Təbii sərvətlərdən
səmərəli istifadə: ekoloji siyasətdə prioritet
Ölkədə təbiətin, flora və faunanın
qorunması, ətraf mühitin, təbii ehtiyatların,
onların mühafizəsi, bərpası davamlı inkişaf
konsepsiyasının tərkib hissəsinə çevrilib.
Ekoloji təhlükəsizliyin təmin olunması
üçün ətraf mühitin çirklənməsinin
minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi,
indiki və gələcək nəsillərin tələbatını
ödəmək məqsədilə təbii sərvətlərdən
səmərəli istifadə Azərbaycan dövlətinin
ekoloji siyasətinin əsas istiqamətlərindəndir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi də
ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin
səmərəliliyini artırmaq, operativ həll
olunmasını təmin etmək, o cümlədən, ətraf
mühitin sağlamlaşdırılması məqsədilə
ardıcıl işlər həyata keçirir.
Nazirlikdən verilən məlumata görə, uzun illər
ərzində yaranan ekoloji problemlər təhlil edilərək,
onların kompleks həllinə yönəldilən və
davamlı inkişaf prinsiplərinə əsaslanan milli və
dövlət proqramları təsdiq edilib, onların icrası
istiqamətində tədbirlər görülüb. Ölkədə
mövcud qoruq və yasaqlıqların ərazisi genişləndirilib,
milli parklar yaradılıb, ətraf mühitin
qorunmasının gücləndirilməsi istiqamətində tədbirlər
həyata keçirilib. Bu proqramların əsas məqsədi ətraf
mühitin mühafizəsinə yönəldilən dövlət
əhəmiyyətli investisiya layihələrinin sistemli və
səmərəli şəkildə həyata keçirilməsini
təmin etməkdən ibarət olub.
Digər tərəfdən, təbii ehtiyatların
istismar intensivliyi nəzərə alınaraq Xəzər
hövzəsinin Azərbaycan üzrə ekoloji təhlükəsizliyinin
təmin edilməsi sahəsində ardıcıl tədbirlərin
həyata keçirilməsi, aparılan işlərin tam
ekoloji nəzarətdə saxlanılması, eyni zamanda, ekoloji
ekspertiza tələblərinin mövcud dünya
standartlarına uyğun qurulması problemlərin azalmasına
və bu sahədə əsaslı dönüşün
yaranmasına gətirib çıxarıb. Ölkənin
iqtisadi inkişaf tempinə uyğun olaraq Ekologiya və Təbii
Sərvətlər Nazirliyi çevik idarə olunan ekoloji siyasətin
həyata keçirilməsi istiqamətində ətraf
mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə
pozulmasına səbəb ola biləcək fəaliyyətin
qarşısının alınması, aztullantılı
texnologiyaların tətbiq edilməsi, beynəlxalq təşkilatlar
və inkişaf etmiş ölkələrlə ətraf
mühitin mühafizəsi sahəsində əlaqələrin
genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın
və maarifləndirmənin gücləndirilməsi prinsiplərini
tətbiq edir.
Sözsüz ki, Azərbaycanda yürüdülən
ekoloji siyasətin əsas məqsədi indiki və gələcək
nəsillərin ehtiyaclarının təmin edilməsi naminə
mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması
və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi
ilə davamlı inkişafın təmin edilməsindən
ibarətdir. İnkişafın ekoloji baxımdan davamlı
olmasını təmin etmək üçünsə iqtisadi
fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri
aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin
minimuma endirilməsi tələb olunur. Azərbaycanda ekoloji
siyasətin əsas istiqamətləri üzrə
qarşıya qoyulan məqsədə çatmaq
üçün vəzifələrə gəlincə, buraya ətraf
mühitin keyfiyyətinin yaxşılaşdırılması
üçün iqtisadi və insan potensialının idarə
edilməsinin müasir üsullarından istifadə edilməsi,
indiki və gələcək nəsillərin rifahının
yaxşılaşdırılmasını təmin edən,
stimullaşdıran iqtisadi modellərin, texnologiyaların
yaradılması və istifadəsi, eyni və müxtəlif
nəsillərin nümayəndələri arasında təminatın
ədalətlilik prinsipləri əsasında həyata
keçirilməsi, insanın həyat fəaliyyətini təmin
edə biləcək ekosistemlərin və biomüxtəlifliyin
təbii mühitinin olduğu kimi qorunub saxlanılması
daxildir.
Ekoloji siyasətin prinsiplərinə gəlincə,
qısa müddətli və uzunmüddətli iqtisadi, ekoloji və
sosial nəticələr, ehtimal edilən fəsadlar nəzərə
alınmaqla qərarların qəbul
edilmə prosesinin həyata keçirilməsi və bu prosesdə
alternativ variantların nəzərə alınmasıdır.
Həmçinin, ətraf mühitin mühafizəsi sahəsində
qərarlar hazırlanarkən ictimai və qeyri-hökumət təşkilatlarının
nümayəndələrinin cəlb edilməsinin genişləndirilməsi,
ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan
dərəcədə pozulmasına səbəb ola biləcək
fəaliyyətin qarşısının alınması, ətraf
mühitin mühafizəsinin təmin edilməsi
üçün aztullantılı, güclü,
çoxşaxəli iqtisadi inkişafın təmin edilməsi,
beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə
ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin
genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın,
maarifləndirmənin gücləndirilməsidir.
Aparılan tədqiqatlar onu göstərir ki,
hazırda ölkədə əsas ekoloji problemlər su
ehtiyatlarının çirklənməsi, yəni Xəzər
dənizinin sənaye və məişət tullantı
suları ilə çirkləndirilməsi, su obyektlərinin,
o cümlədən, transsərhəd çayların
çirkləndirilməsi, tullantı sularının idarə
olunması, yəni təmizləyici qurğularının
gücünün formalaşan tullantı sularından az
olması, tullantı sularının təmizlənmədən
su hövzələrinə axıdılması daxildir. Bundan
başqa, atmosfer havasının çirklənməsi,
stasionar mənbələrdən çirklənmələr, səyyar
mənbələrdən çirklənmələr,
torpaqların deqradasiyaya uğraması, yəni erroziya və
şoranlaşma prosesləri, torpaqların tullantılarla
çirkləndirilməsi, torpaq örtüyünün həddindən
artıq otarılması da əsas ekoloji problemlərdən
sayılır. Eyni zamanda, bərk məişət və sənaye,
həmçinin, təhlükəli tullantıların tələb
olunan səviyyədə utilizasiya olunmaması,
tullantıların tam səviyyədə idarə edilməməsi,
qeyri-qanuni poliqonların mövcudluğu, biomüxtəlifliyin,
o cümlədən, flora, fauna və xüsusi ilə balıq
ehtiyatlarının seyrəkləşməsi, iqlim dəyişikliklərinin
təsiri nəticəsində biomüxtəlifliyin azalması
əsas ekoloji problemlərdəndir. Eyni zamanda,
yaşayış məskənlərinin genişlənməsi
ilə bağlı antropogen təsirlər, meşə və
yaşıllıq sahələrinin miqyasının
azlığı, meşə ərazilərinin
miqyasının qəbul edilmiş normadan azlığı,
yaşayış məntəqələri ərazisində
yaşıllıqların tələb olunan səviyyədən
aşağı olması, hərbi konfliktlər nəticəsində
ətraf mühitə dəyən zərərlər və
sair ekoloji problemlər arasındadır.
Ölkə müstəqillik əldə etdikdən və
bazar iqtisadiyyatı yolunu seçdikdən sonra, Azərbaycanda ətraf
mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni
vüsət alıb və formalaşmağa başlayıb.
Mütəxəssislərin fikrincə, bu, həm də ekoloji
məsələlərin ümumbəşəri bir problem kimi
qəbul edilməsi ilə də izah edilir. Respublikamızda bu
dövrdə ekoloji siyasətə dair ilk sənəd kimi
"Dayanıqlı inkişaf" prinsiplərinə əsaslanan
"Azərbaycan Respublikasının ekoloji
Konsepsiyası"nı qeyd etmək olar. Konsepsiyada ölkə
üçün ətraf mühitin mühafizəsi
baxımından üstün əhəmiyyətli olan problemlərin
həlli üzrə əsas prinsiplər öz əksini
tapıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat
katibi İradə İbrahimova deyir ki, Azərbaycanda ətraf
mühitin qorunması dövlət siyasətinin prioritetlərindən
biridir. Prezident İlham Əliyev bu məsələni
xüsusi diqqət mərkəzində saxlayır. Ekologiya və
Təbii Sərvətlər Nazirliyi ekologiyanin qorunması, ətraf
mühitin mühafizəsi istiqamətində daim tədbirlər
planı həyata keçirir. Birgə səylərin göstərilməsi,
ictimai dəstək qarşıya qoyulan məqsədlərin
uğurla reallaşmasına böyük stimul verir.
Nazirlik rəsminin dediyinə görə, ölkədə
yaşıllıq sahələrinin artırılması
baxımından davamlı işlər görülür:
"Ölkədə fəaliyyət göstərən Milli
parkların ərazilərinin daha da
yaşıllaşdırılması və təkmilləşdirilməsi
istiqamətində işlər bundan sonra da davam etdiriləcək.
Bəzən yaşıllıqların məhv edilməsi ilə
bağlı faktlar görürük. Bu sahədə inzibati
metodlarla iş görmək çətindir. Cəmiyyətlə
birgə qabaqlayıcı tədbirlərin görülməsi
daha effektli olur. Çünki ictimai qınaqla daha tez nəticə
əldə etmək olur".
İ.İbrahimova bildirib ki, azmeşəli ölkə
kimi Azərbaycanda meşələrin artırılması və
mühafizəsi prioritet istiqamətlərimizdən biridir.
Ölkə ərazisinin 95 faizinin qazla təmin olunması
hesabına meşələrə neqativ təsirlərin
miqyası əhəmiyyətli dərəcədə
azalıb. Meşələrin mühafizəsini və
yanğından təhlükəsizliyini təmin etmək məqsədilə
Zaqatala, Şəki, Qax, Oğuz və Qəbələ rayonlarında
müşahidə kameraları quraşdırılıb və
bu istiqamətdə işlər davam edir. Meşələrin
dayanıqlı inkişafını təmin etmək məqsədilə
kənar təsirlərə daha çox məruz qalan yerlərdə
yüngül konstruksiyalı çəpərləmə
işləri aparılır.
Onun sözlərinə əsasən, ətraf mühitə
təsiri olan faktorlardan biri də atmosfer havasının
oksigenlə zənginlik səviyyəsidir: "Təbii ki, həyatımızı
oksigenlə zənginləşdirən əsas mənbə də
yaşıllıq zonaları və meşə sahələridir.
Bu gün yaşıllaşdırma kütləvi və davamlı
prosesə, vətəndaş vərdişinə çevrilib.
Son illərdə Abşeronda və ümumən ölkədə
milyonlarla ağac əkilib və bu işlər bu gün də
davam etdirilir. Havanın təmizlənməsi ilə bərabər,
flora və fauna elementlərində də pozitiv tendensiya
müşahidə olunur. Azərbaycan təbiətində də
bu dəyişikliklər aydın görünür. Nazirlik
üzərinə düşən məsuliyyəti hiss edərək
bundan sonra da zəruri tədbirləri görəcək".
İ.İbrahimova qeyd edib ki, atmosfer havasının
çirkləndirilməsinin qarşısının
alınması ilə bağlı mütəmadi olaraq tədbirlər
görülür. Belə ki, atmosfer havasına atılan
tullantıların zərərsizləşdirilməsi məqsədilə
ölkənin iri şəhərlərində 500-ə
yaxın iri ictimai-iaşə obyektində təmizləyici
qurğular quraşdırılıb.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 7 mart(№43).- S.11.