Qadın istəyəni
Tanrı da istəyər
İlin on iki ayının hər birinin özünəməxsusluğu
var. Amma hamı mənimlə razılaşar ki, bir neçə
gündür qədəm qoyduğumuz mart ayının özəllikləri
bir başqadır. Martın ilk həftəsində çox zərif
bir bayramı qeyd edir bütün dünya. Bu, 8 Martdır. Yer
üzünün ən zərif, elə zərif olduğu qədər
də çox güclü varlığı qadınların
bayramı. Daha sonra təbiət öz donunu dəyişməyə
doğru üz tutaraq bahara sarı yol alır. Nazəndə
bahar elə nazlana-nazlana da gəlir. Builki baharın daha bir
özəlliyi də var. On bir ayın sultanı adlanan Ramazanla
Novruzu qarşılamağa hazırlaşırıq. O gələnə
qədər isə çərşənbələri yola
salırıq həmişə olduğu kimi. İki gün əvvəl Od çərşənbəsini
qarşıladıq, lakin məsələ heç də
bununla bitmədi. Həmin gün ölkəmizdə ilk dəfə
keçirilən "Qadın Liderləri Zirvəsi 2025"
çox uğurlu başlanğıca imza atdı. Qadın
adının arxasında çox məqamlar gizlənib.
Haqlarında dahilərin söylədiyi saysız kəlamların
hamısından tam bir qadın obrazı boylanır. Və bu
obrazı yaradanlar da yalnız kişilərdir. "Dünyada
cəmi bir qadın qalsa belə, onlar haqqında deməyə
həmişə yeni söz tapılacaq". Bəli, tapılacaq,
ən azından ona görə ki, ən uğurlu kişinin
arxasında güclü qadın dayanır. Onu da unutmayaq ki, bəşəriyyəti
yaradan iki fərddən biri qadındır, tərəzinin iki
gözü olduğu kimi. Lakin tarixin dərinliklərinə
boylansaq, həmin tərəzi bugünkü tarazlığa gələnə
qədər çox çətin yollardan keçib.
Zamanında: "Qadınlar çiyin-çiyinə
düzüləndə onların arasından heç kim
keçə bilməz" deyimi bu gün artıq öz yerini
tapıb.
İki gün əvvəl "Gülüstan"
sarayındakı "Qadın Liderləri Zirvəsi 2025"
toplantısında zərif görünüşlərilə
böyük işlərə qoşulan, cəsarətlə irəliləyən,
güclü məntiqə söykənən, qadın
adının bütün incəliklərini bilən, ona riayət
edən, gender bərabərliyində qarşı tərəfə
hörmətlə yanaşan kifayət qədər ziyalı,
kübar, müəyyən məsələlərdə rahat
şəkildə fikirlərini bildirən xanımlar əsl Azərbaycan
qadınının nümunəsi idi.
DİM Direktorlar Şurasının sədri Məleykə
Abbaszadə, millət vəkili Nigar Arpadarai, "Asan
İnnovativ İnkişaf Mərkəzi"nin rəhbəri
Aysel Cəbrayılova bu günün qadınlarının cəmiyyətin
aparıcı fərdi kimi yüksək dəyər sahibi
olduğunu öz çıxışlarında
vurğuladılar.
Tədbirin ilk panelində
"Lider qadın, yoxsa qadın lider" sualı
qoyulmuşdu. Sual ətrafındakı fikir mübadiləsində
"Kapital Bank" ASC-nin İdarə Heyətinin üzvü
Fərqanə Məmmədovanın moderatorluğu ilə
beş lider xanım arasında maraqlı diskussiya oldu. Elə
həmin sualla millət vəkili Nigar Arpadarinin fikrini bilmək
maraqlı oldu: "Panelin sualından belə anladım ki,
qadınlarımız karyera ilə ailə balansını necə
qoruyur və hansı daha önəmlidir.
Düşünürəm ki, hər bir qadın sevdiyi işlə
məşğul olaraq, həyatda özünü
reallaşdırmalıdır. Azərbaycan qadını
inkişaf etdikcə, ailələrimiz, cəmiyyətimiz,
ölkəmiz də inkişaf edəcək. Amma onu da
vurğulamaq istəyirəm ki, heç bir karyera ailədən
üstün deyil. Qadın ana, ailənin qızı, həyat
yoldaşı olduğunu unutmamalıdır. Bir qadının
lider ola bilməsi üçün ailəsinin onu başa
düşməsi və dəstəkləməsi çox
vacibdir. İstər gənc qızının ambisiyalarını
anlayan valideyin olsun, istər xanımının karyera qurmaq
üçün nə qədər zəhmət çəkdiyini
anlayan həyat yoldaşı olsun, istərsə də
anaları ilə fəxr edən övlad olsun. Onu da qeyd edim
ki, bu fikirlərim eyni zamanda kişilərə də aiddir.
Onlar da ailədə dəstəyi hiss etməlidir. Yəni
liderlik istənilən halda liderlikdir, onu cinsin rənglərinə
boyamaq lazım deyil".
"Qadın Liderləri Zirvəsi 2025" maraqlı
konsept mesajı ilə iştirakçılarla
görüşə gəlmişdi - "Fərqlərin bərabərliyi".
Dilimizdə tez-tez işlənən gender bərabərliyinə
münasibət heç də birmənalı deyil. Azərbaycan
müstəqillik qazanandan sonra qadının cəmiyyətdəki
rolu dayanmadan inkişaf etməkdədir. Bu gün vaxtilə
evdar xanım olan qadınlarımız var ki, sərbəst
şəkildə işlərini quraraq, öz ayaqları
üstə durmağa nail ola biliblər. Lakin hələ də
beyinlərdə: "Kişinin öz işi olar,
qadının öz işi" fikri qalmaqdadır. Müzakirə
olunan suallardan biri də qadının karyera ilə ailə
arasındakı seçimi haqda idi. Bu müzakirədə
analıq məzuniyyətinə davam etmək istəməyib
karyerasını qurmağa üstünlük verən
xanımın açıq etirafı da oldu,
övladının üç yaşına qədər
yanında olmağı üstün tutan qadın da. "Mənim
karyeram övladımın gələcək təminatıdır",
"Əgər mən xoşbəxtəmsə, ailəm də,
övladlarım da xoşbəxtdir" deyən qadınlar
çıxışlarında həmcinslərinə
seçim qarşısında qalmaq kimi bir çətinlikdən
qorxmamağı cəsarətlə tövsiyə etdilər.
Bu gün zaman bir yerdə dayanmağı sevmir. Hər
şey sürətlə inkişaf edir. Cəmiyyətdə elə
bir sahə yoxdur ki, orada qadın əməyi, qadın fəaliyyəti
olmasın. Əgər əvvəllər ailədə qız
övladları əsasən müəllim və həkimlik sənətinə
yönləndirilirdisə, indi siyasətdən tutmuş
dövlət qulluğuna qədər bütün sahələrdə
qadınlarımızın imzası var. Etiraf edək ki,
qadın güclü varlıqdır. Belə olmasa idi, tarixdə
nə matriarxat dövrü olardı, nə qadın dövlət
başçısı, nə də cəngavər qadın. Dəqiq
xatırlamıram, bir dəfə həmsöhbətlərimdən
biri dedi ki, Kolumbiyada xeyli
ştat var. Bütün ştatlar patriarxat, yalnız ikisi
matriarxatdır. Məhz həmin iki ştat ölkədə
daha firavan və rahat yaşayır. Sözümü isə
dahilərdən birinin fikrilə bitirmək istədim:
"Qadınlarda qeyri-adi intuisiya olur. Onlar ən aydın
görünənlərdən başqa, hər şeyi sezə
bilir".
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2025.- 6 mart(№42).- S.10.