Dəyişən dünya, güclənən
qadın: Azərbaycan nümunəsi
Qadınların sosial həyatda rolu tarix boyu cəmiyyətin
inkişafında mühüm yer tutub. Qədim dövrlərdən
bu günə qədər qadınlar ailədə,
iqtisadiyyatda, siyasətdə və digər sahələrdə
əhəmiyyətli mövqeyə sahib olublar. Müasir
dünyada gender bərabərliyi ideyalarının
yayılması ilə qadınların cəmiyyətə təsiri
daha da güclənmişdir. Bu gün qadınlar sosial,
iqtisadi, siyasi və mədəni sahələrdə fəal
şəkildə iştirak edirlər. Onlar müxtəlif peşələrdə
çalışır, elmi araşdırmalar aparır, biznes
sahəsində uğurlar əldə edir və siyasətdə
mühüm vəzifələr tutur. Bundan əlavə,
qadınlar ailənin əsas dayağı olmaqla yanaşı,
cəmiyyətin formalaşmasına da mühüm töhfə
verirlər. Qadınlar gələcək nəsillərin yetişməsində
mühüm rol oynayır, vətənpərvər, milli dəyərlərimizə,
adət-ənənələrimizə bağlı gənclər
yetişdirirlər.
Qadınların sosial həyatda rolunun artması cəmiyyətin
inkişafında mühüm əhəmiyyət
daşıyır. Tarix boyu Azərbaycan qadınları ailədə,
təhsildə, iqtisadiyyatda, siyasətdə və mədəniyyətdə
əhəmiyyətli rol oynamışlar. Xüsusilə XX əsrin
əvvəllərindən etibarən qadınların sosial həyatda
iştirakı sürətlə artmış, onların
hüquqlarının genişləndirilməsi istiqamətində
bir sıra mühüm addımlar atılmışdır.
Müasir dövrdə isə Azərbaycan qadınları
ictimai, siyasi və iqtisadi sahələrdə fəal
iştirak edərək cəmiyyətin inkişafına
töhfə verməkdədirlər. Müasir dünyamızda
istənilən cəmiyyətin sürətli
inkişafının təmin edilməsinin kökündə
duran əsas məqamlardan biri tək güclü yox, həm də
zərif cinsin nümayəndələrinin ictimai fəallıq
dərəcəsindən və bunun üçün
yaradılan şəraitdən bilavasitə
asılıdır. Bəşər tarixi sübut edir ki, tərəqqisində
qadınların da rol oynadıqları cəmiyyətin
inkişaf dərəcəsi daha sivilizasiyalı, modern, sürətli
xarakterə malikdir. Hətta müşahidələr göstərir
ki, qadınların çalışdığı kollektivlərdə
belə ümumi iş ahəngi müsbət olur.
Qədim və orta əsrlərdə Azərbaycan
qadınları cəmiyyətin vacib üzvləri kimi ailədə,
təsərrüfat işlərində və sənətkarlıqda
mühüm rol oynamışlar. Tarixi mənbələrdə
qadınların ipəkçilik, xalçaçılıq
və digər sənət sahələrində yüksək
bacarıqlara malik olduqları qeyd olunur. Bununla yanaşı, Azərbaycan
qadınları dövlət idarəçiliyində də
rol oynamışlar. Möminə Xatun, Sara Xatun, Tomris,
Nüşabə kimi qadınlar saray həyatında fəal
iştirak etmiş, siyasi qərarların verilməsində təsir
sahibi olmuş, liderlik nümayiş etdirmişlər.
XX əsrin əvvəlləri Azərbaycan
qadınlarının sosial həyatda rolunun daha da genişlənməsi
ilə xarakterizə olunur. Xüsusilə 1918-ci ildə qurulan
Azərbaycan Xalq Cümhuriyyəti dövründə
qadınlara seçki hüququnun verilməsi qadın
azadlığının ən mühüm nailiyyətlərindən
biri olmuşdur.
Sovet dövründə isə qadınların təhsilə,
iş həyatına və ictimai fəaliyyətlərə cəlb
olunması daha da genişləndi. Bu dövrdə Azərbaycan
qadınları elm, səhiyyə, sənaye və digər sahələrdə
çalışaraq ölkənin inkişafına töhfə
verdilər, elm və mədəniyyət sahələrində
böyük uğurlar qazandılar.
Müstəqillik dövründə Azərbaycan
qadınlarının sosial həyatda rolu daha da genişləndi.
Bunun başlıca səbəbi Ulu öndərimiz Heydər
Əliyevin yürütdüyü uğurlu qadın siyasəti
idi. O, həyatın bütün sahələrində
qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli
fəaliyyətinə geniş meydan verdi, lider qadınlar
yetişdirdi. Bu siyasət Azərbaycanda qadınların
hüquqlarının qorunması, onların ictimai-siyasi, sosial
və iqtisadi həyatda fəal iştirakının təmin
edilməsi istiqamətində mühüm addımlarla
xarakterizə olunur. Heydər Əliyev qadınların
hüquqlarını qorumağı dövlət siyasətinin
prioritetlərindən biri elan etdi. 1995-ci ildə qəbul edilən
Azərbaycan Konstitusiyasında qadın və kişilərin bərabər
hüquqları təsbit olundu. Ümummilli liderin hakimiyyəti
dövründə qadınların parlamentdə və icra
hakimiyyəti orqanlarında təmsilçiliyi yüksəldi.
O, qadınların dövlət idarəçiliyində daha fəal
iştirakına təşviq edən çıxışlar
edirdi. Heydər Əliyevin qadın siyasəti Azərbaycan cəmiyyətində
qadınların rolunu gücləndirdi, onların sosial, siyasi
və iqtisadi həyatda daha fəal iştirakını təmin
etdi. Onun qurduğu siyasət bu gün də uğurla davam
etdirilir və qadınların inkişafına töhfə
verməkdədir.
Qadınlar indi cəmiyyətin müxtəlif sahələrində
- siyasət, biznes, elm, mədəniyyət və digər sahələrdə
fəal iştirak edir, həmçinin müasir
dünyamız üçün çox aktual olan iqlim fəaliyyətlərinin
ön sıralarında gedir. Onlar iqlim fəalları kimi
liderlik nümayiş etdirir, təşəbbüslər irəli
sürürlər.
Müstəqil Azərbaycanda qadınların siyasi həyatda
iştirakı daim artmaqdadır. Milli Məclisdə və
Naxçıvan Muxtar Respublikası Ali Məclisində
qadın deputatların sayı getdikcə çoxalır və
onlar qanunvericilik proseslərində fəal iştirak edirlər.
Bundan əlavə, qadınlar dövlət idarəçiliyində
də mühüm vəzifələr tuturlar. Mehriban xanım
Əliyevanın Azərbaycanın birinci xanımı və
Birinci vitse-prezident kimi fəaliyyəti qadınların ölkə
rəhbərliyindəki rolunun ən yaxşı nümunəsidir.
Azərbaycan qadınları bu gün iqtisadi sahədə
də mühüm mövqeyə malikdirlər. Bir çox
qadın sahibkarlar biznes sahəsində uğurlar qazanaraq,
ölkə iqtisadiyyatına töhfə verirlər. Dövlətin
qadın sahibkarlığının inkişafına dəstəyi
nəticəsində qadınların iş dünyasında
iştirak faizi artmaqdadır.
Elm və təhsil sahəsində də Azərbaycan
qadınları mühüm rol oynayırlar. Elmi tədqiqat
müəssisələrində, universitetlərdə qadın
akademiklər, professorlar və tədqiqatçılar
çalışır. Azərbaycan qadınları beynəlxalq
elmi layihələrdə iştirak edərək, ölkəmizi
dünyada layiqincə təmsil edirlər. Həmçinin mədəniyyət
və incəsənət sahəsində də
qadınlarımız böyük uğurlar əldə ediblər.
Azərbaycanın görkəmli qadın rəssamları,
yazıçıları və rejissorları ölkəmizi
beynəlxalq səviyyədə təmsil edirlər.
Azərbaycan qadınları tarixən cəmiyyətin
mühüm üzvləri olmuş və müxtəlif sahələrdə
böyük uğurlar qazanmışlar. Müasir dövrdə
qadınların siyasətdə, iqtisadiyyatda, elmdə və mədəniyyətdə
rolu daha da artmışdır. Lakin gender bərabərliyi və
qadın hüquqları sahəsində görüləcək
işlər yenə də var.
Qadınların sosial həyatda daha fəal iştirak
etməsi üçün təhsil imkanlarının
artırılması, qanunvericiliyin təkmilləşdirilməsi
və ictimaiyyətin maarifləndirilməsi vacibdir. Cəmiyyətin
inkişafı üçün qadın və kişi
hüquqları bərabər şəkildə təmin
olunmalı və qadınların potensialından tam istifadə
edilməlidir. Çünki qadınlarımızın sosial həyatda
rolu artdıqca, ölkəmizin inkişafı daha da sürətlənəcək
və cəmiyyət daha sağlam və firavan olacaqdır.
Qadın həyatdır, anadır, gözəllik,
ülvilik rəmzidir. Dünyanı gözəlləşdirən,
həyatı mənalandırandır. Azərbaycan
qadınının gözəlliyi, sədaqəti, mərdliyi
ana məhəbbətinin ülviliyi xalq
yaradıcılığı nümunələrində,
görkəmli sənətkarlarımızın əsərlərində
dönə-dönə vəsf olunmuşdur. Böyük mədəni
irsə malik olan Azərbaycan xalqı qadının ailədə
və cəmiyyətdəki roluna daim böyük ehtiramla
yanaşmışdır. Çünki həyatın elə
bir sahəsi yoxdur ki, orada qadınlarımızın
olmasın. Bu sahələrin hər birində onlar uğurla
çalışır, öz ayıq-sayıqlığı,
çevikliyi, düzgün qərar qəbul etmək
bacarığı ilə hamını heyrətləndirir.
Nuray ƏLİYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
deputatı, filologiya elmləri doktoru
525-ci qəzet .- 2025.- 7 mart(№43).- S.8.