Bacarmalı
olduğumuz ən böyük iş
Esse
İmtina. İmtina etmək... İnsan olmaq
yaradıcılığınızın təməl probleminə
çevriləndə siz ondan (insan olmaqdan) qurtulmaq, ya da yeni
insan olmaq (postinsan kimi yox) ehtirasını sinənizə
çəkdiyiniz ağır payız havasıyla bərabər,
yazı olaraq barmaqlarınızın ucundan çıxarmaq
istəyirsiniz. Sonsuz düz xətləri andıran həyatınızı
"mətn" adlanan yerdən - nöqtədən
qırırsınız. Beləliklə, o nöqtədən
geridə qalanlardan qurtulmuş olursunuz, o nöqtədən
sonra gələnlərdən imtina etmiş
sayılırsınız. İstəmirsiniz. Sizi gözləyəcəklərin
sizi xoşbəxt edəcəyi yəqininə inanmaq zamanı
aldatmaqdan başqa bir şeyə çevrilməyəndə
siz qırdığınız nöqtədən yeni bir xətt
çəkir və həyatınızı oradan davam
etdirirsiniz. Başqalarına qeyri-müəyyən, sizə
müəyyən olan bir dünya absurd dünyadır. Siz o
dünyanın içərisindən istənilən qədər
sizi xoşbəxt edəcək mətnlər, ya da hadisələr
çıxarırsınız. Çünki orada heç nə
məntiqə hesablanmayıb. Siz bütün fiqurların
yerini dəyişsəniz belə, orada çox gözəl
bir incəsənət nümunəsi yaranacaq. Absurd incəsənət.
Absurd ədəbiyyat. Absurd kino. Sizin istədiklərinizin
baş verdiyi səhnələr.
Bəs imtina ilə absurd arasındakı hansı
yaxınlıq var?!
Məsələ, sizin özünüzü absurd
dediyimiz həqiqətin içərisinə atarkən
bütünlükdə həqiqi olan hər şeydən
qopmağınızdır. Sizin olan hər şeyi burada
qoyursunuz. Onlar sizə absurdun içərisində lazım
olmayacaq. Daha doğrusu, onların dəyəri
sıfırlanacaq.
İşinizdən, ailənizdən, çevrənizdən,
zamandan, məkandan imtina edib özünüzü yazı
masasına bağlayır və sırayla düzülən
bütün xatirələri sorğu-suala çəkirsiniz.
Heç nə qazanmadan. Sizin qazandıqlarınız axı
sizi xoşbəxt etməyə də bilər. Necə ki,
Martin İden xoşbəxt ola bilmədi.
Bir gün bir qoca dostumuz evini, ailəsini atıb
çantasına Dostoyevskinin "Karamazov
qardaşları"nı qoyub dəmiryoluna çıxır
və qışın sümüyə işlədiyi bir
havada ağır-ağır qar üzərinə
addımlarının rəsmini çəkir.
Yazdıqlarını, onun olanları geridə qoyub öz
tanrısını axtaran qoca bütün malik olduqlarından
imtina edir. Bir daha geri qayıtmır. Həyatını öz
dinini axtarmağa sərf edən dostum
"Etiraflarım"ı yazıb və orada hər şeyin
imtina etməkdən başladığını deyib.
Başqa bir dostumuz universiteti atır, atasından, əmisindən
qalan pulları kitablara xərcləyir, bir otağa qapanıb,
yaşaya bilmədiklərinin qisasını almaq
üçün yazmağa başlayır. Zaman keçir və
o, imtina etdiyi hər şeyi hədiyyə olaraq geri alır.
Kino çəkmək istəyən başqa bir
yaxın dostumuz öz xanımından ayrılır. Və
kamyusayağı, anasının vəfatını
ağlının içindəkilərə
qarışdırmamağı bacarır. Öz ölkəsinin
ən yaxşı rejissoruna çevrilir.
Yaradıcılıq imtinadır.
İmtina mədəniyyəti
yaradıcılıqdır!
Yaradıcı olmayan adamlar imtina edə bilmir. Nədən
keçəcəklərini bilmədikləri
üçün. Niyə imtina edəcəklərini
anlamadıqları üçün. Bəzi adamlar həyatının
düz xəttini qırar. Amma qırılan nöqtədən
yeni bir xətt çəkməyi bacarmaz. Uduzar. Bu, imtina deyil.
Bu, nihilizmdir. Bizim olan hər şeyi mətnə çevirməkdir
imtina.
Adamlardan başlayın. Sizə,
yaratmağınıza mane olan adamlardan qopanda bunu
bacardığınızın fərqinə
varacaqsınız. Sonra lazım gələrsə, məkanlardan,
zamandan, sizin olan hər şeydən sakitcə, onları
oyatmadan əllərinizi çəkib cibinizə
qoyacaqsınız. Həmin günün gecəsi isə
yazacağınız mətn sizə əlinizi çəkdiklərinizin
hamısını yazı masasında qarşınıza
düzəcək. Və siz onlardan istədiyiniz kimi istifadə
edəcəksiniz. Bunları mənə qoca yazıçı
dostlarım və kino çəkən yaxın bir
yoldaşım demişdi.
Bu gün səhər etdikləriniz, axşam edəcəkləriniz
nə qədər önəmlidir?! Hansı sizi yolun kənarıyla
taxta, içində isti sobası olan, pəncərəsindən
xəzana açılan mənzərəli, içi kitab
qoxuyan evə aparacaq?! Oraya getmək üçün yola
çıxmalısınız. Yükünüz ağır
olmamalı. Tez çatasınız deyə. Kor bir kitabxana
müdiri kimi səsindən tanımalısınız sizin
olan adamları. "Səsi özünə bənzəmir"
dediyiniz adamlardan bir addım kənarda dayanıb içinizdəki
iniltilərdən itin ipindən tutub gəzən xanım
qız kimi yapışıb evinizə - Absurd məhəlləsi,
0 ünvanına dənizin kənarıyla yeriməlisiniz.
İmtina etdikləriniz arasında itirdikləriniz də
olacaq. İtirmək dünyanın ən mükəmməl
ağrısını yaşadır. Zəncirotu kimi hər
şey üzü günəşə tərəf uçur və
həyatınızın çəhrayi üfiqində yoxa
çıxır. Ancaq onu həmişə
görürsünüz. Əliniz çatır. Toxuna
bilmirsiniz. Eşidirsiniz. Danışa bilmirsiniz. Bir zaman sizin
olan indi sizin qarşınızda yaxınlaşdıqca
çata bilməyəcəyiniz ruha dönür. Çarəni
yenə öz ağlınızda qurduğunuz hekayələrdə
görürsünüz. Absurd. Evdə işıqlar
sönür və qaynar xəttə zəng edəndə
itirdiyiniz adamın səsini eşidirsiniz. Çevriləndə
onu divanda oturan görürsünüz. Bərabər şəkillərə
baxanda onun üzü sizə tanış gəlir. O və siz
şəkillərə baxıb onun haqqında yad bir adamdan danışırmış
kimi danışırsınız. Sonra məlum olur ki, avtomobil
qəzasında ölüb. Bu cür yüzlərlə hekayə
sizi yavaş-yavaş həyatdan qoparır. Bu hekayələrin
içinə girə bilməyənlər, onları olduğu
kimi qəbul etməyənlərə həyat çətin
olur və əsla xoşbəxt ola bilmirlər.
Paltarın kola ilişəndə keçirdiyin
narahatlıq kimi bir hisslə çarpayıdan oyanıb bu
gün də Zamza ola bilməmisənsə, deməli, hələ
ki həyatın içindəsən. Onu
üst-başından çırpa bilməmisən. Əllərindən
yuya bilməmisən. Saçlarının dibində ilişib
qalıb. Absurd həyat olmur. Absurd
düşündüyümüz hadisələr olur. Məsələn,
hər kəs fotoalbomdakı şəkillərə baxa bilər.
Amma fotoalbomdakı şəkil sizin şəklinizdirsə,
öldü deyə ağlayırsınızsa, bu, absurddur. Bir
gün belə bir şey olsa, onsuz da siz onun anormal
olmadığının fərqində olacaqsınız.
İndicə bir hekayə uydurmaq üçün
küçədə gəzmək istəyiniz də vaxt
itkisidir. Siz hekayənin içindəsiniz. Küçəyə
hekayənin orada baş verən hadisələrini görmək
üçün çıxa bilərsiniz. Borxesin hekayələrindəki
kimi. Güzgüdə təkcə özünüzü
görürsünüzsə, həyatdasınız.
Güzgüdə heç nə görmürsünüzsə,
mətndəsiniz. Güzgüdə çoxlu adamlar və rəngarəng
şarlarla oynayan uşaq görürsünüzsə, həyatın
və mətnin xaricindəsiniz və oradan həyatınız
üçün də, yazdıqlarınız
üçün də xammal götürə bilərsiniz.
Absurd yaşamaq öncə qazanmağın Martin
İden misalından, sonra itirməyin Zamza üsulundan və
imtina etməyin Tolstoy yolundan ibarət olur. Bütün
bunları bilmək və yazmaq o qədər də vacib
sayılmaz. Belə olarsa, deməli, absurd deyil.
Rəvan
525-ci qəzet .- 2025.- 8 mart(№44).- S.19.