zənglər
olurmuş, nə qədər növbə gözləyənlər
varmış.
Sonra dissertasiya mövzusu ilə bağlı müzakirələrə
başladıq. İsrarla təsəvvüf ədəbiyyatı
üzərində dayandım. Nəhayət "XIII-XVI əsrlər
Azərbaycan təsəvvüf ədəbiyyatı: təşəkkülü,
cərəyanları və ənənələri"
mövzusunu seçdik. Mövzu təsdiqindən bir neçə
gün keçmişdi. Dissertasiyanın ilkin plan-prospektini
müəyyənləşdirmək üçün
görüşmüşdük. Rəsmi söhbətlərdən
sonra Yaşar müəllim özünəməxsus bir səmimiyyətlə
dedi:
- Gəl, bir az da yaxından tanış olaq. Kimsiz,
kimlərdənsiniz, haradan gəlib hara gedirsiniz?Dedim:
- Yaşar müəllim, özüm Goranboyda
doğulmuşam, on yeddi yaşında tələbə olaraq
Bakıya köçmüşəm, ata babam Ordubadda
doğulub, Dizədə, əsrin əvvəllərində bu
taydan Cənubi Azərbaycana köçüb. Atam Cənubi Azərbaycanda
doğulub, Ələmdar vilayətində, əsrin
ortalarında o taydan Naxçıvana köçüb. Anam
Şəkidə doğulub, Böyük Dəhnədə, əsrin
ortalarında Şəkidən Goranboya köçüb...
Sonradan atam da Naxçıvandan Goranboya köçüb...
Mən bu "köçhaköçdə" ikən
Yaşar müəllim qəfil məni dayandırdı:
- Dayan, dayan... Ötən əsrin birinci
yarısında bir cənublu mühacirlə şəkili
xanımın izdivacından əsrin böyük materialisti
Mirzə Fətəli Axundzadə dünyaya gəlmişdir.
Görürəm ki, yüz ildən sonra növbəti cənublu
mühacirlə şəkili xanımın izdivacından əsrin
böyük idealisti doğulub!
O, "idealist" deyərkən mənim təsəvvüf
mövzusuna marağıma işarə edirdi. Təbiidir ki,
deyilənlərin hiperbolik müqayisə olduğunu bilsəm
də, dünyada yalnız Yaşar Qarayev təfəkkürünə
məxsus belə bir epoxal müqayisənin predmeti olmaq, olduqca
xoş idi. Tanıyanlar bilir, epoxal miqyaslarda analogiyalar, yaxud
tezislər və antitezislər tapmaq, onlar arasında
müqayisələr aparmaq, onları real situasiyada hadisələrlə
əlaqələndirmək Yaşar Qarayev təfəkkürü
üçün adi məişət əyləncəsi idi. Həm də o, bunu yalnız adi
söhbətlərində etmirdi. Rəsmi sənədlərdə,
rəylərdə Hatəm səxavəti ilə belə
hiperbolik müqayisələr aparırdı, xüsusən gəncləri
olduğundan xeyli fərqli dəyərləndirirdi. Məsələn,
aşağıdakı cümlələr mənim dissertasiyama
yazdığı rəsmi elmi rəhbər rəyindəndir:
"Nəsimiyə təkcə Nəimidən baxmaq - XIV əsrin
düşüncə və şüur kontekstində dayanmaq,
donub-qalmaq demək olardı: həm Nəsimiyə, həm də
Nəiminin özünə məhz XXI əsrdən - Sərxandan
baxmaq lazımdır. Adətən, Nəsimi və Nəimi ilə
bağlı qaynaqlar mütləq məqsədə
çevrilir, amma onlara yanaşmada bugünkü
baxışın - Sərxanın elmi intellekt göstəriciləri
olmasa, bu qaynaqların rolu, əhəmiyyəti elə qaynaq
çərçivəsində də qalar
(İnformasiyanın həcmi, passiv "bankı"
böyüyər, amma canlı elmi dövriyyədə
iştirakı sıfıra bərabər olar)".
Qoca satıcı və funksional transformasiya
Şopenhayer deyirdi ki, o adam istedadlıdır ki, qoyulan
məsələni hamıdan tez həll edir, o adam dahidir ki,
yeni məsələnin qoyuluşu ilk dəfə onun
ağlına gəlir. Burada problemin qoyuluşu ilə onun həlli
arasındakı intellekt nisbəti dəqiq ifadə
edilmişdir. Yaşar müəllim də problemə ən
mükəmməl şərh və həll verməklə bərabər,
yeni problem qoymağın da mahir ustası idi. Yalnız bədii
mətnə yox, ümumiyyətlə, varlığa onun fərqli
baxışı vardır. Hərdən adama elə gəlirdi
ki, varlıq hamıdan fərqli olaraq Yaşar Qarayevin
gözündə olduğundan fərqli bir ölçüdə,
fərqli biçimdə, fərqli rəngdə cilvələnir.
O, ən adi bir hadisəni tamamilə qeyri-adi rakursdan dəyərləndirməyi,
ondan ümumiləşmiş bitkin nəticə, düstur
çıxarmağı ilə hər dəfə heyrətləndirməyi
bacarırıdı.
Bir dəfə Yaşar müəllimlə
Akademiyanın həyətindən çıxırdıq. Bir
nəfər yaşlı bir kişi öz köhnə sovet
"jiquli"sinin baqaj, yan və ön hissələrinə əlavə
taxtalar quraşdıraraq müxtəlif meyvələri cərgə
ilə onların üzərinə düzüb,
satırdı. Yaşar müəllim xüsusi bir maraq və təəccüblə
bir xeyli bu mənzərəyə tamaşa etdi.
Ağlımıza gələn bu idi ki, yəqin ki, Yaşar
müəllim bu qocaya baxaraq bazar iqtisadiyyatının
sıxıntıları fonunda xalqın güzəran problemləri
haqqında düşünür (o vaxt onun cəmiyyətdə
böyük rezonans doğuran, əsasən, ziyalıların
ağır güzəranından, bazarın təzyiqi
altında mənəvi deformasiyasından bəhs edən
"Yaddaşsızlıq və zamansızlıq - bazar
dövrü" məqaləsi nəşr olunmuşdu). Bir
müddət müşahidədən sonra o, son dərəcə
səmimi bir təəccüblə dedi:
- Qəribədir, bu adam öz şəxsi avtomobilindən
mağaza kimi istifadə edir. Görəsən, bunu ilkin təyinatın
funksional transformasiyasına
nümunə hesab etmək olarmı?
Təbii ki, Ustad bu sualı mənə yox,
özü-özünə verirdi. Başa düşdüm ki,
onun təfəkküründə hansısa elmi problemin ilkin
qoyuluşunun konturları cızılır. Az sonra Yaşar
müəllimin geniş elmi ictimaiyyətə hələ indi
də o qədər bəlli olmayan, yalnız az tirajla nəşr
olunmuş "İnternet və İntellekt" Eksperimental
Bülleteninə daxil edilmiş "Riyazi ədəbiyyatşünaslığa
giriş" məqaləsi nəşr olundu. Oradakı
humanitar elmlərlə dəqiq elmlərin
qarşılıqlı münasibətlərindən bəhs
edən mülahizələri oxuyanda başa düşdüm
ki, o qoca satıcı öz "jiquli"si ilə bu universal
təfəkkür orbitinin fokusuna niyə
düşübmüş?
Vida
2000-ci ilin əvvəllərində Yaşar müəllim
infarkt keçirdi. "Qasırğa məni yaman yaxaladı.
Yıxılsam, aparacaqdı. Ayağım üstə möhkəm
dayandım, çiynimdən sürüşüb
aşdı..." Onda hələ nə özünün, nə
də başqalarının ağlına da gəlmirdi ki, bəla
sürüşüb keçməyib. O, bir daha tam bərpa
oluna bilmədi. Onun da əzabkeş sələfi Sabir kimi
öncə ürəyi, az sonra isə qara ciyəri... Əsərlərinin
birində Yaşar müəllim Sabiri "qeyrətin
ağrısına, namus yanğısına timsal"
adlandırmışdı. Onu da acı tale yoldaşı Sabir
kimi, ümummilli dərd Qarabağla bağlı "qeyrətin
ağrısı, namus yanğısı"
için-için ovmuşdu.
2002-ci ilin avqustu. Daxili İşlər Nazirliyinin
Hospitalında Yaşar müəllim ölüm
yatağında son günlərini yaşayır.
Başının üstündə yaxın ailə üzvləri
ilə bərabər, yetişdirmələri Hüseyn İsmayılov,
Seyfəddin Rzasoy, Ağaverdi Xəlil və başqaları...
Yaşar müəllim yatağının başı
tərəfindəki stolun üstündə əlyazmanı
bizə göstərib dedi:
- Sonuncu kitabımdır: "Min ilin sonu".
Mümkün olsa, onu kitablaşdırarsınız.
Sonra ağır-ağır əlavə etdi:
- Təsəvvür edin ki, dünyada hər hansısa
bir bitki növünü yox etmək istəyirlər. Hər
yerdə onun kökünü kəsir, toxumlarını məhv
edirlər. Belə bir vəziyyətdə həmin bitkinin
yalnız bircə toxumunu gizlətmək, qoruyub saxlamaq
mümkün olsa, yenidən o bitki əvvəlcə kiçik
bir ərazidə, daha sonra bir ölkədə, daha sonra bir qitədə,
daha sonra bütün planetdə yayıla bilər.
Sonra əlavə etdi:
- Əgər siz məndən sonra elmi,
halallığı, saflığı, mənəvi dəyərləri,
ədaləti yalnız Ədəbiyyat İnstitutunda qoruyub
saxlaya bilsəniz, onda bu dəyərlər zamanla Ədəbiyyat
İnstitutundan Akademiyaya, Akademiyadan bütün ölkəyə
yayıla bilər. Bu, Ustadın bizə son vəsiyyəti idi.
2002-ci il avqust ayının 25-də Yaşar Qarayev
gözlərini dünyaya əbədi olaraq yumdu. Yaşar
Qarayevin sağlığında üzünü görmədiyi
sonuncu kitabı "Min ilin sonu" onun qırx mərasimində
artıq çapdan çıxmışdı. "Fiziki mənada
son nəfəsi və səsinin ritmi, ahəngi bu kitaba hopdu.
Ömrün qürubu da elmdə yeni fikir və mülahizələrin
doğuluşuna ünvanlandı, son anadək ona sədaqətlə
xidmətə həsr edildi". Bu, həmin kitaba yazılan
son sözün ilk cümlələrindəndir...
Yaşar Qarayevin vəfatı ədəbi-elmi
mühitdə dərin rezonans verdi, qəfil mətbuat səhifələri
bu itkinin ağrı-acısı ilə dolub daşdı.
Yaşar Qarayevlə bağlı onun vəfatından sonra
yazılmış yazıların əksəriyyətində
bir günahkarlıq kompleksi, "onu qoruya bilmədik!"
iniltisi, təəssüfü və
peşmançılığı var idi.
Bəzən daxilən zəngin şəxsiyyətlərdə
insani həssaslıq elə zəriflik səviyyəsinə
yüksəlir ki, nəinki ictimai məzmun daşıyan
problemlər, hətta adi sünilik, qeyri-təbiilik, qeyri-səmimilik
belə onlara, sözün həqiqi mənasında,
öldürücü təsir göstərir. Ona görə
"sözün həqiqi mənasında"kı zərif həssaslıq
üçün mühitin psixoloji təzyiqi radiasiyalı təsirə
bərabər olur və onu ən cüzi təsirlə belə
zədələyə bilir. Ən xəfif yeldən belə bəmbəyaz
pənbə ləçəkləri qopub havaya dağılan
zəncirotu çiçəyi kimi, zərif həssaslar da ən
zəif təsirdən həm psixi, həm psixofiziki mənada qəlpə-qəlpə
parçalanıb sökülürlər.
Yaşar müəllimin yalnız insanlığa deyil,
varlığa qarşı həssaslığı belə zəriflik
səviyyəsində idi. Ən adi neqativ belə ona təsəvvürəgəlməz
dərəcədə əzab verirdi. O, başqalarının
yerinə utanır, başqalarının yerinə əzab
çəkir, başqaların taleyi üçün
cavabdehlik və məsuliyyət hissini öz üzərində
başqalarından daha çox hiss edirdi.
Belə həssaslıq insanlığa və
varlığa görə mənəvi
məsuliyyətin peyğəmbərlik səviyyəsidir. Və
ən qəribəsi də odur ki, belə hallarda cəmiyyət
şəxsiyyətə nə etdiyini qətiyyən
anlamır.
Belə həssasları həm özünə qəsd
etməkdən, həm də cəmiyyət tərəfindən
sözün məcazi mənasında qətlə yetirilməkdən
qorumaq lazımdır. Radiasiyalı mühitdə işləyənlərə
xüsusi qidalar verildiyi kimi, onlar da əlavə izolyativ
üsullarla qorunmalıdırlar. Bu mənada Yaşar Qarayevin
ölümü, Vsevold Meyerxoldun ifadələri ilə desək,
həm də "istehsalatın radiasiyalı sahələrindən
birində əməyin mühafizəsi qaydalarının
kobudcasına pozulması" demək idi...
Sərxan XAVƏRİ
Filologiya elmləri doktoru
525-ci qəzet .- 2025.- 5 mart(¹41).- S.14-15.