Təbiət
insanı yaşadır və bəzən sınağa çəkir
(Əvvəli ötən şənbə
sayımızda)
XVIII əsrin sonunda, 1789-cu ildə Fransada inqilab baş
verdi, az sonra kral XVI Lui və onun arvadı, kraliça
Mariya-Antuanetta edam edildi. İngiltərə kralı I
Karlın 1649-cu ildəki edamından sonra, bu, Avropada taxt-tac
sahibinin həmin qaydadakı ikinci məhv edilməsi idi. Bundan
13 il əvvəl isə Böyük Britaniyanın Şimali
Amerikadakı 13 koloniyası inqilab müharibəsinə
başlayaraq, qalib gəldikdən sonra həmin koloniyaların
daxil olduğu Amerika Birləşmiş
Ştatları dövləti meydana gəldi. Bani-ataların
dahiyanə fəaliyyətləri hesabına bu yeni dövlətin
idarəçiliyi demokratik metodlara əsaslanırdı, bu,
yeni qitədə Afinanın və Qədim Romanın respublika
quruculuğu təcrübəsindən istifadə edilməklə,
iki min il sonra monarxiyanı bütünlüklə inkar edən,
əsasən xalqın idarəetməsinə söykənən
quruluş yaranmışdı.
Məhz amerikan inqilabının göstərdiyi
böyük təsir nəticəsində Fransada inqilab baş
vermiş, monarxiya bütünlüklə ləğv
edilmişdi. Fransız inqilabı onun bəhrələrini məhv
edəcək bir insanı, gələcək imperator və
Avropanın müharibələrlə diz çökməyə
məcbur edən Napoleonu da həyata gətirmişdi. Napoleon
dövlət çevrilişi etməklə hakimiyyətə
gəldikdən az sonra, 1804-cü ilin dekabrında
özünü imperator elan etmişdi.
Sənaye inqilabı Avropa cəmiyyətinə
güclü təsir göstərmişdi. Böyük Britaniya
ilk dövlət idi ki, burada Sənaye inqilabı baş
vermişdi. Bu inqilab yeni sənaye sistemini yaratmışdı.
Böyük Britaniyadan Sənaye inqilabı bütün qitəyə
və Birləşmiş Ştatlarına yayıldı.
Əlbəttə, həmin ölkələrdə sənaye
sistemi Böyük Britaniyadakından bir qədər fərqli
idi.
Sənaye inqilabı sosial sahəyə də öz təsirini
göstərdi, şəhər həyatı xeyli inkişaf
etdi, sosial siniflər meydana gəldi. İnsan həyatı da dəyişikliklərə
uğradı, yaşayış standartları da dəyişməli
oldu. Sənaye erasında fəhlələrdən ibarət
yeni sosial siniflər əmələ gəldi.
Sənaye müəssisələrində əmək
daha dözülməz xarakter daşıyırdı. Mədənlərdə
hətta azyaşlı uşaqlar da işləyirdi. Sənaye
inqilabı həm də yeni istismar qaydalarını meydana gətirmişdi.
XIX əsr isə irtica, inqilab və öz romantizmi ilə
fərqlənirdi. Napoleonun məğlubiyyətindən sonra
1815-ci ildə keçirilən Vyana Konqresinin məqsədi
Avropada razılıq mühitini bərpa etmək idi.
Taleyranın diplomatik bacarığı hesabına məğlub
olmuş Fransa öz ərazilərini qoruyub saxlaya bildi.
Avropada ideologiyanın da dəyişilməsi baş
verdi, liberalizm, millətçilik ideyaları yayılmağa
başladı. Sonrakı illərdə də inqilab
dalğası və islahatlar keçirmək cəhdləri
azalmırdı. İrtica erasından fərqli olaraq inqilab həm
də romantisizm əhvali-ruhiyyəsi yaratdı.
XIX əsrin üçüncü rübü Millətçilik
və Realizm dövrü kimi tanınır. Fransada III Napoleon
hakimiyyətə gəldi və iki onillik sonra prussiyalılara əsir
düşməklə siyasi səhnədən
biabırçılıqla getdi. Bu dövrdə
İtaliyanın və Almaniyanın milli birləşməsi
baş verdi, 1861-ci ildə İtaliya monarxiyası, on il sonra isə
yeni mərkəzləşmiş Almaniya dövləti
yarandı. Bu illərdə Avstriya imperiyası, Rusiya və
Böyük Britaniya inkişaf edirdi. Sənayeləşməyə
ideoloji əks cavab kimi Marksizm nəzəriyyəsi meydana gəldi.
Realizm erasında elm və mədəniyyət güclü surətdə
inkişaf edirdi.
XIX əsrin sonunda, XX əsrin
başlanğıcında isə Modernləşmə,
Qayğı çəkmə və İmperializm erası
özünü göstərdi. İntellektual və Mədəni
inkişaf modernizm şüuruna tərəf irəlilədi.
Siyasətdə yeni istiqamətlər və yeni qeyri-müəyyənlik
baş verdi. 1880-ci ildən sonra dünyadakı yeni imperializm
Afrikaya və Asiyaya da öz güclü təsirini göstərdi.
Minillər ərzində əvvəllər yaranan imperiyalar
kimi yenilər də qanda meydana gəlirdi. Yeganə təsəlli
ondadır ki, imperiyalar ona başçılıq edənlərin
qanının tökülməsi ilə də öz
mövcudluğuna son qoyurdu.
Daha çox torpaqlara sahib olmağa həsr olunan beynəlxalq
rəqabət isə Avropada I Dünya müharibəsinin
başlanmasına gətirib çıxardı. Müharibə
Rusiyada Oktyabr inqilabının qələbəsinə də
şərait yaratdı. Müharibənin 1918-ci ilin 11
noyabrında başa çatması, Avropaya arzu olunan dinclik gətirsə
də, Rusiya Vətəndaş müharibəsinin əzablarını
yaşamaqda davam edirdi.
1919-1939-cu illərdə, iki Dünya müharibəsi
arasındakı dövrdə Avropa əbəs yerə stabillik
axtarmaqla məşğul oldu.
Avropa iqtisadi və siyasi böhranın dərinləşməsi
II Dünya müharibəsinə gətirib
çıxardı. I Dünya müharibəsinin nəticəsi
kimi Versal müqavləsi Almaniya üzərinə ağır
təzminatı ödəməyi qoymaqla, orada revanşizm əhval-ruhiyyəsinin
böyüməsinə şərait yaratmışdı.
Hitlerin Almaniyada hakimiyyətə gəlməsi ilə isə
1933-1939-cu illər müharibənin prelyudiyası rolunu
oynadı. Hitlerin xarici siyasətinin məqsədi yeni
müharibə başlamaq axtarışlarından ibarət idi
və o, öz mənfur niyyətinə nail olmağı
bacardı. II Dünya müharibəsi, Avropada Hitler
Almaniyasının və Asiyada militarist Yaponiyanın nəhəng
əraziləri işğal etməsi və qanlı
döyüşlərlə müşayiət olundu, həmin əraziləri
işğalçılar vəhşilikdən xəbər verən
qaydada idarə edirdilər. Nasist imperiyası meydana gəldi,
nasist siyasətində Holokost adlanan Yeni Qayda görünməmiş
dəhşətlərin baş verməsinə şərait
yaratdı.
Almaniyanın müharibəyə
başlaması ilə Avropa xalqları da qanlı
döyüşlərə cəlb olundu, iki il sonra isə
Yaponiyanın ABŞ-nin Pyorl Harbor hərbi-dəniz bazasına
hücumu ilə bu ölkə özü də, Birləşmiş
Ştatlar da müharibənin fəal
iştirakçılarına çevirdilər. Müharibə,
Müttəfiq dövlətlərin və digər Avropa
xalqlarının böyük haqq ödəməsinə səbəb
oldu. Müharibədən sonrakı dövrdə Avropa,
Müttəfiqlərin gözündə artıq fərqli
görünürdü, bu fərqlilik isə Soyuq müharibənin
meydana gəlməsinə səbəb oldu. ABŞ Qərbi
Almaniyanın bərpasına böyük məbləğdə
maliyyə resursları ayırdı, SSRİ isə Şərqi
Avropa ölkələrində sosialist tipli dövlətləri
yaratmaqla məşğul oldu. Sovet tarixçiləri Soyuq
müharibənin bağlanmasını Uinston
Çörçillin 1946-cı ilin martında Birləşmiş
Ştatların Fulton şəhərindəki
çıxışı ilə əlaqələndirsələr
də, Qərb tarixçiləri, SSRİ-dəki ABŞ səfiri
Corc Kennanın ondan əvvəlki ayda, 1946-cı ilin
fevralında SSRİ-nin Qərbə təhlükə törətməsi
barədə öz hökumətinə göndərdiyi
böyük həcmdəki teleqramla əlaqələndirirlər.
Soyuq müharibə həm də geniş qloballaşma ilə
xarakterizə olundu, Koreya müharibəsi, Vyetnam müharibəsi
baş verdi və bunlar Soyuq müharibənin eskalasiyasına səbəb
oldu. Kubadakı raket böhranı da iki fövqəldövlət
arasındakı münasibətləri gərginləşdirdi.
Afrikada isə istiqlaliyyət uğrunda mübarizə
xeyli gücləndi və çox sayda keçmiş müstəmləkələr
imperialist dövlətlərin boyunduruğundan azad olmaqla,
öz milli müstəqil dövlətlərini yaratdılar.
Yaxın Şərqdə İsrail dövlətinin
yaranması ilə Fələstin məsələsi gərginliyin
daha da artmasına səbəb oldu. Asiyada isə millətçilik
və kommunizm öz qələbələrini bayram etdilər.
Çin kimi iri dövlət kommunizmi idarəçiliyi
altına keçdi. Qərbi Avropada isə Demokratiyanın və
iqtisadiyyatın canlanması baş verdi. Fransa prezidenti general
Şarl de Qoll Afrika böhranının həllində
mühüm rol oynadı. Əlcəzair müstəqillik
qazanması Fransada Vətəndaş müharibəsinin
baş verməsi üçün qapını
açmışdı. Şarl de Qoll 1958-ci ildə hakimiyyətə
gələn kimi Dördüncü Respublika üçün
yeni konstitusiya layihəsini təqdim etdi. O, Fransanı
böyük dövlətə çevirməyə
çalışırdı və onu NATO-nun tərkibindən
çıxardı.
Lakin bu illərdə həm də Qərb
dünyasında etirazlar və staqnasiya başlandı.
ABŞ-da və Avropa ölkələrimizə müharibə əleyhinə
hərəkat genişləndi. Sovet İttifaqının təsiri
ilə Şərqi Avropada sosialist sisteminin möhkəmlənməsi
Qərb dünyasının iki fərqli cəbhəyə
bölünməsi ilə nəticələndi. Qərb
ölkələrində həm də sosial və mədəni
inkişaf baş verdi. Heç kəs dünya sosializm
sisteminin süqutuna inanmasa da, Qərb, xüsusən ABŞ SSRİ-yə
təzyiqini azaltmırdı. Prezident Reyqan Sovet
İttifaqını "Şər imperiyası"
adlandırırdı.
1985-ci ildən başlayaraq fövqəl dövlət
olan SSRİ-də iqtisadi və sosial vəziyyət daha sürətlə
ağırlaşmağa başladı, bu, az sonra, 1991-ci ildə
sovet dövlətinin bir rejim kimi öz mövcudluğunu
itirilməsi ilə nəticələndi. Şair İosif
Brodski demişkən, ümidsizlikdə hər şey sadə
görünür, iri dövləti ilə fəxr edən
sovet adamları, öz əvvəlki inanclarını kəskin
surətdə dəyişib, müstəqillik uğrunda
mübarizlərə çevrildilər. Hamı müstəqilliyi
Bibliyada təsvir edilən, qədim yəhudilərin bol
süd və bal çayı axan və vəd edilən torpaq
sayilan vətənləri hesab
etdikləri Kanaan timsalında görürdü. Lakin sosial vəziyyətin
daha da ağırlaşması baş verdi, SSRİ-nin son illərindən
qalan yoxsulluq mirası, iqtisadi əlaqələr də
itirildiyindən daha geniş miqyas aldı. Ailələr ehtiyac
girdabında boğulmağa başladı. Ermənistan ələ
düşmüş fürsətdən Azərbaycana təcavüz
etmək üçün istifadə etdi və bu vaxt
işğal etdiyi ərazilərdən böyük maddi fayda
götürəcəyinə bel bağlayırdı.
Öz rəqibinin
sıradan çıxması ilə
və Qərb dünyasının təsiri nəticəsində
Qloballaşma erası başlandı. Dünya Yeni Qərb
qaydasına doğru dəyişməyə başladı, bu
yolda Mixail Qorbaçovun SSRİ-də islahatlar keçirmək
cəhdləri əks effekt verməklə, mövcud olan ikinci
fövqəldövlətin məhv olması ilə nəticələndi.
Soyuq müharibə də sona çatdı və yeni Dünya
qaydası şəraitində həm də terrorizm erası
sürət götürdü. Qərb mədəniyyəti
geniş inkişaf yolu ilə irəliləməyə
başladı. XX əsr, kinematoqrafiyanın inkişafında
görünməmiş nailiyyətlərlə əlamətdar
oldu. ABŞ kinostudiyalarınin
istehsal etdiyi filmlər bu ölkənin dünyanın kino mərkəzinə
çevrilməsi ilə nəticələndi. Mədəni
inkişafda yeni meyllər meydana gəldi. Dünya Rəqəmsal
eraya qədəm qoydu. Ölkələr qlobal sivilizasiyaya
doğru inkişaf etdi və bu proses həm də yeni
çağırışlar və ümidlər yaratdı.
Bəşəriyyətin üzləşdiyi yeni
mühüm təhlükə
Təbiətlə insanın qarşılıqlı
münasibəti mürəkkəbdir, insan təbiətin
özünəməxsus idarəetmə qanunlarına riayət
etməyəndə, onları pozmağa cəhd edəndə
ağır surətdə cəzalanır. XX əsrdən
başlayaraq dünyanın inkişaf etmiş dövlətlərində
sənayenin sürətli və geniş inkişafı
insanların ehtiyacının ödənilməsində
mühüm rol oynasa da, təbiətə də ağır
ziyan vurmamış qalmamışdı. Əslində,
dövlətlər əvvəllər mövcud olan və
dayanıqlı xarakter daşıyan nisbi harmoniyanın ciddi
surətdə pozulması yolunu tutdu və bu təhlükəli
qərarın həyata keçirilməsinin davamı təbiət
tərəfindən daha böyük cəzalanma perspektivindən
xəbər verir.
İnsanın təbiəti özünə tabe etməsi
əvvəlki tək nisbi deyil, mütləq xarakter almağa
başlayanda, o, öz hərəkətindən əziyyət
çəkməyə başlayır və təbiət
insanın yaşadığı şəraiti rahatlıqdan
uzaqlaşdıran kimi ağır hökmünü verməkdə
də gecikmir. Sənayenin inkişafı bütün dövlətlərin
tərəqqisi üçün mühüm şərt rolunu
oynayır, lakin bu vaxt təbiətə vurulan ziyan nəzərə
alınmadıqda, planet gözləmədiyi xoş olmayan cəza
ilə üzləşməli olur.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 8 mart(¹44).- S.22.