Söz adamı haqqında söz
Söz başlanğıcdır...
Başlanğıcı söz olan dünyada söz
adamı haqqında söz demək həm sədaqətdir
(sözə sədaqət), həm də məsuliyyətdir
(sözə məsuliyyət). Sədaqətdə məsuliyyət,
məsuliyyətdə sədaqət olanda yazılanlar
könüllərə yol tapa bilir, əgər sözün
dürüst sözdürsə, əgər dürüst niyyətlə
yazıbsansa, oxunacaq. Yadda qalacaq, həm də tarixdə
qalacaq. Könüllərə yol tapa bilməyən
sözü buz üstə yazılıb Gün altda
qoyulmuş yazıya bənzədənlərin sırasında
mən də varam. Bu səbəbdən söz adamlarına
(şairlərə, nasirlərə, jurnalistlərə) həmişə
böyük sayğılarım olub. Və bu
sayğını sevgi həddində yaşada-yaşada
yaşa dolmuşam, SÖZə sevgi ilə yaşıd
olmuşam...
Tanıdığım bir söz adamı, jurnalist -
Mikayıl Nərimanoğlu 1965-ci il martın 9-da Zəngilan
rayonunda dünyaya gəlib. Uşaqlığından suya
mehirli olub - Oxçu çayının sularıyla kəlmələşib,
bu çayın hərdən coşan, hərdən çəkilən
dalğalarının səs-küyünü yaddaşına
köçürə-köçürə aylarını il
eləyib. Bakı-Qafan, İrəvan-Qafan qatarları evlərinin
qarşısından keçərdi. Hərdən ona elə gələrdi
ki, bu qatarlar onun xəyal dünyasından keçib gedir.
Ötüb keçən qatarların arxasınca baxar,
baxardı. Niyə baxardı, özü də bilmirdi.
Atasının bir təəssüfünü indi də
xatırlayır. O illərdə atası Nəriman kişi deyərmiş
ki, vallah, burdan keçib-gedən yük qatarlarında ermənilərə
silah daşınır. Boşuna daşınmır, belə
gedərsə, ermənilər bu silahlarla bir gün
üstümüzə gələcəklər. Mən indi bir
el kəlamını xatırlayıram: "Deyən qadir
deyil, dedizdirən qadirdir". Atasının narahatlığı
el-obasına, xalqına, Vətəninə sevginin
narahatlığı olub...
Mikayıl belə böyüyüb...
Zəngilan şəhər orta məktəbində təhsil
alıb. 1982-ci ildə bitirdiyi məktəbin müəllimlərini
ehtiramlarla xatırlayır. Sinif müəllimləri Məhluqə
müəllimi, ədəbiyyat müəllimləri Tofiq
müəllimi. "Tofiq müəllim bizə ədəbiyyat
tariximizi dərsliklərlə öyrətmirdi, həyat
gerçəklikləri əsasında öyrədirdi. Tofiq
müəllim bizə Hüseyn Cavidi məfkurə şairi
kimi, azərbaycançılıq şairi kimi, xalqın
könül dünyasının şairi kimi sevdirmişdi. Biz
də bilirdik ki, Kəssə hər kim tökülən qan
izini, Qurtaran dahi odur Yer üzünü. Böyük şairin
nəşi Uzaq Şərqdən gətirilmişdi.
Naxçıvanda dəfn ediləndə jurnalist olaraq mən də
ora ezam edilmişdim. Onda gördüyüm sevgilərin, Rafael
Hüseynovun "Vaxtdan uca" kitabında gördüyüm
işığın əvvəlini Zəngilanda orta məktəbdə
oxuyanda bizə Tofiq müəllim nişan vermişdi...", -
o illəri Mikayıl bir qədər kövrəkliklə, bir
qədər qürurla belə xatırlayır.
1982-ci ildə orta məktəbi bitirdi. Jurnalist olmaq istəyirdi.
Sənədlərini jurnalistika fakültəsinə
götürməmişdilər. O vaxtlarda bu fakültəyə
sənəd vermək üçün müəyyən
yaradıcılıq şərtləri vardı. Həmin il
pedaqoji institutda imtahandan kəsiləndə zərrəcə
təəssüflənməmisdi: Jurnalist olmaq istəyinin
işığı Mikayılın düşüncələrinin
səyyarəsiydi axı...
Bakı Neftayırma zavodunda operator köməkçisi
işləməyə başlamışdı...
1983-cü ildə hərbi xidmətə
çağırıldı. Buna sevindi. "Tez gedərəm,
tez qayıdaram, arzuladığım universitetin tələbəsi
olaram" düşüncəsiylə
çağırışın səmtinə yol aldı
Mikayıl Nəriman oğlu.
Mikayıl hərbi xidmətdə olanda komandirinin məsləhəti
ilə Uzaq Sibirdə hüquq fakültəsində oxumaq
imkanı yaranır. Özü də bir qədər meyillənir;
həmin vaxtlarda bu fakültə bütün cavanların
arzuladığı fakültələrdən olub.
Əfqanıstanda adı qarşıdurmalar, döyüşlər
olan dəhşətli müharibə gedirdi. SSRİ
Əfqanıstanda yeni siyasi xəttə malik olmasını
arzuladığı yeni dövlət yaratmışdı.
Mikayıldan eyni məktəbdə, bir sinif aşağı
oxuyan Elnur Həsənov 1985-ci il aprelin 5-də
Əfqanıstanda döyüşdə həlak olubmuş.
"Sənədləri toplayırdım. Anam biləndə
ki, əsgərlikdən sonra Sibirdə qalıb oxumaq istəyirəm,
onu "od götürdü". "Sənin oxumağın,
orda oxumağın mənə lazım deyil. Qayıt
el-obana" - məktubunda belə yazdırmışdı.
Fikrimdən daşındım...", - Mikayıl hərbi xidmətinin
son aylarını belə xatırlayır. O vaxtlar pedaqoji
instituta qəbul oluna bilmədiyinə sevindiyi kimi,
anasının etirazını həyat yolunun
işığı bilməsinə də sevinib. Onu da
xatırlayır ki, dostlarından biri bu hadisəni eşidəndə
əlini Mikayılın çiyninə qoyub,
gülümsünərək, "Yaxşı ki, orda
qalıb hüquqşünas olmayıbsan, yoxsa Azərbaycan
jurnalistikasının Mikayıl Nərimanoğlusu
olmayacaqdı..." - deyib...
Hərbi xidmətdən tərxis edildikdən sonra
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə
qəbul olunub. 1988-ci ildən böyük mətbuatdadır.
"Zavod həyatı" qəzetində, 1991-ci ildən
2005-ci ilə qədər isə bu qəzetin bazasında təsis
olunan "İki sahil" qəzetində müxbir,
şöbə müdiri vəzifələrində işləyib.
2005-ci ildə AFFA-nın İnformasiya və İctimaiyyətlə
Əlaqələr departamentinin rəisi, eyni zamanda 2006-cı
ildə Dövlət Proqramına əsasən AFFA-nın təsis
etdiyi "Futbol dünyası" qəzetinin 2017-ci ilə
kimi baş redaktoru olub. "Azərbaycan Respublikasında
2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət
Proqramı"na uyğun olaraq onun rəhbərliyi altında
AFFA-nın rəsmi saytı Azərbaycan, ingilis və rus dillərində
operativ fəaliyyət göstərib. Azərbaycanın idman həyatında
ilk dəfə olaraq idman video portalı və internet TV
yaradılıb. Azərbaycan futbolunun 100 illik tarixinin foto və
video materiallarını araşdıraraq ictimaiyyətə
çatdırılmasında onun da böyük xidmətləri
olub. Milli komanda ilə bağlı çəkilən bir
neçə televiziya filminin ssenari müəllifidir. 1989-cu ildən
SSRİ, Azərbaycan müstəqillik qazandıqdan sonra isə
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Müharibə veteranıdır. "Zəngilanın
süqutu" kitabının müəllifidir. 2015-2017-ci illərdə
"Kəpəz" Peşəkar futbol klubunun idarə heyətinin
sədr müavini olub...
Mikayıl o vaxtlar pedaqoji institutda qəbul
imtahanından keçə bilmədiyinə görə bu
uğurların olacağına inam baxımından təəssüflənməyib,
gümanındayam...
Məqalələri "Bakı", "Azərbaycan
gəncləri", "Sovet kəndi", "Zavod həyatı",
"7 gün", "İki sahil", "Sərhəd",
"Aydınlıq", "Qarabağ", "Olimpiya
dünyası", "525-ci qəzet", "Səs",
"Yeni Azərbaycan", "Azərbaycan",
"Respublika", "Xalq qəzeti"... qəzetlərində
dərc olunmaqdadır.
Ermənistan Azərbaycana qarşı elan etmədən
ədalətsiz müharibəyə başlamısdı.
Əraziləri camaat, ordu hissələri, milis dəstələri
müdafiə edirdi. Xarici havadarlarından kifayət qədər
hərbi dəstək alan düşmənin
hücumlarının, həmlələrinin qarşısı
cəsarətlə, qətiyyətlə alınırdı. Bu
döyüşlər haqqında informasiyalar xalqın
inamına güvən ola bilərdi, olurdu. Ona görə də
müxtəlif mətbu orqanların əməkdaşları cəbhə
bölgəsindən məlumatlar, reportajlar
hazırlayırdı, dərc edilənlər müharibə
tariximiz olurdu. Həmin vaxtlarda Mikayıl Nərimanoğlu
"İki sahil" qəzetinin əməkdaşı idi. O
da həm bir jurnalist kimi, həm də bir zəngilanlı kimi
Zəngilanı müdafiə edənlərə "söz
havadarı" olmağa gedirdi.
İçəri Muşlanlı Rəhim Rəhimov,
"İki sahil" qəzetinin müxbiri Elton
Dünyamalıoğlu, Zəngilan Rayon İcra Hakimiyyəti ərazi
hakimiyyət və idarəetmə orqanları şöbəsinin
məsləhətçisi Asif Bağırov, Seyidlər kəndinin
sahə müvəkkili, milis kapitanı Akif Kərimov, Canbar kənd
sovetinin sədri Rəşid Həsənov 1992-ci il aprelin 28-də
Zəngilan rayonunun Qazançı kəndindən qayıdanda
Çəkədin tövlələri istiqamətində qəflətən
düşmənin atəşinə məruz qalıblar. Atəslərdən
birtəhər yayına biliblər. Az sonra Akif Kərimov
maşından düşüb, mövqe tutub,
atışıb. Düşmən bu cəsarətli
atışdan qamaşıb, geri çəkilib. Mikayılgil
xəsarət almadan geri qayıda biliblər.
O illərdə jurnalist Mikayıl Nərimanoğlu belə
anları çox yaşayıb. Zəngilan naminə, Azərbaycan
naminə...
Mikayıl Nərimanoğlu Azərbaycan
Respublikasının ərazi bütövlüyü uğrunda ermənilərə
qarşı döyüşlər vaxtı Zəngilan
alayında xidmət edib. Ermənistan Respublikası tərəfindən
Zəngilan rayonu ərazisində tikilən döyüş
mövqelərinin, komanda məntəqələrinin yerini
müəyyənləşdirmək üçün hərbi
hissənin komandiri, polkovnik Firudin Şabanovla birlikdə Kollu və
Seyidlər kəndi istiqamətindən çəkilişlər
aparan qrupun tərkibində Mikayıl Nərimanoğlu da olub.
Birdən komandir sakitcə hamısının
daldalanmasını tələb edib. Bir müddət
dayandıqdan sonra çətinliklə də olsa ərazidən
kənarlaşıblar. Sən demə, o anlarda hiss etmədən
ermənilərin lap yaxınlığına
çatıblarmış...
Zəngilan rayonunda şəhid olan əsgərlər
də, mülki vətəndaşlar da öz kəndində dəfn
edilirdi. Qərara alındı ki, rayonun mərkəzində
parkın girişində Şəhidlər xiyabanı
yaradılsın, zəngilanlı şəhidlər orada dəfn
edilsin. Bu təşəbbüs böyük vətənpərvərlik
idi və istər zəngilanlı yeniyetmələrin, istəsə
də digər rayonların cavanlarının dünyaduyumunu Vətənə
daha dərin duyğularla kökləyəcəkdi. Belə bir
vacib təşəbbüs qərara alınanda Mikayıl da
oradaymış və öz sevincini sevinclərə qatıb.
Vətəndaş kimi, zəngilanlı kimi, jurnalist kimi...
Mikayıl xatırlayır: "Bir dəfə girovlar
saya-say baxımından dəyişdirilirdi. Goranboy rayonu səmtindən
sərhədi keçdiyindən ermənilərin əsirliyində
ata ilə oğul vardı. Onları geri almaq üçün
danışıqlar aparılmışdı. Bizdə bir erməni
əsiri var idi. Düşmən atanı
qaytarmışdı, bizimkilər nə qədər cəhd
göstərsələr də, 12 yaşlı oğlunu
qaytarmadılar. Uşağın qışqırtısı
göyü yerə ələyirdi. Adamın ürəyinin
başı göynəyirdi. Qərargahda keçirilən
iclasda komandir polkovnik Füridun Şabanov bundan bərk əsəbləşmişdi.
Nə olur-olsun bir erməni girovu gətirilməsini tapşırmışdı.
Həmin gecə girov gətirildi. Ermənilər həmin
uşağı qaytarmağa razılasdılar...
"İkinci Qarabağ müharibəsində
döyüşlərdən uzaqda qalanların çoxusu əsgəri
düşüncələrlə yaşayırdı.
Əminliklə deyə bilərəm ki, döyüşlərə
gedə bilməyən jurnalistlərin ruhu da əsgərləşmişdi.
Jurnalistlər xəyalən döyüşənlərlə
döyüşürdü, yaralananlara yardım edirdi,
artilleriyaçılara mərmi daşıyırdı, kəşfiyyatçılarla
düşmənin mövqelərini izləyirdi, ... müharibə
xalqın müharibəsi idi. Azərbaycan 44 günü belə
yaşadı. Azərbaycan Ordusu Ali Baş Komandanın sərkərdəliyi
ilə qalib gəldi, tarixi Zəfər qazanıldı.
2023-cü ilin 20 sentyabrında Azərbaycanın ərazi
bütövlüyü döyüşlə tam bərpa
olundu. "İşğaldan sonra sinif yoldaşım Cavidlə
birlikdə Zəngilana getmişdik. Həsrətimizin
ünvanında gördüklərimiz qəlbimizi qanatdı.
İndi Zəngilan da yenidən qurulur. Qarabağda da,
işğaldan azad edilmiş ərazilərdə də
işğaldan nişanə qalmayacaq...", - Mikayıl Nərimanoğlunun
kəlmələrində çırpınan vətənpərvərlik
yaşarı vətənpərvərlikdir...
Necə olub ki, Mikayıl jurnalistikanı seçib?
Özü belə xatırlayır: "Jurnalistikaya
marağım böyük idi. Sona xalamın həyat
yoldaşı uzun illər rayonda çıxan "Kənd həyatı"
qəzetinin redaktor müavini işləmiş ustad jurnalist Nəriman
Bəxtiyarovun yaradıcılığı uşaqlıq
arzularımın formalaşmağına stimul
olmuşdu..." O illərdən sözə "könül
verib Mikayıl", "sözün nazını çəkib"...
Mikayıl Nərimanoğlu Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul 2010-cu
il tarixli sərəncamı ilə Azərbaycan milli mətbuatının
inkişafındakı xidmətlərinə görə Əməkdar
jurnalist Fəxri adına layiq görülüb. O, həm də
Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi
və İdman İşçisi adı ilə təltif
olunub...
...Söz adamı haqqında söz demək məsuliyyəti
də var, qüruru da. 2023-cü ildən "Respublika" qəzetinin
xüsusi müxbiri işləyən Mikayıl Nərimanoğlu
haqqında yazdığım bu yazını təkcə
oxucularla deyil, həm də özümün özümlə
söhbətim bilirəm...
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 6 mart(№42).- S.15.