Tbilisidə azərbaycanlı rəssamın
sərgisi açılıb
Martın 3-də Tbilisidəki M.F.Axundzadə adına
Azərbaycan Mədəniyyət Mərkəzində gənc
azərbaycanlı rəssam Könül Bayramovanın sərgisi
açılıb.
AZƏRTAC xəbər verir ki, “Sərhədsiz sevgi”
adlanan sərgi Gürcüstanda hər il qeyd olunan Analar
Gününə həsr olunub.
Tədbirin məqsədi anaların, ana təbiətinin
və Azərbaycan qadınının ana sevgisini, bu sevginin təzahürlərini
incəsənət əsərləri vasitəsilə
nümayiş etdirməkdir. Böyük maraqla
qarşılanan sərginin ziyarətçiləri rəssamın
əl işlərinin emosional dərinliyini hiss ediblər.
Könül Bayramova AZƏRTAC-a müsahibəsində
deyib ki, çəkdiyi rəsmlərdə insanlarda və
heyvanlarda olan ana sevgisinin, ana təbiətlə
bağlılığını insanlara çatdırmaq istəyib.
Onun sözlərinə görə, bütün canlılara məxsus
olan sevgi təbiətdən gəlir. Ona görə də bu
sevgi heç bir zaman tükənmir. Rəssam və heykəltaraşlar,
musiqiçilər və digər incəsənət
ustaları da məhz bu sevgidən faydalanırlar.
K.Bayramova sərgidə təqdim etdiyi 15 tablosunda
ananın sonsuz sevgisini və gücünü nümayiş
etdirməyə çalışıb. Rəssam, bu
mövzunun çox böyük və əhatəli
olduğunu, onun əsərlərində bu duyğuları
çatdırmağa çalışdığını
bildirib.
Mərkəzin direktor müavini Leyla Əliyeva isə
deyib ki, bu tədbirin məqsədi Azərbaycanın mədəniyyətini
və incəsənətini Gürcüstanda
tanıtmaqdır.
Sərgi iştirakçılar tərəfindən
yüksək qiymətləndirilib.
525-ci qəzet .- 2025.- 5 mart(№41).- S.9.