"Afərin"
eşitmək istəyi
İmkanlarına görə özünə
böyük seçdiyi adamların
tapşırıqlarının icrası ilə
ötürür günlərini. Bu baxımdan adi deyil
yaşamı. Kimlərə salam verib alması da onların rəyindən
asılıdır. Beləcə, tərifləyir ləyaqətsizləri,
aşağılayır layiqliləri. Yoxdur öz fikri.
Görmür ətrafının qınayıcı
baxışlarını. Qulaqardına vurur barəsində
eşitdiklərini. Cəhd edir "böyük"lərinin
onlarca yaxınlarının rəğbətini qazanmağa.
Çalışır "qulluğunda" səhvlərə
yol verməsin. Dilinə də qıfıl vurur onların
yanında. Qorxur, çox qorxur "şef"lərinin
xoşuna gəlməyən birisi barədə
çaşıb həqiqəti deməkdən. Haradasa
"böyüyü"nün ünvanına deyilən
xırda iradasa sərt reaksiya verməyi özünə borc
bilir. Belədə qaldırdığı "vay-şüvən"in
sorağının, "böyük təəssübkeşliyinin"
sədasının ünvana çatmasından ötrü dəridən-qabıqdan
çıxır. İstəyi var axı.
"Böyük"dən "afərin" eşitmək
istəyi. Bundan ötrü isə hər "şərəfsizliyə" hazırdır. Bax belə
yaşayır. Və adi deyil bu yaşam.
13.12.2024
Ürəyi böyükmüş
Ağır bir işi götürmüşdük
boynumuza. Müraciət edəcəyimiz hər kəsin
yardımçımız olacağını
düşünmüşdük. Axı bunda heç bir şəxsi
xeyir gözləmirdik. El-oba işi idi.
Yanılmışdıq. Başlanğıcda bizə xeyir-dua
verənlər, əllərindən gələni edəcəklərini
söz verənlər bir-bir yaxasını kənara çəkdi.
Ayrı-ayrı imkanlılara da müraciətlərimizdən
elə bir nəticə ala bilmirdik. İki nəfər
qalmışdıq çoxlarının "başlayın,
yanınızdayıq" dediyi işdə. Çətinliklə
də olsa xeyli, lap xeyli iş görə bilmişdik. Qalan o qədər
də asan olmayan mərhələni isə artıq ancaq və
ancaq öz imkanımız, öz vəsaitimiz, o qədər də
böyük olmayan imkanımızla gördürməyi qərar
verdik. Hə, gördürməliydik.
Müraciət etdik neçə nəfərə.
Çox yüksək qiymət dedilər. Bu işin
xeyirxahlığı barədə moizələrimizə qulaq
asan da olmadı. Ümidsizləşirdik. Artıq nə edəcəyimizi
düşünə də bilmirdik. Allah yol açana kimi...
Təsadüfi oldu onunla söhbətimiz. O kasıb,
imkansız adamla. Diqqətlə dinlədi bizi. "Kömək
edərəm" - dedi. Qiymətləşmək istədik.
Sakit səslə: "Mən belə işlərdən
ötrü pul almıram" - dediyini eşitdik. Əlimizdə
olan vəsaiti xahiş-minnətlə ona vermək istədik. Qəbul
etmədi. "Onda başqasını tapın" - dedi.
Gördü həmin işi. Halallığını verib
getdi. Belələri üçün deyirlərmiş:
"Kasıblığına niyə baxırsan, ürəyi
böyükdür..."
17.12.2024
Arzulamadığım
Yanıma təbrikə gəlirdilər
doğmalarım, yaxınlarım. Həyatımda baş verən
önəmli hadisədən yana. Gözləmədiklərim
də vardı aralarında. Uzun illər boyu mənə laqeyd
münasibətdə olduqlarını düşündüklərim.
Belələrinin gəlişi daha çox sevindirirdi məni.
Yeni bir xoş istilik, məhrəmlik duyurdum onlardan.
Qınayırdım da özümü "demə, onlar beləymiş"
düşüncəmlə. Gözlədiklərim bəzilərindənsə
laqeyd münasibət görməyim sıxırdı məni
"demə onlar beləymiş" fikrimlə. Hamını,
hamını qəbul etməyə hazır idim. Fərq
qoymadan hər bir kəsi. Təkcə bir
"cütlük"dən
savayı. Sorurdum özümdən: "Niyə axı,
niyə?" Nifrətmi edirdim onlara-yox, acığımmı
gəlirdi onlardan-yox. Bəs niyə? Əslində bu
sualların cavabı da aydın idi mənə.
Riyakarlığını görmüşdüm bu
cütlüyün, həm də dönə-dönə. Hər
dəfə onların izahatlarına özümü
inanmış kimi göstərmişdim. Amma hər halda təkrarlanan
riyakarlıqlar yaratmışdı ürəyimdə onlara
qarşı bu qəribə hissi. Mənə xeyli, lap xeyli
pislik etmişlərə yox, məhz bu cütlüyə idi bu
hissim. Sadəcə məni təbrikə gəlməyini
arzulamadığım adamlar idi bu "cütlük". Gəlsəydilər
də, neyləyəcəkdim ki...
08.02.2025
"Şəxsiyyət"
Riya dolu kəlmələrdən "səngər"
qurub özünə. Qəlbinin dərinliklərində qərar
tutanlara tamamilə əks olan sözlərdən, kəlmələrdən.
Düşünür, qoruyar onu başqalarına qarşı
öz çirkin məqsədlərini həyata keçirmək
üçün. Pak, saf, düz-dürüst mələk
donunda təqdim etmək istəyir özünü bu şeytan
xislətli adam. Qorxur axı kimlərinsə xoşuna gəlməz
sonrakı sayıqlamaları. Başqalarına dediyi, deyəcəyi
şər-böhtan. Haqdan, ədalətdən dəm vura-vura
özünün içindəki mənfur niyyətləri həyata
keçirmək istəyir. Bu niyyətlərsə
gözünə xoş görünməyən, ac nəfsinin
qarşısına çəpər çəkənləri
qaralamaqdan, onlara ləkə yaxmaqdan ibarətdir. Tapır bundan
ötrü cürbəcür sözlər, ibarələr.
Yorulmur, usanmır. Mənfiliklər arayır hər
görülən işdə. Hamı yalançı,
fırıldaqçı, rüşvətxordur onun nəzərində.
Taylarını öz ətrafına toplayıb səfərbər
edir. Züy tuturlar onun "çaldıqlarına". Şəxsiyyət
sayır özünü belə tərəfdarlarının
arasında. Hə, "şəxsiyyətdir". Mən də
təsdiq edirəm bunu. Amma göründüyü kimi, məhz
dırnaq arasında!
05.02.2025
Nəcməddin MÜRVƏTOV
525-ci qəzet .- 2025.- 5 mart(¹41).- S.12.