O yaşıl parçanı çiyninə salıb getdi,

BİRDƏN-BİRƏ O DÜNYANIN ADAMI OLDU...

 

O gün səhər-səhər Mir Şahinin paylaşımından xəbər tutub Fərid Hüseynlə Elbrus Ərudun atasının dəfninə gedəndə hava çox soyuq idi. Qar yağırdı. Qəbiristanlıqda  külək daha da gücləndi, qar bir az da artdı. Arada günəş üzünü göstərməyə çalışsa da, qar ona imkan vermədi. Sanki günəşi qovurmuş kimi külək də qardan geri qalmadı. Hamıya soyuq idi. Fikir verdim, içi mən qarışıq  Arktikadakı pinqivinlər sayaq bir-birimizə elə yaxın dayanmışdıq ki, bəlkə bu soyuqdan, az da olsa, qoruna bilək.

Amma o gün aramızda ən cox uşuyən, məncə, bir Elbrus idi, bir də atası. Elbrusun müəllim atası sanki son dəfə bizi bir yerə yığmışdı ki, ağrı-acıda, eləcə də qarda, şaxtada bir-birimizin yanında necə dayanmalı olduğumuzla bağlı son dərsini deyib getsin...

Qəbir üstə gələnləri bir- ir qucaqlayıb görüşən Elbrus kiminsə söz xatirinə "belə gündə belə bir hava"dan şikayətinə də: - Ə, adamın atası da belə havada ölər də - deyə bərkdən cavab verdi.

25 il o yanda bir noyabr günü Beyləqanda Haramı düzündəki qaçqınlıqda, köçkünlükdə  ailəmizin sığındığı köhnə bir evdən atamı son mənzilə necə yola salmağımızı xatırladım. Onda atamın da yaşı Elbrusun atasının yaşı qədərdi. Atalar üçün ən kritik yaş dövrü elə deyəsən, budur - 75-76.

Onda da dəhşətli bir soyuq vardı. O düzənlikdə ətrafda bir daldalanacaq, bir ev belə olmadığından şaxta bütün bədənimi əsdirirdi. İndi biz orda olmasaq da, o gün yaddan çıxıb ipdə qalan, buza dönən paltarlar, mənə elə gəlir hələ də orda yel vurduqca yellənməkdə, əsməkdə, titrəməkdədir...

Onda üşüyə-üşüyə atamı qardaşımdan uzaqda o soyuq məzara necə qoyacağımızı düşünürdüm. Onda həm torpaq, həm oğul dərdi olduğundan atamın məzarı üstə qara bir parça çəkdilər. Nədənsə, ondan sonra mənim üşütməm kəsdi. Sanki o parçanın bir ucu da, bir tərəfi də mənim üstümdəydi...

Tezliklə mərasim başa çatdı. Fəhlələr əllərində bel işlərini görüb qurtardılar və məzarın üstünə sonda yaşıl bir parça da sərdilər. Həmin an beynimdən keçdi ki, yəqin. Bu, həm də soyuğa görədir. Sonra yadıma düşdü ki, belə vaxtlarda müxtəlif parçalardan - yaşıl, qara, qırmızı parçalardan da istifadə olunur. Yəqin yaşa baxıb bu parçaları seçirlər. İşğaldan qabaq Qarabağda dəfn eləyib gəldiyimiz balaca qardaşımızı otuz üç il sonra həm də o qırmızı parçayla axtarıb tapa bildik...

Bu parçalar, yəqin, həm də o dünyayla bu dünya arasında bir pərdədir - gedənləri bu dünyanın ağrı-acısından, söz-söhbətindən, həm də istisindən, soyuğundan, bir növ bizi o dünyadan, o dünyanı bizdən qoruyur. Həm də qara və soyuq torpağın altına girməkdənsə, o yaşıl parçanın arxasına keçib uzanmaq daha yaxşı, daha rahat, daha asan deyilmi? Həm gedən üçün, həm qalan üçün. Ordan burdakıları görmək də, eşitmək də asan olar, məncə...

 

Vaxtilə Hüseyn Arif yazırdı:

Torpaqmı anasız qalmasın deyə

Torpağın qoynuna köçür analar?...

Bəlkə elə ona görə torpağın qoynuna atalar da köçür...

 

Fikirləşirəm ki, indiyə kimi Elbrusun yazdıqlarından, danışdıqlarından atasının xəbəri olurdu, razılığını da bildirirdi, narazılığını da. Bundan sonra necə olacaq - yazdıqları, dedikləri, istədikləri o yaşıl parçadan, o yaşıl pərdədən o yana keçəcəkmi? Torpaqdan yox, parçadan keçər yəqin...

Dönüb aramızda həm dərdə, həm soyuğa əyni ən nazik olan Elbrusa baxıram. Bu saat ən azından üşüyən dostumuzun çiyninə nəsə salmaq lazımıydı. Onu da biz etməliydik. Biz də etmədik nədənsə...

 

Bəxtiyar Qaraca

525-ci qəzet .- 2025.- 8 mart(№44).- S.20