"...Türkmənçaya
bir baxış" haqqında düşüncələr
Azərbaycan xalqının zaman-zaman başına gətirilən
faciələr bu gün tarixə çevrilərək
kitablarda, yazılarda qalır, xalqın taleyinə yazılan
qara səhifələr olaraq heç vaxt unudulmur.
Gülüstan və Türkmənçay müqavilələrinin
Azərbaycan xalqının ağrılı taleyindəki yeri
haqqında müxtəlif dönəmlərdə kitablar,
monoqrafiyalar, tədqiqat işləri, elmi və publisistik məqalələr
ərsəyə gətirilib. Bunlardan biri də AMEA-nın
müxbir üzvü Əbülfəz Quliyevin yenicə
işıq üzü görən "Bütöv Azərbaycanı
ikiyə bölən məkan: Türkmənçaya bir
baxış" adlı tərcümə əsəridir.
Əsəri farscada yazan müəllif isə Cənubi Azərbaycandan
Hüseyn Qaraağacdır. Bu tərcümə əsəri bütöv
Azərbaycanın aktual məsələlərini öyrənmək
baxımından diqqəti cəlb edir. Bu tayda vaxtilə rus-erməni
işğalı problemi olduğu kimi Cənubi Azərbaycanın
da fars millətçiliyi problemi vardır. Ona görə də
bir kəndin timsalında qədim mədəniyyəti, adət-ənənəsi
olan Cənubi Azərbaycan insanının məşəqqətli
həyat tərzini elmi dildə təsvir edən bu kitab 1978-ci
ildə Təbrizdə nəşr olunmuş, geniş oxucu
kütləsinin marağına səbəb olduğuna görə
1988-ci ildə yenidən çap edilmişdi. Tərcümə
əsəri kimi isə bu kitab Naxçıvandakı
"Əcəmi" nəşriyyatında işıq
üzü görüb. Fars dilindən mükəmməl
şəkildə tərcümə edilən bu əsər
tarixi taleyimizə balta vuran müqavilənin
imzalandığı Cənubi Azərbaycanın Türkmənçay
kəndinin (indi şəhristan) ərazisi, onun əhalisi, mədəniyyəti,
folkloru, etnoqrafiyası haqqında qısa, lakonik, bir o qədər
də aydın təsvirlərlə zəngin əsərdir.
Azərbaycan xalqının qanlı-qadalı tarixini səhifələyərkən
bölünərək qonşularına verilən
torpaqlarımızın harayını duymamaq mümkün
deyildir. Daha çox bu harayı ruhu, qanı-canı ilə bu
torpağa, xalqa bağlı olan vətən övladları
duya bilir. Və bu duyğu da tariximizin əslini ifadə edən,
əsl tarix hayqıran faktlardan doğan əsərlərin
meydana gəlməsini vacib məqam kimi şərtləndirir.
Kitabın əvvəlində "Türkmənçay"
toponimi haqqında məlumat verilir. Əsərin müəllifinin
fikrincə, Qacarlar dövründə Abbas Mirzənin sərəncamına
əsasən Türkmənçay kəndinin sakinləri
mülki vergidən və mülkiyyətlə bağlı bir
sıra öhdəliklərdən azad edilirdilər. Ona görə
də yuxarıda adıçəkilən digər kəndlərin
sakinləri bu güzəştlərdən yararlanmaq
üçün Türkmənçay kəndində məskunlaşırdılar.
Bəzi tədqiqatçılar isə bu fikirdədirlər
ki, o kəndlər monqollar tərəfindən bölgə
işğal edilib yandırıldıqdan sonra belə
adlandırılmışdı. Həmçinin, Türkmənçay
da bu qəbildən olan kəndlərdən biridir. Amma
müqavilə imzalanarkən kəndin mərkəzindən
çay keçməsi səbəbindən "Türkmən"
kəndinin sonuna "çay" sözünü də əlavə
etdilər.
Kitabın ön sözündə əsərin tərcüməsini
həyata keçirən professor Ə.Quliyev haqlı olaraq
yazır ki, 1813-cü ildə Qarabağın Gülüstan kəndində
Qacarlarla Rusiya arasında Azərbaycan daha çox Rusiyanın
xeyrinə nəticələnən şəkildə
bölüsdürüldükdən sonra dövlətin
müqəddəratını ona tarixən məkrlə
yanaşan iki dövlət - Qacarlar və Rusiya həll etdi.
1804-1813, 1826-1828-ci illərdə Azərbaycanın
torpaqları uğrunda aparılan işğalçı
müharibələr bu xalqın taleyinə qanlı-qadalı
zərbələr vurdu. 1828-ci ildə isə Azərbaycanı
öz aralarında paylaşan işğalçı Qacarlar və
Rusiya yenidən "sülh" adı ilə Azərbaycanı
bölüşdürmək uğrundakı məkrli siyasətlərilə
bu xalqın taleyinə qara xətt çəkdi. Məhz Təbriz
yaxınlığında yerləşən Türkmənçay
ərazisində Azərbaycanın faciələrlə dolu
ikinci işğalı başa çatdı. Hər zaman məkrli
siyasətlə özünün hegemonluğunu yaşadan
Rusiya onunla bu mübarizədə yenilmək məcburiyyətində
qalan Qacarlarla "sülh" bağlayaraq dünyaya
özünün heç də "humanizmdən" xali
olmadığını "göstərdi". 1828-ci ildə
fevralın 10-da Təbriz yaxınlığında Türkmənçay
kəndində Qacarlar ilə 16 maddədən ibarət
sülh müqaviləsi bağlandı. Qacarlar Rusiya kimi məkrli
siyasət daşıyıcısının
qarşısında duruş gətirə bilməyib
"sülh" adı altında Cənubi Qafqaza və Azərbaycanın
şimalına olan iddialarından birdəfəlik əl
çəkdi.
Səkkiz bölmədən ibarət kitabda
"Türkmənçay sözünün mənşəyi"
adlı ilk bölmədə toponimin həm elmi, həm də
xalq etimologiyası baxımından izahı verilir. Təbiidir
ki, burada verilən izah sadə bir etimoloji təhlildir.
Sözün dərin elmi etimoloji izahı isə müxtəlif
tədqiqat əsərləri daxilində mövcuddur.
"Türkmənçayda coğrafi vəziyyət və
həyat tərzi" adlı bölmədə, adından bəlli
olduğu kimi, ərazinin yerləşməsinin coğrafi
yönümdən təqdimatı ilə yanaşı,
buradakı əhalinin yaşam tərzi haqqında məlumat
verilir.
"Ənənəvi əkinçilik, heyvandarlıq
və bunlarla bağlı adət-ənənələr"
adlı bölmədə əhalinin təsərrüfat həyatı,
məxsusi təsərrüfat üsulları, təsərrüfatla
bağlı yaranan ənənə elementləri haqqında təsvir
təqdim olunur.
"Türkmənçay kəndində evlənmək
adətləri", "Türkmənçayda ailə
sistemi", "Türkmənçayda dəfn və yas mərasimləri"
adlı bölmələrdə ərazinin məişət mərasimləri,
etnoqrafik və əxlaqi dəyərləri haqqında təsvir
xarakterli məlumat verilir.
"Türkmənçaylıların
inancları" bölməsində isə ərazinin qədim
mifoloji görüşlərini ifadə edən ilkin
görüşlərinin buradakı xalqın təfəkküründə
mövcud olan kiçik janr örnəklərində - inanc və
sınamalarda, türkəçarə örnəklərində
təzahürü haqqında məlumat var.
Nəhayət, "Türkmənçay müqaviləsi"
bölməsində Azərbaycan xalqının tarixi taleyinə
böyük zərbə vurmuş məlum müqavilədən
bəhs edilir. Bu müqavilə on altı maddə şəklində
təqdim olunur. Eləcə də Türkmənçayda
İranla Rusiya arasında bağlanmış ticarət
müqaviləsi doqquz fəsil daxilində təsvir edilir. Sonda
isə müqavilənin imzalandığı ev, onun sahibi
haqqında arxivdən əldə olunmuş məlumatlar öz
əksini tapır.
Ümumiyyətlə, "Bütöv Azərbaycanı
ikiyə bölən məkan: Türkmənçaya bir
baxış" adlı bu kitab Azərbaycan xalqının
taleyinə zərbə vuran "Türkmənçay
müqaviləsi"nin imzalandığı kənd
haqqında diqqətçəkən əsərlər
sırasındadır. Kitabın Azərbaycan dilinə tərcümə
edilməsi ilə bu tarixə aid bir çox
üstüörtülü faktlara da aydınlıq gətirir.
Aytən CƏFƏROVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil
və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq
şöbəsinin müdiri
525-ci qəzet .- 2025.- 6 mart(№42).- S.13.