“Türkiyə harada olmasına
baxmayaraq, terrorçuları tapıb məhv edəcək”
Türkiyə dövləti uzun illərdir ki, terrorla
mübarizə aparır. Terror ölkənin milli təhlükəsizliyi
üçün əsas təhdidlərdən birinə
çevrilib. Bu günlərdə PKK terror təşkilatının
həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına
çağırış edərək, silahı yerə
qoymalarını istəyib. Onun adından yayılan
yazılı müraciətdə deyilir: “Bütün qruplar tərksilah
olunmalı və PKK ləğv olunmalıdır. Mən
silahı yerə qoymağa çağırıram və bu
çağırışa görə tarixi məsuliyyəti
öz üzərimə götürürəm”.
Xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir
İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il
fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı
nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə
gətirilib. Ölüm cəzasına məhkum edilsə də,
hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.
Yada salaq ki, hələ ötən ilin oktyabrında
MHP lideri Dövlət Baxçalı PKK terror təşkilatının
həbsdəki lideri Abdullah Öcalanın parlamentə gələrək
PKK-nın buraxılmasını elan etməsinə dair təklif
irəli sürmüşdü. O zaman ölkə Prezidenti
Ərdoğan tərəfindən də bu təklif dəstəklənərək,
"tarixi fürsət" kimi dəyərləndirilmişdi.
Abdullah Öcalanın müraciətini bir sıra
terror təşkilatları dəstəkləyib, PKK terror təşkilatı
Kandildə atəşkəsin elan edildiyini
açıqlayıb. Bir neçə gün əvvəl Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, terror
təşkilatının vaxtilə istismar vasitəsi kimi
istifadə etdiyi bəhanələrinin demək olar ki,
hamısı ya aradan qalxıb, ya həll edilib, ya da yoluna
qoyulub. Onun sözlərinə görə, terrorsuz Türkiyə
uğrunda aparılan mübarizədə artıq yeni bir mərhələyə
keçilib: “Qarşımızda min illik
qardaşlığımızın arasına hörülən
terror divarının dağıdılması hədəfinə
doğru gedən yolda tarixi bir addım atmaq fürsəti var.
Başlayan prosesin əhatəli yerinə yetirilib-yetirilmədiyini
aidiyyəti qurumlarımız vasitəsilə diqqətlə
izləyəcəyik”.
Məlumdur ki, bu terror qruplaşmalarının
arxasında bəzi güclər dayanır. Ona görə də
hadislərin necə inkişaf edəcəyini proqnoz etmək
çətindir. Aydın olan budur ki, Türkiyə öz qəti
mövqeyini ortaya qoyub. Yeri gəlmişkən, bu günlərdə
xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə”
telekanalına müsahibəsində Türkiyənin ABŞ-dən
gözləntilərindən danışarkən deyib ki,
Amerika, xüsusilə Suriyada İŞİD-lə mübarizə
əlaqələrinin parametrlərinə yenidən baxmalı
və Türkiyə üçün təhlükə yaradan
PKK-ya dəstək öhdəliyindən xilas olmalıdır.
Nazir vurğulayıb ki, PKK/YPG Suriyada idarəçiliyə
və təsir dairəsinə sahib olmaq istədiyi
üçün yeni rəhbərliklə anlaşa bilməz.
O, bu məsələnin sülh yolu ilə həllini
tapacağına ümid etdiyini və Türkiyənin hər kəsə
konstitusiyanın verdiyi imkanlardan bərabər istifadə etməyi
uyğun gördüyünü, bunun da cəmiyyətdə
sülhə töhfə verəcəyinə
inandıqlarını vurğulayıb.
Türk nazirin sözlərinə görə,
sülhün ikinci mühüm sütunu odur ki, qanuni dövlət
strukturlarından başqa heç bir şəxs qanunsuz silaha
malik olmamalıdır:
“PKK və onun törəmələri Suriya ərazisinin
üçdəbirini, neft və təbii qaz yataqlarını ələ
keçirib. Onların böyük əksəriyyəti ərəb
şəhərləri və kəndləridir, əldə
etdiklərini Suriya xalqına satır və İraq, İran və
Türkiyədəki PKK üzvlərinə pul göndərirlər.
Türkiyə, İraq və İrandan olan 2000-ə yaxın
adam Suriya Demokratik Qüvvələri rəhbərliyində vəzifə
tutur”.
Onun sözlərinə görə, Suriya ərazisində
İraq, Türkiyə və İrandan gələn
terrorçular fəaliyyət göstərir.
İndi qarşıda bəzi suallar dayanır.
Öcalanın çağırışına əməl
olunacaq? PKK silahı yerə qoymasa, nə baş verəcək?
Terrorsuz Türkiyə hədəfinə çatmaq
mümkün olacaq?
Ehtiyatda olan türkiyəli general Yücel Karauz
mövzu ilə bağlı “525”ə deyib ki, əgər PKK
ölkə daxilində və xaricində silahı yerə
qoyub, fəaliyyətini dayandırmasa, onsuz da Türkiyə 40
ildir ki, terrorla mübarizə aparır. Başqa sözlə,
PKK-nın silahı yerə qoyub-qoymaması Türkiyənin
mübarizəsinin mahiyyətinə təsir edən bir məsələ
deyil. General bildirib ki, Türkiyə yeni dönəmdə,
dünyanın yenidən şəkilləndiyi bir vaxtda gərəkən
addımları atır. Terrorsuz Türkiyə hədəfi
elan edilib. Amma cənab Ərdoğanın bu
çağırışını terror təşkilatları
zaman qazanmaq, yayındırma, başqa dövlətlərə,
yaxud güclərə xoş görünmək adına
istifadə edib, sözlərinə əməl etmədikləri
təqdirdə, Türkiyə terrorla mübarizəsinə
davam etdirəcək. Bu kontekstdə də heç bir problem
olmayacaq. Çünki Türkiyə Suriya, İraq və
İran da daxil olmaqla öz torpaqlarına və ya bu
coğrafiyaya təsir edəcək terror fəaliyyətinə
dözümlü yanaşmayacaq. Terrorçuların Türkiyəyə
daha çox zərər vurmasının qarşısı
alınacaq.
Ekspert əlavə edib ki, son terrorçu qalana qədər
onunla mübarizə aparılacaq: “PKK-nın 40 ildir başqa
dövlətlərin maşası olaraq davam edən fəaliyyətini
dayandırmasından savayı bir çarəsi yoxdur.
Türkiyə dövləti terror təşkilatı ilə nə
bir bazarlıq, nə bir müzakirə şərti ilə
razılaşacaq. Atəşkəslə bağlı
yaydıqları açıqlama da tamamilə çevrələrindəki
insanlanlara yönələn bir psixoloji fəaliyyətdir.
Türkiyə dövlətinin terrorçu təşkilatı
ilə atəşkəsə ehtiyacı yoxdur”.
Yaxın Şərq ölkələri üzrə
mütəxəssis, siyasi ekspert Vüqar Zifəroğlu
mövzu ilə bağlı “525”ə deyib ki, əslində
hadisələrin inkişafı ilə bağlı tam dəqiq
nəsə söyləmək çətindir. Çünki
bizim bölücü terror qruplaması dediyimiz təşkilat
yalnız bir PKK-dan ibarət deyil: “Bildiyiniz kimi, bunun kifayət
qədər böyük qolları var, sayı təqribən
20-yə yaxındır. Onların arasında aparıcı
mövqeyə malik olan terror təşkilatları var, YPG, PYD,
PJAK kimi. Bu mənada tam qəti fikir söyləmək çətindir.
Amma görünən budur ki, hal-hazırda həmin o terror
qruplaşmalarının bəziləri artıq
Öcalanın çağırışına müsbət
cavab verdiklərini bildiriblər və silahı yerə
qoyduqlarını bəyan ediblər. Burada bir məqamı
xatırlatmaq istəyirəm ki, Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın bu günlərdə maraqlı bir
açıqlaması oldu. Türkiyə lideri qeyd etdi ki, əsla
və əsla hər hansı bir gözləntilərə
gedilməyəcək, yəni tələblərə
olduğu kimi əməl edilməlidir. Bu özü onu
göstərir ki, bu terror qruplaşmalarının mahiyyətinə
baxan zaman görürük ki, bunlar hansısa bir məqsədli
şəkildə yaradılıb. Açığı deyim
ki, bu terror qruplaşmalarının ipi başqalarının əlindədir.
Bu mənada, hazırda nə dərəcədə bu proses
sonuna qədər gedəcək, hələ müşahidələr
aparmaq lazımdır. İndiyədək PKK və bu kimi digər
bölücü terror quplaşmalara yardım edən, onlara dəstək
verən iri güclər nə dərəcədə bunda
maraqlı olacaqlar? Bunun özü
düşündürücü bir məqamdır. Və ya əgər
maraqlı olacaqlarsa, bu, nəyin qarşılığında
baş verəcək? Yəni bu mənada, əslində
çox maraqlı bir proses başlayıb. Bəli, indi
görünən budur ki, Öcalanın
çağırışına müsbət cavab verirlər.
Amma sonrakı mərhələlərdə nələr olacaq,
hələ düşünürəm ki, gözləmək
lazmdır”.
Bəs PKK silahı yerə qoymasa nə baş verəcək?
Ekspert deyib ki, Türkiyə 60-cı illərin sonu,
70-ci illərin əvvəlindən başlayaraq
bölücü terror təhdidi ilə üz üzədir:
“Biz əslində PKK dediyimiz zaman həm də bu və ya
başqa dərəcədə ASALA-nı da nəzərdə
tuturuq. Çünki təqribən 80-ci illərin əvvəllərindən
sonra ASALA-nın fəaliyyəti tam şəkildə
PKK-nın sıralarına keçdi. Onu da xatırlatmaq istəyərdim
ki, məhz 80-ci illərin əvvəllərindən
başlayaraq PKK daha aktiv fazaya qədəm qoydu. Bu da məhz
ASALA-nın dəstəyi sayəsində baş verdi. Yəni
bu mənada, Türkiyə hər zaman qeyd etdiyim kimi, 60-cı
illərin sonu, 70-ci illərin əvvəlindən başlayaraq
terror təhdidi ilə üz-üzədir və Türkiyənin
bu məsələdə mövqeyi konkretdir – terrorun
kökü kəsilməlidir. Bununla əlaqədar bilirsiniz
ki, uzun illər Türkiyə mübarizə apardı,
çox sayda şəhidlər verib. Ona görə də
mövqe yenə də olduğu kimi qalır. Diqqət
edirsinizsə, İraqın şimalında da, Suriyanın
şimalında da Türkiyənin məsələ ilə
bağlı mövqeyi konkret və qətidir. Hər hansı
bir terror təhdid olmamalıdır, terrorun qarşısı
alınmalıdır, terrorun kökü
qazılmalıdır. Burda bir məqamı da qeyd edim ki, biz
bölücü terror qruplaşması dedikdə, yalnız
Türkiyə ərazisində, yaxud birbaşa və ya
dolayısı ilə Türkiyəni təhdid edəcək
bir bölməni nəzərdə tutmuruq. Bura İraqın
şimalı da, Suriyanın şimalı da daxildir. Türkiyənin
əslində haqlı tələbi ondan ibarətdir ki,
bütövlükdə bu bölgədə onlar öz fəaliyyətini
dayandırmalıdır. Bu yalnız Türkiyə
baxımından deyil, belə olsa, bu iş
yarımçıq olar. Başlıca hədəf
bütövlükdə bu terror qruplaşmasının tam
şəkildə tərksilah edilməsi, silahı yerə
qoyması, qanuni nöqteyi nəzərdən əgər hər
hansı bir fəaliyyət həyata keçirmək istəyirlərsə,
bu, yalnız Türkiyə qanunvericiliyinin verdiyi şərtlər,
imkanlar hüquqlar çərçivəsində ola bilər.
Türkiyənin istədiyi budur”.
Terrorsuz Türkiyə hədəfinə gəlincə,
ekspert deyib ki, Türkiyə bu məsələdə çox
səmimidir və verilən açıqlamalar da, istər
Prezident Ərdoğan, istər xarici işlər naziri Hakan
Fidan və digər rəsmilər olsun, görünən odur
ki, Türkiyə tərəfi problemi kökündən həll
etmək istəyir: “Xatırladım ki, təxminən 10 il bundan
əvvəl kürd açılımı da
başlanmışdır, amma yarımçıq qaldı. Yəni
bu prosesdə marağı olmayan o kəslər ki, Türkiyədə
barışı istəmirlər, sülh prosesinin
olmasını istəmirlər, eyni zamanda da Türkiyənin
bölgədəki mövqeyinin güclənməsindən və
təsir imkanlarının artmasından narahatdırlar, onlar bu
barış prosesini pozdular. Nəticə etibarilə indi ikinci
bir cəhd aparılır. Ümid edirik ki, bu cəhd
alınacaq, həmin o sülh prosesinə qədəm qoyulacaq.
Amma bir daha təkrar edirəm ki, Türkiyə
üçün ən vacib hədəf dövlət maraqlarıdır,
milli maraqlardır, milli təhlükəsizlik məsələləridir.
Hansı terror təşkilatı olursa-olsun, əgər bu,
Türkiyənin dövlət və milli təhlükəsizliyini
təhdid altına alırsa, o, təbii ki, məhv edilməldir”.
Pərvanə SULTANOVA
525-ci qəzet .- 2025.- 5 mart(¹41).- S.5.