Qızlarağası xanı
"İzmirdə yolunu Qızlarağası
xanından sal" - dedi dostlar. Bu qədər adam deyirsə,
deməli, bildikləri nəsə var dedim və eləmədim
tənbəllik, yağışın leysan kimi
tökdüyü bir gündə üz tutdum dedikləri yerə.
Bir neçə tərəfdən qapısı olan
abidəyə bilmədiyim yerdən daxil oldum. Kafelərlə
dolu olan dəhlizdən yeriyərkən bir qəribəlik
olduğunu hiss elədim. Məkanların hamısı qəhvəxana
idi.
Hər tərəfdən səni içəriyə dəvət
edən adamlar çıxırlar. Biri, "burada həyatınız
dəyişəcək, içəri gəlin", digəri
"bir qəhvəmizi için, görün sonra nələr
olacaq" kimi həyəcanlandıran cümlələrlə
adamı ən gözəl masada oturtmağa
çalışır. Öz-özümə
düşünürəm, bir qəhvə ilə həyat necə
dəyişə bilər? Camaat bir balaca dəyişiklik
üçün saç ağardır, diş tökür,
üz qırışdırır, amma bəzən heç
bir şey olmur. Sən demə, yağışdan qaçarkən
təsadüfən gəlib düşmüşəm
Qızlarağası xanının falçılar dəhlizinə.
İrandan, Ukraynadan, qaraçılardan, yerlilərdən ibarət
növbənöv falçılar varmış. Elə tərifləyirlər,
elə tərifləyirlər, elə bil, padşaha cariyə
sırıyırlar. Bu qədər tərifə padşah
dayanar? Bir də gördüm ki, Areş adlı iranlı gey
bir falçının qarşısında oturmuşam.
Areş də, nə Areş?! Bir tərəfdən votsapla
yazışırdı, bir tərəfdən də falıma
baxırdı. Bezgin, yorğun, hamıya dediyi əzbərlənmiş,
nimdaş cümlələri kim bilir neçə milyonuncu dəfə
deyir. Boş söz yığınına qulaq asdıqdan sonra
dediyəm, madəm ki, oturmuşuq bir az söhbət edək.
Beləcə, bir müddət danışıb, qəhqəhə
atıb yanından ayrılıram. Yeyin addımlarla dəhlizdən
çıxıram. Çünki hərə bir tərəfdən
çəkişdirir falına baxmaq üçün. Yolu
düşənlər əyləncə üçün
baxdıra bilərlər, amma ciddi gözlənti içində
olanların yanılacağı dəqiqdir. Nəysə,
keçək bu fal, cadu məsələlərini. Bizə
qalan tarix, mədəniyyət olacaq.
Köləlikdən zirvəyə
İzmirin qəbində, Kəməraltı
Çarşısının içində yerləşən
Qızlarağası xanı şəhərin ən önəmli
tarixi abidələrindən biridir. XVII əsrdən qalma abidə
Osmanlı dönəminin ticarət həyatına işıq
tutan və günümüzdə də
canlılığını qoruyan mədəniyyət
mirasıdır.
Qızlarağası xanı 1744-cü ildə
Osmanlı İmperatorluğunun qızlarağası olan
Hacı Bəşir Ağa tərəfindən inşa
etdirilib. Qaradərili kölə olan, kiçik yaşlarda
İstanbula gətirilən və qızlarağası
Yarpaqsız Əli ağanın yanında yetişən,
köləlikdən qızlarağasına, ordan da saray xəzinədarlığına
müxtəlif vəzifələrə qədər yüksələn,
məktəblər, mədrəsələr, məscidlər,
kitabxanalar tikdirən, adı daima xeyirxah işlərdə
keçən, hətta Mədinədə kitabxana, Qahirədə
azyaşlılar üçün məktəb, Sistovda mədrəsə
və kitabxana inşa etdirən şəxs olub. Adı daha
çox sarayda hərəm dairəsinə rəhbərlik edən
qızlarağası kimi qalıb. İndi bizə
yüngül görünə bilər, amma
qızlarağası o dövrdə yüksək rütbəli
vəzifə hesab edilirdi. Bu şəxslər böyük sərvətə
sahib olurdular. Hacı Bəşir Ağa da bu imkanların daha
artığına sahib idi. Hətta o qədər iti zəkaya
sahib idi ki, İzmirin ticarətdə əhəmiyyətini
görmüş və burada Qızlarağası
xanını inşa etdirmişdi. Xandan gələn gəlirləri
də İstanbuldakı xeyriyyə qurumlarına yönləndirmişdi.
Xan inşa edildiyi vaxtdan etibarən İzmirin ticarət həyatında
vacib rol oynayır. Yerli, əcnəbi tacirlərin
qonaqladığı, mallarını depolandığı,
idxalın, ixracın, alış-verişlərin edildiyi mərkəz
idi bura. Klassik Osmanlı memarlığının ən
gözəl örnəklərindən biridir. Eyni zamanda
Osmanlı İmperatorluğunun son dönəmlərinə qədər
iqtisadi üstünlüyünü qoruyub saxlayan yer olub. Hətta
cümhuriyyət dönəmində də davam etdirərək
bu günlərə qədər əhəmiyyətini itirməyib.
Sınaq
Qızlarağası İzmirdəki xanların ən
böyüyü, ən görkəmlisidir. III Əhməd və
I Mahmud dönəmində qızlar ağası olan Hacı Bəşir
Ağa tərəfindən 1744-cü ildə inşa etdirilib.
Şəhərin ən böyük ibadətgahı olan Hisar
məscidinin bir neçə neçə metrliyində əsası
qoyulub. Digər tərəfində isə Halim Ağa
bazarı yerləşir. Qədim Kərəstəçilər,
bugünkü adı ilə 871 küçəsinin
üstü sayılır. Ancaq bir vaxtlar xanın
qapıları sahilə, pəncərələri dənizə
açılırdı. Aradan keçən illərdə
baş verən torpaq sürüşmələri, yeraltı təkanlar
dənizlə xanın arasındakı quraq ərazinin məsafəsini
genişlədir. Beləliklə, dənizlə xanın
arasındakı məsafə 200 metrə qədər uzanır.
Xan tikildikdən bir il sonra torpaq sürüşməsi baş
verir, binanın fasadında ciddi çökmə yaranır,
bir hissəsində isə dağıntılar əmələ
gəlir. Ancaq çox çəkmir, qsa müddət
içində müdaxilə edilir və dəyən zərər
aradan qaldırılır. Aradan bir neçə il keçir,
bu dəfə zəlzələ baş verir və bu fəlakət
abidəyə çox ciddi zərbə olur. Yenə vaxt itirmədən
dağılmış binaya əl atılır və əsaslı
şəkildə təmir edilir. Bu da son olmur. İzmiri bilənlər
bilir, bura seysmik zonadır. Bu isə təbii fəlakətlərin
qaçılmaz, hətta hər an baş verə biləcəyi
deməkdir. Abidə var olduğu əsrlər ərzində
çox zəlzələlər, yanğınlardan keçir.
Xaraba qalmağın eşiyini də görür, yox olub getməyin
kəndarından da dönür. Ancaq nə hikmətdirsə,
hər şeyə rəğmən, zamana meydan oxumağı
bacarır.
Osmanlı memarlığının nadir incisi
Qızlarağası xanının digər Osmanlı
xanları ilə oxşar cəhəti altında
çarşı, ortasında atriumunun olmasıdır.
İkimərtəbəli binanın üst mərtəbəsi
atriuma baxan beş sütunlu, altı sıralı tağlardan
ibarətdir. Osmanlı memarlığında fasadı
bir-birinin üstündə inşa edilmiş konsollar və
şahnişinlərə görə nadir abidə hesab edilir.
Dörd min kvadratmetrlik ərazidə dördbucaq planda inşa
edilib. Elə təkcə atriumunun ölçüsü
altı yüz kvadratmetrdir. Geniş əraziyə yayılan
xanın birinci mərtəbəsinin şimalında
bugünkü adı ilə Cəvahir bedesteni, cənubunda
Bakır və Cuxa bedesteni, şərqində isə uzun bir dəhliz
mövcuddur. Dükanların köhnə adı ilə
Çankırlı küçəsinə baxan yönündə
birmərtəbəli əlavə bölmələri də
var. Bugünkü 906-cı küçənin üstündəki
birinci koridor Bakır bedesteninin, 902-ci küçə isə
kafelərin, yeməkxanaların olduğu küçədir.
Bir mərtəbədən, 26 dükandan ibarət Bakır
bedesteni tikildiyi ilk illərdə misçiliyi ilə məşhur
olub. Daha sonrakı illərdə başda İran ipəyi
olmaqla hər növ ipəklərin satıldığı yer
idi. Bakır bedesteninə bitişik və paralelində olan
hissə xanın digər qisimləri ilə müqayisədə
günümüzə daha sağlam və orijinal şəkildə
gəlib çıxıb. İlk açıldığı
illərdə bu tərəf həsirçilərin mərkəzi
idi. Sonralar üst mərtəbədəki
çuxaçı əsnafların aşağı enməsi
ilə Çuxa bədəstəni adını alır və
bu hissə xanın ən önəmli yerinə çevrilir.
Hər iki bədəstəni bir-birinə bir qapı
bağlayır. Dəhlizlər çölə doğru
açılır. Sütunlar tor kimi bir-birinə
keçmiş dəmirlərdən, daş silindirlərdən
ibarətdir. Sütun başlıqları, üçbucaq və
paxlava şəklində Türk motivləri ilə işlənib.
Üst mərtəbədə 73 otaq var. Bina içəridən
və çöldən qurğuşun örtüklə əhatələnib.
Üstü iki sıralı kərpiclə hörülüb.
Günümüzə qədər gəlib çıxan
orijinal baca əslinə uyğun olaraq restevrasiyadan keçib.
Ticarətin Egeydə vuran ürəyi
İstanbuldakı qızlarağasının İzmirdə
belə bir yer inşa etdirməyinə gəldikdə isə,
1740-cı illərdə Hacı Bəşir Ağanın bu
şəhərlə sıx ticarət əlaqləri
varmış. Ağa buraya mütəmadi gəldiyi
üçün ərazinin ticarət potensialına
yaxşı bələd imiş. Eyni zamanda
yaxınlıqdakı Böyük Vəzir Xanın
olmağı bu ideyanı gerçəkləşdirməyinə
səbəb olur. Binanın zirzəmisi anbar kimi istifadə
edilirmiş. Əraziyə gələn karvanlar yüklərini
burada boşaldır, idxal, ixracı burada müəyyənləşdirir,
satışı burada həyata keçirirmişlər. Dəvə,
qatır, eşşək, at kimi heyvanlardan ibarət karvanlar
yükləri ilə girdikləri xanın atriumunda yüklərini
endirdikdən sonra burada gecələyirmişlər. Mallar
xanın anbar və zirzəmilərində mühafizə
edilirmiş. Xanın qapıları bütün xanlarda
olduğu kimi havanın qaralmağı ilə
qapanırmış. İzmirin iqtisadi həyatında bu dərəcədə
əhəmiyyətli olan xan, 1778-ci ildə iqtisadi axımdan
zirvəyə ucalır, düz XIX əsrin son dəmlərinə
qədər parlaq dönəmini davam etdirir.
Keçmişlə bu gün arasındakı
"körpü"
Xan uzun illər boyu işləkliyini davam etdirsə də,
zaman içində bir çox dağıntı və
eroziyaya məruz qalır. XX əsrin ikinci yarısında xeyli
yerləri xarabalığa çevrilir. Bəzi memarlıq
ünsürləri yox olur. Abidənin tarixi kültür dəyərini
qorumaq üçün restavrasiyaya başlanır.
1988-1993-cü ildə həyata keçirilən yenilənmə
buranı yenidən keçmiş görkəminə
qaytarır. Hazırda İzmirin ən populyar turistik məkanlarından
biridir. Tarixi atmosferi və hələ də canlı ticarət
həyatı ilə ziyarətçiləri özünə
maqnit kimi çəkir. Ancaq keçmişdəki ticarət fəaliyyətlərindən
fərqli olaraq günümüzdə daha çox turistik, hədiyyəlik
əşya satan dükanlar daha çoxdur. İzmirlilərə
məxsus əl işlərinin, tekstilin, aksesuarların, digər
məhsulların satıldığını görmək
mümkündür. Bura eyni zamanda kültür və mədəniyyət
tədbirlərinə də ev sahibliyi edir. Atriumunda konsertlər,
sərgilər, müxtəlif mədəniyyət gecələri
təşkil edilir. Bundan əlavə, ətrafında kafelər,
restoranlar mövcuddur. İzmirin ən ləziz təamlarını
burada dadmaq mümkündür. Xüsusilə qəhvəsi və
şirniyyatları ilə məşhurdur. Xan İzmirin tarixinə
şahidlik etmiş, yüz illər boyu şəhərin ticarət
və kültür həyatında önəmli rol
oynamış bir yerdir. Bir növ keçmişlə bu
gün arasında körpü rolunu oynamaqdadır. Burada həm
tarixə səyahət edib, həm də İzmirin dinamik həyatına
ayaq uydurmaq mümkündür.
Türkan TURAN
525-ci qəzet .- 2025.- 8 mart(№44).- S.21.