Vyanada Vaqif Mustafazadənin 85 illiyinə
həsr olunmuş konsert
Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində
görkəmli caz pianoçusu və bəstəkar, ölkəmizdə
caz musiqisinin banilərindən biri Vaqif Mustafazadənin
(1940–1979) 85 illiyinə həsr olunmuş etno-caz konserti təşkil
edilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri
Leyla Qasımova giriş sözündə Vaqif Mustafazadənin
həyat və yaradıcılığına nəzər
salıb. Qeyd edilib ki, muğam-caz janrının
yaradıcı kimi tanınan Vaqif Mustafazadənin Azərbaycan
musiqi tarixində özünəməxsus yeri var, onun əsasını
qoyduğu musiqi istiqaməti və ifa tərzi ölkəmizin
hüdudlarından uzaqlarda da şöhrət tapıb və
bu gün də müxtəlif musiqiçilər tərəfindən
uğurla davam etdirilir. Bu gün müasir Azərbaycan caz
ifaçılığının inkişafını Vaqif
Mustafazadə olmadan təsəvvür etmək mümkün
deyil.
Tədbirin bədii hissəsində Azərbaycan caz
ifaçıları Sonai (vokal), Tural Rafael (fortepiano) və
Ələfsər Rəhimov (balaban, zurna və tütək)
konsert proqramı ilə çıxış ediblər.
Konsertdə Vaqif Mustafazadə ilə yanaşı, digər Azərbaycan
bəstəkarlarının repertuarından əsərlər,
eləcə də xalq mahnıları və rəqsləri ifa
edilib. Tural Rafael və Ələfsər Rəhimovun bəstələdiyi
kompozisiyalar, Sonainin məlahətli səslə ifa etdiyi
“Könlümün yadigarı”, “Laylalar”, “Bana, bana gəl”,
“Pıçıldaşın ləpələr”,
“Çiçək kimi”, “Girdim yarın bağçasına”
kimi bəstəkar və xalq mahnıları böyük maraq
və sürəkli alqışlarla qarşılanıb.
525-ci qəzet .- 2025.- 5 mart(¹41).- S.9.