Baxmağa qorxduğumuz ayna
Esse
Zaman çox qiymətlidir. Bəlkə də
dünyada ən dəyərlimizdir. Ancaq zamanın
axınının dayandığı bəzi məqamlar
vardır. Saatın əqrəbləri irəli hərəkət
etsə də, sənin üçün zaman
anlayışının olmadığı, təqvimdə
günlər dəyişsə də, fərqində
olmadığın həmin o anlardan bəhs edirəm. Mənim
bu anlarım daha çox tanıdığım, sevdiyim bir
insanın ölüm xəbərini eşitdiyim vaxt olur. Bəzən
bir otaqda səssiz, hərəkətsiz oturur, elə
oturduğum yerdə də uzaqlaşıram bu dünyadan.
Əvvəl xəfif bir melodiya kimi otağıma süzülən
bu sükut bir müddət sonra ağırlaşmağa
başlayır. Səssiz oturduğum o otaqda bəzən bir
sözün, bir hərəkətin, hətta bir nəfəsin
belə artıq olduğunu, nəfəsimin zamanın
içində sıxıldığını hiss edirəm.
Doğma bir insanın itkisi çox zaman bu sualı doğurur:
"Necə ölə bilər axı?" Bir neçə
saat əvvəl əlini sıxdığın, söhbət
etdiyin insanın bir daha geri qayıda bilməyəcəyi
sonsuzluğa yollandığını ilk anlarda dərk edə
bilmirik. O an zamanın donduğu andır. Zamanın
axını bərpa olunduqdan sonra ölümün
ağrısı da daxil yaşanan sarsıntılar
torpağın yavaş-yavaş eroziyaya uğraması kimi biz
fərqində olmadan silinib gedir. Bir müddət sonra o
torpağa baxdığımızda itkimizin dərin
ağrısını deyil, itirdiyimiz insanla birlikdə
yaşananların yavaş-yavaş silinməsinin və hər
şeyin yalnız xatirələrdən ibarət
olmasının kədərini hiss edərik.
Uşaq vaxtı ölüm adama bir az da zarafat kimi gəlir.
Bizə elə gəlirdi ki, ətrafımızdakı
yaşlı insanlar hər zaman qoca olublar. Həyat yalnız
bizim üçün axan çay kimi görünür. Qonşuluqda düşən yas həyətdə
top oynamağımıza, yüksək səslə musiqi dinləməyimizə,
acmağımıza, susamağımıza, arzularımıza
mane olacaq qədər təsir etmir bizə. Məhəllənin
o biri başında fəryad qopsa da, biz bu biri başında gələcəklə
bağlı şirin xəyallar qururuq. Böyüyəndə
edəcəklərimizlə bağlı arzularımız
ölüm adlı həqiqətin içindən dartıb
çıxarır bizi. O yaşlarda beynimizdə zaman məhdudiyyəti
olmadığı üçün bu arzuların nə vaxtsa
mütləq reallaşacağına ürəkdən
inanırıq. Uşaqlıq həm də insanın öz əyalətidir
və bütün arzular bir gün bu əyaləti tərk
etdikdən sonra gerçəkləşir. Gələcəkdə
baş verə biləcək hər şeyin xəyalını
qururuq, amma hesaba qatmadığımız yalnız bir şey
olur - ölüm. Uşaq vaxtı
yaşadığımız evin yaxınlığında bir
qəbiristanlıq var idi. Hər gün o qəbiristanlığın
yanından keçib məktəbə gedərdik. Ordan
keçəndə hər dəfə əllərimlə
üzümü tutardım. Bu, mənim ölüm adlı həqiqətdən
qaçışım idi. Məktəbdən günorta
saatlarında qayıdanda bəzən dəfn mərasiminə
tuş gələrdim. İnsan topasının çiynində
yırğalana-yırğalana gedən tabutu
gördüyüm zaman belə ölümü dərk edə
bilmirdim. Ancaq içimdə bir qorxu peyda olurdu. İnsan bilmədiyi
şeydən qorxarmı? Yalnız indi anlayıram ki,
ölüm doğulduğumuz an qulağımıza
üfürülən ilahi bir mehdir və insanın iki
mütləq həqiqəti vardır: Doğum və
ölüm.
Məşhur İsveç rejissoru İnqmar Berqman
"Yabanı çiyələklər" filmində
ölümü əqrəbləri olmayan saata bənzədir.
Zaman var, hər zaman da olacaq. Amma qolumuz-qanadımız olan əqrəblər
yoxdur. Biz heç vaxt öz zamanımızı göstərə
bilməyəcəyik. Ölüm bizə zamanın qiymətli
bir xəzinə olduğunu xatırladır həm də. Bəzi
insanlar sənin bu xəzinəni məmnunluq
axtarışı ucbatından həyasızcasına istismar
edir. Bunun qarşısını ala bilməkdə çətinlik
çəkirik çox vaxt. İnsanlarla olan bağları
tamamilə qoparıb atmaq da mümkünsüzdür. Elə
bu nöqtədə sükut problemin ən ədalətli həlli
kimi gəlir mənə. Hələ ki, ölümün hər
gün sənə daha bir addım
yaxınlaşdığı yaşlardasansa zamanın əqrəblərindən
möhkəm yapışmaq ehtiyacı hiss edərsən.
Bu yaxınlarda qarşıma TED (Texnologiya, Əyləncə
Dizayn) tədbirindən olan
çox təsirli bir nitq çıxdı. Tədbirdə
qonaq qismində çıxış edən amerikalı rəssam
Sendi Çanq idi. Toplum sənəti mövzusunda
çalışan Çanq 2009-cu ildə çox sevdiyi bir
insanı qəfil itirir. Ondan sonra ölüm haqqında daha
çox düşünməyə başlayır. Beləlilklə
də, onun həyatında ağır depressiya və yas
dönəmi başlayır. Bir müddət sonra Çanq
"həyatın fani, ölümün ani" olduğunu
anlayır və bunu insanlarla paylaşmağın
yollarını axtarmağa başlayır. O,
yaşadığı məhəllədə tərk
edilmiş bir evin xarabalığının divarlarını nəhəng
lövhəyə çevirir və üzərinə
"Boşluğu doldur: Mən ölməzdən əvvəl..."
cümləsini yazır. Çox qısa zaman ərzində
qonşularının gah təsirli, gah gülməli
cavabları divarı doldurur. O divar əslində toplumun bir
aynasıdır. İnsanların bütün qorxuları,
ümidləri və xəyalları həmin bir cümlədə
birləşir. Bu sadə, lakin təsirli layihə 2013-cü
ildən bəri dünyanın 76 ölkəsində 38 dildə
5000-dən çox "Ölməzdən əvvəl"
divarının yaradılmasına ilham mənbəyi olub.
Sendi Çanq TED nitqində deyir: "Sahib olduğumuz
ən əhəmiyyətli iki şey: zaman və insanlarla
münasibətlərimizdir. Diqqət
dağınıqlığının artdığı bir
çağda həyatın qısa və kövrək
olduğunu xatırlamaq hər zamankından daha əhəmiyyətlidir.
Çoxumuz ölümdən bəhs etməkdən, onun
haqqında düşünməkdən qaçırıq.
Ancaq ölümü düşünmək həyatınıza
aydınlıq gətirir".
Ölümü düşünmək əslində həyatı,
yaşamağı düşünməkdir. Çünki
ölümün fərqində olmaq zamanımızı daha mənalı
keçirməyin açarıdır. Baxmağa
qorxduğumuz, amma kimliyimizi, həyatımzı bizə
göstərən aynadır ölüm. Həyatda mütləq
bərabərliyin əldə olunduğu yeganə məqam həyatdan
ölümə keçid anıdır. Ona görə də əhəmiyyətli
olan təkcə doğulub yaşamaq deyil, necə
yaşamağınız, ondan yaddaqalan bir həyat
qurub-yaratmamağınızdır. Məşhur filosof
Nitsşe deyir ki, "İnsan heyvanla fövqəlinsan
arasında uzanan bir kəndirdir". Bu ipin bir ucundan o biri ucuna
hamı keçə bilməz. Risk etməyən, hər zaman
təhlükədən qaçan, simvolu dəvə olan, hara
çəksən, gedəcək sürü psixologiyalı
insanlar həmişə ipin arxasındadır. Yəni insan
olmaq sadəcə başında tük, üzündə
gözü olmaq, yemək, içmək, nəfəs almaqla əldə
olunan bir şey deyil. Bundan çox-çox
artığıdır. Biz doğuluruq,
böyüyürük, qocalırıq və
ölürük. Amma önəmlisi bu deyil. Ən əsası,
dünyadan köçdüyümüz zaman arxamızda nə
qoyub getməyimizdir.
Məncə, həyatda hər şey ölümdən
qaynaqlanır. O cümlədən həyatın gözəlliyi
də. Bəli, həyatın gözəlliyi ölümdədir,
ölümə nisbətdədir. Dinlər də ölümdən
yaranıb, onunla üzləşməyi asanlaşdıran
psixoloji rahatlıq təmin edir. Bəs ola bilərmi ki, həyata
bu qədər möhkəm bağlanan insan ölümdən
qorxmasın? Bəlkə... Məsələn, qədim
romalı şair və filosof Tit Lukretsinin dediyi kimi: "Mən
var ikən ölüm yoxdur, ölüm olanda mən yoxam, o
halda qorxmaq axmaqlıqdan başqa bir şey deyil".
Günel MUSA
525-ci qəzet .- 2025.- 8 mart(№44).- S.20.