Azərbaycan - Türkiyə münasibətlərində tarixi hadisə

 

 

 

Azərbaycan - Türkiyə münasibətlərində daha bir tarixi hadisə baş verdi. Martın 5-də prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirildi. Çox mühüm önəm daşıyan bu hadisə ilk növbədə iki ölkənin dostluq və qardaşlıq münasibətlərini bir daha nümayiş etdirdi.

Məlumdur ki, Naxçıvan Muxtar Respublikası (MR) uzun illərdir blokada şəraitindədir və buna görə də qaz təchizatı İran ərazisindən svop (mübadilə) şəklində həyata keçirilirdi. Təbii ki, bu, bir sıra çətinliklər yaradırdı.

İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış oldu. 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. 2023-cü il sentyabrın 25-də İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirilib.

Qeyd edək ki, İğdır-Naxçıvan qaz boru kəmərinin İğdırdan Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündəlik 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın təbii qaza tələbatı tamamilə ödəniləcək.

Əsas məqamlardan biri də enerji təhlükəsizliyinin təmini ilə bağlı məsələdir ki, hazırda bu, dövlətlər üçün mühüm əhəmiyyət kəsb edir. Bundan sonra Naxçıvanın qaz təchizatı daha güvənli şəkildə həyata keçiriləcək və bu məsələdə blokadasına son qoyulacaq.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında Naxçıvanın blokada şəraitində olmasına toxunaraq deyib ki, Naxçıvan bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb: "Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub. Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir. Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular".

Həqiqətən də, 1990-cı illərin əvvəllərindəki çox çətin vaxtda Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar Ulu öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi. Çünki erməni millətçiləri Azərbaycana qarşı işğalçı siyasətini başlamışdılar və onların məkrli planlarında Naxçıvanın işğalı da var idi. O vaxt Naxçıvanda vəziyyət böyük çətinliklər hesabına sabit olaraq qalırdı.

Ötən əsrin 90-cı illərində Naxçıvan ətraf aləmdən təkcə iqtisadi və sosial bağları qoparılmış bölgə deyildi. Həmçinin sərhədlərinin böyük bir hissəsi boyunca düşmən hücumlarının hədəfinə çevrilmişdi. Buna görə də Heydər Əliyev Ali Məclisin Sədri vəzifəsinin icrasına başlayandan cəmi 4 gün sonra - 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etmişdir. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanılması təmin olundu. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və Ulu öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada ilk milli ordu birləşmələri yaradıldı və Naxçıvanın müdafiə potensialı yaxşılaşdırıldı, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası məhz Naxçıvanda qoyulmuşdur.

Dövlət başçısı bildirib ki, Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən "Ümid" körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdir.

Bu gün Türkiyə və Azərbaycan bir sıra çox əhəmiyyətli layihələr reallaşdırırlar. Prezidentin vurğuladığı kimi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi.

"Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun təxminən yarısı Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir", - dövlət başçısı deyib.

İğdır-Naxçıvan xətti Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürüləcək. Prezident Ərdoğan gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik bu kəmərin xüsusilə Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcəyini bildirib, bu mərasimin Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirəcəyini söyləyib.

Ümumiyyətlə, iki qardaş ölkə arasında münasibətlər ən müxtəlif sahələr üzrə inkişaf etməkdədir. İqtisadi əlaqələr isə xüsusilə enerji sahəsindəki əməkdaşlıqla daha da güclənib. 2023-cü ildə Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsi 8 milyard ABŞ dolları olub. Ötən il də artım dinamikası davam edib, Azərbaycanın Türkiyə iqtisadiyyatına etdiyi yatırımların həcmi isə 20 milyard dolları ötüb. Bu rəqəmin gələcəkdə daha da artacağı gözlənilir.

Azərbaycan Cənubi Qafqazın ən böyük enerji təchizatçısı olaraq Türkiyə vasitəsilə Avropaya enerji tədarükü edir. Bu sahədəki əməkdaşlıq xüsusilə 2006-cı ildə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri ilə dərinləşib. Bu layihələr yalnız iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyətə malikdir, çünki vurğuladığımz kimi, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Həmçinin 2020-ci ildən tam fəaliyyətə başlayan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihəsi də Azərbaycan qazını Türkiyə vasitəsilə Avropaya ixrac etmək üçün mühüm bir imkan yaradıb. TANAP Cənubi Qafqazı Avropa bazarına bağlayan əsas enerji layihələrindən biridir və bu, yalnız iki ölkə arasındakı iqtisadi əlaqələri möhkəmləndirmir, həm də Azərbaycanın enerji ehtiyatlarını Avropaya çıxarmaq üçün geniş imkanlar təqdim edir. Bu layihələr, həm də Azərbaycanın və Türkiyənin regional enerji təhlükəsizliyini təmin etməsinə və Avropa bazarları ilə daha sıx əlaqə qurmasına şərait yaradır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı "525"ə deyib ki, iki ölkə liderlərinin - İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri uğurlu siyasət nəticəsində Azərbaycan Türkiyə münasibətləri inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bu əlaqələrin inkişafı üçün də davamlı olaraq ölkə liderləri müxtəlif addımlar atırlar: "Biz dövlət siyasətində də bunu görürük. Hərbi, təhsil, elm və digər sahələrdə bu əməkdaşlıq uğurla davam etdirilərək inkişaf edir. Cənab Prezidentin bu səfəri bir sıra mühüm məqamlarla yadda qaldı. Bu gün dünyada baş verən proseslərin müzakirəsi, narahatlıq doğuran məsələlərin masaya yatırılması və s. Ən mühüm məsələlərdən biri təbii ki, İğdır-Naxçıvan qaz kəmərinin  istifadəyə verilməsidir. Bu da olduqca vacib bir məsələdir. Bilirsiniz ki, bir müddət idi bu məsələ ətrafında müzakirələr aparılırdı, sonra iki ölkə bu sənədi imzaladı və onun icrasına başlanıldı. Naxçıvan uzun müddət blokadada qalıb. Naxçıvanın blokadadan çıxarılması və eyni zamanda qazla təmin olunması baxımından bu önəmli bir layihədir. Artıq Naxçıvan da ümumi bir şəbəkəyə qoşulmuş oldu və bu mərasim bölgənin blokadadan çıxarılması, qaz təchizatının yaxşılaşdırılması üçün növbəti bir önəmli addım kimi yadda qaldı. Bu həm də Azərbaycan Türkiyə münasibətlərinin daha da güclənməsinə, daha da inkişaf etməsinə, irəli getməsinə öz mühüm və ciddi  töhfəsini verəcək, əlaqələr daha da inkişaf edəcək. Biz növbəti illərdə bir sıra istiqamətlərdə münasibətlərimizin, əlaqələrimizin daha da inkişaf edəcəyini görəcəyik".

 

Pərvanə  

525-ci qəzet .- 2025.- 7 mart(№43).- S.5.