Fikrət Əmirov
adına I Ümumrespublika Musiqi Festivalı başlanıb
Fikrət Əmirov görkəmli Azərbaycan bəstəkarı,
musiqi mədəniyyətinin aparıcı simalarından biri,
müasir dünya musiqi mədəniyyəti xəzinəsinə
qiymətli töhfələr vermiş sənətkardır.
Onun zəngin yaradıcılıq irsinin öyrənilməsi
və təbliği böyük əhəmiyyət kəsb
edir. Mədəniyyət Nazirliyi, Bəstəkarlar
İttifaqı və Gəncə filarmoniyasının birgə
təşkilatçılığı ilə 4-9 mart tarixlərində
keçirilən və Gəncə Dövlət
Filarmoniyasının 90 yubileyinə həsr olunmuş Fikrət
Əmirov adına I Ümumrespublika Musiqi Festivalı, bu mənada,
diqqətəlayiq sənət layihələrindəndir.
Martın 4-də Azərbaycan Bəstəkarlar
İttifaqının Ü.Hacıbəyli adına konsert
salonunda festivalın açılış mərasiminə həsr
olunmuş “Azərbaycan musiqi mədəniyyətinin
inkişafında Fikrət Əmirovun rolu” mövzusunda elmi
seminar keçirilib.
Seminarı giriş sözü ilə Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir
üzvü, professor Firəngiz Əlizadə açaraq Fikrət
Əmirov yaradıcılığının dünya və
milli musiqi mədəniyyətindəki xidmətlərini qeyd
edib. Həmçinin bəstəkarın
yaradıcılığını işıqlandıran
monoqrafiyalar, elmi məqalələr haqqında da ətraflı
məlumat verib.
Festivalın bədii rəhbəri, Əməkdar
artist, Gəncə filarmoniyasının direktoru Ramil Qasımov
çıxış edərək festival günlərində
ölkəmizin aparıcı kollektivlərinin və solistlərinin
ifasında təqdim olunacaq konsert və tədbirlər barədə
məlumat verib.
Seminar tanınmış ssenarist və rejissor, Əməkdar
incəsənət xadimi Cahangir Zeynallının “Fikrət
Əmirov” sənədli filminin nümayişi ilə davam edib.
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, Əməkdar mədəniyyət işçisi Səadət
Təhmirazqızının moderatorluğu ilə davam edən
tədbirdə görkəmli bəstəkarın
yaradıcılığının müxtəlif sahələrinə
dair “Fikrət Əmirovun simfonik muğamları”, “Fikrət
Əmirov yaradıcılığında milli ideologiyanın təcəssümü”,
“Fikrət Əmirovun “Sevil” operası”, “Fikrət Əmirovun
yaradıcılığında Şərq mövzuları” və
“Fikrət Əmirovun vokal yaradıcılığında milli
ənənələrin təzahürü” mövzularında
məruzələr dinlənilib.
Bədii hissədə bəstəkarın unudulmaqda
olan “İki sahil” romansının həm video variantı, həm
də canlı ifası və “Sevil” operasından
Balaşın ariyası səsləndirilib.
525-ci qəzet .- 2025.- 6 mart(¹42).- S.10.