NAĞILA OXŞAMAQ
İSTƏMƏYƏN DÜNYA
Məktəb lap evlərinin yanında olsa da,
uşaqlar sentyabrda ilk dəfə məktəbə tək gəlmir.
Hər uşağın yanında atasımı,
anasımı, nənəsimi, babasımı mütləq
olur. Bəzənsə elə ciyərparalarının bu
sevincli və balaca ömründəki ən əlamətdar
gününə şahid olmaqçün hamısı
yığışıb birlikdə gəlir.
Məhəllədə, bağçada, evdə
dünənəcən o uşaqların başqa dostları, rəfiqələri
vardı, indi bu təzə ünvanda - ikinci evlərinə
çevriləcək, 10-11 il gəlib-gedəcəkləri,
onlara nə qədər əziz olduğunu buradan ayrılandan
sonra aydınlığı ilə hiss edəcəkləri məktəbin
divarları arasında yeni dostlar tapacaqlar, bu 10-11 il ərzində
bir-birləriylə küsüşəcəklər də,
barışacaqlar da, çəkişə-çəkişə
bərkişəcəklər və zaman ötdükcə
bunu da anlayacaqlar ki, həmin doğma ünvanda onların
qazandığı ən sadiq, ən ayrılmaz, heç vaxt
unudulmayan, həmişə yanlarında qalan dostları 32 hərf
imiş - onların sözlər dünyasına yolunu
açan və sonacan da bələdçiliyini davam etdirən,
canlıların ən canlısı olan ƏLİFBA!
O vaxt - 1999-2000-ci illərdə mən həmin
çağacan yazılmış, tərtib edilmiş
"Əlifba"lardan büsbütün fərqli bir dərslik
üzərində işlərkən istedadlı rəssam
dostum, animasiya ustası Elçin Hami Axundovdan rica etmişdim
ki, kitabın cildində - üz qabığında və arxa
qapağında eyni uşaqları eyni məkanda çəksin,
amma bircə fərqlə: başlanğıcda onlar hərflərlə
oynayırlar - məktəbə yenicə gəliblər, hələ
hər hərf onlarçün, elə dünənəcən
olduğu kimi, bir oyuncaq təkidir; amma 32 keçidli bu
aşırımı başa vurandan, bütün hərfləri
öyrənəndən sonra artıq həmin uşaqların
hər birinin qarşısında kitab var. Hərflərə bələd
olandan, əlifba ilə dostlaşandan sonra onların ən
yaxın dostları elə bunlar olub.
Və həmin kitabın içərisindən
nağılın bir şah damar kimi keçməsini də
özümçün qətiləşdirmişdim. Həm də
bu kitabda yalnız bizim öz nağıllarımızdakı
deyil, dünyanın bütün məşhur
nağıllarındakı qəhrəmanların
paradını qurmaq niyyətində idim. Nağıla belə
meyil etməyim bir tərəfdən birinci sinfə gələn
uşaqların hələ nağıl dünyasından
ayrılmamaları, yenicə ayaq basdıqları məktəbdə
ilk oxuduqları kitabda da onlara tanış aləmdə
qalmalarının məqsədəuyğunluğu qənaətimlə
bağlı idisə, digər tərəfdən
nağılda ağıl olması, hər nağılın
yaddaşa hoparaq ömür boyu insanla qalacaq biliklər
daşıması inamımdan irəli gəlirdi.
Bəşərin ən ağıllı
övladlarından biri dünyaya nisbilik nəzəriyyəsini
bağışlayan Albert Eynşteyn (1879-1955) olub və o da
söyləyib ki, istəyirsinizsə uşaqlarınız
ağıllı olsun, onlara nağıl oxuyun. Yox, əgər
istəyirsinizsə onlar lap ağıllı olsunlar, onda onlara
daha çox nağıl oxuyun.
Dünya uşaqlarına neçə gözəl
nağıl və onların əbədi dostuna çevriləcək
nağıl qəhrəmanları bağışlamış
Danimarka yazıçısı Hans Kristian Andersen (1805-1875) isə
yazırdı ki, nağıl işığa dönüb
uşaqların gözündə parlayan qızıldır.
Bir halda ki dünyanın ən böyük hekayətçilərindən
biri nağılı uşaq baxışlarında bərq
vuran sevinc zərrələrinə bərabər tutur, onda gərək
uşaq aləminə dərindən bələd olan bu
müdrik insanın sözlərinə qulaq asasan, uşaqlara həqiqətləri
aşılamaqdan ötrü nağıllara çox
arxalanasan.
Ona görə mənim "Əlifba"mda ilk hərfdən
sonuncuya qədərki yolda - o sahildən bu sahilə olan məsafədə
dənizə çıxan bir gəmi vardı və
bütün hadisələr elə o nəhəng gəmidə
cərəyan edirdi. Məktəbə birinci dəfə qədəm
basdıqları ilk sentyabr günlərindən sonrakı bir
neçə ay ərzində uşaqların
"üzdüyü" sözlər dənizindəki
"Əlifba" gəmisinin kapitanı və
sükançısı Cırtdan idi. Onu da, həmin gəmidəki
başqa qəhrəmanları da uşaqlar, hələ hərfləri
bilməsələr də (hərçənd indiki birincilərin
bir çoxu məktəb yaşı çatanda artıq
yazıb-oxumağı bacarır, ən azı hərflərin
çoxunu tanıyır), adətən üzdən
tanıyırlar, görüncə adlarını dilə gətirirlər:
"Aaa, bu ki Qar Qızdır, bu, Göyçək Fatma, bu isə
Tıq-tıq xanım, bu da Qırmızıpapaq, o da Düyməcik".
Bunlar qızlar idi, bir tərəfdə də oğlanlar
sıralanmışdı - hazırcavab Bala Nəsrəddin,
sehrli çıraqlı Ələddin, igid Məlikməmməd,
qorxmaz Mauqli, çoxbilmiş Hadıyla gonbul Bıdı,
qızıl açarlı Buratino, damdayaşar Karlson,
soğanbala Çipollino, ulu babası səyyah Sindibada
oxşamış çoxgəzən balaca Sindibad.
Düzdür, uşaqlar hələ nə filmlərdə, nə
şəkilli dərgilərdə ərköyün, yöndəmsiz
Şişman Divzadəni görmüşdülər, nə də
yerin altını da, üstünü də bilən Candəmirlə
rastlaşmışdılar. Ancaq Candəmirin robot
qardaşları onlara dönə-dönə baxdıqları
silsilə filmlərdən yaxşı tanış idi, ona
görə buna da isinişmələri tez baş verməli
idi.
Onların hərəsinin öz nəğməsi
vardı və hər birinin də mahnısında öz
taleyi.
Bala Nəsrəddin belə oxuyurdu:
Sözün dibində göz var,
Gözün dibində köz var,
Sözün içində söz var,
Bu söz o sözdən deyil,
O söz bu sözdən deyil.
Belə-belə işlər,
Belə-belə...
Gülə-gülə, dostlar,
Gülə-gülə.
Ulaq çiməndə üz min,
Tərsə dayansa düz min.
Ulaq olsa da yüz min,
Bu min o mindən deyil,
O min bu mindən deyil.
Belə-belə işlər,
Belə-belə.
Gülə-gülə, dostlar,
Gülə-gülə.
Səsin dibində iz var,
"Biz"in dibində siz var,
Sözün düzündə biz var.
Bu biz o bizdən deyil,
O biz bu bizdən deyil.
Belə-belə işlər,
Belə-belə.
Gülə-gülə, dostlar,
Gülə-gülə.
Düyməcik bizə Qərbdən gəlib. Onun
atası Andersendir. Yəni Danimarkada xalq arasında daha əvvəllərdə
nə belə bir nağıl olub, nə belə
qızcığaz. 1835-ci ildə Andersenin qələmində
doğulan Düyməcik bir kitabın səhifələrindən
uşaqlarla görüşə gəlib və sonra başlayıb
diyar-diyar gəzməyə. Bizim Düyməciyin
mahnısı belə idi:
Düymə boyda boyum mənim,
Bircəciyəm, birinciyəm.
Dam dolusu toyum mənim,
Düyməciyəm, gəlinciyəm.
Qönçə qızı, tər qönçəyəm,
Tər qönçədən mən incəyəm.
Gül balası - güləm, güləm,
Rəqs eləyəm, deyəm, güləm.
Yelləncəyim çiçəklərdir,
Oynayıram mehlər ilə.
Yatağım al ləçəklərdir,
Yuyunuram şehlər ilə.
Yaxşılıq et, at dənizə,
Balıq bilməz, xalıq bilər.
Sən əl uzat, qayğı göstər,
Yatmış bilməz, ayıq bilər.
Gül balası güləm, güləm,
Rəqs eləyəm, deyəm, güləm.
Əhvalat 1300 il əvvəl vaqe olurdu, iranlı
gözəl Şəhrizad hər gecə ərəb xəlifə
Harun ər-Rəşidə bir nağıl söyləyirdi. O
nağıllardan birində əlində sehrli
çırağı olan, həmin çırağın
içərisindəki Cinin köməyi ilə sonsuz güc
qazanmış Ələddin də vardı. Ancaq Ələddinin
ağlındakı güc heç o Cinin qüdrətindən
əskik deyildi, sadəcə, çıraqdakı buyruq qulu
Cinin vasitəsilə dərrakəli Ələddin əlavə
üstünlüklər qazanmışdı. Bağdadlı
uşağın "1001 gecə"
nağıllarındakı dünyanı gəzən hekayətini
ilk dəfə ekranlaşdıran 1966-cı ildə sovet
kinorejissoru Boris Rıtsarev (1930-1995) oldu. Yeri gəlmişkən,
həmin filmdə 1960-cı illərdə Azərbaycan
Radiosunda səslənən daimi verilişlə Azərbaycan
uşaqlarının sevimli Xoruz babasına dönmüş
Xalq artisti, aktyor Hüseynağa Sadıqov (1914-1983) da
vardı.
Düz 20 il sonra - 1986-cı ildə isə amerikan
rejissor Tima Börton "Ələddin və onun sehrli
çırağı"na bir də qayıtdı və bu
mövzuda bədii televiziya filmi çəkdi. Bizim "Əlifba"da
Ələddin belə oxuyur:
Yarağın olsa çin-çin,
Diləyin olsa min-min,
Köməyin olub yüz cin
Hər arzunu etsə çin,
Yenə özünə güvən,
Yenə özünə güvən.
Yaraqlardan ən güclü
Yaraq sənin özünsən,
Çıraqlardan ən güclü
Çıraq sənin özünsən!
Üzüyüm düyün açar,
Çırağım sehir saçar,
Çox ovsunlu açar var,
Amma ən üstün açar
Sənsən, özünə güvən!
Sənsən, özünə güvən!
Yaraqlardan ən güclü
Yaraq sənin özünsən,
Çıraqlardan ən güclü
Çıraq sənin özünsən!
Sənsən, özünə güvən,
Güvən, özünə güvən.
Nağıllarımızın özü
yaraşıqlı, sözü qəşəng, əməli-işi
gözəl Göyçək Fatmanı
"Əlifba"mıza örnək şagird kimi gətirmişdik.
Bu cür səliqəli, ədəbli, əlaçı
qızlar adətən hər sinifdə olur, belələrini də
həmişə başqalarına nümunə göstərirlər.
Ancaq bizim Göyçək Fatmanın da dünyada bolluca
bacıları var: nə az, nə çox - təqribən min
civarında. İlk "Göyçək Fatma"sa (əlbəttə,
adı başqa idi - yunan qızı Rodopis) hələ qədim
Misir papiruslarında görünür, ədəbiyyata birinci
dəfə doqquzuncu yüzildə, Çində, Duan
Çenşi (803-863) qələmində gəlib. 1634-cü
ildə italyan Cambattista Bazile (1566-1632), 1697-də fransız
Şarl Perro (1628-1703), XIX yüzildə isə alman Qrimm
qardaşları öz Küllücələrini, daha sonra
ruslar Zoluşkalarını yaradırlar. Bu hamıya doğma
nağıl qəhrəmanı sıra-sıra ölkələrdə
musiqiyə də köçüb, səhnəyə də
çıxıb, ekrana da qonub. 1817-ci ildə italyan bəstəkarı
Coakkino Rossini (1792-1868), 1899-cu ildə fransız bəstəçisi
Jül Massne (1842-1912) bu qızcığaza həsr olunmuş
ilk operaları doğurublar. Dünya kinosunun üçcə
yaşı olanda artıq bu qız kinorejissor Corc Alberta Smitin
(1864-1959) qısametrajlı filminin əsas surətinə
dönür. Bundan sonrakı onillər boyunca isə dünya
kinematoqrafı bu xanımcığazın taleyini on dəfələrlə
müxtəlif baxımlı filmlərin mövzusuna
çevirir.
Bizim "Əlifba"da isə Göyçək
Fatma ilk hərfləri, ilk şeirləri öyrənən, qələm
götürüb ilk sözləri, ilk sətirləri yazan səliqə-sahmanlı
birinci sinif şagirdi qiyafəsində yer alırdı və
belə oxuyurdu:
Göydə bulud, külək ol,
Kəpənək ol, çiçək ol,
Göyçəklərdən göyçək ol,
Bir az da bəxtin olsun,
Bir az da bəxtin olsun!
Qığılcım ol, alış hey,
İnadkar ol, yarış hey,
Zirvələrçün çalış hey,
Bir az da bəxtin olsun,
Bir az da bəxtin olsun,
Arzuların dilində,
Uğurlar öz əlində,
Kömək olsun elin də,
Bir az da bəxtin olsun,
Bir az da bəxtin olsun!
Dəniz səyyahı Sindibadın, ya digər məşhur
adı ilə desək, Sindibad əl-Bəhrinin də əsl
böyük səyahətləri "1001 gecə"
nağıllarından başlanıb. Ancaq "1001 gecə"də
onun Asiya-Afrika səmtlərinə cəmi yeddi dillər əzbəri
səyahətindən bəhs edilirsə də, artıq Sindibad
dünyanı çoxdan fəth edib, elə bir qitə,
ölkə, şəhəri təsəvvür etmək
mümkün deyil ki, bu səyyahın ora "ayağı dəyməsin".
Yəni onun haqqındakı sözlərin ayağı...
Belə bir fikir var və çinlilər də həmin
gümanı ən doğru tarixi soraq sayırlar ki, əslində
Sindibad onların həmyerlisi, Min epoxasında
yaşamış "Sanbao" ləqəbli, Çjen Xe
adlı dəniz səyyahı imiş.
"Əlifba"mızda isə Sindibad ulu
babasının adını daşıyan və hələ az
kəşf olunmuş dünyanın çeşidli nöqtələrinə
əski əyyamlardakı kimi səfərlərə
çıxmağı diləyən dənizçi deyil,
astronavt, kosmonavt olub ulduzlara doğru uçmağı
arzulayan səyyah uşaq idi.
Onun nəğməsi də belə idi:
Sən yellərdən qanad tax,
Düzlərdən öt, dağdan aş.
Sindibad, heç yorulma,
Eldən-elə gəz-dolaş.
Çağırar məni yollar,
Şəhər-şəhər aparar.
Hər şəhərdə bir sirr var,
Duymaq istəsən, yanaş.
Gəz-dolan bu dünyanı,
Öyrən yaxşı-yamanı.
Gəzib, görüb, öyrənib,
Özünü gözəl tanı!
Atalar düz deyiblər:
Çox gəzənlər çox bilər,
Bir kitabdır hər səfər,
Aç, oxu yavaş-yavaş.
Gəzsən də qitə-qitə,
Sona yetsə xəritə,
Görmək, bilmək həvəsi
Çətin haçansa bitə.
Adaşım ulu babam
Yerdə tapmırdı aram.
Səyahət arzusuyla
Mən Göylərə baxıram.
XIV yüzildən bəri çox sular axıb
keçib, dünya çox dəyişib. O dövrdə
yaşamış insanların nəvə-nəticələrinin
əksəri heç əcdadının adını bilmir.
İtikcələrdən sonra çox nəsil izləri də
qeybə çəkilir. Ancaq balaca Qırmızıpapaq o vaxt
hansı yaşda, hansı gözəllikdə, hansı
şuxluqda idisə, yenə həmin təhər
qalmaqdadır. Elm bu fikirdədir ki, Qırmızıpapaq əhvalatı
ilkin olaraq 600 il öncə Fransa, İtaliyada, İsveçrədə
yayılıb. Dil açıb danışan qurd da o günlərdən
indiyədək Qırmızıpapağa qoşularaq
yaşamaqdadır.
Nağılı birinci dəfə 1697-ci ildə Parisdə
kitab səhifələrinə çıxaran Şarl Perro
olmuşdu. Daha sonra isə bu nağıla Qrimm
qardaşları üz tutur. Söyləmələrə
görə, Yakob (1785-1863) və Vilhelm Qrimm (1786-1859)
qardaşları bu rəvayəti evlərində işləyən
qulluqçu qadından eşitmiş, bir az da bəzək
vuraraq Şarı Perronun vəfatından yüz il sonra
növbəti dəfə daha geniş ədəbi
üfüqlərə uçurmuşdular.
Bizim "Əlifba"da Qırmızıpapaq belə
oxuyurdu:
Papağı qırmızıyam,
Kəndimin ulduzuyam.
Nənəm yolumu gözlər,
Əzbərimdir bu sözlər:
Böyük sözünə baxan
Yanılmaz heç bir zaman.
Papağı qırmızıyam,
Atamın şən qızıyam.
Yolum meşədən keçər,
Dilimdədir bu sözlər:
Böyük sözünə baxan
Yanılmaz heç bir zaman.
Papağı qırmızıyam,
Babam deyir quzuyam.
Yadımda axşam-səhər
Anam verən öyüdlər:
Böyük sözünə baxan
Yanılmaz heç bir zaman.
Papağı qırmızıyam,
Papağı qırmızıyam,
Mən atamın-anamın
Sözəbaxan qızıyam,
Papağı qırmızıyam.
İngilis yazıçısı Redyard Kiplinqin (1865-1935)
"Cəngəlliklər kitabı"ndan (1864)
çox-çox əvvəllər də, çox-çox
sonralar da bəs deyincə Mauqlilər - körpəykən
heyvanlar içərisinə düşən, ancaq
canavarların himayəsində salamat qalan, daha artıq,
heyvanlar ailəsinin bir üzvünə çevrilərək
vəhşilər arasında asudə yaşayanlar olub. Ancaq
Mauqlinin bəxti onda gətirdi ki, Kiplinqin mahir qələminə
düşdü və milyonların sevimlisinə çevrildi.
Bizim Mauqlinin belə bir nəğməsi vardı:
Dağlar, meşə, çöl mənim,
Balıq, yosun, göl mənim.
Bulaqlardır sirdaşım,
Qayalar arxadaşım.
Mən təbiətin oğlu
Mauqliyəm, Mauqli.
Bulud, yağış, göy mənim,
Qartal, kəklik, ley mənim.
Quşlar olub sirdaşım,
Şimşəklərdir qardaşım.
"Mo" oğluyam, "mə" oğlu,
Mauqliyəm, Mauqli.
Bəbir, ayı, fil mənim,
Ağac, çəmən, gül mənim.
Cəngəllikdir sirdaşım,
Heyvanlardır yoldaşım.
Boz qurdun doğma oğlu
Mauqliyəm, Mauqli.
Mən təbiətin oğlu,
Mauqliyəm, Mauqli.
O, bir odun parçasından yonulub düzəldilmiş
oğlandı. Əslində bir italyan kəlməsi olan
"Buratino"nun mənası "taxta oyuncaq artist" deməkdir.
1881-ci ilin 7 iyulunda Karlo Kallodi (1826-1890) Romada "Pinokkionun macəraları"
adlı nağıl kitabını buraxdı və o gündən
bu uzunburun oğlan dilə-dişə düşdü. Sonralar
çoxları bu oğlanı qəhrəmanlarına
çevirsələr də, Aleksey Tolstoyun (1883-1945)
"Qızıl açar, ya Buratinonun sərgüzəştləri"
(1936) nağıl-povestinin ayağı daha sayalı oldu, həmin
əsər əsasında film çəkiləndən sonra
isə Buratino yeni, daha şöhrətli həyatını
yaşamağa başladı.
Və günlərin birində bizim
"Əlifba"ya da gələrək belə oxudu:
Mən bir taxta oğlanam,
Sanma saxta oğlanam.
Çaşdım kitabdan qaçdım,
Bircə anda dolaşdım.
Toplaşın, dostlar, dostlar,
Məndədir qızıl açar.
Şərdən qurtulaq qaçaq,
Xeyir qapısın açaq.
Mən bir taxta oğlanam,
Sanma saxta oğlanam.
Dilim var, ağızım var,
Qələmim, kağızım var.
Toplaşın, dostlar, dostlar,
Məndədir qızıl açar.
Çiyni pərli, özü fərli, mürəbbə
aşiqi Karlsonun valideynisə İsveç
yazıçısı xanım Astrid Lindqrendir (1907-2002). Mən
yaxşı bilirəm ki, Karlson bu yazıçının
1955-ci ildə yazdığı "Damda yaşayan Balaca
Karlson", 1962-ci ildə buraxdığı "Damda
yaşayan Karlson yenidən uçub gəldi" və 1968-ci
ildə nəşr etdiyi "Damda yaşayan Karlson yenə dəcəllik
edir" adlı üçcildliyindən yaranıb. Ancaq illər
öncə ilk dəfə yolum Stokholma düşəndə
dostlar məndən haraları gəzib-görmək istədiyimi
soruşanda qayıtmışdım ki, məni Vasastan rayonuna
aparın.
Çünki Lindqrenin özü də şəhərin
həmin hissəsində yaşamışdı, Karlsonun
"evi" də orada idi. Dostumuz Karlsonun
"yaşadığı damı" görməyə məndə
qeyri-adi uşaq həvəsi vardı...
Karlsonun "Əlifba"mızdakı nəğməsi
belə səslənirdi:
Görsən ki, dostun yoxdur,
Görsən ki, qayğın çoxdur,
Açıq qoy pəncərəni,
Tez çağır, çağır məni.
Deyiləm uçan boşqab,
Həm sualam, həm cavab.
Konfeti yeyən on-on,
Mənəm gonbul Karlson.
Bir gün hamıdan küssən,
Bezsən əyləncələrdən.
Açıq qoy pəncərəni,
Tez çağır, çağır məni.
Az bax, az bax göylərə,
Nə peykəm, nə təyyarə.
Uç gəl, uç gəl dama qon,
Bax gör kimdir Karlson.
Azərbaycan nağıl dünyasının
Tıq-tıq xanımının dəqiq doğum tarixi var -
1910-cu il. Amma onun da qismətinə həmişə eyni
yaşda qalmaq, daim diri olmaq, müdam sevilmək yazılıb.
Abdulla Şaiqin (1881-1959) Tıq-tıq xanım mənzum
nağılı ilk dəfə şairin 1910-cu ildə
Bakıda çıxan "Uşaq gözlüyü"
kitabında doğuldu. 1974-cü ildə isə
"Tıq-tıq xanım" cizgi filminə çevriləndə
bu naz-qəmzəli xanımqız nəğmələr
oxumağa başladı. Ancaq bizim "Əlifba"dakı nəğməsi
o nəğmələrdən deyildi. Bu nəğməni ona
oxudan düşdüyü mehriban dostlar çevrəsidir:
Pal-paltarı şıq mənəm,
Tamam yaraşıq mənəm.
Dolanıb el-obanı,
Dost gəzən Tıq-tıq mənəm.
Dost dost ilə tən gərək,
Tən olmasa gen gərək.
Mənimlə dost olanın
Ürəyi də gen gərək.
Birinin boyu uca,
Biri məndən balaca.
Çox axtardım, çox seçdim,
Əsl dostu tapınca.
Dost dost ilə tən gərək,
Tən olmasa gen gərək.
Mənimlə dost olanın
Darvazası gen gərək.
Yol üstdə durub Çıq-çıq,
Söyləyir: "Gəl çıx, gəl
çıx".
Ürəyi vurur tup-tup.
Axtarır, hanı Tıq-tıq?
Dost dost ilə tən gərək,
Tən olmasa gen gərək.
Mənimlə dost olanın
Ev-eşiyi şən gərək.
Ondoqquzuncu yüzildə rusların el sözü
toplayan dəyərli bir ziyalısı olub - Aleksandr Afanasyev
(1826-1871). O, xalq arasında dolaşan, qardan düzəldilmiş
və dirilik qazanmış qızdan bəhs edən əfsanəni
ilk dəfə 1869-cu ildə "Slavyanların təbiətlə
bağlı poetik görüşləri" adlı
kitabının ikinci cildində nəşr etdirir. 1873-cü
ildə isə rus dramaturqu Aleksey Ostrovski (1823-1886) Afanasyevin dərc
etdiyi nağıllar əsasında "Snequroçka"
adlı pyes yazır və onu Şaxta Baba ilə Gözəl
Baharın qızı kimi qələmə verir. Qar
Qızın Şaxta Baba ilə birgə Yeni il şənliklərində
görünməsinin tarixçəsi isə 1937-ci ildən
başlanır. Həmin ilin yanvarında Moskvada, İttifaqlar
Evində keçirilən təzə il mərasimində ilk dəfə
Şaxta Baba uşaqların görüşünə nəvəsi
ilə gəlir. O illərdəki bayram şənliklərində
Şaxta Babanın yanındakı Qar Qız, elə
salamladığı məktəblilər kimi, xırdaca
uşaqmış, vaxt ötdükcə asta-asta yeniyetmə, gənc
qıza çevrilir. Ancaq bizim "Əlifba"da Qar Qız
elə hərfləri öyrənən digər uşaqlarla
yaşıddır.
Unudulmaz bəstəkarımız Adil Bəbirov Qar
Qız haqdakı şeirə gözəl nəğmə
yazmışdı. Kanadaya getməsi ərəfəsi idi.
Vaxtı azdı, nota almağa macalı yoxdu, ancaq
çaldı, oxudu, lentə yazdım. Cavanşir Quliyevdən
də xahiş etdi ki, vaxt tapsan, arada bunu mənim
çalğımdan nota sal. Həmin lenti
köçürüb Cavanşirə də vermişdim. Sonra
Cavanşir də uzun müddətə xaricə işləməyə
getdi, qayıdandan sonra da saysız belə lentlərin
olduğu arxivində həmin lenti tapması ona çətin
gəldi. Ancaq yaxşı ki, o lent yazısının əslini
özümdə saxlayıbmışam. Odur ki, Adilin son
yadigarlarından olan bu nəğməni də tezliklə
eşidə biləcəksiniz:
Sular donar,
Ələnər qar
Üşümərəm - mən Qar Qızam.
Günəş gülər,
Nur səpələr
Ərimərəm - mən Qar Qızam.
Qış da birdir, yaz da birdir,
Dağ da birdir, düz də birdir.
Təki səni sevən olsun,
Təki səni sevən olsun.
Külək əsər,
Soyuq kəsər,
Üşümərəm - mən Qar Qızam.
Gələr bahar
Ocaq çatar.
Ərimərəm - mən Qar Qızam.
Qış da birdir, yaz da birdir,
Dağ da birdir, düz də birdir.
Təki səni sevən olsun,
Təki səni sevən olsun.
Qopar boran,
Coşar tufan,
Üşümərəm - mən Qar Qızam.
Duman çökər,
Yağış tökər,
Ərimərəm - mən Qar Qızam.
Qış da birdir, yaz da birdir,
Dağ da birdir, düz də birdir.
Təki səni sevən olsun,
Təki səni sevən olsun.
Paxıl gözdən,
Acı sözdən
Üşüyərəm - mən Qar Qızam.
Kobud səsdən,
Yad nəfəsdən
Əriyərəm - mən Qar Qızam.
Qış da heçdir, yaz da heçdir,
Dağ da heçdir, düz də heçdir
Yoxsa səni sevən dostlar.
Nə yaxşı ki, dostlarım var,
Nə yaxşı ki, dostlarım var!
Cırtdanın "Əlifba" boyu nəğmələri
çox idi, bu, yalnız bircəsidir. Əvvəldən-sona
Şişmanla yarışdığından və
deyişdiyindən onun nəğmələri sayca o biri qəhrəmanların
hamısını üstələmişdi:
Mən meşədə odunqıran
Əfəl divə oyunquran.
Mən qayğısız odunçuyam,
Divi yıxan oyunçuyam.
Harda gördün qara yalan,
Başqasına quyu qazan,
Orda div var, orda div var,
Aç palanın, tök yalanın,
Kəs səsini ev yıxanın.
Mən meşədə odunqıran,
Əfəl divə oyunquran.
Mən qayğısız odunçuyam,
Divi yıxan oyunçuyam.
Harda gördün bir kələkbaz,
Sözü, işi gəlməz taraz,
Orda div var, orda div var.
Dərsini ver yaramazın,
Əli əyri natarazın.
Mən meşədə odunqıran,
Əfəl divə oyunquran.
Mən qayğısız odunçuyam,
Divi yıxan oyunçuyam.
Candəmirin də "atası" mənəm. 25 il
əvvəl doğulan Candəmir arzulayırdı ki, o da
başqa uşaqlar kimi duya, gülə, qəmlənə, hər
kəs kimi ola bilsin. O, qüvvətcə, ağılca
bütün tay-tuşlarından üstün idi, amma qeyri-adi
yox, elə hamıdan biri kimi olmaq ən böyük istəyi
idi. Aradan o qədər də böyük vaxt keçməyib.
Amma artıq robotların - Candəmirlərin həmin arzusu
gerçəkləşməyə yaxın kimidir axı.
İnsan elə özünə çox oxşayan, hətta
hiss etməkdə də ona bənzəyəcək Candəmirlər
doğurmağın astanasındakı kimi görünür:
İstəyirəm mənim də
Şirin gülüşüm olsun.
İstəyirəm mənim də
Ağrıyan dişim olsun.
Biliklərlə doluyam,
Bilgisayar oğluyam.
Nə maşınam, nə adam,
Aralıqda qalmışam.
İstəyirəm mənim də
Bacım, qardaşım olsun.
İstəyirəm mənim də
İsti göz yaşım olsun.
Biliklərlə doluyam,
Bilgisayar oğluyam.
Nə maşınam, nə adam,
Aralıqda qalmışam.
İstəyirəm mənim də
Canım adi can olsun.
Baş versin bir möcüzə
Candəmir oğlan olsun.
Biliklərlə doluyam,
Bilgisayar oğluyam.
Nə maşınam, nə adam,
Aralıqda qalmışam.
Canni Rodari (1920-1980) bir italyan kommunist
yazıçı idi, bu səbəbdən də ona Sovet
İttifaqında xüsusi rəğbət bəslənirdi, əsərlərini
bir ucdan tərcümə və çap edirdilər,
yazdıqlarını səhnələşdirirdilər,
SSRİ boyu nəşriyyatların, teatrların qapısı
üzünə açıq idi. Ancaq o elə mətləblərdən
yazırdı ki, bunlar bir sovet yazıçısının qələmindən
çıxsa idi, səsi ya Sibirdən gələrdi, ya da dəlixanalardan.
Məcazi yazırdı, əsərləri sətiraltı
sancmalarla, birbaşa ifşalarla dolu idi. Guya italyan cəmiyyətini
pisləyirdi, fəqət yazdıqlarının,
astarını avanda çevirdiklərinin, kəskin tənqid
atəşinə tutduqlarının hamısı elə sovetlərdə
də vardı. "Çipollinonun macəraları"
kitabını o, 1951-ci ildə yazdı. Əsərdəki surətlər
meyvə-tərəvəzdi, amma adam dili ilə
danışır, insan cəmiyyətinin həqiqətlərindən
deyirdilər. SSRİ-də 1961-ci ildə ayrıca
"Çipollino" adlı multfilm də çəkildi,
1973-də bədii film də.
Haqsızlığa qarşı mübarizə aparan
soğan oğlanın kitabı Moskvadan sonra tezliklə
Bakıda da uğurlu tərcümədə nəşr
edilmişdi.
Bizim Çipollino belə oxuyurdu:
Mən cuppulu Çipollino!
Kim sevir dondurma, kino,
Baxsa görər ömür yolum
Deyil bir qondarma kino.
Bizi qovar, bizi daşlar
Cibi dolu, başı boşlar.
Bizə gec-tez məğlub olar
Qarnı yoğun, qəlbi daşlar.
Mən cuppulu Çipollino!
Kim sevir dondurma, kino,
Baxsa görər ömür yolum
Deyil bir qondarma kino.
Çox da boyum bircə damcı,
Hərdən sözüm elə acı.
Günahkarın gözlərindən
Yaş süzdürər acı-acı.
Mən cuppulu Çipollino!
Kim sevir dondurma, kino,
Baxsa görər ömür yolum
Deyil bir qondarma kino.
Bizim Hadı və Bıdı adlı da nağıl qəhrəmanlarımız
olmayıb. 1959-cu ildə Əlisəttar Atakişiyev
yazıçı və alim Məhəmmədhüseyn Təhmasibin
"Çiçəkli dağ" pyesinin motivləri əsasında
"Bir qalanın sirri" bədii filmini çəkdi.
Nağıl qəhrəmanlarımız qıt olduğundan
ekranlara çıxdığı ilk vaxtlardan bugünədək
doyulmadan baxılan o filmdəki Hadı və Bıdı surətlərini
də mən qəhrəmanlarımızın cərgəsinə
qatdım.
Bıdı - Əkizik Hadı, Bıdı,
Bıdı mənəm, o,
Hadı.
Hadı - O yeyir mən yeyəni,
O demir mən
deyəni.
Bıdı - Şiş təpələr dam imiş,
Qayalar adam imiş.
Tilsim qurub
sehirkar,
Hamısı
daş olublar.
Hadı - Kitabdan-kitaba keç,
Hər gün
təzə kitab seç.
Açmaq
üçün tilsimi
Sən oxu mənim
kimi.
Hadı - Əkizik Bıdı, Hadı,
Mən
Hadıyam, o, Bıdı.
Bıdı - O geymir mən geyəni,
O demir mən
deyəni.
Bıdı - Heyimi alar kitab,
Sevdiyim kabab,
qutab.
Çox yeyim
ki, güclənim,
Göygözə
olum qənim.
Hadı - Gücü kitabdan alsan,
Sən yenilməz olarsan.
Qorxub qaçar tilsimkar
,Cana gələr qayalar.
Hadı - Əkizik Hadı, Bıdı,
Mən
Hadıyam, o, Bıdı.
Bıdı - Hadı, Bıdı əkizik,
Tilsimi qıran
bizik!
Hadı - Birlikdə qüvvətliyik.
Bıdı - Birlikdə qüvvətliyik!
Simurq quşunun qanadlarında dustaq olduğu
qaranlıq dünyadan işıqlı aləmə
çıxan cəsur, yenilməz Məlikməmməd mənə
öz uşaqlıq illərimdən sevimli olub, ancaq
"Əlifba"nı yazdığım əsnada mənə
daha əziz gəlirdi. Çünki bütün başqa məziyyətlərindən
savayı, o, nağıllarımız arasında
uşaqlarımıza uyğun gələn lap az surətlərdən
biri idi. Ona görə Məlikməmmədə də bir yox,
bir neçə mahnı yazdıq:
Qızıl alma bitən bağlar
Bizimkidir, Zümrüd quşu.
Köksü yaşıl uca dağlar,
Bizimkidir, ?Zümrüd quşu.
Əldə qılınc, üçtelli saz,
Cəngavərəm, igid, qorxmaz.
Keşikdəyəm ayıq-sayıq,
Yüz div gələ, mənə batmaz.
Zümrüd quşu, ümid quşu,
Ucalardan bu yurda bax.
Arzu quşu, Zümrüd quşu,
Qanadına al məni, qalx!
Sərhəddəki tənha bitən
Gülə keşik çəkirəm mən.
Düşmənimiz qara divdir,
Çiçəyimsə - Ana Vətən.
Darda olsam, Zümrüd quşu,
Gəl çat, gəl çat, səndən mədəd!
Darda qalsan, Zümrüd quşu,
Sənə kömək Məlikməmməd!
"Əlifba"da div də vardı, onun oğlu
Şişman da. Ancaq bunlar nağıllarımızdakı əcaib
divlərdən deyildi, hansısa qəbahətlərinə
görə sataşaraq belə adlandırılan, islah oluna
bilinənlər qəbilindən idilər. "Əlifba"
yoluna çıxanda Şişman əvvəlcə təkəbbürlü
idisə də, hərf-hərf keçdikcə
yumşalmışdı, çox qüsurlarından
arıtlanmışdı, çox səhvlərindən nəticə
çıxarmışdı:
Daha qorxum yoxdur ki,
Cırtdan məni həriflər.
Oxuyuram, yazıram,
Yoldaşımdır hərflər.
Tərpədərsən asanca
Dəyirmanın daşını.
Amma gərək yaxşıca
İşlədəsən başını.
Çağırardılar məni:
"Yekəpər, köntöy Şişman".
Elədi məni qıvraq
Rəqslər, bir də idman.
Çox axıtdı bilməmək
Gözlərimin yaşını.
Atdım, biryolluq atdım
Tənbəlliyin daşını.
"Əlifba"dakı div adamların qorxduğu
divlərdən deyildi, özü adamlardan çəkinən
divlərdən idi - hər adamdan yox, divdən betər
adamlardan.
Adam var divdən betər,
Adam var divi yeyər.
Div yeyər doysun özü,
Adamın doymaz gözü.
Birini bilirsiniz,
Birini bilmirsiniz.
"Div pisdir!" deyirsiniz,
Adamı demirsiniz.
Divin var bir sifəti,
Yaxşı-pis - o, belədi.
Adam gah olur Cırtdan,
Gah Xortdan, gah da Şeytan.
Birini bilirsiniz,
Birini bilmirsiniz.
"Div pisdir!" deyirsiniz,
Adamı demirsiniz.
Div olsa da lap qanmaz,
Bir divin qanın sormaz.
Adamı əzir adam
Mən divəm - çaş qalmışam.
Birini bilirsiniz,
Birini bilmirsiniz.
"Div pisdir!" deyirsiniz,
Adamı demirsiniz.
...Düz 25 il əvvəl, hər gün
"Əlifba" ilə nəfəs aldığım, bu qəhrəmanlarla
oturub-durduğum günlərdə mən Azərbaycanın ən
yeni nağıllarını da yazmağa
başlamışdım və əslində bu köhnə
nağıl qəhrəmanlarının yeni macəraları
olacaqdı. Bəlkə Fransada, İngiltərədə,
Almaniyada, İraqda, İtaliyada, Rusiyada, ya digər ölkələrdə
kimsə əski nağıl qəhrəmanlarının yeni sərgüzəştlərini
yazıb, yaxud yazacaq.
Ancaq onların heç biri mənim
düşündüyüm yeni nağıllara bənzəməz.
Çünki mənim yazdığım nağıllar həm
bizimki, həm dünyanınkı olacaq. Çünki bu
nağıllarda dünyanın uzaq ellərinin nağıl qəhrəmanları
birgədirlər, hamısı dost, həmdəm, bir-birinə
məhrəm və xoşbəxtdirlər. Narahat
dünyamız da bu nağıllardakı günlərə
yetişəndə bəxtiyar olacaq! Nağılda bunu etmək
asandır, dünyanı nağıla döndərmək
çətin!
25 fevral 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 5 mart(¹41).- S.10-11;16.