Türk xalqlarının musiqi alətlərinə
dair nəşrin təqdimatı
Martın 5-də Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin təşkilatçılığı,
Türk Mədəniyyəti və İrsi Fondu və
Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının (BMA) əməkdaşlığı
çərçivəsində nəşr olunan “Türkdilli
ölkələrin milli musiqi alətləri” kitabının təqdimatı
keçirilib.
Tədbirdə çıxış edən muzeyin
direktoru akademik Rafael Hüseynov kitabda altı müstəqil
türk dövlətinin musiqi irsinin geniş şəkildə
əks olunduğunu bildirib.
Onun sözlərinə görə, türk xalqları
geniş bir coğrafiyanı əhatə edir və bu kitab gələcəkdə
təkcə altı türk dövlətinin deyil, digər
türk xalqlarının – yakutların, başqırdların,
tatarların və digərlərinin də musiqi irsini
özündə birləşdirən yeni nəşrlərin
yaranmasına zəmin yarada bilər. Bu kitab həm elmi, həm
də mədəni baxımdan böyük əhəmiyyət
daşıyır.
Türk Mədəniyyəti və İrsi Fondunun
prezidenti Aktotı Raimkulova layihə çərçivəsində
altı türk ölkəsinin alimləri, sənətşünasları
və musiqiçilərinin birgə ərsəyə gətirdiyi
əsərin önəmini xüsusi vurğulayıb. O bu
cür təşəbbüslərin Türk
dünyasının musiqi irsinin daha geniş
tanıdılmasına və gələcək nəsillərə
ötürülməsinə töhfə verdiyini qeyd edib.
Milli Məclisin Mədəniyyət komitəsi sədrinin
müavini Günay Əfəndiyeva qədim türk musiqi alətlərinin
türk xalqlarının ulu keçmişinin yadigarları
olduğunu deyib. Vurğulayıb ki, bu layihənin əsas məqsədi
zəngin türk musiqisinin yaşadılmasına, gələcək
nəsillərə ötürülməsinə və
müxtəlif dilli auditoriyalara çatdırılmasına
töhfə verməkdir.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının rektoru Xalq artisti, kitabın ön
sözünün müəllifi Fərhad Bədəlbəyli
çıxışında bu layihənin türk birliyinin
möhkəmləndirilməsinə, türkdilli xalqların zəngin
ənənəvi musiqi irsinin araşdırılmasına,
qorunub saxlanılmasına və dünyada
tanıdılmasına mühüm töhfə verəcəyini
bildirib.
Tədbirdə kitabın hazırlanmasında
iştirak etmiş və Mərkəzi Asiyadan olan ekspertlərin
– Qazaxıstanın Əməkdar xadimi Saule Uteqaliyevanın,
Özbəkistan Dövlət Konservatoriyasından professor
Şoyista Qanixanovanın, Qırğızıstanın Xalq
artisti Roza Amanovanın, Maya Kuliyeva adına Türkmənistan
Milli Konservatoriyasının Musiqi tarixi kafedrasının əməkdaşı
Bahargül Yaqubovanın videomüraciəti dinlənilib.
Daha sonra çıxış edən Türkiyənin
Osmaniyə Korkut Ata Universiteti Memarlıq, dizayn və incəsənət
fakültəsinin baş müəllimi Meysər Kaya və
Üzeyir Hacıbəyli adına BMA-nın elm və
yaradıcılıq işləri üzrə prorektoru professor
Gülnaz Abdullazadə layihənin əhəmiyyətindən
danışaraq onun türk xalqlarının mədəni
irsinin qorunmasına və tanıdılmasına töhfə
verəcəyini vurğulayıblar.
Tədbirdə Qədim Musiqi Alətləri
Ansamblının ifasında “Əbdülqadir Marağayinin bəstəsi
əsasında kompozisiya”, eləcə də digər milli
musiqi nümunələri səsləndirilib.
Qeyd edək ki, “Elm və təhsil” nəşriyyatında
çap olunan “Türkdilli ölkələrin milli musiqi alətləri”
kitabı oxuculara dörd dildə – Azərbaycan, türk, rus və
ingilis dillərində təqdim olunub. Kitabın layihə rəhbərləri
Xalq artisti Fərhad Bədəlbəyli, Türk Mədəniyyəti
və İrsi Fondunun birinci prezidenti Günay Əfəndiyevadır.
Kitabda çoxsaylı elmi mənbələr əsasında
türkdilli xalqlara aid ən geniş yayılmış 104 ənənəvi
musiqi aləti haqqında informasiya verilir. Musiqişünaslar,
ifaçı musiqiçilər, folklorçular
üçün nəzərdə tutulmuş kitabda alətlərin
mərhələli inkişaf tarixi, morfologiyası, konstruksiya
və texniki xüsusiyyətləri, habelə məişətdə,
orkestr və ansambl tərkibində ifaçılıq
imkanlarından bəhs edilir.
525-ci qəzet .- 2025.- 7 mart(¹43).- S.9.