Elçinin
"Baş" romanı əsasında tamaşa
hazırlanır
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında
Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında
eyniadlı tamaşa hazırlanır.
Teatrdan verilən məlumata görə, tamaşanın
quruluşçu rejissoru və səhnələşdirmənin
müəllifi Əməkdar incəsənət xadimi, Dövlət
mükafatı laureatı Mehriban Ələkbərzadə,
quruluşçu rəssamı Əməkdar mədəniyyət
işçisi İlham Elxanoğlu, geyim üzrə rəssamı
Vüsal Rəhim, bəstəkarı Azər Hacıəsgərli,
rejissor assistentləri Ceyran Başaran və Nərmin Həsənovadır.
Tamaşada Xalq artistləri Rafiq Əzimov (Molla Müzəffər
ağa), Hacı İsmayılov (Münşi Məşədi
Həsənağa), Kazım Abdullayev (Hüseynqulu xan), Əməkdar
artistlər Füzuli Hüseynov (Knyaz Sisianov), Vəfa Rzayeva (Çariça
Mariya), Elnar Qarayev (Mahmud bəy), Anar Heybətov (Dilmanc Şərif
bəy), Rövşən Kərimduxt (Fətəli şah),
Kazım Həsənquliyev (Hacı Muxtar), Elxan Quliyev (Həmdulla),
Elşən Rüstəmov (İvan Petroviç Lazarev), Mətləb
Abdullayev (Polkovnik fon Qrenfald), Ayşad Məmmədov (Mirzə
Məhəmməd Əkbari), aktyorlar Elçin Əfəndi
(Cavad xan), Rüstəm Rüstəmov (İbrahim xan),
Cümşüd Zeynalov (Xacə Əbdül Rəhman), Cavidan
Novruz (Qurd Kərim), Tural İbrahimov (Abbas Mirzə), Nəzrin
Abdullayeva (Sarı Çoban qızı), Günəş Təkin
(Ağabəyim ağa), Lalə Süleymanova (Markiza Natalya de
Lafonje) və Ləman İmanova (Hürü bəyim)
çıxış edəcəklər.
“Baş” XIX əsrin əvvəllərində mənşəcə
gürcü olan rus generalı Sisianovun komandanlığı
ilə imperiya qoşunlarının Cənubi Qafqazı
işğal etməsindən bəhs edir. Tamaşanın
süjetini Bakıda Sisianovun başının kəsilib Fətəli
şah Qacara göndərilməsi və bundan sonrakı gərgin
mənəvi-siyasi hadisələr təşkil edir. Sisianovun
başının “səyahəti” geniş bir coğrafiyada -
Azərbaycan xanlıqlarında, Gürcüstan çarlıq
və knyazlıqlarında, Rusiyada, Qacarlar səltənətində
cərəyan edən hadisələri, insan xarakterlərini
göstərir.
Tamaşa hadisələrin cərəyan etdiyi
coğrafiyada tarixin yeni və fərqli interpretasiyasını əks
etdirir. Rejissorun əsas məqsədi Çar Rusiyası tərəfindən
Azərbaycan xanlıqlarının işğalı zamanı
şərqli insanın kritik məqamlarda kənar və
böyük güc qarşısında necə
dayanmasının, seçim anında özünü necə
ifadə etməsinin psixoloji mənzərəsini, personajlar
qalereyasını göstərməkdir.
Səhnə əsərinə eyni zamanda kastinq yolu ilə
seçilmiş beş tələbə-aktyor cəlb edilib. Həmin
gənclər Akademik Milli Dram Teatrının bu tarixi
tamaşasında həm epizodik, həm də kütləvi səhnələrdə
yer alacaqlar. Bu isə gələcəkdə aktyor
bazasının gəncləşdirilməsi, gənc nəslin
teatra cəlb olunması üçün ilkin addım hesab
olunur.
525-ci qəzet .- 2025.- 7 mart(¹43).- S.9.