Həyatdan ekrana
Onu Əlcəzairin Janna Darkı
adlandırırdılar, baxmayaraq ki, Milli Müqavimət Cəbhəsinə
qoşulub fransız müstəmləkəçiliyinə
qarşı döyüşür, mübarizə
aparırdı. Vətənini azad, müstəqil görmək
istəyən Cəmiləni fransızlar ölüm cəzasına
məhkum edəndə dünya ictimaiyyəti onun müdafiəsinə
qalxdı. Ərəb dünyasının tanınmış
yazıçı və şairləri əsərlərində
bu mətin və fədakar qızın qəhrəmanlığını
vəsf elədilər. Məşhur Misir kinorejissoru Yusif
Şahin Cəmilənin ekran obrazını yaratdı.
1959-cu ildə Birinci Beynəlxalq Moskva
Kinofestivalında Yusif Şahinin "Cəmilə" filmi də
göstərildi. Sovet-Fransa əlaqələrinə xələl
gəlməsimi istəməyən Kreml məmurları
fransızların təkidiylə bu ekran əsərinin
müsabiqədənkənar nümayişinə icazə
verdilər. O vaxtlar Cəmiləni ölüm cəzası
gözləyirdi. Dünyanın bütün tərəqqipərvər
insanları vətənpəvər qızın müdafiəsinə
qalxdı. Mütərəqqi bir sənətkar kimi rejissor
Yusif Şahin də sözünü inamla dedi, "Cəmilə"
filmi ilə müstəmləkəçiliyə qarşı
döyüşən cəmilələrin müdafiəsinə
qalxdı. "Cəmilə" vaxtında çəkilmiş
bir ekran əsəri idi. Filmdə baş rolu məşhur Misir
aktrisası Maqda oynayıb.
Beynəlxalq kinofestivallarda Yusif Şahinlə
rastlaşsam da, onunla tanış olmaq imkanı
yaranmamışdı. Maraqlıdır ki, bizim
tanışlığımız kinofestivalda yox, başqa bir
beynəlxalq tədbirdə baş tutdu. 1989-cu ilin yayında
Aşqabadda "Sülh və tərəqqi uğrunda"
devizilə keçirilən simpozium müxtəlif ölkələrin
mütərəqqi insanlarını bir yerə
yığmışdı. Yusif Şahini bu tədbirdə
görməkdən məmnun oldum.
Söhbətimiz müxtəlif mövzulara toxunsa da, əsasən
kino yaradıcılığı üstündə köklənmişdi.
Dedim sizin "Cəmilə" filminə 12-13 yaşımda,
ucqar bir əyalət qəsəbəsinin klubunda
baxmışam. Zalın dolu olduğu yadımdadır,
yadımda olan bir də budur ki, tamaşaçılar göz
yaşlarını saxlaya bilmirdilər. Sanki həyatda baş verən hadisələri
izləyir, bəyaz pərdədəki qəhrəmanların
ağrısını, cəfasını bölüşmək
istəyirdilər. Dedim o filmdən sonra Azərbaycanda
qızlara Cəmilə adı vermək dəb
düşdü...
Baxırdım ki, xatirələrin qanadında ötən
illərə qayıtmaq müsahibimin ürəyindəndir.
Kövrəldiyini gizlətmək istəsə də, bunu
bacarmırdı, səsinin əsməyi onu ələ verirdi.
Diqqətimi çəkən bir də buydu ki, kövrək qəlbli,
həlimxasiyyət Yusif Şahin sərt və prinsipial rejissor
Yusif Şahindən seçilir. "Cəmilə" filminin
məhz belə bir rejissora həvalə edilməsi də təsadüfi
deyildi.
Rejissora veriləsi sualım çox idi:
- Filmin Əlcəzairdən kənarda çəkilməsi
rejissor kimi sizə necə təsir eləyirdi?
- Əlcəzair Fransanın müstəmləkəsi
olduğundan filmin ekranlaşdırılması Misirdə,
misirli kinematoqrafların iştirakıyla reallaşdı.
Əlbəttə, yaxşı olardı ki, film hadisələrin
baş verdiyi mühitdə, məkanda çəkilsin, amma bu,
imkansız idi. Önəmli olan budur ki, kino hadisəyə
yubanmadan münasibət bildirməklə dünya ictimaiyyətinin
diqqətini Cəmilənin müdafiəsinə yönəltməkdə
mühüm rol oynadı.
- Baş rola Maqdanı çəkməyi nəylə
əlaqəndirirsiniz? O vaxtlar daha məşhur, Ərəb
dünyasının kinoulduzu Faten Həmamayla da yaradıcılıq
əlaqələriniz sıx idi.
- Film "Maqdafilm" studiyasında
ekranlaşdırılıb. Bundan da başqa, Maqda təkcə
Misirdə deyil, digər ərəb ölkələrində də
tanınan aktrisalardan idi. Bir məsələ də vardı,
aktrisanın yaratdığı ekran obrazıyla özü
arasında hardasa zahiri bənzərliyin olması vacib amildir.
Yaradıcılıqda mən buna önəm verirəm. Elə
olan halda tamaşaçı aktrisanın oyununa ürəkdən
inanır. İnanır ki, ekrandakı məhz qəhrəmanın
özüdür. Bu baxımdan, Maqda uyğun və uğurlu
seçim idi. Məndə inam oyadan həm də aktrisanın
istedadır, onun potensial imkanlarıydı. Cəmilə roluyla
o, milyonlarla tamaşaçının qəlbinə yol
tapdı və daha da tanındı, sevildi. O vaxtlar Cəmiləni
terrorçuluqda günahlandıran fransızlar dünya
ictimaiyyətinin böyük gücü qarşısında
geri çəkilməli oldular, ölüm hökmünü
onun üzərindən götürdülər. Həbsdən
çıxandan sonra Cəmilə məhkəmədə vəkili
olmuş, sonradan islamı qəbul etmiş fransız Jak Verje
ilə ailə qurdu.
- Müstəmləkə altında olmaq həm də
o xalqın əlini-qolunu bağlayır, milli nədəniyyətinin,
mənəviyyatının inkişafına mane olur.
- Bəli. Bu, sənətin bütün sahələrində,
o cümlədən kinoda da özünü göstərməyə
bilməzdi. Əlcəzair milli kinosu əsl simasını
ölkə müstəqilliyini qazandıqdan sonra tapdı...
Yusif Şahin maraqlı müsahib idi, dinlədikcə
dinləmək istəyirdim. Bir yandan da rejissorun
yaradıcılığına bələdliyim söhbəti
qırılmağa qoymurdu. Kim bilir, belə fürsət bir də
ələ düşəcəkdimi?
Yusif Şahinin sənətə gəlişi ölkədə
siyasi vəziyyətin stabil olmadığı, zaman-zaman dəyişdiyi
dövrə təsadüf edirdi. Əlbəttə, belə bir
vəziyyətdə sənət adamlarına özlərini
ifadə etmək asan deyildi və cəmiyyətdəki
mövcud problemləri kino dili ilə, olduğu kimi
çatdırmaq adamdan cəsarət, hünər istəyirdi.
Yusif Şahini çoxlarından fərqləndirən məhz
bu keyfiyyət idi. O, dünyaya sanki mübarizə aparmaq
üçün gəlmişdi və
yaradıcılığı da mübarizələrdə
yoğrulmuşdu. Maraqlıdır ki, ona şöhrət gətirən
bir filmin adında da "mübarizə" sözü var -
"Vadidə mübarizə". Bu film yalnız rejissorun
yaradıcılığında yox, ümumilikdə Misir kinosu
tarixində bir dönüş nöqtəsi idi. Ölkə
kinosunun Yusif Şahin kimi sənətkara ehtiyacı vardı. Cəmiyyətdəki
dəyişikliklər, inkişaf prosesi həyatı real əks
etdirən ciddi ekran əsərlərinə tələbat
yaradırdı və bu yolda sözünü inamla deyən sənətkarların
önündə Yusif Şahin gedirdi. Onun filmlərinin
toxunduğu mövzular fərqli və aktual olmaqla
yanaşı, zəngin dramaturji vizual politrası ilə də
maraq çəkir, yadda qalırdı. Elə ilk filmləriylə
də ekranda öz dəst-xəttini, öz
izini-imzasını qoydu.
Azərbaycan tamaşaçıları "Cəmilə"dən
öncə rejissorun 1953-cü ildə çəkdiyi
"Vadidə mübarizə" filmiylə tanış
olmuşdular. Bu film Misir xalqının yeni həyat yoluna qədəm
qoyduğu bir dövrdə ekranlaşdırılıb və təbii
ki, o dövrün hadisələri realist bir sənətkar kimi
Yusif Şahinin yaradıcılığından kənarda qala
bilməzdi.
"Vadidə mübarizə" çəkilərkən
kral Fərrux rejimi devrildi. Ölkədəki siyasi dəyişiklik
son səhnələrdəki sosial problemləri daha qabarıq
verməyə imkan yaratdı.
"Vadidə mübarizə" filmi ilə rejissor
Misir kinosunda ilk dəfə mübariz kəndli obrazını
yaradıb. O vaxtlar əhalinin əksəriyyəti kənd təsərrüfatı
ilə məşğul olduğu halda, bu mövzu
kinematoqrafçıların diqqət mərkəzindən kənarda
qalmışdı. Aqrar bir ölkədə yaşayan, səhərdən
axşamadək torpaqda tər tökən kəndlilərin
çoxu incəsənətin kino kimi bir növü
olduğundan xəbərsiz idi. Savadsız kəndlilər
üçün kino bir mayak idi.
Yusif Şahinlə söhbətimiz bu filmdən də
kənar keçmədi. "Vadidə mübarizə" o vədə
- əllinci illərin sonunda sovet prakatında göstərilən
ilk Misir filmlərindən idi və milyonlarla
tamaşaçı piramidalar ölkəsi qədim Misiri həm
də bu ekran əsəriylə kəşf elədi.
Gördüm ki, söhbətim müsahibimi tutub,
duyuğulandığını bu dəfə gizlətmədi.
Dedi sizin söhbətiniz məni əllinci illərə
apardı. O vaxt çəkilmiş filmin sözü uzun illər
sonra gör harada düşür. Məndən ötrü
çox xoşdur...
- "Vadidə mübarizə"ni çəkərkən
bu filmin sizə şöhrət gətirəcəyinə
inanırdınızmı? - soruşdum.- Kim deyirsə ki, film
çəkərkən bu hisslərdən uzaq olur, deməli,
o, həqiqəti söyləmir. Hər kəs istəyər
ki, filmləri dünyanı dolaşsın. Axı, film
tamaşaçı üçün çəkilir, arxivə
qoyulmaq üçün yox. Sənətkara şöhrəti əsl
sənət əsəri gətirə bilər. Doğrudur, əvvəlcədən
mülahizə yürütmək çətindir, amma
inamını da itirməməlisən. Məndə o inamı
yaradan xalqımın güzəranına, həyatına
açıq gözlə baxmağım idi və həyatın
bir parçasını olduğu kimi lentə
köçürməyi, ekrana çıxarmağı
özümə borc bilirdim.
- Bir rejissor kimi bu filmdə istədiyinizə nail
olmusunuzmu?
- Demək olar ki, hə. Ona sevinirəm ki, nə
yaxşı bu mövzuya müraciət etməkdə gecikmədim.
Misir kəndlisinin, tamaşaçısının belə
filmlərə ehtiyacı vardı. "Vadidə mübarizə"
mənim yaradıcılığımı istiqamətləndirən
bir film oldu...
"Vadidə mübarizə" Kann
festivalının fəxri diplomunu aldıqdan sonra dünya
ekranlarına yol tapdı və rejissora şöhrət
qazandırdı. Yusif Şahin filmin uğurlarını həm
də aktyor oyunu ilə bağlayır. Ancaq rejissor o vaxtlar bəlkə
heç ağlına belə gətirmirdi ki, baş rola dəvət
elədiyi Mişel Şalhub tezliklə dünya kinosunun ən
parlaq ulduzlarından biri olacaq, Ömər Şərif
adıyla tanınıb şöhrət qazanacaq. Bu
tapıntı üçün təkcə Misir
tamaşaçıları deyil, dünya kinosu da Yusif Şahinə
minnətdardır. Sonradan Faten Hamamə və Mişel
Şalhub rejissorun "Qara sular" filmində də baş
rolları bölüşdülər.
1969-cu ildə çəkdiyi "Torpaq" filmi ilə
Yusif Şahin bir daha kənd mövzusuna müraciət edir,
Misir kəndinin mənzərəsi yenidən canlanır
ekranlarda. Əgər "Vadidə mübarizə" filmində
sentimental çalarlara, melodram səhnələrinə rast gəliriksə,
"Torpaq"da bu yoxdur. "Torpaq" filmində Misir kəndlisi
siyasi cəhətdən nisbətən ayıqdır, öz
hüququnu müdafiə etməyə hazırdır.
"Torpaq" Misir kinosu tarixində ən yaxşı filmlər
sırasında durur. Yusif Şahinin ekran əsərlərində
inqilabi bir ruh yaşayır. Bu, rejissorun formalaşmış
ictimai fikrindən, həyat hadisələrinə
baxışından, münasibətindən irəli gəlir.
Yusif Şahin beynəlmiləlçi
baxışıyla da seçilib və bu onun yalnız şəxsi
keyfiyyətlərində deyil, sənətkar mövqeyində
də özünü aydın göstərməkdədir. Bu,
bəlkə də Yusifin böyüyüb boya-başa
çatdığı mühitlə bağlıydı.
İsgəndəriyyə tarixən Misirin çoxmillətli,
kosmopolit şəhəri kimi tanınıb. Yusif də
1926-cı ildə bu şəhərdə, xristian əsilli ərəb
ailəsində dünyaya göz açıb. İsgəndəriyyə
öz mühiti, mədəniyyəti, ab-havasıyla,
tolerantlığıyla seçilib və sənət
dünyasına böyük şəxsiyyətlər bəxş
edib. Yusif Şahindən dini mənsubiyyətini soruşanda o,
cavab verib deyirdi: "Mən məzhəbcə misirliyəm".
Rejissor varlı vəkil ailəsində tərbiyə
görüb, İsgəndəriyyənin ən nüfuzlu məktəbi
sayılan Viktoriya kollecində ingilis dilində təhsil
alıb. Valideynləri Yusifdəki həvəsi görüb,
aktyorluq sənətinə yiyələnməsi
üçün onu Hollivuda göndərirlər.
Üçillik Hollivud həyatı gəncin gözünü
açır, o, aktyorluqla yanaşı, rejissorluq sənətinə
də yiyələnir.
Misirə dönəndə ölkədə kral Fərrux
hakimiyyətinə qarşı etirazlar baş
qaldırmışdı, necə deyərlər, havadan inqilab
qoxusu gəlirdi. Belə bir ab-havada müstəqil həyata
atılan, yaradıcılıq dünyasına qədəm
qoyan Yusif özü də bilmirdi ki, mübarizə ruhu onun
canına-qanına hopacaq, ömrünün sonunadək ona həmdəm
olacaq. Bu ruh elə rejissorun ilk ekranlaşdırdığı
"Amin" filmində özünü göstərdi.
Ardınca ikinci kinolenti ekranlara çıxdı - "Nil
oğlu".
İlk ekran əsərlərilə ictimaiyyətin,
kino tənqidçilərinin diqqətini çəkən həm
də Yusif Şahinin novatorluğu idi. O, kinoya yeni mövzular,
yeni personajlar gətirdi. Ərəb dünyasının
Hollivudu sayılan Misir kinosunun Yusif Şahin kimi istedadlı sənətkara
ehtiyacı vardı.
- Kinoya cavan yaşlarınızda gəlmisiniz, sizə
çətin deyildimi? - soruşdum.
- İlk filmimi çəkəndə cəmi 21
yaşım vardı. Kino sənətinə olan sevgim, həvəsim
cavanlığımı, təcrübəsizliyimi unutdururdu mənə.
İnsan böyük amallarla yaşayanda çətinlikləri,
maneələri dəf edə bilir.
- Yusif Şahin filmlərini bir ideya altında birləşdirən
nədir?
- Xəlqilik. Mən bütün
yaradıcılığımı xalqıma həsr etmişəm.
Onun qayğısı da, acısı da mənimdir. Məni
heç vaxt ayrı-ayrı adamların həyatı, taleyi
maraqlandırmayıb, ümumilikdə, xalqımın
yaşayışı, günü-güzəranı narahat
edib.
- Hansı bir filmdəsə bu hisslərdən
uzaqlaşdığınız olubmu?
- Təəssüf ki, olub. Qısa bir dövrdə mən
zamanın tələbinə uyğunlaşıb, axına
qoşulub musiqili melodram, hətta macəra filmləri də
çəkmişəm. O dövrü
yaradıcılığımda, bir növ, boşluq
sayıram.
- Realizm yolunu tutan sənətkarlar sizin ölkənizdə
hansı çətinliklərlə
qarşılaşırlar?
- Misirdə kinoteatrlar, prokatçılar yalnız gəlir
gətirən kommersiya filmlərinin dalınca
qaçırlar. Onları xalqın güzəranı, real həyatı
əks etdirən mövzular, problemlər maraqlandırmır.
Odur ki, bizim filmlərimiz ekranlara çətinliklə yol
tapır. Bir də ki, çoxları Misir xalqının həyatını
olduğu kimi ekrana çıxarmaqdan qorxur, çəkinir.
Ona görə də ölkənin saysız-hesabsız problemləri
ekran arxasında qalır. Problemsiz nə bir ölkə var, nə
də xalq, bunu danmaq nəyə gərəkdir? Realist sənətkarlar
həm də maddi çətinliklərlə
qarşılaşırlar. Bu gün Misirdə film çəkmək
baha başa gəlir. Bu çətinliyi mən də
yaşayıram. Ancaq bütün bu çətinliklərə
baxmayaraq, harada, hansı ölkədə yaşamasından
asılı olmayaraq, sənət adamları çəkinmədən
öz sözlərini deməlidilər. Sənətkar
sözü xalqa daha tez çatır. Odur ki, əlimizdə
olan imkandan istifadə etməliyik, haqq, ədalət naminə,
insanlıq naminə.
- Qərb kinosunun Asiya, Afrika ölkələri sənətinə
təsirindən çox danışılır. Bu haqda sizin
fikrinizi bilmək maraqlı olardı.
- Mən Qərb sənətini öyrənməyin əleyhinə
deyiləm. Bu bir həqiqətdir ki, yalnız öz milli mədəniyyətini,
sənətini bilmək azdır. Dünyanın ən məşhur
sənətkarlarını tanımaq, onların
yaradıcılığını izləmək
lazımdır. Bununla yanaşı, kiməsə bənzəmək
fikri ilə barışmıram, sənətkar kimdən
öyrənsə də, ancaq özünə bənzəməlidir.
- Kino sənəti haqqında söylədiyiniz bir
fikri xatırladım: "Biz kinonun həm də təhlükəli
olduğunu anlamalıyıq. Ona ciddi yanaşmayan, əyləncə
kimi baxanlar da var".
- Bəli, mən bu gün də öz fikrimdə
qalıram. Kinonu beyinləri zəhərləyən narkotik
maddəyə də, silaha da çevirmək olar. Biz buna yol
verməməliyik. Kino humanist ideyalara xidmət etməlidir.
- Misirdə realizm işığında
yazıb-yaradan sənətkarların, o cümlədən də,
özünüzün maddi çətinliklərlə
qarşılaşdığınızı qeyd etdiniz. Bu, sizdə
ruh düşkünlüyü yaratmır ki?
- Mən heç vaxt kasıbçılıqdan
utanmamışam, sənətkar gərək mənən
kasıb olmasın...
Yusif Şahinin filmləri Misirdə xalqın həyatının
müəyyən bir dövrünü əks etdirən,
yaşadan salnamədir. Yetmişinci ildə Camal Əbdül
Nasirin ölümündən sonra ölkədəki siyasi vəziyyət
realist baxışlı sənətkarların
üçün müəyyən çətinliklər
yaratdı. Hakimiyyətə gələn, ölkəni
"açıq qapı" elan edən Ənvər Sədat
rejiminin tələbləri ilə barışmayan Yusif
Şahin filmlərinin bir neçəsini xaricdə çəkməli
oldu. Əlcəzairdə çəkdiyi "Sərçə"
filmi də onun yaradıcılığında önəmli
yer tutur. Bu filmdə müəllif İsraillə müharibənin
mahiyyətini açır. Deyir: "Bizim vəzifəmiz həm
də öz tariximizi yaratmaq, bu yöndə doğru yol
tutmaqdır. Bir kinematoqrafçı kimi filmlərimdə sadə
insanın cəmiyyətdəki rolunu və xalqın rifahı
naminə mübarizəsini ekrana çıxarmağı əsas
vəzifə saymışam".
Yusif Şahin yaradıcılığı Misir
kinosunda bir məktəbdir. Bu məktəb uzun illər
sözünü demiş bir sənətkarın layiqli
davamçılarını yetirib. İstedadlı rejissorlardan
Məhəmməd Xan, Daud Səid, Əli Əbdül Xaliq,
Samir Seyab, Xaliq əl-Haqab Yusif Şahin məktəbinin yetirmələridirlər.
Onlar öz ustadlarını unutmur, onun yaradıcılıq
yolunu davam etdirməyi özlərinə şərəf bilirlər.
Yusif Şahin bütün şüurlu
ömrünü ölkədə kino sənətinin təşəkkülünə
həsr elədi, 40-dan çox filmə imzasını
atdı. Onun filmlərində Faten Hamamə, Ömər Şərif,
Maqda, Dalida, Feyruz, Nur əl-Şərif kimi tanınmış
aktyorlar çəkiliblər. Onu Misir kinosunun Patriarxı
adlandırır, bütün dövrlərin böyük
rejissoru sayırlar. Filmləri Kann, Berlin festivaları kimi
nüfuzlu sənət şənliklərinin
mükafatlarını alıb.
Yusif Şahin 2008-ci il iyul ayının 27-də
dünyadan köçdü. Onun ölümü yalnız
Misir üçün deyil, dünya kinosu üçün də
ağır itkiydi.
2025
Kamil ƏFSƏROĞLU
525-ci qəzet .- 2025.- 7 mart(№43).- S.12;13.