"Pyeta"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı Bakı şəhəri H.İskəndərov
adına 206 nömrəli tam orta məktəbin müəllimi,
sənətşünas Nurtəkin Hüseynovadır. Onunla
intibah dövrünün böyük italyan heykəltaraşı,
memar və şair Mikelancelo Buonarrotinin "Pyeta" heykəlindən
danışmışıq.
1475-ci ildə Florensiyada müflisləşmiş zadəgan
Ludovik Buonarottinin ailəsində dünyaya gələn
Mikelancelo yaradıcılığı ilə intibaha yetkinlik,
bütovlük, kamillik bəxş edib. Mikelancelonun
yaradıcılığında monumentallıq, plastik güc və
dramatizm, insanpərvərlik, nəcib duyğular və bəşərilik
kimi yüksək xüsusiyyətlər cəmlənib. Onun
yaradıcılığı sırf insan şəxsiyyətinə
pərəstiş, insan böyüklüyünə və
gözəlliyinə inam hissləri ilə vəhdətdədir.
- Nurtəkin xanım, əsərin yaranma tarixçəsi
haqqında hansı əsas məqamları qeyd edə bilərsiniz?
- "Pyeta" 1498-1499-cu illərdə gözəl
karrar mərmərindən yonulub. Hazırda Vatikanda Müqəddəs
Pyotr bazilikasında saxlanılır.
Heykəlin hazırlanması iki ildən az vaxt alıb
və tamamlanandan sonra yerləşdiyi ilk məkan kardinalın
özü üçün dəfn yeri kimi seçdiyi Müqəddəs Pyotr
bazilikasının cənub transeptində yerləşən
Santa Petronilla kapellası olub.
"Pyeta" italyancadan tərcümədə "kədər",
"kədərli" deməkdir. Bu heykəl sənətkarın
dövrün aktual mövzusu olan Məryəm anaya, İsa Məsihə
həsr etdiyi əsərlərdən birincisidir. Heykəl
Mikelancelonun imzalanmış yeganə əsəridir və
Vazari qeyd edir ki, Mikelancelo sonradan buna peşman olub və bir daha
heç bir əsəri imzalamayacağına and içib.
Sənət əsərində çarmıxa çəkilmədən
sonra İsanın bədəni anası Məryəmin dizləri
üstündə təsvir olunub. Əsər monumental əsərdir,
ümumi hündürlüyü 178 sm-dir.
- Sənət əsərinin quruluşu necədir?
- Heykəl maraqlı piramidal struktura malikdir.
Piramidanın zirvəsini Məryəm ananın başı təşkil
edir. Əsər Məryəmin geyimi fonunda aşağıya
doğru genişlənib və Qolqof təpələri ilə
tamamlanıb. Heykəl nisbi
ölçülərə malikdir. Buna səbəb isə
yetkin insanı, xüsusilə qadın obrazını dizləri
üzərində sığışdırmağın
çətinliyidir.
Bu nisbiliyin nəticəsi kimi Məryəmin bədəninin
əksər hissəsi
paltarının altında qalır və fiqurların əlaqəsi
olduqca təbii görünür.
- Mikelancelonun müraciət etdiyi mövzu həm heykəltaraşlıqda,
həm də rəssamlıqda çox işlənilib. Bu
nümunə digərlərindən hansı xüsusiyyətlərinə
görə fərqlənir?
- Bəli, Renessans dövrü də, sonrakı
dövrlərdə də Qərb
rəssamalarının, heykəltaraşlarının ən
çox müraciət etdiyi mövzulardan biri məhz Məryəmin,
İsa Peyğəmbərin təsviri olub. Belə ki, Almaniya və
Polşada həmçinin kardinalın vətəni Fransada
"Pyeta" heykəllərinin işlənməsi ənənəsi
var.
Mikelancelo öz xələflərindən, sələflərindən
fərqli olaraq Məryəmi 50 yaşlı qadın yerinə
daha cavan və gözəl təsvir edib. Bu nüans müxtəlif
cür izah olunur. Maraqlı yanaşmalardan biri Məryəmin gəncliyinin
onun təmizliyi, paklığını simvolizə etməsidir
və Mikelancelo da onu məhz belə təsvir etmək istəyib.
Çarmıxa işarə olaraq isə yalnız
İsanın əlində kiçik mismar və xırda az nəzərəçarpan
yara göstərilib. İsanın simasında ənənəvi
gördüyümüz İsadan fərqli olaraq iztirab, əziyyət
yoxdur.
- Müxtəlif zamanlarda heykəl hücumlarla da
gündəmə gəlib.
- Bəli, əsər bir neçə dəfə zədələnib.
Ən ciddi zədə isə 1972-ci il 21 may tarixində qeydə
alınıb. Belə ki, psixi problemli Laslo Tot adlı
avstriyalı geoloq heykələ "Mən İsa Məsihəm,
mən öldükdən sonra diriləcəm"
qışqıraraq geoloq
baltası ilə 15 zərbə endirib. Nəticədə Məryəmin
sol əli dirsəkdən qopub, burnunun ucu və göz
qapaqları ciddi zədələnib. Hücumdan sonra əsər
çox çətinliklə bərpa olunub və Müqəddəs
Pyotr bazilikasındakı öz yerinə qaytarılıb.
Hazırda heykəl
"Cakonda" kimi güllə keçirməz
şüşə altında qorunur.
- Sizcə, bu əsər bizə nə deyir?
- Heykəl İsa Məsihin bəşəriyyətin
günahları üçün öz həyatını fəda
verməsini simvolizə edir. Onun cəsədinin Məryəmin
qucağında olması ilahi və dünyəvi aləm
arasında körpü rolunu oynayır, insan və tanrı
arasında əlaqəni göstərir. Əsər həm
dini, həm də insani baxımdan vacib mesajlar verir. Pyeta
insanın həyatındakı dərd, fədakarlıq,
ölüm və qəbul etmə mövzularını dərindən
incəliyir.
Heykəl Mikelancelonun bədii bacarığının
zirvəsidir. Çünki əsərdə rəssam həm
fiziki həm də emosional dərinliyi ustalıqla birləşdirib.
Eyni zamanda o, dövrün klassik bədən tərtibatını
və realist təsvir üsullarını göstərə
bilib. Eyni zamanda əsər tarixi baxımdan da olduqca əhəmiyyətlidir.
Çünki heykəl dövrün heykəltaraşlıq sənətindəki
yenilikləri, xüsusilə bədənin anatomik
düzgünlüyünü və ətraf mühitin
işıqlandırılmasını uğurlu tətbiqini
göstərir.
Məryəmin üzündəki sakit və təmkinli
ifadə oğlunun ölümünə qarşı olan kədərini
ifadə edir. O, anadır və bu ölümü qəbul etməyin
çətinliyi üz ifadəsində son dərəcə
dolğun şəkildə əks olunub.
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 5 mart(№41).- S.12.