Dünya boyda səs
Esse
Xarici ölkələrin birinə ailəvi səfər
etmişdik. Gəzməli və görməli yerlərə səyahət
edirdik. Səfərimiz çox maraqlı keçirdi. Təbii
ki, oradakı dostlarımız bu işdə bizə dəstək
olurdu. Bir axşam biz opera teatrına dəvət olunduq.
Böyük maraqla operaya tamaşa edirdik. Rollar çox məharətlə
oynanılırdı. Fikrim tamaşanı təhlil etmək
deyil. Amma tamaşada oynayan aktyorlardan birinin səsi
bütün tamaşaçılar kimi məni də heyran
etdi. Kiçik cüssəli bir kişi aktyorun ifası, səsinin
tembri insanı riqqətə gətirirdi. Maraqlandıq. Dedilər
ki, bu balaca bədənli oğlan dünya şöhrətli
ifaçıdır. Onun səsi demək olar ki,
dünyanın bütün böyük səhnələrində
eşidilib. Bu sözlər məndə bir sıra duyğular
yaratdı. Qəlbən qürurlandım, fəxarət hissi
keçirdim. Doğma Vətənimlə, dövlətimlə,
Azərbaycanımla. Bilirsiniz niyə? Axı bir sıra ölkələrə
nisbətən bizim ölkəmiz ərazisinə və əhalisinin
sayına görə böyük hesab olunmur. Amma bu gün Azərbaycanımın
səsi dünya boydadır. İstər ölkə daxilində,
istərsə də beynəlxalq aləmdə həyata
keçirilən tədbirlər, aparılan siyasət
bütün dünyada maraqla izlənilir, təqdir olunur.
Bir sıra sahələrdə Azərbaycan təcrübəsi
dünya ölkələrinin çoxunda marağa səbəb
olub və bu təcrübədən yararlanmaq istəyənlərin
sayı gündən-günə çoxalmaqdadır. Məsələn,
"ASAN xidmət". Ölkəmizə səfər edən
ən ali qonaqlar belə bu xidmətlə tanış olur və
geri döndükdən sonra bu sistemi özlərində həyata
keçirirlər. Çünki bu sistem dövlət xidmətlərinin
vətəndaşlara daha səmərəli, şəffaf və
əlçatanlıq baxımından ən müasir xidmətlərindəndir.
Prezident İlham Əliyevin fərmanı ilə 2012-ci ildə
əsası qoyulmuş bu xidmət dövlət-vətəndaş
əlaqələrini sadələşdirmək və dövlət
xidmətlərini optimallaşdırmaq məqsədi ilə həyata
keçirilib.
44 günlük Vətən müharibəsi. Antiterror əməliyyatı.
Ali Baş Komandanımızın rəhbərliyi altında
ordumuz torpaqlarımızı azad etdi. Ordumuzun igid
oğullarının qəhrəmanlığı və
şücaəti bütün dünyaya səs saldı. Onlar
nəinki Azərbaycan, hətta qürurla deyə bilərik ki,
dünya hərb tarixində yeni salnamə yaratdılar.
İndi dünyanın bir çox ölkələrində
igidlərimizin həyata keçirdikləri hərbi əməliyyatlar
öyrənilir və hərbi məktəblərdə tədris
olunur. Bu, Azərbaycanımızın
dünyaya yayılan haqq və ədalət səsi deyilmi?
Prezident İlham Əliyevin həyata keçirdiyi
uğurlu islahatların həddi-hüdudu olmadığı
kimi, misli-bərabəri də yoxdur. Bu islahatlar həyatımızın
bütün sahələrini-mədəniyyəti, incəsənəti,
iqtisadiyyatı, siyasəti, kənd təsərrüfatını,
sosial, elm, idman və digər sahələrini əhatə
edir. Bunların hər biri cild-cild kitabların mövzusudur. Səsimiz
və bayrağımız daim uca olsun. Ulu öndər Heydər
Əliyevin "Azərbaycan dünyaya günəş kimi
doğacaq" fikirləri artıq günümüzün
reallığıdır.
Akif TƏVƏKKÜLOĞLU
525-ci qəzet .- 2025.- 7 mart(№43).- S.8.